Məhkəmə qərarları › İş №2-2(103)-878/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-878/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-878/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdeh, eyni zamanda digər cavabdehin qanuni nümayəndəsi Cavabdeh1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2975/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehlər "xxxx" MMC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında 0051/K nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə illik 18% olmaqla 19.000 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə zamin Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli 0051/K saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin borclu Cavabdeh2 MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC və Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 0051/K nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 3.881,71 manat əsas və 15,63 manat faiz borcu olmaqla, cəmi 3.897,34 manat məbləğində pulun və 60 manat ödənilmiş mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı bildirir ki, Cavabdeh2 MMC müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə banka xx.xx.2023-cü il tarixə 3.881,71 manat əsas və 15,63 manat faiz borcu olmaqla, cəmi 3.897,34 manat borcu mövcuddur.

5. Cavabdeh, eyni zamanda Cavabdeh2 MMC-nin qanuni nümayəndəsi (direktoru) Cavabdeh1 məhkəməyə izahat verərək iddia ilə qismən yəni 2.250 manat hissəsində razı olduğunu, qalan hissədə isə iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2975/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

7. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayətləri onunla əsaslandırmışdır ki, ödənişlərdən açıq-aydın görünür ki, birinci cavabdeh kredit öhdəliyi üzrə faiz borcunu tam məbləğdə ödəyib, borclu qaldığı 2189,68 manat isə əsas borc məbləğini təşkil edir. Lakin iddiaçı heç bir məlumat və açıqlama vermədən tamamilə qanunsuz olaraq birinci cavabdehin ödədiyi vəsaiti cərimə və gecikmə faizi adı altında tamamilə başqa təyinat üzrə silmişdir. Nəticədə birinci cavabdehin kredit öhdəliyi azalmaq əvəzinə daha da artmışdır. Mülki Məcəllənin 741-ci maddəsinin birbaşa tələbinə görə borcdan tutulmalı olan faizlər bir ilin sonunda ödənilməli olduğu halda iddiaçı qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq birinci cavabdehin ödədiyi vəsaitin böyük hissəsini əvvəlcə cərimə kimi, sonra faiz ödənişi kimi, lap sonda isə formal şəkildə cüzi ödənişi əsas məbləğə çıxmışdır. Həmçinin, birinci cavabdehin öhdəliyini lazımınca və vaxtında icra etməməsi bütün dünyada baş vermiş “Covid-19” pandemiyasının və bunun iqtisadiyyata, biznesə vurduğu böyük zərərlə bərabər məhz iddiaçının kredit ödənişlərini qanunsuz olaraq fərqli təyinatlara silməsi ilə bağlıdır. Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbləri də kobud şəkildə pozulmuşdur. Belə ki, iddiaçının birinci cavabdehin ödədiyi vəsaitin böyük hissəsini qanunsuz olaraq cərimələrə və faiz borcuna silməsi nəticəsində əsas borc məbləği lazımından qat-qat az həcmdə azalmış, nəticədə birinci cavabdehin kredit öhdəliyi üzrə iddiaçı və məhkəmə tərəfindən əsas məbləğə faiz, gecikmə faizi və illik 5% əlavə gecikmə faizi hesablanmışdır. Birinci instansiya məhkəməsi isə hər hansı əsaslandırma aparmadan və səbəblərini izah etmədən cavabdehin vəsatəti üzrə ekspertizanın təyin edilməsindən imtina etmiş və bu sahə üzrə xüsusi bilik tələb olunmasına baxmayaraq hesablamalar apararaq, iddianı təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında cavabdeh və eyni zamanda digər cavabdehin qanuni nümayəndəsi Məmmədov Nüsrəddin oğlu apellyasiya şikayətlərini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə1 isə apellyasiya şikayətlərinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

12. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

13. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

14. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

15. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

16. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

19. Belə ki, əsas borcun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir.

20. Hazırki işdə də həmin maddənin dispozitiv şərtləri mövcuddur.

21. Belə ki, tərəflər arasında bağlanmış 0051/K nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə son ödəniş tarixi xx.xx.2022-ci il tarix müəyyən edilmişdir. Bundan başqa görünür ki, borclu tərəf 6 ay yalnız faiz borcundan hər ay 285 manat ödəniş etməli və 7-ci aydan başlayaraq həm əsas və faiz borcu üzrə hər ay 1.741,72 manat ödəniş etməli idi. Həmçinin ödəniş cədvəlindən görünür ki, əgər borclu öz öhdəliyini vaxtı-vaxtında icra etmiş olsa idi, əsas borc üzrə 19.000 manat, faiz borcu üzrə 3.610,68 manat, yəni cəmi 22.610,68 manat ödəniş etməli idi.

22. İş materiallarına əlavə olunmuş ödəniş cədvəli, maliyyə arayışı, hesabdan çıxarış və cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəf xx.xx.2021-ci il tarixinədək ödənişləri vaxtı-vaxtında və müəyyən edilmiş məbləğdə etsə də, qeyd edilmiş tarixdən sonra ödənişlərin edilməsini gecikdirmişdir.

23. Belə ki, cavabdeh 2022-ci ilin yanvar ayında 1.741,72 manat ödəniş etməli olduğu halda ümumiyyətlə ödəniş etməmiş və fevral ayında ödəmiş olduğu məbləğdən 67,82 (56,89+7,13+3,8) manat məbləğində pul müqavilənin 3.6.2-ci bəndinə əsasən hesablanmış cərimə borcundan silinmiş; mart ayında edilmiş ödəniş xx.xx.2022-ci il tarixdə edilməli olduğu halda xx.xx.2022-ci il tarixdə edilmiş olduğundan 8,2 manat məbləğində pul cərimə borcuna, 108,94 manat (vaxtında ödəniş etmiş olsa idi, ödəniş cədvəlinə əsasən 100,74 silinəcəkdi) faiz borcuna silinmiş; aprel ayında cəmi 323,69 manat ödəniş etmiş və ödənişdən 14,99 manat cərimə, 91,11 faiz, 217,59 manat əsas borcuna silinmiş; aprel ayından avqust ayınadək ümumiyyətlə ödəniş olmamış və avqust ayında etmiş olduğu 700 manat ödənişdən 409,93 manat cərimə, 179,39 manat faiz, 110,56 əsas borcuna silinmiş; sentyabr ayında ödəniş edilməmiş; oktyabr ayında etmiş olduğu 600 manat ödənişdən 175,75 cərimə, 28,35 faiz, 395 əsas borcuna silinmiş; noyabr və dekabr aylarında ödəniş olmamış; yanvar 2023-cü ildə 600 manat ödəniş etmiş bundan 310,95 cərimə, 50,15 faiz, 238,9 əsas borcuna silinmiş, son ödəniş isə 2023-cü ilin aprel ayında 600 manat olmuş və bundan 318,64 cərimə, 51,4 faiz, 229,96 əsas borcuna silinmişdir.

24. Göründüyü kimi cavabdeh ödənişlərin edilməsini mütəmadi olaraq gecikdirmiş və nəticədə gecikmə ilə etmiş olduğu ödənişlər ilk növbədə müqavilənin 3.6-cı bəndində müəyyən edilən şərtlərə uyğun olaraq hesablanmış cərimə borcuna silinmişdir.

25. Bu baxımdan kollegiya hesab edir ki, əsas borcun düzgün hesablanmaması nəticəsinə gəlmək üçün əsaslar möbcud deyil və ona görə də, həmin hissədə iddia tam təmin edilməlidir.

26. Həmçinin kollegiya hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblər də təmin edilməlidir.

27. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

28. Tərəflər arasında bağlanılmış müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. İddiaçı isə maliyyə arayışı üzrə tələb edilən faiz borcunu xx.xx.2023-cü il tarixinədək hesablamışdır. Göründüyü kimi təxminən 10 aydan artıq bir müddət keçmişdir.

29. Belə olan halda, kollegiya hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 10 aylıq olan məbləğ 167,1 (3.881,71x5/100=194 (1 illik) 194/12=16,17 (1 aylıq) 16,17 x 10 = 167,1) manat təşkil edir.

30. Bununla yanaşı iddiaçı həmin məbləğdə deyil, yalnız 15,63 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulmasını tələb etmişdir.

31. Ona görə də kollegiya hesab edir ki, həmin hissədə də iddia tam əsaslıdır.

32. Həmçinin kollegiya hesab edir ki, həmin borcların Cavabdeh1 tutulması barədə nəticə də düzgündür.

33. Belə ki, tərəflər arasında bağlanılmış zaminlik müqaviləsində Mülki Məcəllənin 470.1, 472.1, 472.2-ci maddələrində göstərilənlərdən fərqli müddəalar müəyyən edilmədiyindən iddiaçı qarşısında zamin olan Cavabdeh1 borclu olan Cavabdeh2 MMC ilə birgə məsuliyyət daşıyır.

34. Apellyasiya şikayətlərinin dəlilləri isə əsaslı hesab edilə bilməz. Belə ki, kredit müqaviləsi üzrə borcun məbləği və iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlarla təsdiq olunur. Cavabdehlər isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Eyni zamanda iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə də zərurət yoxdur. Çünki borcun məbləğini yuxarıda göstərilə qaydada sadə riyazi hesablama ilə müəyyən etmək mümkündür. Eyni zamanda yuxarıda da qeyd olunduğu kimi cavabdeh ödənişlərin edilməsini mütəmadi olaraq gecikdirmiş və nəticədə gecikmə ilə etmiş olduğu ödənişlər ilk növbədə müqavilənin şərtlərinə uyğun olaraq hesablanmış cərimə borcuna silinmişdir.

35. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

36. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2975/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar