Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-879/2025 11.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, İddiaçı MTK-nın cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-764/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvanı üzrə elektrik enerjisinin istehlakına görə İddiaçı MTK-ya hesablanmış 19.673,06 manat məbləğində borcun silinməsi, vəkilə ödənilmiş 320 manat xidmət haqqı məbləğinin və ödənilmiş 150 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-764/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 2 ünvanı üzrə elektrik enerjisinin istehlakına görə İddiaçı MTK-ya hesablanmış 19.673,06 manat məbləğində borc xx/xx-2073 saylı abunə hesabından silinməsi və vəkil xərcinin əvəzi olaraq 320 manat və dövlət rüsumunun əvəzi olaraq 150 manat "xxxx" ASC-dən tutularaq İddiaçı MTK-ya ödənilməsi qət edilmişdir.
3. Qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsi barədə ərizə verərək, apellyasiya şikayəti verilməsi müddətinin ötürülməsini üzrlü hesab edərək buraxılmış prosessual müddətin bərpası barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Mənzil-Tikinti Koorperativi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvanı üzrə elektrik enerjisinin istehlakına görə İddiaçı MTK-ya hesablanmış 19673.06 manat məbləğində borcun silinməsi, vəkilə ödənilmiş 320 manat xidmət haqqı məbləğinin və ödənilmiş 150 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 764/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmişdir. Qətnamə ilə razılaşmadığı üçün "xxxx" ASC tərəfindən apellyasiya şikayəti hazırlanmış, lakin müddət cavabdeh tərəfindən ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinin 1-ci bəndinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
5. İddiaçının nümayəndəsi etiraz ilə müraciət edərək, Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti müddətinin bərpa edilməsi barədə ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-764/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi, xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini alaraq, icraya yönəldilsə də, heç bir üzrlü səbəbi olmayan Cavabdeh ASCnin nümayəndəsi əsassız olaraq apellyasiya şikayəti ilə yanaşı müddətin də bərpasını məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin tələblərindən də aydın olduğu kimi, apellyasiya şikayəti məhkəmə qətnaməsi elektron kabinetə yerləşdirildiyi andan 1 ay müddətinə verilməli olduğu halda, cavabdeh qətnamənin poçt vasitəsilə çatdırıldığı müddəti də ötürərək apellyasiya şikayəti vermişdir. Müddətin bərpası xahiş edilən ərizədə isə hər hansı bir üzrlü səbəb göstərilməmişdir. İş yükünün çox olması və ya işçilərlə bağlı yaranmış problemin olması qətnamənin qanuni qüvvəsini almasından 2 ay sonra şikayət verilməsinə və müddətin bərpasına əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunması barədə cavabdeh "xxxx" ASC-nin ərizəsi rədd edilmiş, apellyasiya şikayətinin və şikayət verilərkən xx.xx.2025-ci il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 75 manat dövlət rüsumunun "xxxx" ASC-yə geri qaytarılması qərara alınmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
7. Cavabdeh qərardaddan şikayət verərək onun ləğv edilməsini və prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, müddət üzürlü səbəbdən ötürülmüşdür. Belə ki, Elektron məhkəmə sisteminə daxil olmaq üçün asan imza nömrəsində texniki cəhətdən müəyyən nasazlıqlar yaranmışdır.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
11. İdddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə şikayətə qarşı yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, cavabdeh müddətin ötürülməsinin üzrlü səbəbi kimi, asan imza nömrəsində problemin olmasını qeyd etsə də, bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, asan imza nömrəsindəki problem 1-2 gün müddətində rahatlıqla həll edilə bilərdi. Cavabdeh tərəfindən verilən şikayət 1-2 gün deyil, 2 ay sonra verilmişdir. Cavabdehin hal-hazırda iştirak etdiyi məhkəmə mübahisələrin sayının 100-dən artıq olmasını nəzərə alınsa, qeyd edilən halın tamamilə həqiqətdənkənar olmasını müəyyən etmək çətin deyil. Qeyd edilən səbəbdən cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi xahiş edilmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2-2(113)-764/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. İş materiallarından aydın olur ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2-2(113)-764/2025 nömrəli qətnaməsi xx.xx.2025-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin elektron kabinetə yerləşdirilmişdir. Apellyasiya şikayəti isə məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir.
15. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən qətnamə cavabdehə mülki-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq rəsmi qaydada təqdim edilmiş, apellyasiya şikayəti isə qanunvericiliklə nəzərdə tutulmuş müddət keçdikdən sonra daxil olmuşdur.
16. Kollegiya qeyd edir ki, asan imza nömrəsində texniki cəhətdən nasazlığın yaranması mümkün olsa da, həmin nasazlığın uzun müddət (3 aya yaxın) davam etməsini məhkəmə ağlabatan və inandırıcı saymır.
17. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38).
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-764/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: