Məhkəmə qərarları › İş №2-2(103)-877/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-877/2025

19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-877/2025 19.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3419/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 9574 nömrəli hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləyə əsasən icarəyəverənin icarəyə verdiyi ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin yerləşdiyi dövlət mülkiyyətində olan 2073.0 kv.metr torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən icarə haqqının vaxtında və tam həcmdə ödənilməsini tələb etmək icarəyəverənin hüququdur. 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə torpaq sahəsinin illik icarə haqqı 24876 manat, aylıq icarə haqqı 2073 manat təşkil edir.

2. Cavabdeh məxsus icarə müqaviləsi üzrə şəxsi hesab vərəqəsindən çıxarışa əsasən Cavabdeh xx.xx.2025-ci il tarixə göstərilən icarə müqaviləsi üzrə ödənilməmiş borcu 14295,8 manat təşkil edir.

3. Cavabdeh məxsus icarə müqaviləsi üzrə şəxsi hesab vərəqəsindən çıxarışa əsasən Cavabdeh xx.xx.2025-ci il tarixə göstərilən icarə müqaviləsi üzrə ödənilməmiş borcu 14864,51 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat:

4. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2025-ci il tarixinə mövcud olan icarə haqqı borcu üzrə 14295,80 manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin yerləşdiyi dövlət mülkiyyətində olan 2073.0 kv.metr torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2024-cü il tarixli, 9574 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarəhaqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarəhaqqı ödəməyə borcludur. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2025-ci il tarixinə ödənilməli olan 14295,80 manat icarə haqqı borcu mövcuddur. Cavabdehə xx.xx.2024-cü il tarixli, 3-21-3/2-21852/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq icarə haqqı borcunu ödəməkdən imtina etmişdir.

6. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehdən xx.xx.2024-cü il tarixli, 9574 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2025-ci il tarixə yaranmış 14864,51 manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh iddiaya qarşı etirazla müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin icarə verilməsi haqqında 9574 nömrəli, 13 sentyabr 2024-cüil tarixli İcarə Müqaviləsinin 8.5-ci bəndinə əsasən müqavilənin icrası ilə əlaqədar bütün bildiriş və müraciətlər tərəflərin göstərdikləri hüquqi ünvanlara sifarişli məktublarla göndərilir və yaxud əldən-ələ təqdim olunur. Məhkəmənin nəzərinə çatdırır ki, icarə müqaviləsində göstərilən icarə haqqı borcun ödənilməsi barədə hər hansı bildiriş cavabdehə təqdim edilməmişdir və bununla bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. İddiaçı icarə müqaviləsində icarə haqqının ödənilməsini tələb etməsinə baxmayaraq, qeyd olunan müqavilənin 8.5-ci bəndinə əməl etməmişdir və bununla da müqavilənin şərtlərini pozmuşdur.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3419/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh 14864,51 manat məbləğində pulun tutularaq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməsi,Cavabdeh 134,60 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq müəyyən etmişdir ki, cavabdehin yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 9574 nömrəli icarə müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia təmin edildiyindən 134,60 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir.

10. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Mülki Məcəllənin 700.1-ci maddəsinə istinad etmişdir.

11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinə yenidən baxılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında torpağın icarəyə verilməsinə dair müqavilə olmasına baxmayaraq, eyni zamanda həmin torpağa dair Cavabdeh ilə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov Bələdiyyəsi arasında "Bakıxanov Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi haqqında" xx.xx.2007-ci il tarixli, 207/1 nömrəli müqavilə mövcuddur və həmin müqaviləyə əsasən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən, cavabdehin istifadəsində olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi 99 (doxsan doqquz) il müddətinə cavabdehə icarəyə verilmişdir və həmin icarə müqaviləsi hazırkı dörədək qüvvədədir və illik icarə haqqı ödənilir. "Bakıxanov Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi haqqında" xx.xx.2007-ci il tarixli, 207/1 nömrəli müqavilə üzrə icarə münasibətləri davam etməsinə baxmayaraq, cavabdehin münasibətləri davam etməsinə baxmayaraq, cavabdehin istifadəsində olan eyni torpaq sahəsinə dair iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixində 9574 nömrəli icarə müqaviləsi bağlanmışdır. Odur ki, cavabdeh vəsatət verərək torpağın mülkiyyətçisinin müəyyən etmək məqsədilə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov Bələdiyyəsinin müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə əsassız olaraq vəsatəti təmin etməmişdir. Eyni zamanda məhkəmə hər hansı bir məhkəmə araşdırması aparmamışdır, yalnız iddia tələbinə əsaslanaraq iddianı təmin etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş haqqında məlumatda göstərilmişdir ki, guya cavabdeh tərəfindən icarə haqqına görə cəmi 1459 manat ödənilmişdir. Məhkəmə əlavə araşdırma aparmadan qətnamədə qeyd etmişdir ki, cavabdehin icarə müqaviləsi üzrə şəxsi hesab vərəqəsindən çıxarışa əsasən cavabdehin xx.xx.2025-ci il tarixə göstərilən icarə müqaviləsi üzrə ödənilməmiş borcu 14295,8 manat təşkil edir. Kollegiyanın nəzərinə çatdırır ki, cavabdeh tərəfindən icarə haqqına görə 1459 manat deyil, saxlanılmamış ödəniş qəbzlərini nəzərə almasaq xx.xx.2025-ci il tarixədək 1562,2 manat icarə haqqı ödənilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixində 703 manat, xx.xx.2024-cü il tarixində 100 manat, xx.xx.2024-cü il tarixində 193 manat, xx.xx.2024-cü il tarixində 250.4 manat, xx.xx.2025-ci il tarixində 115.4 manat, xx.xx.2025-ci il tarixində 100.4 manat və xx.xx.2025-ci il tarixində 100 manat, cəmi 1562,2 (min beş yüz altmış iki manat iyirmi qəpik) manat icarə haqqına görə vəsait ödənilmişdir.

13. Apelyasiya şikayətində prosessual hüquq normalarının pozuntusu kimi göstərilmişdir ki, işə baxılan zaman prosessual hüquq norması pozulmuşdur, belə ki, məhkəmə AR MPM-nin 77, 88, 217, 218-ci maddələrinin tələblərini pozmuşdur.

14. Apelyator şikayətində maddi və prosessual normalar kimi AR Konstitusiyasının 127-ci maddəsinin ikinci hissəsinə, MPM 9, 14-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. Məhkəmə iclasında ddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

18. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

19.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə edilməsi nəzərdə tutulur. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.

20.“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 14-cü maddəsinin 10-cu abzasına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 15-cü maddəsinə torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. - 19-cu maddəsinə əsasən icarə müqaviləsinin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi, dayandırılması və (bələdiyyə torpaqlarına dair müqavilə istisna olmaqla) uzadılması barədə təkliflər vermək icarəverənin hüquqlarına daxildir.

21. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.

22. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: - 3.0.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının qanunlarının və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, daşınmaz dövlət əmlakını, o cümlədən dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınmaz əmlakı icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyə vermək və bu sahədə nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. - 3.0.15-ci yarımbəndinə əsasən dövlət əmlakı barəsində bağlanılmış əqdlər Azərbaycan Respublikasının iqtisadi maraqlarına ziyanla nəticələndikdə, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, həmin əqdlərlə bağlı məhkəmədə iddia qaldırmaq, dövlətə məxsus olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərlə bağlı məhkəmə mübahisələrində dövlətin mənafeyini təmsil etmək Xidmətin vəzifəsinə aid edilmişdir. - 4.0.18-ci yarımbəndinə əsasə vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəmədə öz adından çıxış etmək Xidmətin hüquqlarına aid edilmişdir.

23.Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tam təmin edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək həmin şikayətdə qətnamə bütövlükdə mübahisələndirilmişdir. Odur ki, hazırkı halda qətnamənin əsaslılığı tam şəkildə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (icarəyə verən) ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 9574 nömrəli hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin yerləşdiyi dövlət mülkiyyətində olan 2073.0 kv.metr torpaq sahəsi cavabdehin icarəsinə verilmişdir. Cavabdeh müqavilənin şərtlərinə əsasən üzərinə götürdükləri icarə haqqının vaxtında və tam həcmdə ödənilməsinə dair öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə icarə haqqı borcu yaranmışdır. Hazırda iddiaçı mübahisəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinədək olan müddət üçün hesablanmış icarə haqqı üzrə 14864,51 manat məbləğində borcun cavabdehdən tutulmasını tələb edir.

29. Məhkəmə ilk növbədə eyni torpaq sahəsinə dair Bakı şəhəri Sabunçu rayonu Bakıxanov Bələdiyyəsi ilə aralarında xx.xx.2007-ci il tarixində icarə müqaviləsi bağlanmasına dair cavabdehin istinad etdiyi arqumentə münasibətdə qeyd edir ki, cavabdeh nə hər iki icarə müqaviləsinin obyektini eyni torpaq sahəsinin təşkil etdiyini, nə bələdiyyə ilə bağlanmış müqavilənin hazırda qüvvədə olmasını, o cümlədən mübahisəli müddət ərzində həmin müqavilə üzrə hər hansı ödəniş həyata keçirməsini sübuta yetirə bilmişdir. Əksinə iş materiallarında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışla xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin obyekti olan torpaq sahəsinin dövlət mülkiyyətində olması, yəni bələdiyyə torpaqlarına aid olmaması öz təsdiqini tapır. Odur ki, sözügedən dəlillər əsassızdır.

30. Digər tərəfdən, cavabdeh icarə müqaviləsi üzrə ümumilikdə 1562,20 manat məbləğində ödəniş etdiyini və həmin ödənişlərin bir qisminin iddiaçı tərəfindən nəzərə alınmadığını bildirir. Məhkəmə bu barədə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sonuncu şəxsi hesab vərəqəsində bank komissiyasına silinən məbləğlər çıxılmaqla cavabdehin istinad etdiyi bütün ödənişlər (1559 manat) öz əksini tapmış, başqa sözlə desək icarə müqaviləsi üzrə borc hesablanarkən cavabdehin bütün ödənişləri nəzərə alınmışdır.

31. Kollegiya qeyd edir ki, icarə haqqının tutulması barədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir.

32. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixli, 9574 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə olan 14864,51 manat məbləğində icarə haqqının ödənilməsini cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

34. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3419/2025 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar