Məhkəmə qərarları › İş №2-2(103)-875/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-875/2023

17.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-875/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2013/2023 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. 28.08.2022-ci il tarixdə baş vermiş nol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə məxsus olan **-JG-*** dövlət qeydiyyat nişanlı avtobusa "xxxx" ASC tərəfindən sığorta edilmiş **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən ziyan vurulmuşdur. Yol nəqliyyat hadisəsi üzrə **-UO-*** dövlət qeydiyyat nişanlı Hyundai Santafe markalı avtomobilin sürücüsü X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilmişdir. Qeyd edilən sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə 1.050 manat məbləğində sığorta ödənişi təklif edilmiş, lakin sonuncu həmin ödənişi qəbul etməkdən imtina etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən sığorta edilmiş **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən İddiaçı mülkiyyətində olan **-JG-*** dövlət qeydiyyat nişanlı avtobusa vurulmuş 2.275 manat dəyərində maddi zərərin Cavabdeh ASC-dən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı bildirir ki, avtobusa dəymiş zərərin məbləği 2.275 manat təşkil edir. Lakin cavabdeh həmin məbləğdə sığorta ödənişini ödəmkdən imtina edir.

4. Cavabdeh iddianı qismən qəbul edir və iddiaçıya 1.050 manat məbləğində pul vəsaitinin ödənilməsinə razı olduqlarını bildirir.

5. Bakı Kommersiya Məhkəməsi xx.xx.2023-cü il tarixli e-2-2(113)-2013/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 1.050 (bir min əlli) manat məbləğində pulun “Xalq Sığorta" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi xərcinin əvəzi olaraq 50 manat mələğində pulun İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

6. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, hazırki qətnamə qəbul edildikdən sonra iddiaçı cavabdehə müraciət etmiş və 1050 manat məbləğinin bank hesabına köçürülməsini xahiş etmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixində 8644 nömrəli ödəniş tapşırığı ilə 1050 manat məbləğində sığorta ödənişi İddiaçı MMC-yə ödənilmişdir. Bundan başqa "xxxx" ASC-nin və İddiaçı MMC-nin imzaladığı PXA 117375 saylı Sığorta aktına əsasən, sonuncuya ödənilməli olan sığorta ödənişi 1050 manat məbləğində müəyyən edilmişdir. Həmin aktın V hissəsində qeyd edilmişdir ki, İddiaçı MMC təsdiq edir ki, sığorta hadisəsi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün heç bir digər ödəniş almır və bu sığorta aktında nəzərdə tutulmuş sığorta ödənişi həyata keçirildikdən sonra onun "xxxx" ASC-yə qarşı heç bir iddiası qalmır. "xxxx" ASC tərəfindən sığorta aktı ilə müəyyən edilmiş 1050 manat İddiaçı MMC-yə ödənilmişdir. Göründüyü kimi, iddiaçı özünün yazılı şəkildə təsdiq etdiyi iradə ifadəsinə əsasən, 1050 manat sığorta ödənişi almaqla sığortaçıya qarşı heç bir başqa tələbinin qalmadığını bildirmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz etdi.

10. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır.

12. Həmin Qanunun 13.2-ci maddəsinə görə bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır.

13. Həmin Qanunun 15.3.1-ci maddəsinə görə əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir.

14. Həmin Qanunun 24.1.4-cü maddəsinə əsasən müvafiq hallarda, o cümlədən sağlamlığa və (və ya) əmlaka dəyən zərərin sığortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda, bu məqsədlə müstəqil ekspertin təyin edilməsini tələb etmək zərərçəkənin hüququdur.

15. Həmin Qanunun 24.1.5-ci maddəsinə görə zərərçəkənin bu Qanunla müəyyən edilmiş hallarda və qaydada sığorta ödənişi almaq hüququ vardır.

16. Mülki Məcəllənin 925.3-cü maddəsinə görə sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.

17. Həmin Məcəllənin 925.4-cü maddəsinə əsasən sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunmamış hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışınn həddində iddia əsassızdır.

20. Belə ki, iddiaçı icbari sığorta müqaviləsi üzrə sığortalanan nəqliyyat vasitəsi ilə onun mülkiyyətində olan avtomobilə dəymiş maddi zərərin əvəzinin sığortaçı tərəfindən ödənilməsi tələbini irəli sürmüşdür.

21. Kollegiya hesab edir ki, hazırki mübahisə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.1, 13.2, 15.3.1, 24.1.5-ci maddələrinə uyğun həll olunmalıdır.

22. Hazırkı iş üzrə baş vermiş yol-nəqliyyat hadisəsi də yuxarıda qeyd olunan normalara əsasən sığorta hadisəsi hesab olunur. Çünki həmin hadisə ilə icbari sığorta edilən avtomobil iddiaçının mülkiyyətində olan avtomobili vurmuş və bunun nəticəsində iddiaçıya məxsus avtomobilə maddi zərər dəymişdir. Ona görə də, iddiaçının cavabdehdən sığorta ödənişi almaq hüquqları əmələ gəlmişdir.

23. İddiaçıya dəymiş zərərin məbləği ilə bağlı kollegiya aşağıdakıları qeyd edir.

24. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023cü il tarixli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən 2018-ci il buraxılışlı “İsuzu Citibus” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtobusun təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1.050 manat müəyyən edilmişdir.

25. İddiaçı da birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında ekspert rəyinə etirazı olmadığını bildirmişdir.

26. Eyni zamanda cavabdeh tərəfindən hazırki məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, hazırda mübahisələndirilən qətnamə qəbul edildikdən sonra iddiaçı cavabdehə müraciət etmiş və 1050 manat məbləğinin bank hesabına köçürülməsini xahiş etmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixində 8644 nömrəli ödəniş tapşırığı ilə 1050 manat məbləğində sığorta ödənişi İddiaçı MMC-yə ödənilmişdir.

27. Bundan başqa, "xxxx" ASC-nin və İddiaçı MMC-nin imzaladığı PXA 117375 saylı Sığorta aktına əsasən, sonuncuya ödənilməli olan sığorta ödənişi 1050 manat məbləğində müəyyən edilmişdir. Həmin aktın V hissəsində qeyd edilmişdir ki, İddiaçı MMC təsdiq edir ki, sığorta hadisəsi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün heç bir digər ödəniş almır və bu sığorta aktında nəzərdə tutulmuş sığorta ödənişi həyata keçirildikdən sonra onun "xxxx" ASC-yə qarşı heç bir iddiası qalmır.

28. Göründüyü kimi "xxxx" ASC tərəfindən sığorta aktı ilə müəyyən edilmiş 1050 manat İddiaçı MMC-yə ödənilmişdir və iddiaçı da özünün yazılı şəkildə təsdiq etdiyi iradə ifadəsinə əsasən, 1050 manat sığorta ödənişi almaqla sığortaçıya qarşı heç bir başqa tələbinin qalmadığını bildirmişdir.

29. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq mübahisələndirilən hissədə iddianın rədd edilməsi nəticəsinə gəlmişdir.

30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayəti isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2013/2023 saylı qətnaməsi iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar