Məhkəmə qərarları › İş №2-2(103)-878/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-878/2022

01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-878/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2457/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 2262,96 manat məbləğinin, ümumilikdə 2948176,96 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı bildirir ki, onun tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixli, KM/TS-2019 saylı kredit müqaviləsinə əsasən ******* manat məbləğində borc verilmişdir. Müqavilə şərtlərinə əsasən kredit faizsiz verilmişdir. Müqavilənin 1.3-cü bəndində kredit məbləğinin xx.xx.2021-ci il tarixədək tam həcmdə geri qaytarılması şərti olsa da, cavabdeh tərəfindən bu icra olunmamışdır. Tərəflər arasında xx.xx.2019cu ildən xx.xx.2021-ci il tarixinədək borc məbləğləri üzrə üzləşmə aparılmış və üzləşmə aparılan tarixə cavabdehin cəmi ******* manat borcu olduğu müəyyən edilmişdir. Mübahisənin məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə şifahi, xx.xx.2021-ci il tarixdə isə pretenziya qaydasında borcun qaytarılması tələbi ilə bağlı rəsmi xəbərdarlıq edilmiş, lakin nəticə əldə olunmamışdır.

3. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddia tələbini qismən qəbul edərək, tələb olunan borc məbləğini ******* manat məbləği hissəsində qəbul etdiyini və bu borcun 36 ay müddətində hissə-hissə ödənilməsinin mümkün olduğunu bildirmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2457/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

5. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz etdi.

9. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

11. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinin tələblərinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

12. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

13. Həmin Məcəllənin 191.4-cü maddəsinə görə məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.

14. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 3.1.1-ci maddəsinə əsasən bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar, ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar, birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nağdsız hesablaşmalar hesab olunur.

APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.

17. Belə ki, iddiaçı 05 yanvar 2019-cu il tarixli, KM/TS-2019 saylı kredit müqaviləsinə istinad edərək, cavabdehdən kredit borcunun tutulması tələbini irəli sürmüşdür.

18. Buna əsasən iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir.

19. Lakin hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcud deyildir.

20. Belə ki, qeyd olunan maddədən də görünür ki, borc müqaviləsinin bağlanmış hesab edilməsi üçün müqavilənin tərtib olunması və imzalanması kifayət edir.

21. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəlik ilk növbədə borc verənin üzərinə düşür və o, yalnız pulu borc alana verdikdən sonra borc alanın həmin pulu geri qaytarmaq öhdəliyi yaranır.

22. Lakin hazırki işdə həmin hallar müəyyən olunmur.

23. Belə ki, tərəflər arasında imzalanmış 05 yanvar 2019-cu il tarixli, KM/TS-2019 saylı kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən “Kredit məbləği “kredit verən” tərəfindən “kredit alan”ın xəzinəsinə nağd qaydada və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilə bilər.”

24. Lakin, iddiaçı borc məbləğinin ümumiyyətlə "Xaliq Faiqoğlu” MMC-nin hesabına mədaxil olunması (istər nağd, istərsə də bank hesabına köçürmə yolu ilə) barədə sənədləri (bank hesabından çıxarış və ya kassa mədaxil qəbzi) məhkəməyə təqdim etməmiş və kredit müqaviləsinin 2.1.1-ci bəndi, o cümlədən Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

25. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi imzalansa da, müqavilə üzrə borc verən hesab edilən İddiaçı müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borclu "Xaliq Faiqoğlu” MMC-yə verilməsi öhdəliyini yerinə yetirməmişdir.

26. Belə olan halda isə qarşılıqlı olaraq "Xaliq Faiqoğlu” MMC-nin pulun (kreditin) İddiaçı geri qaytarılması öhdəliyi yaranmamışdır.

27. Bu baxımdan kollegiya hesab edir ki, öhdəlik ilk növbədə borc verən İddiaçı tərəfindən həyata keçirilmədiyi üçün hazırda "Xaliq Faiqoğlu” MMC-dən həmin borcun geri qaytarılmasını tələb edə bilməz.

28. Həmçinin Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddianın qismən etiraf edilməsi qanuna zidd olduğuna görə qəbul edilə bilməz.

29. Belə ki, əvvəla yuxarıda da qeyd olunduğu kimi Cavabdeh MMC-nin 05 yanvar 2019-cu il tarixli, KM/TS-2019 saylı kredit müqaviləsi üzrə İddiaçı kreditin geri qaytarılması kimi hər hansı bir öhdəliyi yaranmamışdır. Çünki İddiaçı tərəfindən Cavabdeh MMC-yə hər hansı məbləğdə borc verilməmişdir.

30. Hər hansı borcu olmadığı təqdirdə isə cavabdehin kifayət qədər yüksək ******* manat məbləğdə pulu etiraf etməsinin məqsədi məhkəməyə aydın deyildir.

31. Həmçinin cavabdeh kargüzarlıq qaydalarına uyğun olaraq müqavilənin məhz həmin tarixdə bağlanmasını təsdiq edən sübutları da məhkəməyə təqdim etməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, müqavilənin həmin vaxt deyil, sonradan tərtib olunması imkanı da istisna edilmir.

32. Beləliklə, müqavilənin hüquqi şəxslə təsisçisi arasında bağlanmaqla həm borc alan hüquqi şəxsin rəhbərinin, həm də borc verən fiziki şəxsin eyni şəxs – İddiaçı olmasını, kargüzarlıq qaydalarına uyğun olaraq müqavilənin məhz həmin tarixdə bağlanmasını təsdiq edən sübutların, borc məbləğinin "Xaliq Faiqoğlu” MMC-nin hesabına mədaxil olunması barədə sübutun (bank hesabından çıxarış və ya kassa mədaxil qəbzi) təqdim olunmamasını, habelə nağdsız əməliyyatlar üzrə hesablardan pul vəsaitinin çıxarılmasında hazırkı vəziyyətdə limit tətbiq olunduğunu nəzərə alaraq kollegiya hesab edir ki, yeganə sübut olaraq təqdim olunmuş 05 yanvar 2019-cu il tarixli, KM/TS-2019 saylı kredit müqaviləsi iddianın etiraf edilməsinin qəbul edilməsi və iddianın təmin edilməsi üçün əsas hesab oluna bilməz.

33. Bu baxımdan kollegiya hesab edir ki, iddia rədd edilməlidir.

34. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2457/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vidadi Məmmədov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar