Məhkəmə qərarları › İş №2-2(103)-881/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-881/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-881/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, e-2-2(113)-485/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 270000 ABŞ dolları məbləğində borcun, həmin borcun 132 gün üçün illik 5 faizi olan 4993 ABŞ dollarının, 749 manat dövlət rüsumunun və 400 manat mediasiya xərcinin, cəmi 274993 ABŞ dollarının və 1149 manatın alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(011)-6282/2022 saylı qərardadı ilə cavabdehin – mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh tərəfindən verilmiş şikayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(011)-6282/2022 saylı qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin xx.xx.2022-ci il tarixli (2(102)- 6351/2022 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6282/2022 nömrəli iş üzrə 24 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə gönərilmişdir. Cavabdeh İddiaçı qarşı cavabdeh tərəfindən ”Anlaşma“ başlığı altında tərtib edilmiş və üzərində “xx.xx.2020-ci il” tarixi qeyd olunmuş əlyazmanın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-485/2023 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh qərardaddan şikayət vermişdir. Eyni zamanda Cavabdeh ərizəylə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-485/2023 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-485/2023 saylı qərardadı ilə Cavabdeh Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)- 485/2023 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmişdir. Cavabdeh, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)- 485/2023 saylı qərardadından şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 2(103)-368/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-485/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh İddiaçı qarşı cavabdeh tərəfindən ”Anlaşma“ başlığı altında tərtib edilmiş və üzərində “xx.xx.2020-ci il” tarixi qeyd olunmuş əlyazmanın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-485/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-485/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 270000 ABŞ dolları məbləğində borc, həmin borcun 132 gün üçün illik 5 faizi olan 4882 ABŞ dolları, 749 manat dövlət rüsumu və 400 manat mediasiya xərci, ümumilikdə 274882 ABŞ dolları ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə və 1149 manatın alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 110 manat məbləğində ekspertiza xərclərinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-485/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 485/2023-041 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadını tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı həmin günə qədər borc müqaviləsi kimi təqdim etdiyi “xx.xx.2020-ci il” tarixi qeyd olunmuş əlyazmanın borc müqaviləsi deyil, borcun etirafı haqqında mücərrəd müqavilə olduğunu və əlyazma tərtib edildiyi dövrdə Cavabdeh heç bir pul vəsaiti ödənilmədiyini bildirmişdir. Aydın məsələdir ki, borc müqaviləsi və borcun etirafı haqqında mücərrəd müqavilə mülki hüququn ayrı-ayrı institutları olmaqla fərqli hüquq normaları ilə tənzim edilir. İddiaçının təqdim etdiyi əlyazmanın borcun etirafı haqqında mücərrəd müqavilə olduğu, cavabdehə yalnız xx.xx.2023-cü il tarixli məhkəmə iclasında məlum olmuşdur. Məhz bu səbəbdən, birinci instansiya məhkəməsi cavabdehə 154.1-ci maddəsinin tələblərinə əsasən, həmin yeni əsasla bağlı etiraz təqdim etmək üçün vaxt vermiş və bu əsasla məhkəmə iclasını təxirə salmışdır. Lakin, nədənsə sonradan məhkəmə, müddətin ötürülməsi əsası ilə, qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Bu zaman məhkəmə nəzərə almamışdır ki, iddiaçının təqdim etdiyi əlyazmanın borcun etirafı haqqında mücərrəd müqavilə olduğu, cavabdehə yalnız xx.xx.2023-cü il tarixli məhkəmə iclasında məlum olmuşdur. Məhz MPM-nin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət də məhz xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Qarşılıqlı iddianın verilməsi üçün yeni əsas məhz məhkəmə baxışı zamanı - xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-485/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh qarşılıqlı iddia ərizəsinin verilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürmüşdür. Belə ki, qarşılıqlı iddia ərizəsi iddia ərizəsi cavabdehə çatdırıldığı, hətta iddia ərizəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olduğu xx.xx.2022-ci il tarixdən 20 gündən artıq müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən isə qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırılmamışdır. Qarşılıqlı iddia işin baxılmasına başlanandan sonra verildiyindən, eyni zamanda məhkəmə baxışı zamanı qarşılıqlı iddianın verilməsi üçün əsaslar müəyyən edilmədiyindən geri qaytarılmalıdır. Belə ki, cavabdeh müqavilə tərəfi olduğundan tərəflər arasında olan müqavilə mövcud borcun etirafı müqaviləsi olsa belə, cavabdehə əvvəlcədən bəlli olmalı idi. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh hazırkı qarşılıqlı iddia ərizəsində irəli sürdüyü tələbi daha əvvəl də irəli sürmüş, məhkəmənin xx.xx.2023-cü il tarixli 2-2(113)-485/2023 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Bu barədə xronoloji ardıcıllıqla yuxarıda qeyd edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsində isə təsbit ounmuşdur ki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Bu baxımdan kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qarşılıqlı iddianın geri qaytarılması nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-485/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Aida Hüseyn Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar