Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-888/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 və Cavabdeh2 MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-91/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 20.05.2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK-dan 27.08.2015-ci il tarixli 121 saylı kredit müqaviləsi üzrə qalan 130200 manat əsas, 14719,95 manat cərimə, 7358,56 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 152278,51 manat, 30.09.2015-ci il tarixli 122 saylı kredit müqaviləsi üzrə qalan 130000 manat əsas, 28704,94 manat faiz, 11519,41 manat cərimə, 6750,70 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 176975,05 manat, 20.10.2015-ci il tarixli 123 saylı kredit müqaviləsi üzrə qalan 33590 manat əsas, 8925,16 manat faiz, 2789,87 manat cərimə, 1446,23 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 46751,26 manat, 29.07.2015-ci il tarixli 119 saylı kredit müqaviləsi üzrə qalan 70000 manat əsas, 12994,96 manat faiz, 7388,85 manat cərimə, 3801,38 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 94185,19 manat, 28.02.2014-cü il tarixli 83 saylı kredit müqaviləsi üzrə qalan 220000 manat əsas, 17088,46 manat cərimə, 39483,52 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 331449,66 manat, 27.02.2015-ci il tarixli 113 saylı kredit müqaviləsi üzrə qalan 1750 manat əsas, 498,48 manat faiz, 433,51 manat cərimə, 242,64 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 2924,63 manat, 31.03.2015-ci il tarixli 114 saylı kredit müqaviləsi üzrə qalan 100100 manat əsas, 17818,32 manat faiz, 13875,03 manat cərimə, 7686,70 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 139480,05 manat, 12.01.2015-ci il tarixli 107 saylı kredit müqaviləsi üzrə qalan 110000 manat əsas, 17046,83 manat faiz, 17630,62 manat cərimə, 9656,96 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 154334,41 manat, 26.05.2015-ci il tarixli 115 saylı kredit müqaviləsi üzrə qalan 130000 manat əsas, 24871,62 manat faiz, 15997,18 manat cərimə, 8988,90 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 179857,70 manat, 06.08.2014-cü il tarixli 97 saylı kredit müqaviləsi üzrə qalan 90000 manat əsas, 9344,22 manat faiz, 18325 manat cərimə, 9300 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 126969,22 manat, 17.10.2014-cü il tarixli 102 saylı kredit müqaviləsi üzrə qalan 70000 manat əsas, 8059,16 manat faiz, 12872,15 manat cərimə, 6543,06 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 97474,37 manat, 01.06.2015-ci il tarixli 117 saylı kredit müqaviləsi üzrə qalan 100000 manat əsas, 17337,42 manat faiz, 12166,62 manat cərimə, 6236,11 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 135740,15 manat məbləğində pul vəsaitinin ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması və ipoteka qoyulmuş Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində 0.08 ha torpaq sahəsində yerləşən Cavabdeh1 məxsus 5 bloklu 12, 7 mərtəbəli binalardakı mənzillərə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait "xxxx" Mənzil-Tikinti Kooperativinin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin "xxxx" Mənzil-Tikinti Kooperativindən tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 20.05.2021-ci il tarixli e-2-2(113)-91/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 06.08.2014-cü il tarixli 97 saylı müqavilə üzrə 90000 manat əsas borc, 9344,22 manat faiz borcu, əsas borca münasibətdə illik 5% hesablanmaqla 9300 manat və 500 manat cərimə olmaqla ümumilikdə 109144,22 manat, 17.10.2014-cü il tarixli 102 saylı müqavilə üzrə 70000 manat əsas borc, 8059,16 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 6543,06 manat və 400 manat cərimə olmaqla ümumilikdə 85002,22 manat, 12.01.2015-ci il tarixli 107 saylı müqavilə üzrə 110000 manat əsas borc, 17046,83 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 9656,96 manat və 550 manat cərimə olmaqla ümumilikdə 137253,79 manat, 27.02.2015-ci il tarixli 113 saylı müqavilə üzrə 1750 manat əsas borc, 498 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 242,64 manat və 50 manat cərimə olmaqla ümumilikdə 2540,64 manat, 31.03.2015-ci il tarixli 114 saylı müqavilə üzrə 100100 manat əsas borc, 17818,32 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 7686,70 manat və 550 manat cərimə olmaqla ümumilikdə 126155,02 manat, 26.05.2015-ci il tarixli 115 saylı müqavilə üzrə 130000 manat əsas borc, 24871,62 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 8988,90 manat və 600 manat cərimə olmaqla ümumilikdə 164460,52 manat, 01.06.2015-ci il tarixli 117 saylı müqavilə üzrə 100000 manat əsas borc, 17337,42 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 6236,11 manat və 550 manat cərimə olmaqla ümumilikdə 124123,53 manat, 29.07.2015-ci il tarixli 97 saylı müqavilə üzrə 70000 manat əsas borc, 12994,96 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 3801,38 manat və 400 manat cərimə olmaqla ümumilikdə 87196,34 manat, 27.08.2015-ci il tarixli 121 saylı müqavilə üzrə 130200 manat əsas borc, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 7358,56 manat və 600 manat cərimə olmaqla ümumilikdə 138158,56 manat, 30.09.2015ci il tarixli 122 saylı müqavilə üzrə 130000 manat əsas borc, 28704,94 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 6750,70 manat və 600 manat cərimə olmaqla ümumilikdə 166055,64 manat, 20.10.2015-ci il tarixli 123 saylı müqavilə üzrə 33590 manat əsas borc, 8925,16 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 1446,23 manat və 300 manat cərimə olmaqla ümumilikdə 44261,39 manat, bütün müqavilələr üzrə ümumilikdə 1184351,87 manat məbləğində pul vəsaitinin Cavabdeh2ndən tutularaq ləğv prosesində olan ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 22 manat məbləğində pul vəsaitinin Cavabdeh2ndən tutularaq iddiaçıya ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 72 manat məbləğində pul vəsaitinin Cavabdeh2ndən, 28 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayəti və ona əlavə verərək, həmin qətnamənin qismən, yəni iddia tələbi üzrə təmin edilməyən cərimə məbləği, 28.02.2014-cü il tarixli 83 saylı kredit müqaviləsi üzrə iddia tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq cərimə məbləğlərini qismən təmin etmişdir. Belə ki, kredit müqavilələrinə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəmək borcalanın vəzifəsi kimi qeyd edilmişdir. Eyni zamanda "xxxx" MTK-nın kredit borcu mövcuddur və bank qarşısında götürdüyü öhdəliyini tam yerinə yetirməmiş və buna əsasən girov olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində 0.08 ha torpaq sahəsində yerləşən Cavabdeh1 məxsus mənzillərə kreditorun tələblərinin ödənilməsi üçün tutmaya əsas yaranmışdır. Həmçinin məhkəmənin cavabdeh tərəfindən təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq, 28.02.2014-cü il tarixli 83 saylı kredit müqaviləsi üzrə iddia müddətinin axımının müqavilənin icra müddətinin bitdiyi 28.02.2016-cı il tarixdən hesablanması və iddia tələbinin rədd edilməsi əsassızdır. Belə ki, məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli, 24.12.2014-cü il tarixli və 08.05.2008-ci il tarixli qərarların tələblərini nəzərə almamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh2 MTK-nın nümayəndəsi və vəkili Vəkil2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunmamış hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış 28.02.2014-cü il tarixli 83 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 24 ay müddətinə, illik 23% ödənilmək şərtilə 340000 manat məbləğində, 06.08.2014-cü il tarixli 97 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 23% ödənilmək şərtilə 90000 manat məbləğində, 17.10.2014-cü il tarixli 102 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 23% ödənilmək şərtilə 70000 manat məbləğində, 12.01.2015-ci il tarixli 107 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 16% ödənilmək şərtilə 110000 manat məbləğində, 27.02.2015-ci il tarixli 113 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 23% ödənilmək şərtilə 23720 manat məbləğində, 31.03.2015-ci il tarixli 114 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 16% ödənilmək şərtilə 100100 manat məbləğində, 26.05.2015-ci il tarixli 115 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 16% ödənilmək şərtilə 130000 manat məbləğində, 01.06.2015-ci il tarixli 117 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 16% ödənilmək şərtilə 100000 manat məbləğində, 29.07.2015-ci il tarixli 119 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 16% ödənilmək şərtilə 70000 manat məbləğində, 27.08.2015-ci il tarixli 121 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 16% ödənilmək şərtilə 130200 manat məbləğində, 30.09.2015-ci il tarixli 122 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 16% ödənilmək şərtilə 130000 manat məbləğində, 20.10.2015-ci il tarixli 123 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 16% ödənilmək şərtilə 100000 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 MTK və Cavabdeh1 arasında 28.02.2014-cü il tarixli 83 saylı, 06.08.2014-cü il tarixli 97 saylı, 17.10.2014-cü il tarixli 102 saylı, 12.01.2015-ci il tarixli 107 saylı, 27.02.2015-ci il tarixli, 113 saylı, 31.03.2015-ci il tarixli 114 saylı, 26.05.2015-ci il tarixli 115 saylı, 01.06.2015-ci il tarixli 117 saylı ipoteka müqavilələri bağlanmış və müqavilələrə əsasən Cavabdeh1 məxsus Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində 5 bloklu 12.7 mərtəbəli binalardakı mənzillər İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı iddia ərizəsində göstərilən məbləğlərdə kredit borcunun Cavabdeh2 MTK-dan tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini irəli sürmüşdür. Cavabdeh2 MTK iddiaya etiraz edir və bildirir ki, iddianın tutmanın ipoteka predmetinə yönəldilməsi barədə hissəsi əsassızdır. Belə ki, qanunvericiliyin tələblərinə zidd olaraq ipoteka müqavilələri notarial qaydada bağlanmamış və yüklülük reyestrdə qeydə alınmamışdır. Bundan başqa tərəflər arasında bağlanmış 28.02.2014-cu il tarixli 83 saylı müqavilə üzrə iddia müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, 28.02.20214-cü il tarixli 83 saylı kredit müqaviləsi üzrə borcun tutulması hissəsində iddia rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 28.02.2014-cü il tarixli 83 saylı kredit müqaviləsi kredit müqaviləsi üzrə sonuncu ödəniş 29 fevral 2016-cı il tarixdə həyata keçirilməli idi. Hazırkı iddia ərizəsi isə 07 fevral 2020-ci il tarixdə, yəni 29 fevral 2016-cı il tarixdən hesablanmaqla 3 il 11 ay 21 gün keçdikdən sonra verilmişdir. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, cavabdeh tərəfindən 29 fevral 2016-cı il tarixdən sonra ödənişlərin aparıldığını təsdiq edən sübutların təqdim edilmədiyini, yəni hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə həmin kredit müqaviləsinə münasibətdə iddia rədd edilməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə tələblər də rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 280.3, 307.7-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.2, 10.4-ci maddələrinə görə ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməli və dövlət qeydiyyatına alınmalıdır. Lakin tərəflər arasında bağlanmış 28.02.2014-cü il tarixli 83 saylı, 06.08.2014-cü il tarixli 97 saylı, 17.10.2014-cü il tarixli 102 saylı, 12.01.2015-ci il tarixli 107 saylı, 27.02.2015-ci il tarixli, 113 saylı, 31.03.2015-ci il tarixli 114 saylı, 26.05.2015-ci il tarixli 115 saylı, 01.06.2015-ci il tarixli 117 saylı ipoteka müqavilələri notariat qaydasında təsdiqlənməmiş və dövlət qeydiyyatına alınmamışdır. Mülki Məcəllənin 280.4-cü maddəsinə görə isə bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır. Həmin Məcəllənin 329.1-ci maddəsində də göstərilmişdir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Göründüyü kimi tərəflər arasında bağlanmış ipoteka müqavilələri əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrində isə təsbit olunmuşdur ki, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən həmin müqavilələrə istinad edərək tələbin ipoteka predmeti olan əmlaklara yönəldilməsi barədə tələbləri və ondan irəli gələn digər iddia tələblərinin irəli sürməsi əsassızdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunun tutulması barədə tələblərin təmin olunmamış hissəsində (həmin tələblərin təmin olunmuş hissəsi hazırki apellyasiya baxışının predmetinə daxil deyil) birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinin tələblərinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İddiaçının ayrı-ayrı kredit müqavilələri üzrə məhkəməyə təqdim etdiyi maliyyə arayışlarından görünür ki, dəbbə pulu müqavilə müddətindən sonrakı tarixlərə də hesablanmışdır. Halbuki, qanunvericilikdə müqavilə müddətindən sonrakı tarixlərdə borclunun icranı gecikdirməsinə görə digər məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 445.7-ci və 449-cu maddəsi) və dəbbə pulu yalnız müqavilə müddəti çərçivəsində hesablanmalı olan öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Eyni zamanda tərəflər arasında bağlanmış kredit müqavilələrində də öhdəliklərin icrası gecikdirildiyi halda müqavilə müddətindən sonrakı tarixlərə dəbbə pulunun hesablanması ilə bağlı hər hansı şərt mövcud deyildir. İddiaçı isə məhz müqavilə müddətinə hesablanmış dəbbə pulu ilə əlaqədar konkret dəlillər (gecikmə günlərinin sayı, bir günə düşən dəbbə pulunun məbləği və ona uyğun cəmi hesablanmış dəbbə pulun məbləği ilə bağlı əsaslandırma) göstərməmiş, habelə hər hansı sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, dəbbə pulunun tutulması barədə tələblərin təmin olunmamış hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli qərarında birbaşa ifadə olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməli və iddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Tərəflər arasında bağlanmış kredit müqaviləsində də bütün öhdəliklər üzrə icra müddəti 29 fevral 2016-cı il tarixi müəyyən edilmişdir. Həmin tarixdən Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş 3 illik iddia müddətini hesabladıqda isə müəyyən edilir ki, iddiaçı 28 fevral 2019-cu il tarixədək cavabdehə qarşı iddia irəli sürə bilərdi. Lakin iddiaçı iddia müddəti keçdikdən sonra, yəni 07 fevral 2020-ci il tarixdə hazırkı iddianı qaldırmışdır. Tələbin ipoteka predmetinə yönəldilməsi və dəbbə pulu ilə bağlı dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-91/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 20.05.2021-ci il tarixli qətnaməsi iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-888/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-888/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver