Məhkəmə qərarları › İş №2-2(103)-88/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-88/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-88/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X26 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi Vəkil3 iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)105/2018 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 17 aprel 2018-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdən yaranmış 1.036.053,00 ABŞ dolları məbləğində əsas borcla birlikdə, 777.039,75 ABŞ dolları məbləğində Mərkəzi Bankın illik uçot dərəcəsi ilə 5 illik faiz borcunun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 2000 ABŞ dolları məbləğində ödənişli hüquq xidmətindən istifadə xərclərinin tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 aprel tarixli 2-2(81)105/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 1.036.053 ABŞ dolları məbləğində əsas borcun və 20 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissələrdə rədd olunmuşdur. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin qismən, yəni iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin olunmasını xahiş etmişdir. Cavabdeh də apellyasiya şikayəti verərək həmin qətnamənin qismən, yəni iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 18 oktyabr tarixli 2-2(103)-421/2018 nömrəli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunan hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 30.10.2019-cu il tarixli 2-2(102)-434/19 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 18 oktyabr tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 18 fevral 2020-ci il tarixli 2-2(103)-63/2020 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməməsi, Cavabdeh-nin apellyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 aprel 2018-cı il tarixli qətnaməsinin iddianın təmin olunması, yəni “cavabdeh MMC-dən 1.036.053 ABŞ dolları məbləğində əsas borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Şirkətə ödənilməsi” hissəsində ləğv olunması və iddia tələbinin həmin hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 22.09.2020-ci il tarixli 2-2(102)-236/2020 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 fevral 2020-ci il tarixli 2- 2(103)-63/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndələri təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, Cavabdeh sifariş verərək İddiaçındən müxtəlif adda inşaat texnikaları almışdır. Qeyd edilən texnikaların bir hissəsi ödənilsə də, 1.036.053.00 ABŞ dolları Cavabdeh-nin borcu olaraq ödənilməmiş qalmışdır. Həmin texnikalar aşağıdakı adda, hesab-fakturalara əsasən satılmışdır: HWC-GML-130614-1 nömrəli proforma invoysa əsasən 590.885,00 ABŞ dolları dəyərində 2 ədəd S210W, 1 ədəd DX300LCA, 1 ədəd S255LC, 1 ədəd S420LC markalı texnikalar; HWC-GML-130614-2 nömrəli proforma invoysa əsasən 141.864,00 ABŞ dolları dəyərində 3 ədəd SD300N markalı yükləyici; HWC-GML-130522 nömrəli proforma invoysa əsasən 472.880,00 ABŞ dolları dəyərində 10 ədəd SD300N markalı texnikalar. Yaranmış borc məbləğinin ödənilməsi üçün dəfələrlə cavabdeh şirkətlərin rəhbərliyi ilə danışıqlar aparılmış və 11-12 oktyabr 2016-cı il tarixdə Bakıda keçirilmiş görüş zamanı tərtib edilmiş ödəniş cədvəlinə əsasən aylıq 35.000 ABŞ dolları hissələri ilə ödəniş barədə razılığa gəlinsə də cavabdeh tərəf bu razılığa əməl etməmiş və 2 ödəniş istisna, ödənişləri həyata keçirməmişdir. Belə ki, cavabdeh HWC-GML-130522 nömrəli invoys üzrə 11 iyun 2013-cü il tarixdə 66.203,20 və 28.372,80 ABŞ dolları, 23 fevral 2016cı il tarixdə 35 000 ABŞ dolları, 29 aprel 2016-cı il tarixdə 15.000 ABŞ dolları və 19 may 2016-cı il tarixdə 15.000 ABŞ dolları ödəniş həyata keçirmiş, qalan məbləği ödəməkdən yayınmaqla bu günə 1.036.053,00 ABŞ dolları borcu qalmışdır. Uzunmüddətli danışıqlar nəticə verməmiş və sonuncu dəfə borcun ödənilməsi barədə 04 iyul 2017-ci il tarixdə cavabdehə göndərilən pretenziya məktubuna heç bir cavab verilməmişdir. Hazırkı halda tərəflər arasında yazılı alqı-satqı müqaviləsi olmasa da malların göndərilməsi Azərbaycan Respublikası gömrük sərhədindən keçməsi və cavabdeh tərəfindən qəbul edilməsi barədə məlumatlar Azərbaycan Respublikası Gömrük Komitəsində mövcuddur. Ona görə də, hazırkı mərhələdə mövcud olan alqı-satqı nəticəsində alıcının satıcı qarşısındakı öhdəliklərinin icrası tələb edilir. Cavabdehin təqsirindən iddiaçıya məxsus 1.036.053,00 ABŞ dolları məbləğində pul vəsaitini qanunsuz olaraq saxlanılır və 2013-cü ildən etibarən danışıqlar bəhanəsi ilə pulun ödənilməsini yubadan cavabdehlər 60 aydır özgəsinin vəsaitlərini qanunsuz saxlamaqla istifadə edir. Ona görə də, 777.039,75 ABŞ dolları məbləğində faiz cavabdehdən tutularaq əsas məbləğin üzərinə gəlinib iddiaçıya ödənilməlidir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı tərəflə Cavabdeh arasında bu günədək heç bir müqavilə münasibətləri mövcud olmamış və cavabdeh İddiaçındən heç bir texnika almamış və iddiaçı şirkətə heç bir ödəniş aparmamışdır. Dövlət Gömrük Komitəsinin məhkəməyə ünvanlandığı 01.01.2013-cü ildən 31.12.2014-cü il tarixədək xxxxdan da görünür ki, sorğuda göstərilən texnikalardan 13 ədədi Azərbaycan Respublikasında Cavabdeh-nin adına rəsmiləşdirilmişdir. Həmin texnikalarla bağlı isə adıçəkilən texnikalar “xxxx LLC” şirkəti ilə Cavabdeh arasında bağlanmış aşağıdakı alqısatqı müqavilələrinə əsasən ölkə ərazisinə gətirilmiş və cavabdeh tərəfindən rəsmiləşdirilmişdir: 20.05.2013-cü il tarixli 13/053-GM-A nömrəli alqı-satqı müqaviləsi; 13.06.2013-cü il tarixli 13/079-GM-A nömrəli alqı-satqı müqaviləsi; 14.06.2013-cü il tarixli 13/094-GM-A nömrəli alqı-satqı müqaviləsi; 25.06.2013-cü il tarixli 13/107-GM-A nömrəli alqı-satqı müqaviləsi; 13.06.2013-cü il tarixli 13/128-GM-A nömrəli alqı-satqı müqaviləsi. Bundan başqa, gömrük orqanının məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi məlumatda göstərilən yük gömrük xxxxlərində göndərən/ixracatçı sütununda birbaşa göstərilmişdir ki, Mallar “xxxx LLC”nin tapşırığı ilə İddiaçı tərəfindən ölkə ərazisinə gətirilmiş Cavabdeh tərəfindən rəsmiləşdirilmişdir. Həmçinin, YGB-lərin əlavəsi olan hesab-fakturalarda (İnvoice) da tərəflərin statusu birmənalı olaraq göstərilmiş və gömrük orqanına, o cümlədən vergi orqanına təqdim olunmuşdur. Hesab-fakturalarda Satıcı qismində “xxxx LLC”, Yükgöndərən qismində İddiaçı, Alıcı qismində isə Cavabdeh göstərilmişdir. Bundan əlavə göstərilən texnikaların hamısının dəyəri cavabdeh tərəfindən “xxxx LLC” şirkətinə ödənmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi aşağıdakı sübutlara istinad etmişdir: İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında imzalanmış “Proforma faktura”ların təsdiq olunmuş tərcümələrindən görünür ki, HWC-GML-130614-2 nömrəli 14.06.2013-cü il tarixli Proforma İnvoysa əsasən 141.864.00 ABŞ dolları dəyərində 3 ədəd SD300N markalı texnikanın, HWC-GML-130614-1 nömrəli 14.06.2013-cü il tarixli Proforma İnvoysa əsasən 590.885.00 ABŞ dolları dəyərində 2 ədəd S210W markalı, 1 ədəd DX300LCA markalı, 1 ədəd S255LC markalı və 1 ədəd S420LC markalı texnikanın, HWC-GML-130522 nömrəli 22.05.2013-cü il tarixli Proforma İnvoysa əsasən 472.880.00 ABŞ dolları dəyərində 10 ədəd SD300N markalı texnikanın cavabdehə satılması barədə razılıq əldə olunmuşdur. Qablaşdırma siyahılarının təsdiq olunmuş tərcümələrindən görünür ki, HWC-GML- 20130621 nömrəli 21.06.2013-cü il tarixli qablaşdırma siyahısına əsasən 1 ədəd S255LC markalı seriya nömrəsi HEMYO-002149 olan, 2 ədəd S210W markalı seriya nömrələri HEWSO-003848, HEWSO-003897 olan, 1 ədəd S420LC markalı seriya nömrəsi HELXO- 010488 olan, HWC-GML-20130630 nömrəli 30.06.2013-cü il tarixli qablaşdırma siyahısına əsasən 1 ədəd DX300LCA markalı seriya nömrəsi CECAO-006408 olan, HWC-GML- 20130528 nömrəli 28.05.2013-cü il tarixli qablaşdırma siyahısına əsasən 7 ədəd SD300N markalı seriya nömrələri CWLCD-010003, CWLCD-010005, CWLCD-010006, CWLCD- 010008, CWLCD-010009, CWLCD-010010, CWLCD-010004 olan, HWC-GML-20130526 nömrəli 27.05.2013-cü il tarixli qablaşdırma siyahısına əsasən 3 ədəd SD300N markalı seriya nömrələri CWLCD-010015, CWLCD-010012, CWLCD-010016 olan texnikalar iddiaçı tərəfindən cavabdehə göndərilmək üçün qablaşdırılmışdır. Daşınma sənədlərinin (Konosament) təsdiq olunmuş tərcümələrindən görünür ki, Cavabdeh-nin sifarişi əsasında iddiaçı tərəfindən 21.06.2013-cü il tarixdə S255LC markalı HEMYO-002149 seriya nömrəli, S210W markalı HEWSO-003848 seriya nömrəli, S210W markalı HEWSO-003897 seriya nömrəli, S420LC markalı HELXO-010488 seriya nömrəli ekskavatorlar, 30.06.2013-cü il tarixdə DX300LCA markalı DHKCECAOSD0006408 PİN nömrəli ekskavator, 28.05.2013-cü il tarixdə SD300N markalı CWLCD-010003 seriya nömrəli, SD300N markalı CWLCD-010005 seriya nömrəli, SD300N markalı CWLCD- 010006 seriya nömrəli, SD300N markalı CWLCD-010008 seriya nömrəli, SD300N markalı CWLCD-010009 seriya nömrəli, SD300N markalı CWLCD-010010 seriya nömrəli, SD300N markalı CWLCD-010004 seriya nömrəli texnikalar, 31.05.2013-cü il tarixdə SD300N markalı CWLCD-010015 seriya nömrəli, SD300N markalı CWLCD-010012 seriya nömrəli, SD300N markalı CWLCD-010016 seriya nömrəli texnikalar göndərilmişdir. İddiaçı tərəfindən Cavabdeh-yə ünvanlanan “Kommersiya faktura”ların təsdiq olunmuş tərcümələrindən görünür ki, 21.06.2013-cü il tarixli HWC-GML-20130621 nömrəli “Kommersiya faktura”sına əsasən 467,155.00 ABŞ dolları məbləğin, 30.06.2013-cü il tarixli HWC-GML-20130630 nömrəli “Kommersiya faktira”sına əsasən 123,730.00 ABŞ dolları məbləğin, 28.05.2013-cü il tarixli HWC-GML-20130528 nömrəli “Kommersiya faktura”sına əsasən 331,016.00 ABŞ dolları məbləğin, 31.05.2013-cü il tarixli HWC-GML- 20130526 nömrəli “Kommersiya faktura”sına əsasən 141,864.00 ABŞ dolları məbləğin ödənilməsi xahiş olunmuşdur. “İxrac üzrə gömrük xxxxləri”nin təsdiq olunmuş tərcümələrindən görünür ki, 17.06.2013-cü il tarixli 02015-13-02201649 nömrəli “İxrac üzrə gömrük xxxxsi”nə əsasən S210W-RU20S210W-VHEWSO-003848 və S210W-RU20S210W-VHEWSO-003897 seriya nömrəli ekskavatorlar, 27.06.2013-cü il tarixli 02015-13-02354709 nömrəli “İxrac üzrə gömrük xxxxsi”nə əsasən DX300LCA-RU10DX300LCACECAO-006408 seriya nömrəli ekskavator, 17.06.2013-cü il tarixli 010158-13-02201625 nömrəli “İxrac üzrə gömrük xxxxsi”nə əsasən S255LC-RU10SOLAR 255LC-V (HEMYO) – EU6S1HEMYO- 002149 seriya nömrəli ekskavator, 17.06.2013-cü il tarixli 08010-13-00128233 nömrəli “İxrac üzrə gömrük xxxxsi”nə əsasən S420LC-RU10SOLAR 420LC-V (HELXO) – 010488 seriya nömrəli ekskavator ixracatçı İddiaçı tərəfindən alıcı qismində göstərilmiş Cavabdehyə göndərilmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş cavabda qeyd olunmuşdur ki, DOOSAN SD300 markalı CWLCD- 010015, CWLCD-010012, CWLCD-010016, CWLCD-010003, CWLCD-010004, CWLCD- 010006, CWLCD-010010, CWLCD-010005 seriya nömrəli frontal yükləyicilər, DOOSAN S210W markalı HEWSO-003848 seriya nömrəli, DOOSAN S210W markalı HEWSO- 003897 seriya nömrəli təkərli ekskavatorlar, DOOSAN S420LC markalı HELXO-010488 seriya nömrəli, DOOSAN DX300LCA markalı CECAO-006408 seriya nömrəli, DOOSAN S255LC markalı HEMYO-002149 seriya nömrəli tırtıllı ekskavatorlar üzrə xarici tərəfdaş olaraq İddiaçı, xarici iqtisadi fəaliyyət iştirakçısı kimi isə Cavabdeh göstərilmişdir. SD300N DX255LCA markalı CWLCD-010008 seriya nömrəli və SD300N DX255LCA markalı CWLCD-010009 seriya nömrəli yükləyicilər üzrə isə xarici tərəfdaş “X46 LLC” xarici iqtisadi fəaliyyət iştirakçısı kimi isə X22 göstərilmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baş X37 Müfəttişliyi tərəfindən göndərilmiş cavabda qeyd olunmuşdur ki, sorğuda göstərilən texnikalar Baş Dövlət Texniki X11 əmlakının rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində: AZ 35t 536 dövlət qeydiyyat nişanlı, DOOSAN SD-300 markalı (şassi: CWLCD 010003) frontal yükləyici X14 adına 03.09.2013-cü il tarixdən qeydiyyatdadır. Texnika 13.09.2014-cü il “xxxx” MMC-nin adına olan yük gömrük xxxxsi və qaimə-faktura əsasında X2. AZ 10O 978 dövlət qeydiyyat nişanlı, DOOSAN SD300 markalı (zavod: CWLCD01005, mühərrik: 1213C014078) yükləyici X9 adına 11.09.2015-ci il tarixdən qeydiyyatdadır. Texnika “xxxx” MMC-nin adına olan yük gömrük xxxxsi və qaimə-faktura əsasında 02.08.2013-cü il tarixində X27, X32 isə X3. AZ 90K 125 dövlət qeydiyyat nişanlı, DOOSAN SD300N markalı (zavod: CWCD010008, mühərrik: 1213C014089) frontal yükləyici 03.08.2015-ci il tarixdən MCB LİZİNQ QSC-nin adına qeydiyyatdadır. Texnika 30.04.2014-cü il tarixində X18 adına olan yük gömrük xxxxsi ilə qeydiyyata alınmış və X8 verilmiş etibarnamə əsasında MCB LİZİNQ QSC-yə satılmışdır. AZ 10S 904 dövlət qeydiyyat nişanlı, DOOSAN SD-300 markalı (zavod: CWLCD-01004, mühərrik: 1213G016652) frontal yükləyici DƏMİRYOLSERVİS MMC-nin adına 13.02.2014-cü il tarixdən qeydiyyatdadır. Texnika 27 dekabr 2013-cü il tarixində “xxxx” MMC-nin adına olan yük gömrük xxxxsi və qaimə-faktura əsasında DƏMİRYOLSERVİS MMC-yə satılmışdır. AZ 10O 906 dövlət qeydiyyat nişanlı, DOOSAN SD-300 markalı (mühərrik: 1213DOCWLCD-022870-010012) frontal yükləyici PAREKS LİZİNQ AND FAKTORİNQ MMC-nin adına 25.07.2013-cü il tarixdən qeydiyyatdadır. Texnika “xxxx” MMC-nin adına olan yük gömrük xxxxsi və qaimə-faktura əsasında 25 iyul 2013-cü il tarixində PAREKS LİZİNQ AND FAKTORİNQ MMC-yə satılmışdır. AZ 30K 117 dövlət qeydiyyat nişanlı, DOOSAN SD300 markalı (zavod: 10016, mühərrik: 022866) frontal yükləyici X19 adına 12.02.2014-cü il tarixdən qeydiyyatdadır. Texnika “xxxx” MMC-nin adına olan yük gömrük xxxxsi və qaimə-faktura əsasında 04.02.2014-cü il X5. AZ 10Z 390 dövlət qeydiyyat nişanlı, DOOSAN DX300LCA markalı (zavod: CECA0006408, mühərrik: DE08TİS324764E00) ekskavator ATF MMC-nin adına 17.11.2014-cü il tarixdən qeydiyyatdadır. Texnika “xxxx” MMC-nin adına olan yük gömrük xxxxsi və qaimə-faktura əsasında 06 may 2014-cü il tarixində ATF MMC-yə satılmışdır. AZ 54K 070 dövlət qeydiyyat nişanlı, DOOSAN S 210W-V markalı (şassi: HEWSO-003848, mühərrik: DB58TİS3148896C) ekskavator Azərsutəchizattikinti ASC-nin adına 26.12.2014-cü il tarixdən qeydiyyata alınmışdır. Texnika 13.09.2014-cü il tarixində “xxxx” MMC-nin adına olan yük gömrük xxxxsi və qaimə-faktura əsasında Azərsutəchizattikinti ASC-yə satılmışdır. AZ 90T 640 dövlət qeydiyyat nişanlı, DOOSAN S 210W-V markalı (şassi: HEWSO003897, mühərrik: 316533EC) ekskavator X24 adına 27.05.2015-ci il tarixdən qeydiyyatdadır. Texnika 05 dekabr 2013-cü il tarixində “xxxx” MMC-nin adına olan yük gömrük xxxxsi və qaimə-faktura əsasında X25, X31 həmin texnikanı X7. AZ 10S 190 dövlət qeydiyyat nişanlı, DOOSAN SD-300 markalı (zavod: CVLCP-014086) frontal yükləyici X10 adına 18.09.2013-cü il tarixdən qeydiyyatdadır. Texnika “xxxx” MMC-nin adına olan yük gömrük xxxxsi və qaimə-faktura əsasında 06.09.2013-cü il tarixində X1. AZ 90T 274 dövlət qeydiyyat nişanlı, DOOSAN S-420LC markalı (zavod: HELXO010488, mühərrik:212258EB) ekskavator Bayram-M Şirkətinin adına 06.05.2015-ci il tarixdən qeydiyyata alınmışdır. Texnika “xxxx” MMC-nin adına olan yük gömrük xxxxsi və qaiməfaktura əsasında 20.09.2014-cü il tarixində Bayram-M Şirkətinə satılmışdır. AZ 30K 112 dövlət qeydiyyat nişanlı, DOOSAN SD-300 markalı (zavod: CVLCP-014086) frontal yükləyici X15 adına 30.01.2014-cü il tarixdən qeydiyyata alınmışdır. Texnika “xxxx” MMCnin adına olan yük gömrük xxxxsi və qaimə-faktura əsasında 11.12.2013-cü il X4. AZ 10U 518 dövlət qeydiyyat nişanlı, DOOSAN SD300N markalı (şassi: 0100 09, mühərrik: 1213C014085) frontal yükləyici X16 mülkiyyətində 23.05.2014-cü il tarixdən qeydiyyata alınmışdır. Texnika 23.05.2014-cü il tarixində X18 adına olan yük gömrük xxxxsi ilə onun adına qeydiyyata alınmış, X6 və həmin texnika 03 oktyabr 2017-ci il tarixində X29 tərəfindən Gürcüstan Respublikası “Flaminqo” LTD-yə satılaraq qeydiyyatdan çıxarılmışdır. Qeyd olunan sübutları araşdıraraq birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan sənədlər bir-biri ilə uyğunluq təşkil etməklə yanaşı, cavabdehlə aralarında olan münasibətlərin mövcud olmasının sübuta yetirilməsində bir-birini tamamlamaqdadır. Belə ki, tərəflər arasında malların sayı, miqdarı və məbləğini nəzərdə tutan ilkin olaraq “Proforma faktura” adlanan fakturalar imzalanmışdır ki, həmin sənədlər tərəflər arasında olan razılaşmanı əks etdirir. Daha sonra iş materiallarında olan Qablaşdırma siyahıları (Packing list), Konosamant (Daşınma sənədi), Kommersiya fakturası (Commercial İnvoice) mövcuddur ki, bütün sənədlərdə Göndərən (Satıcı) qismində İddiaçı, Alıcı (xxxx) qismində isə Cavabdeh göstərilmişdir. Hətta iddiaçının nümayəndəsi tərəfindən 5 texnika üzrə Cənubi Korea Respublikasının “İxrac üzrə gömrük xxxx”lərinin təsdiq olunmuş tərcümələri təqdim edilmişdir ki, həmin sənədlərdə də Satıcı qismində İddiaçı, Alıcı qismində isə Cavabdeh göstərilmişdir. Yalnız cavabdeh tərəfindən 13 texnika (SD300N markalı CWLCD-010008 seriya nömrəli və SD300N markalı CWLCD-010009 seriya nömrəli texnikalar istisna olmaqla) üzrə təqdim olunan yük gömrük xxxxlərində malların “xxxx LLC” Şirkətinin tapşırığı ilə İddiaçı tərəfindən göndərildiyi qeyd olunmuş, Alıcı qismində isə Cavabdeh göstərilmişdir. Məhkəməyə həmçinin iddiaçının nümayəndəsi tərəfindən e-mail yazışmaların təsdiq olunmuş tərcümələri də təqdim olunmuşdur ki, həmin e-mail yazışmalardan da görünür ki, bütün danışıqlar iddiaçı ilə Cavabdeh-nin rəhbərliyi arasında aparılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi İddiaçı ilə müəyyən yazışmaların ola biləcəyini, lakin bunun İddiaçı tərəfindən daşımanın həyata keçirilməsi ilə bağlı olduğunu bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, nə iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan e-mail yazışmaların tərcümələrində, nə də digər sənədlərdə (cavabdehin nümayəndəsi tərəfindən təqdim olunan 13 texnikanın “xxxx LLC” şirkətindən alınmasına dair müqavilələr və yük gömrük xxxxləri istisna olmaqla) ilkin olaraq münasibətlərin cavabdehlə “xxxx LLC” Şirkəti arasında mövcud olması müəyyən edilmir. Bundan əlavə məhkəmənin sorğusuna əsasən Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunan siyahıda malların (SD300N markalı CWLCD-010008 seriya nömrəli və SD300N markalı CWLCD-010009 seriya nömrəli texnikalar istisna olmaqla) idxalı ilə bağlı olan məlumatlarda da “Xarici iqtisadi fəaliyyət iştirakçısı” kimi Cavabdeh “Xarici tərəfdaş” kimi İddiaçı göstərilmişdir. Həmçinin e-mail yazışmalarda iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan tərəflər arasında mövcud borcun ödəmə planının təsdiq edilməsi də öz əksini tapmaqdadır. Yuxarıda qeyd olunanlara və Mülki Məcəllənin 6.2, 385.1, 386.1, 442, 567-ci maddələrinə istinad edərək məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh-dən yaranmış 1.036.053,00 ABŞ dolları məbləğində əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsas borcun tutulması hissəsində müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Belə ki, hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 22.09.2020-ci il tarixli 2-2(102)-236/2020 nömrəli qərarında göstərilmişdir ki, iddiaçı Şirkət məhkəməyə təqdim etdiyi 3 ədəd “xxxx” sənədlərinin mövcudluğu ilə sözügedən texnikaların cavabdeh MMC-yə satılması (göndərilməsi) barədə tərəflər arasında müvafiq razılığın əldə olunması faktını sübut etməyə; habelə 4 ədəd “Qablaşdırma siyahısı” adlanan sənədlərinin mövcudluğu ilə sözügedən texnikaların iddiaçı Şirkət tərəfindən cavabdeh MMC-yə göndərilmək üçün qablaşdırılması faktını sübut etməyə; həmçinin bir neçə daşıma (konosament) və gömrük (xxxx) sənədlərinin mövcudluğu ilə cavabdeh MMC-nin sifarişi ilə sözügedən texnikaların iddiaçı Şirkət tərəfindən göndərilməsi və gömrük sərhədindən keçirilərək ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilməsi faktını sübut etməyə çalışmışdır. Eyni zamanda cavabdeh MMC iddiaçı Şirkətin tələblərinə etiraz edərək, tərəflər arasında əvvəlki dövrlərdə işgüzar münasibətlərin mövcud olmasını inkar etməsə də, məhz, yuxarıda qeyd edilən texnikaların göndərilməsi ilə bağlı iddiaçı Şirkətlə hər hansı əməliyyatda kontragent qismində iştirak etmədiyini, sözügedən texnikaların yalnız başqa bir şirkət, yəni “xxxx LLC” Şirkətindən aldığını sübut etməyə çalışmışdır. Hazırki işə baxan birinci instansiya məhkəməsi iddiaçı Şirkətin iddia tələblərini əsas borc hissəsində təmin edərək, qətnaməsində iddiaçı Şirkət tərəfindən məhkəməyə təqdim olunan sənədlərin biribiri ilə uyğunluq təşkil etməklə yanaşı, cavabdeh MMC ilə aralarında olan münasibətlərin mövcud olmasının sübuta yetirilməsində biri-birini tamamladığı nəticəsinə gəlmişdir. Hazırki işə birinci dəfə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən, iddiaçı Şirkətin təqdim etdiyi “xxxx” sənədlərinin lazımi qaydada təsdiq olunmamış kserosurətlər olduğuna istinad etmişdir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki, təqdim olunmuş həmin sənədlərdən göründüyü kimi, notariat idarəsi “xxxx”ların kserosurətlərinin bu sənədlərin əsilləri ilə düzgünlüyünü deyil, “xxxx”ların əsli ilə düzgün olduğuna dair 06.09.2018-ci il tarixli “xxxx” adlı sənəddə imzanın iddiaçı Şirkətin prezidentinin imzasının düzgünlüyünü təsdiq etmişdir. Eyni rəyi öz qətnaməsində hazırki işə ikinci dəfə baxmış apellyasiya instansiyası məhkəməsi də qeyd etmişdir. Həmin məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı Şirkətin təqdim etdiyi “xxxx” sənədləri özü-özlüyündə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi olmasını şübhə altına alır. Lakin hazırki işə ikinci dəfə baxmış apellyasiya instansiyası məhkəməsi cavabdeh MMC-nin məhkəməyə təqdim etdiyi, mübahisə predmeti olan texnikaların bu MMC tərəfindən “xxxx LLC” Şirkətindən alınması faktını təsdiq edən 20.05.2013 və 13.06.2013-cü il tarixli müqavilələri, habelə həmin müqavilələrlə bağlı olan ödəniş və gömrük sənədlərini, bu sənədlər lazımi qaydada təsdiq olunmamış kserosurətlər olmasına baxmayaraq (bax İİ c., i.v. 65-121), onları, cavabdeh MMC tərəfindən sözügedən texnikaların iddiaçı Şirkətdən deyil, yalnız Gürcüstanın hüquqi şəxsi olan “xxxx LLC” Şirkətindən alındığını təsdiq edən mötəbər sübut növləri kimi qəbul etmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsinin bu qərarı həm onun öz qətnaməsinin məntiqinə, həm də prosessual qanunvericiyliyə ziddir. Ümumiyyətlə, qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı Şirkətin istinad etdiyi “xxxx”ları və digər sənədləri hazırki işə birinci dəfə baxan kassasiya instansiyası məhkəməsinin qərarında göstərilənlərə uyğun olaraq tərəflər arasında bağlana biləcək müqavilənin formaları kimi tanımışdır. Belə ki, Ali Məhkəmənin 30.10.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 406.2-ci maddəsinə müvafiq olaraq, əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Həmin Məcəllənin 406.3-cü maddəsinə görə, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Apellyasiya instansiyası məhkəməsi müvafiq araşdırma aparmaqla, sadəcə, iddiaçı Şirkət tərəfindən təqdim edilmiş sənədlərin prosessual hüquq normaların tələblərinə cavab verməməsi səbəbindən onları tərəflər arasında göndərmə müqavilənin bağlanmasını təsdiq edən mötəbər sübut növləri kimi qəbul etməmişdir. Eyni zamanda həmin məhkəmə tərəfindən cavabdeh MMC ilə Gürcüstanın hüquqi şəxsi olan “xxxx LLC” Şirkəti arasında mübahisə predmeti olan texnikaların göndərilməsi haqqında müvafiq müqavilələrin bağlanmasını təsdiq edən digər sənədlərin mötəbər sübut növləri kimi qəbul edilməsi də uğurlu olmamışdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş və işin düzgün həlli üçün vacib olan bir neçə məcburi göstərişlərini heç bir ciddi araşdırma aparmadan bəsit formada cavablandırmışdır. Belə ki, Ali Məhkəmə qərarında, işin materiallarında olan bəzi sənədlərdə, o cümlədən gömrük (xxxx) sənədlərində iddiaçı Şirkət və cavabdeh MMC ilə yanaşı “xxxx LLC” Şirkətinin də adının göstərilməsi ilə əlaqədar onların bu işdə rollarının müəyyən edilməsinin vacibliyini qeyd etmişdir. Ali Məhkəmənin qərarı əsasən işə yenidən baxacaq apellyasiya instansiyası məhkəməsi ixracatçının (mülkiyyətçinin) iddiaçı Şirkət olduğu halda, özgə əmlakı barədə alqı-satqı müqaviləsinin “xxxx LLC” Şirkəti ilə bağlanmasının səbəblərini (buradan da, əqdin hüquqi əsasını) yoxlamalı və tərəflərin bununla bağlı dəlillərinə münasibət bildirməli idi. Belə ki, cavabdeh MMC-nin etiraz ərizəsində istinad etdiyi “Hesab-faktura” sənədlərində “xxxx LLC” şirkətinin “satıcı” qismində göstərilməsi özü-özlüyündə həmin şirkətə ixrac olunan əmlaka münasibətdə mülkiyyətçi hüququ vermir. Belə olan halda (xüsusən də, məhz iddiaçı Şirkətin göndərdiyi texnikaların cavabdeh MMC tərəfindən qəbul edildiyinin mübahisəsiz olduğu vəziyyətdə), apellyasiya instansiyası məhkəməsi cavabdeh MMC-nin etiraz ərizəsində əsas sübut kimi əsaslandığı, bu MMC ilə “xxxx LLC” şirkəti arasında, Azərbaycan Respublikasının ərazisində (Bakı şəhərində) bağlanmış alğı-satqı müqavilələrinin (ən azından, sübutetmə vasitəsi kimi mötəbərliyini (yararlılığını), həmin müqavilələrin əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin imperativ normalarının (hazırkı halda, 337.3 və 340.1-ci maddələrinin) tələbləri nəzərə alınmaqla, həm də (sübutun saxtalığına dair ərizədən fərqli olaraq) tərəflərin bunu bildirməsindən asılı olmayaraq (hərçənd, iddiaçı Şirkət həmin əqdin formal olaraq bağlandığını iddia edir) yoxlamalı idi. Belə ki, mübahisələndirilən etibarsız əqdlərdən fərqli olaraq, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsində Ali Məhkəmənin bu məcburi göstərişi araşdırma aparılmadan anlaşılmaz formada belə cavablandırılır ki, “xxxx" LLC Şirkəti ilə cavabdeh MMC arasında əlaqə olmayıb (belə çıxır ki, texnikalarla bağlı əməkdaşlıq “xxxx" LLC Şirkəti ilə olmamışdır). Bundan əlavə, Ali Məhkəmənin digər məcburi göstərişi də icrasız qalmışdır. Belə ki, Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, cavabdeh MMC apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı Şirkətlə “xxxx LLC” şirkəti arasında işgüzar münasibətlər, konkret olaraq broker müqaviləsi üzrə mülki münasibətlər olmuşdur (bax: İİİ cild, iş v.32). Mülki Məcəllənin 787.1, 777.1 və 433-cü maddələrinin tələblərindən göründüyü kimi, broker vasitəçilik xidmətini məhz “xxxxyə” göstərir. Buradan, apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlilini yoxlamalı, “xxxx LLC” şirkətinə münasibətdə “xxxx”nin iddiaçı Şirkət, yoxsa cavabdeh MMC olduğunu müəyyən etməli idi. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh MMC-nin istinad etdiyi alqı-satqı müqavilələrində “xxxx LLC” şirkətinin iddiaçı şirkətin adından və onun tapşırığı ilə hərəkət etdiyinə dair məlumat yoxdur. Eyni ilə, işin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “xxxx”ında da cavabdeh MMC münasibətdə xarici tərəfdaş kimi “xxxx LLC” şirkəti deyil, iddiaçı Şirkət göstərilmişdir. Ali Məhkəmənin məcburi göstərişlərinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəflərin dəlillərini Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tələbləri nəzərə alınmaqla yoxlamalı və qiymətləndirməli idi. Lakin apelyasiya məhkəməsi qeyd edilənlərə hüquqi qiymət verməmiş, nəticədə maddi hüquq normalarının səhv tətbiq edilməsinə gətirib. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Bu baxımdan kollegiya qeyd edir ki, ilk növbədə mübahisəli texnikaların satılmasına dair satıcı “xxxx LLC” şirkəti ilə alıcı Cavabdeh arasında bağlanmış alqı-satqı müqavilələrinə hüquqi qiymət verilməli, o cümlədən onlar arasında broker müqaviləsindən irəli gələn münasibətlərin olub-olmaması aydınlaşdırılmalıdır. Cavabdeh tərəfindən təqdim edilmiş alqı-satqı müqavilələri aşağıdakılardan ibarətdir: 20.05.2013-cü il tarixli 13/053-GM-A nömrəli alqı-satqı müqaviləsi; 13.06.2013-cü il tarixli 13/079-GM-A nömrəli alqı-satqı müqaviləsi; 14.06.2013-cü il tarixli 13/094-GM-A nömrəli alqı-satqı müqaviləsi; 25.06.2013-cü il tarixli 13/107-GM-A nömrəli alqı-satqı müqaviləsi; 13.06.2013-cü il tarixli 13/128-GM-A nömrəli alqı-satqı müqaviləsi. Hazırki apelyasiya baxışı zamanı həmin alqı-satqı müqavilələri bağlanmamışdan əvvəl texnikaların “xxxx LLC” şirkətinin mülkiyyətində olması barədə sənədlərin, mülkiyyətçi olmadığı təqdirdə isə broker kimi texnikaların satılmasına əsas verən sənədlərin (broker müqaviləsi və s.) təqdim edilməsi cavabdehə həvalə edilmiş, lakin cavabdeh həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda işin mübahisəsiz halıdır ki, mübahisə predmeti olan texnikalar İddiaçınə məxsus olmuşdur. Göründüyü kimi “xxxx LLC” şirkəti faktiki olaraq nə mülkiyyətində, nə də broker müqaviləsi əsasında qanuni sahibliyində olmayan əşya (texnikalar) barəsində sərəncam verməklə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla Cavabdeh ilə etibarsız, hazırkı halda isə əhəmiyyətsiz əqdlər bağlamışdır. Belə ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Hazırkı işdə də əqdin subyekt tərkibinə aid edilən şərt pozulmuşdur. Çünki “xxxx LLC” şirkəti özünə məxsus olmayan əşya (texnikalar) barəsində sərəncam vermişdir. Ona görə də, həmin əqdlər Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd olmaqla etibarsızdır. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh-nin öz etirazının əsası kimi məhkəməyə təqdim etdiyi alqı-satqı müqavilələrinin mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur. Eyni zamanda iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında imzalanmış hər üç apostilli Proforma İnvoysun, qablaşdırma siyahılarının, daşınma sənədlərinin (Konosament), “İxrac üzrə gömrük xxxxləri”nin təsdiq olunmuş tərcümələrinə və ən əsası Dövlət Gömrük Komitəsinin məhkəmə sorğusuna cavab məktubuna əsasən müəyyən olunur ki, satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh-yə mübahisə predmeti olan texnikalar satılmış, mallar Azərbaycan Respublikasına göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Göründüyü kimi tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin həm 600.4-cü maddəsinə əsasən satılmış əşyaların ödənilməmiş dəyərlərinin ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, iddia tələbləri əsas borcun tutulması hissəsində və həmin tələblərin təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə tam əsaslıdır. Bununla yanaşı kollegiya hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırki işin halları da ondan ibarətdir ki, cavabdeh iddiaçıdan aldığı texnikaların dəyəri olan 1.036.053 ABŞ dolları məbləğində pul vəsaitini ödəməmişdir. Bununla yanaşı həmin pul vəsaitlərinin konkret hansı tarixdə iddiaçıya ödənilməli olmasını müəyyən etmək mümkün deyildir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı cavabdehə pul öhdəliyinin icra edilməsi ilə bağlı 04 iyul 2017-ci il tarixdə pretenziya məktubu göndərmişdir. Göründüyü kimi cavabdeh ən azı pretenziyanın ona göndərildiyi tarixdən 1.036.053 ABŞ dolları məbləğində pul vəsaitlərini qaytarmalı olduğunu bilirdi. Lakin o, həmin vəsaitləri özündə saxlamaqla iddiaçıya qaytarmamışdır. Eyni zamanda iddiaçı hazırki iddianın qaldırıldığı 28 avqust 2017-ci il tarixə olan gecikdirilmiş faiz borcunun tutulması tələbini irəli sürmüşdür. Göründüyü kimi cavabdeh tərəfindən əsas borcun ən azı 54 gün gecikdirildiyi müəyyən edilir. Həmin müddət üçün gecikdirilmiş faiz borcu isə 7770,3 ABŞ dolları (1.036.053 x 5% = 51802,65; 51802,65 : 12 ay=4316,8; 4316,8 : 30 gün= 143,8; 143,8 x 24 gün = 3453,5; 4316,8 + 3453,5 = 7770,3) təşkil edir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 7770,3 ABŞ dolları pulun tutulmasını tələb etməkdə haqlıdır. Ona görə də kollegiya hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni faiz borcunun tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia qismən təmin edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh-nin apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)105/2018 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 17.04.2018-ci il tarixli qətnaməsi qismən, yəni faiz borcunun tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin və Cavabdeh-dən 7770,3 ABŞ dolları məbləğində faiz borcu tutularaq İddiaçınə ödənilsin. Qalan hissədə həmin iddia təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar