Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-886/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1462/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 24.11.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 10940,92 manat vergi borcu, DSMF-yə ödənilməmiş 12242,66 manat və işsizlikdən Sığorta Fonduna ödənilməmiş 574,03 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədilə 124430 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08.05.2021-ci il tarixli e-2-2(113)-1462/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının vaxtı və yeri barədə ona hər hansı bildiriş göndərilməmişdir. Bundan başqa məhkəmə işi araşdırarkən yalnız iddiaçının təqdim etdiyi sübutlar ətrafında araşdırma aparmış, əlavə sübutların toplanmasına lüzum görməmiş və iddiaçının qeyd etdiyi borclar üzrə rəqəmlərin həqiqətə uyğun olub-olmadığını araşdırmamışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, vergi ödəyicisi olan Cavabdeh Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin cavabdeh buna baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödəməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 24.11.2020-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 24.11.2020-ci il tarixə yaranan 10965,85 manat borcuna görə 124430 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 25.11.2020-ci il tarixli, **********3 saylı protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh birinci instansiya məhkəməsində iddianı qismən qəbul etmiş və dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olmasını təsdiq etmiş, sadəcə olaraq iddia ərizəsində qeyd olunan məbləğlə razı olmadığını bildirmişdir. Apellyasiya şikayətində isə cavabdeh iddiaya tam etiraz etmiş və etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Həmin Məcəllənin 90.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Hazırki işdə də qeyd olunan maddələrin bütün dispozisiya şərtləri mövcuddur. Belə ki, iş materiallarından da göründüyü kimi vergi ödəyicisi olan Cavabdeh Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə ümumilikdə borcu yaranmış və həmin borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdeh yaranmış borc məbləğinin büdcəyə ödənilməsini təmin etməmiş və ona görə də, Vergi Məcəlləsinin 89.1ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 24.11.2020-ci il tarixli **********3 nömrəli qərar çıxarmışdır. Qərar əsasında Cavabdeh məxsus 124430 manat dəyərində əmlak siyahıya alınmış və bu barədə 25.11.2020-ci il tarixli, **********3 saylı protokol tərtib edilmişdir. Qeyd olunanları və istinad olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 124430 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmasını tələb etməkdə haqlıdır. Ona görə də, iddia təmin edilməlidir. Apellyasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Belə ki, iş materiallarından görünür ki, məhkəmə bildirişləri cavabdehin yaşayış yeri üzrə qeydiyyat ünvanına göndərilmişdir. Eyni zamanda məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehin istifadəsində olan telefon nömrəsinə SMS bildirişlər göndərilmişdir (i/v 9). Məhkəmə iclas protokollarından da görünür ki, Cavabdeh 19 mart 2021-ci il və 08 aprel 2021-ci il tarixli məhkəmə iclaslarında şəxsən iştirak etmişdir. Həmçinin o, həmin iclaslarda iddianı qismən qəbul etmiş və dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olmasını təsdiq etmiş, sadəcə olaraq iddia ərizəsində qeyd olunan məbləğlə razı olmadığını bildirmişdir. Göründüyü kimi cavabdeh birinci instansiya məhkəməsində vergi borcunun mövcud olduğunu mübahisələndirmədiyi halda, apellyasiya şikayətində bu halları mübahisələndirmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsində təsbit olunmuşdur ki, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh isə qeyd olunan prosessual normanın tələblərinə riayət etməmişdir. Ona görə də, məhkəmə kollegiyasının gəldiyi nəticə yalnız birinci instansiya məhkəməsində tərəflərin istinad etdiyi faktlara və sübutlara əsaslanmışdır. Bundan başqa Vergilər Nazirliyinin elektron sistemindən çıxarılmış Cavabdeh şəxsi hesab vərəqəsindən də görünür ki, hazırkı iddia ərizəsində qeyd olunan tarixə, yəni 20.11.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 10940,92 manat vergi borcu, DSMF-yə ödənilməmiş 12242,66 manat və işsizlikdən Sığorta Fonduna ödənilməmiş 574,03 manat məbləğində borc mövcud olmuşdur. Həmin borc məbləğinin düzgün hesablanıb-hesablanmamasının yoxlanılması isə hazırki mübahisənin predmetini təşkil etmir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1462/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-886/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-886/2021
10.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver