Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-880/2025 19.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: borcun etirafı barədə müqavilə, iddia müddətinin tətbiq edilməsi barədə yeni tələb, apellyasiya baxışnın hədləri) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1256/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. xx.xx.2017-ci il tarixli Borcun Etirafı haqqında Müqaviləyə əsasən, Cavabdeh xx.xx.2007-ci il tarixdə İddiaçı 50.000 manat məbləğində borc pul aldığını etiraf etmiş, müqavilədə göstərilən məbləği, yəni 50.000 (əlli min) manat borc pulu 30 dekabr 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
2. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə İddiaçı Cavabdeh tərəfidndən 8900 manat məbləğin ödənildiyini , borc məbləğinin 41100 manat təşkil etdiyini bildirmişdir.
3. Pretenziya (xəbərdarlıq) məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh rəsmi məktub göndərilərək, borcunu 10 gün müddətində ödənilməsi bildirilmiş, əks təqdirdə vəsaitin məcburi qaydada tutulması üçün aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
4. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 50.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan xx.xx.2007-ci il tarixdə 50.000 manat borc pul almışdır. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh 50.000 manat pul vəsaitin xx.xx.2020-ci il tarixədək pulu qaytarmağı üzərinə öhdəlik kimi götürmüşdür. Cavabdehə şifahi və yazılı müraciət olunmasına baxmayaraq, borclu borcunu ödəməkdən boyun qaçırır. Cavabdeh borcu qaytarmaqdan imtina etdiyi üçün məhkəməyə müraciət etməyi qərara almışdır.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1256/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 41100 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qalan hissədə iddia rədd edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli borcun Etirafı haqqında Müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilədə qeyd olunan məbləğdə pul vəsaitini cavabdehin istifadəsinə verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən müqavilə üzrə yaranmış borcu göstərilən müddət ərzində ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda iddiaçı Cavabdeh tərəfindən yaranmış borc üzrə 8900 manat məbləğində ödəniş etdiyini qeyd edir və 41100 manat məbləğində borcu tələb edir. Cavabdeh qiyabi qətnamənin ləğvi barədə ərizəsində, borcu qaytardığını qeyd etsə də, məhkəmə iclaslarına ona məlumat verilməsinə baxmayaraq iştirak etməmiş, və pulun qaytarılmasına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə mübahisəli borc müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 41100 manat tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin iddiaçıya 41100 manat məbləğində borcunun olması tərəflər arasında baglanılmış borcun təsdiqi barəsidə xx.xx.2017-ci il tarixli müqavilə ilə, həmçinin iddiaçının iddianın qismən müdafiəsi ilə bağlı məhkəməyə təqdim edilmiş ərizəsi, həmçinin izahatı ilə öz təsdiqini tapır. Məhkəmə hesab etmişdir ki, iddia təmin edildiyindən 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.3, 442, 739.1, 739.2-ci maddələrinə və Azərbaycan Respublikası MPM-in 119.1, 121.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
9. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh rəhmətlik Adil Abbasovdan faizə 34000 manat pul almışdır. Həmin puldan Adil Abbasovun sağlığında Lətif Nəsibov, Arif İbrahimov və Şəfayət Məhərrəmov vasitəsi 20000 manat ödəmişdir. Sonra cavabdeh ödəməkdə çətinlik çəkdiyindən İddiaçı onu uşaqlarına xəta yetirəcəyi adı ilə hədə qorxu gəldiyindən məcbur olub xx.xx.2017-ci il tarixli Borcun Etirafı haqqında Müqaviləyə əsasən, Cavabdeh xx.xx.2007-ci il tarixdə İddiaçı 50.000 manat məbləğində borc pul aldığını etiraf etmiş, müqavilədə göstərilən məbləği, yəni 50.000 manat borc pulu 30 dekabr 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bundan sonra cavabdehin qardaşı Akif İbrahimov və işçisi Lətif Nəsibovla 8000 manat ödəyib. Sonra dostu Zaur və işçisi Yusif Şahvələdov vasitəsi ilə 42500 manat və 3 ədəd, 1 dəyəri 2500 manat olan motosikl verməklə 50000 manat ödəmişdir. Sonradan 2019-cu ilə qədər əlavə 22000 manat ödəyib. Bir sözlə cavabdehin 34000 manat faizə aldığı pula görə hədəqorxu altında 100000 manat pul ödənilərək heç bir borcun olmadığını qeyd edir. Əlavə olaraq bildirir ki, Bakı Kommersiya Məhkəməsində gedən işdən cavabdehin xəbəri olmada onun iştirakı olmadan keçrilmişdir. Bu səbəbdəndə pulu göndərdiyi şəxslərin şahid qismində məhkəməyə gətirə bilməmişdir. Əlavə olaraq bildirir ki, iş üzrə iddia müddəti keçmişdir. Belə ki, 2007-ci il tarixində pulu almış təkrara məcburən bağlanan etiraf müqaviləsi xx.xx.2017-ci il tarixində olmuş, 2019- cu il tarixinə qədər 34000 manata görə 100000 manat ödəmişdir. Cavabdehin Bakı Kommersiya məhkəməsində iştirak etmədiyi üçün iddia müddətinin tətbiqi barədə ərizə vermək imkanı olmamışdır. Məhkəmə qətnaməsinin xx.xx.2025-ci il tarixində vəkil vasitəsi ilə alınmışdır. Məhkəmə bu MM-in 385.1 və 386.1-ci maddələrini düzgün tətbiq etməmişdir. Belə ki, Məhkəmə qətnaməsində iddiaçı tərəfindən verilmiş və istinad edilmiş sübutlara düzgün qiymət vermədən, cavabdehin iştirakı olmadan qətnamə qəbuletmişdir.
11. Apellyasiya şikayətində prosessual hüquq normalarının pozuntusu kimi göstərilmişdir ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 107, 121.1-ci maddələrini düzgün tətbiq etməmişdir. Belə ki, Məhkəmə qətnaməsində iddiaçı tərəfindən verilmiş və istinad edilmiş sübutlara düzgün qiymət vermədən, qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsində iddiaçı tərəfindən verilmiş və istinad edilmiş sübutlara düzgün qiymət vermədən, cavabdehin iştirakı olmadan qətnamə qəbul etmişdir.
12. Cavabdeh tərəfindən işə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddia müddətinin tətbiqi barədə ərizə verilmiş və ərizədə mübahisəyə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi xahiş edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
Tətbiq edilən hüquq:
16. Mülki Məcəllənin: - 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -339.4-cü maddəsinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. - 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin.
17. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsi xahiş edilmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamənin əsaslılığı iddia təmin edilmiş hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli borcun etirafı haqqında müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı 50.000 manat məbləğində borcunun olmasını etiraf etmişdir və xx.xx.2020-ci il tarixədək tam şəkildə kreditora ödəməyi öhdəsinə götürmüşdür.
23. İddiaçı iddiasında 50.000 manat məbləğində pulun ödənilməsini tələb etsə də, birinci instansiya məhkəməsində verdiyi izahatda borcun bir hissəsinin ödənildiyini və qalıq borcun 41.100 manat təşkil etdiyini bildirmişdir. Cavabdeh isə apellyasiya şikayətində borcun tam şəkildə, hətta artıq məbləğdə ödənildiyini, borcun etirafı barədə müqavilənin hədə-qorxunun təsiri altında bağlandığını bildirir və iddianın rədd edilməsini xahiş edir.
24. Kollegiya əvvəlcə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 882-ci maddəsi təşkil edir.
25. İddia tələbinin əsaslılığına münasibətdə kollegiya hesab edir ki, cavabdeh mübahisəli müqaviləyə əsasən iddiaçıya borcunun olduğunu etiraf etmiş və həmin borcu ödəməyi öhdəsinə götürmüşdür.
26. Cavabdeh isə borcun tam şəkildə ödəməsini, o cümlədən borcun etirafı barədə müqavilə bağlandıqdan sonra borcun əvəzinə 3 ədəd motosikl təqdim etməsini sübuta yetirə bilməmişdir.
27. Mübahisəli müqavilənin hədə-qorxunun təsiri nəticəsində bağlanması barədə irəli sürülən dəlillərə gəldikdə isə qeyd olunur ki, əqdlərin hədə-qorxu ilə bağlanması barədə qənaətə gəlmək üçün bir neçə şərtin mövcudluğu tələb olunur. Belə ki, bu zaman məhkəmə tərəfindən hədənin edilməsi faktı, bu hədənin cavabdehdə real təhlükə təəssüratı yaratması və tərəfin məhz hədə nəticəsində cavabdehin müqavilə bağlamağa təhrik olunması müəyyən edilməlidir. Hazırkı halda isə müqavilənin hədə-qorxunun təsiri altında bağlanmasına dəlalət edən yuxarıda göstərilən halların mövcudluğu müəyyən edilmir.
28. O da qeyd edilməlidir ki, hədə ilə bağlanmış əqdlərdə iştirakçının əqdin bağlanmasına və belə olan halda sonradan həmin əqdin icra edilməsinə yönəldilmiş daxili iradəsi mövcud olmur. Hazırkı halda isə işin mübahisəsiz halıdır ki, borcun etirafı barədə müqavilə bağlandıqdan sonra cavabdeh tərəfindən həmin müqavilə üzrə 8900 manat məbləğində ödəniş edilmişdir. Kollegiya hesab edir ki, cavabdehin mübahisəli müqavilə üzrə ödəniş etməklə əqd üzrə öhdəliklərini qismən icra etməsi də əqdin bağlanmasına dair daxili iradəsinin mövcud olmasına, yəni cavabdehin müqaviləni hədə-qorxunun təsiri altında bağlanması barədə irəli sürdüyü dəlillərin əsassız olmasına dəlalət edir.
29. Kollegiya onu da qeyd edir ki, cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı irəli sürdüyü arqumentə münasibət bildirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəni birinci instansiya məhkəməsində təqdim etməmiş, bununla da Mülki Məcəllənin 375.2-ci maddəsində nəzərdə tutulmuş hüququndan qanunla müəyyən edilmiş müddətdə istifadə etməmişdir. İşə onun iştirakı olmadan baxılması və bu səbəbdən həmin ərizəni birinci instansiya məhkəməsində təqdim edə bilməməsi barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, birincisi, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər göndərilmiş, eyni zamanda cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən qiyabi qətnamənin ləğvi barədə ərizə vermiş və bundan sonra iki dəfə məhkəmə iclasında iştirak etmişdir. Qeyd olunan hallar onu göstərir ki, cavabdehin məhkəmədə mübahisənin getməsindən məlumatı və belə olan halda iddia müddətinin tətbiqi barədə ərizənin birinci instansiya məhkəməsində işə baxılanadək təqdim edilməsi imkanı da olmuşdur.
30. Beləliklə, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
31. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1256/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Tural Qocayev