Məhkəmə qərarları › İş №2-2(103)-888/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-888/2025

30.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-888/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar söz: işlərin bir icraatda birləşdirilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Vəkil2, qanuni nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı “pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. "xxxx" ASC (bank) ilə Cavabdeh MMC (borcalan) arasında 29 dekabr 2022-ci il tarixdə **********29122022 saylı “Bank Xidmətlərinin göstərilməsi haqqında” ümumi müqaviləyə “Maksimal borclanma limitinin (kredit limitinin) Xüsusi Şərtlərinə dair” 07 aprel 2023-cü il tarixli 01/107 saylı əlavə bağlanmışdır.

2. Bankla İddiaçı MMC (zamin) arasında bağlanmış 348/107 saylı zaminlik müqaviləsinin 1.1-ci və 1.2-ci bəndlərinə görə zamin, Cavabdeh MMC-nin (borcalan) kreditor qarşısında yaranmış, 29 dekabr 2022-ci il tarixli **********29122022 saylı “Bank Xidmətlərinin göstərilməsi haqqında” ümumi müqavilə və onun ayrılmaz tərkib hissəsi olan “Maksimal borclanma limitinin (kredit limitinin) Xüsusi Şərtlərinə dair” 07 aprel 2023-cü il tarixli 01/107 saylı əlavə üzrə öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və bank qarşısında borcalanla birgə qaydada məsuliyyət daşıyır.

3. İddiaçı MMC tərəfindən 2022-ci il 14 oktyabr tarixli 10 nömrəli borc müqaviləsi üzrə Cavabdeh MMC-yə aşağıda sadalanan ödəniş tapşırıqlarına əsasən göstərilən məbləğlərdə (cəmi 167 500 manat) pul vəsaitləri köçürülmüşdür:

- 2022-ci il 21 oktyabr tarixli OD1 nömrəli ödəniş tapşırığına əsasən 10.000 manat; - 2022-ci il 15 noyabr tarixli OD1 nömrəli ödəniş tapşırığına əsasən 25.000 manat; - 2022-ci il 16 noyabr tarixli OD1 nömrəli ödəniş tapşırığına əsasən 2.000 manat; - 2022-ci il 29 noyabr tarixli OD1 nömrəli ödəniş tapşırığına əsasən 24.000 manat; - 2023-cü il 24 iyun tarixli ödəniş tapşırığına əsasən 35.000 manat; - 2023-cü il 29 sentyabr tarixli BD1 nömrəli ödəniş tapşırığına əsasən 25.000 manat; - 2023-cü il 3 oktyabr tarixli BD1 nömrəli ödəniş tapşırığına əsasən 28.500 manat; - 2023-cü il 13 oktyabr tarixli BD1 nömrəli ödəniş tapşırığına əsasən 1.000 manat; - 2023-cü il 25 oktyabr tarixli BD3 nömrəli ödəniş tapşırığına əsasən 12.000 manat; - 2023-cü il 2 noyabr tarixli BD1 nömrəli ödəniş tapşırığına əsasən 5.000 manat.

4. 2023-cü il 12 sentyabr tarixli ödəniş qəbzinə əsasən 1250 manat, 2024-cü il 12 yanvar tarixli ödəniş tapşırığına əsasən 1243,11 manat və 2024-cü il 19 aprel tarixli ödəniş tapşırığına əsasən 613,77 manat COCL0675059B107 nömrəli müqavilə üzrə gecikən faiz borcunun ödənilməsi məqsədilə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilmişdir (cəmi 3106,88 manat).

5. İddiaçı MMC-nin Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X6 Qeydiyyatı İdarəsi tərəfindən 2018-ci ildə təsdiq olunmuş nizamnaməsinin 2.1-ci bəndinə görə, cəmiyyətin nizamnamə kapitalı 200 manat həcmindədir və hər biri 10 manat olmaqla 20 paydan ibarətdir. Həmin nizamnamənin 2.2-ci bəndinə əsasən, cəmiyyət iştirakçılarının payı aşağıdakı kimi müəyyən edilmişdir: X3 – 100 manat, 50%, 10 pay, pul şəklində; X9 – 100 manat, 50%, 10 pay, pul şəklində.

6. Cavabdeh MMC-nin nizamnaməsinin 2.1-ci bəndinə görə, cəmiyyətin nizamnamə kapitalı 10 (on) manat həcmindədir və hər biri 10 (on) manat olmaqla 1 (bir) paydan ibarətdir. Həmin nizamnamənin 2.2-ci bəndində “cəmiyyətin təsisçisi X8, AZE AA0097324 1 pay 10 manat” qeyd edilmişdir.

7. Cavabdeh MMC-nin direktoru Şahin Cavadovun (mailto:shahin@gfs.azElektron ünvan 1) “Esteri” şirkətinə (mailto:segreteria.baku@esteri.itElektron ünvan 2) ünvanladığı elektron məktubda İtaliyada Respublika Günündə iştirak edəcək şəxslərin adları göstərilmiş, “Bizim şirkətimizdən iştirak edəcək şəxslərin siyahısına aşağıda baxa bilərsiniz: 1. Cavadov Şahin – Səhmdar/Direktor; 3. Emil Balıyev – Səhmdar; 8. Turqut Əlizadə - İctimai Əlaqələr və Kommunikasiya üzrə Direktor” qeyd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı MMC (iddiaçı) 2024-cü il 16 avqust tarixində Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 167 500 manat borc, 22 450 manat faiz, həmçinin cavabdeh tərəfindən kredit müqaviləsi üzrə borc ödənilmədiyindən iddiaçının "xxxx" ASC-də olan bank hesabından gecikmiş borc üzrə silinmiş 3106 manat olmaqla, ümumilikdə 193 056 manatın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi belə əsaslandırılmışdır ki, X10 2018-ci ildə təsis edilmiş iddiaçının təsisçisi və payçısı, X8 isə 2022-ci ildə təsis olunmuş cavabdehin təsisçisi və payçısıdır. İddiaçı ilə cavabdeh arasında pul münasibətlər ilk dəfə 2022-ci ilin oktyabr ayında yaranmış, cavabdehin təsisçisi və direktoru X8 iddiaçının təsisçisi və payçısı X7 müraciət edərək cavabdeh şirkətin kommersiya fəaliyyətinin həyata keçirilməsi üçün iddiaçı tərəfindən cavabdehə ödənişlər həyata keçirilməsini xahiş etmiş, maddi və maliyyə vəziyyəti qənaətbəxş olmayan cavabdeh şirkətin direktoru və təsisçisi Cavadov Şahin aldığı borclarla fəaliyyətini tez bir zamanda yaxşılaşdırdıqdan sonra borcları qaytaracağını bildirmişdir. Tərəflər iddiaçıdan cavabdehə ödənişlərin edilməsi üçün borc müqaviləsi bağlamaq barəsində razılığa gəlmiş, borc müqaviləsinin tarixi və nömrəsi qeydə alınaraq borc müqaviləsi hazırlanmış və cavabdeh tərəfə təqdim olunmuşdur. Cavabdeh tərəfin maliyyə çətinliyinin təxirə salına bilməzliyi nəzərə alınaraq, borc müqaviləsinin tarixi və nömrəsinə istinad edərək cavabdeh tərəfə ödənişlər icra edilmişdir. Sonradan cavabdeh tərəfə borc müqaviləsinin bir nüsxəsinin imzalanaraq iddiaçı tərəfə təqdim olunması üçün dəfələrlə müraciət edilsə də, cavabdeh tərəf buna ehtiyac olmadığını bildirmiş, iddiaçı tərəf isə qarşılıqlı inam olmasına əsaslanaraq borc müqaviləsi olmadan digər ödənişləri də həyata keçirmişdir. İddiaçı tərəfindən cavabdeh tərəfə ilkin ödəniş 2022-ci il 21 oktyabr tarixində, sonuncu ödəniş isə 2023-cü il 2 noyabr tarixində olmaqla cəmi 167 500 pul ödənilmişdir. Eyni zamanda cavabdeh tərəf maliyyə vəziyyətini yaxşılaşdırmaq və borclarının bir qismini qaytarmaq niyyətini əsas göstərərək iddiaçı tərəfə "xxxx" ASC-dən 100 000 manat kredit məbləği üçün zamin olmasını istəmiş, iddiaçı tərəf də qarşılıqlı inama və verilən vədlərə əsaslanaraq cavabdeh tərəfə COCL0675059B107 nömrəli kredit müqaviləsi üzrə zamin olmuşdur. Qeyd olunan kredit müqaviləsi üzrə 2023 və 2024-cü ildə müxtəlif vaxtlarda cavabdeh tərəfin krediti gecikdirməsinə görə iddiaçı tərəfin "Kapital Bank” ASC-dəki hesablarından gecikmiş borc üzrə 3106 manat vəsait silinmişdir. Həm verilmiş borc məbləğinin, həm də gecikmiş borca görə iddiaçının hesabından silinmiş məbləğin cavabdeh tərəfindən ödənilməsi müxtəlif vaxtlarda tələb edilsə də, cavabdeh tərəf hər dəfəsində borcu yaxın müddətdə qaytaracağını bildirmiş, lakin borcun qaytarılması ilə bağlı heç bir addım atmamışdır. Beləliklə də cavabdeh iddiaçının əmlakı hesabına əsassız varlanmışdır. Mərkəzi Bank tərəfindən faiz uçot dərəcəsi 2022-ci il və 2023-cü il üzrə aşağıdakı kimi müəyyənləşdirilmişdir: 2022-ci il 18 mart - 7.75%, 2022-ci il 28 oktyabr - 8.00%, 2022-ci il 16 dekabr - 8.25%, 2023-cü il 2 fevral - 8.5%, 2023-cü il 30 mart - 8.75%, 2022-ci il 4 may - 9.0%, 2023-cü il 2 noyabr - 8.5%, 2023-cü il 21 dekabr - 8.0%. Bu səbəbdən də iddiaçının hesabına pulu əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə cavabdehdən 22 450 manat pul həcmində də faiz ödənişi də tutulmalıdır.

10. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, Emil Baliyev cavabdeh şirkətin ortağı olduğu halda, ortaqların birgə fəaliyyəti üçün qoyulmuş 167 500 manat məbləğində pulun yazılı borc müqaviləsinin də mövcud olmamasına baxmayaraq, borc kimi təqdim etməsi əsassızdır, həqiqəti əks etdirmir. Hüquqi şəxs fiziki şəxsə münasibətdə mülki dövriyyənin daha məsuliyyətli iştirakçısıdır, belə olan halda, iddiaçının “qarşılıqlı inama və verilən vədlərə” əsaslanaraq cavabdeh tərəfindən götürülmüş kredit üzrə zamin olması inandırıcı və ağlabatan olmamışdır. Emil Baliyevin iddiaçının təsisçisi olması və həmin MMC-nin də cavabdeh tərəfindən götürülmüş kredit üzrə zamin olması bir daha da təsdiq etmişdir ki, o, cavabdehin ortağıdır və iddiaçının cavabdehə köçürdüyü 167 500 manat borc yox, ortaqların birgə fəliyyəti üçün qoyulmuş vəsaitdir. Bu fəaliyyət də gözlənilən nəticəni vermədiyi və zərərlə nəticələndiyi üçün heç bir halda bir hüquqi şəxsin digər hüquqi şəxsə verdiyi borc kimi qiymətləndirilə bilməz. İddia ərizəsindən də aydın olur ki, iddiaçı "borc müqaviləsi” kimi istinad etdiyi müqavilənin mövcudluğunu sübut edə bilməmişdir. Onu da qeyd etmək lazımdır ki, iddia ərizəsində iddiaçı X10 ilə, cavabdeh isə X8 ilə eyniləşdirilir və müvafiq olaraq iddiaçı kimi X10, cavabdeh kimi X8 göstərilir. Bu da münasibətlərin iki hüquqi şəxs arasında deyil, məhz iki fiziki şəxs arasında ortaqlıqla bağlı olduğunun etiraf edilməsidir. Tərəflər arasında hər hansı borc münasibəti olmamışdır, borc münasibəti olsaydı belə, mülki qanunvericiliyin imperativ tələbinə əsasən, tərəflərin ikisi də hüquqi şəxs olduğu üçün həmin müqavilə yazılı bağlanmalı idi.

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verməklə yanaşı bildirmişdir ki, tərəflər arasında yazılı borc müqaviləsi olmasa da, ödəniş tapşırıqlarından da göründüyü kimi tələb edilən vəsait borc olaraq cavabdehə verilmiş, iddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq borc geri qaytarılmamışdır.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) iddia ərizəsinə qarşı təqdim etdiyi yazılı etirazın məzmununa uyğun izahat verib iddianın təmin olunmamasını xahiş etmiş, həmçinin bildirmişdir ki, 167 500 manat iddiaçı tərəfindən cavabdehə borc olaraq deyil, investisiya yatırımı olaraq verilmiş, məqsəd gələcəkdə cavabdehin əldə edəcəyi gəlirdən pay götürmək olmuşdur.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi Şahin Cavadov da iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, 167 500 manat məbləğində vəsait iddiaçı tərəfindən cavabdehə borc olaraq deyil, investisiya yatırımı olaraq verilmiş, məqsədi gələcəkdə cavabdehin əldə edəcəyi gəlirdən pay götürmək və cavabdehin təsis payının 20 faiz hissəsini alqı-satqı müqaviləsi bağlamaqla əldə etmək olmuşdur. Cavabdeh MMC-nin götürdüyü kreditə görə, həqiqətən də İddiaçı MMC tərəfindən 3106 manat ödəniş olunmuşdur.

14. Birinci instansiya məhkəməsinin 2024-cü il 17 oktyabr tarixli qətnaməsi ilə iddianın qismən təmin olunması, cavabdehdən 167 500 manat borc məbləğinin, pulun ödənilməsinin gecikdirilməsinə görə illik 5%-lə hesablanan 11 169 manatın, zaminlik müqaviləsi əsasında ödənilmiş 3106 manatın və dövlət rüsumunun əvəzi olaraq 472 manatın tutulub iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.

15. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

15.1. İddiaçı tərəfindən cavabdehə 167 500 manat pul köçürülmüş, həmin məbləğdə pulun iddiaçı tərəfindən cavabdehə köçürülməsi işin mübahisə edilməyən halı olmuşdur. İddiaçı həmin məbləğin qaytarılmasını tələb etmiş, cavabdeh isə etiraz edərək bildirmişdir ki, “yazılı borc müqaviləsi mövcud olmadığı üçün və ödənilən pullar sadəcə X2 və X4 arasında mövcud olmuş münasibətlər çərçivəsində cavabdeh şirkətdə ortaqlıq münasibətləri əsasında və sonuncuya məxsus iddiaçıdan X5 məxsus cavabdehə vaxtaşırı müxtəlif məbləğlərin köçürülməsi məhz ortaqlıq münasibətlərindən irəli gəlmişdir”. 15.2. Həmin məbləğə dair tərəflər arasında yazılı borc müqaviləsi mövcud olmasa da, pul vəsaitləri bank hesabından köçürmə yolu ilə təyinatı borc olaraq göstərilməklə cavabdeh şirkətin hesabına ödənilmişdir. Və bu pul məbləği bir dəfəyə deyil, iki il ərzində müxtəlif tarixlərdə, müxtəlif məbləğlərdə köçürülmüşdür. Əgər cavabdehin bildirdiyi kimi tərəflər arasında borc münasibətləri mövcud olmamışdırsa, bu müddət ərzində cavabdeh iddiaçıya ödənilən pulların təyinatına dair öz etirazını bildirə və növbəti ödənişlərin təyinatının dəyişdirilməsini tələb edə bilərdi. Lakin göründüyü kimi, bütün məbləğlər iki il ərzində təyinatı borc olaraq qəbul edilmişdir. 15.3. Məhkəmə tərəflər arasında borc müqaviləsinin mövcud olmaması ilə bağlı cavabdehin etirazının dəlili ilə razılaşmır; belə ki, qanunverici əqdlərin (müqavilələrin) şifahi formada bağlanmasına yol verir. 15.4. Digər tərəfdən cavabdehin nümayəndəsi bildirmişdir ki, "həmin pullar X8 ilə X10 arasında mövcud olan ortaqlıq münasibətləri çərçivəsində, gələcəkdə cavabdehin paylarının müəyyən hissəsinin alınması məqsədi ilə ödənilmişdir”. Birincisi, mübahisə edilən pul məbləği X10 tərəfindən X5 deyil, iddiaçı-şirkət tərəfindən cavabdeh-şirkətin hesabına ödənilmişdir. İkincisi, cavabdeh tərəf ortaqlıq münasibətlərinin mövcudluğuna dair hər hansı sübutu (müqavilə və s.) məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən təqdim edilən foto-şəkillər, whatsapp- yazışması və s. ortaqlıq münasibətlərinin mövcudluğunun və pul vəsaitinin məhz ortaqlıq münasibəti çərçivəsində ödənilməsinin təsdiqi kimi məhkəmə tərəfindən mötəbər və yetərli sübut olaraq qəbul edilə bilməz. 15.5. Beləliklə məhkəmə hesab edir ki, cavabdehdən 167 500 manat borc tutularaq iddiaçıya ödənilməlidir. 15.6. İddia tələbinin ikinci hissəsi olan – “iddiaçıdan götürülmüş və bu günədək iddiaçıya geri qaytarılmamış və iddiaçının qanuni pul vəsaiti olan 167.500 manat məbləğə gecikdirmə faizi olaraq hesablanmış 22.450 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi" tələbini məhkəmə qismən əsaslı hesab edir. Belə ki, pul məbləğləri 2022-ci ilin oktyabr və noyabr aylarında (cəmi 61.000 manat) və 2023-cü ilin iyun-noyabr aylarında (cəmi 106.500 manat) verildiyi və bu günə kimi cavabdeh tərəfindən geri qaytarılmadığı üçün, qətnamənin çıxdığı tarixə illik 5% ilə hesablanmaqla 11.169 manat məbləğində faiz borcu müəyyən edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 15.7. İddiaçının “zaminlik müqaviləsi əsasında ödənilmiş 3.106 manat pulun cavabdehdən tutularaq ona geri ödənilməsi" tələbi ilə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, həqiqətən də iddiaçı şirkət cavabdeh şirkətin kredit müqaviləsi üzrə öhdəliklərinə görə zamin durmuş və həmin müqavilə nəticəsində iddiaçı zamin olaraq cavabdehin gecikdirilmiş faiz borcuna görə 3106 manat ödəniş etmişdir (ödənişə dair sənədlər təqdim olunmuş və bu hal cavabdeh tərəfindən mübahisə edilməyən hal kimi qəbul olunmuşdur).

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 329, 470.1, 475.1, 445.7, 739 və 740-cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, tətbiq edilməməli hüquq normalarını tətbiq etdiyini, tərəflər arasında borc münasibəti olmadığı halda, mübahisəni borc müqaviləsindən irəli gələb mübahisə kimi qiymətləndirdiyini, sübutlara düzgün hüquqi qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmadığını irəli sürmüşdür.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 15 yanvar tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq yeni qətnamə çıxarılmış, iddianın qismən təmin olunması, cavabdehdən 167 500 manatın, zaminlik müqaviləsi əsasında ödənilmiş 3106 manatın və dövlət rüsumunun əvəzi olaraq 472 manatın tutulub iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

19.1. Tərəflər arasında qanunvericiliyin tələb etdiyi formada borc müqaviləsi bağlanmamışdır. Tərəflərin bildirdikləri əsasında müəyyən olunan odur ki, onların arasında borc münasibəti deyil, ortaq iş görmə (şəriklik) müqaviləsindən irəli gələn münasibətlər yaranmış, cavabdeh iddiaçının təqdim etdiyi sərmayə əsasında biznes fəaliyyəti göstərib əldə olunacaq qazancdan iddiaçıya pay verməyi öhdəsinə götürmüşdür. Belə olan halda müvafiq iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin borc müqaviləsi ilə bağlı deyil, qanunla qadağan olunmayan digər müqavilə öhdəlikləri ilə bağlı müddəaları nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, ortaq iş görülməsi üçün cavabdehə 167.500 manat verdiyini sübutetmə yükü iddiaçının, iddiaçı ilə ortaq biznes fəaliyyətinin gözlənilən nəticəni verdiyini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Cavabdeh iddiaçının ona 167.500 manat verdiyini etiraf etdiyindən, həmçinin ödənişlə bağlı təkzib olunmayan sübutlar təqdim edildiyindən iddiaçı sübutetmə yükündən azad olunmuş sayılır. Cavabdeh isə razılaşdırılan ortaq biznes fəaliyyətinin gözlənilən nəticəni vermədiyini, yaxud əgər mənfəət əldə olunmuşdursa bu mənfəəti iddiaçı ilə paylaşdığını və iddiaçıdan aldığı pulu geri qaytardığını sübuta yetirə bilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehdən 167 500 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. 19.2. Birinci instansiya məhkəməsi cavabdehdən “pulun ödənilməsinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan 11.169 manat ödənilməsi” nəticəsinə gələrkən də səhvə yol vermişdir. Belə ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 22.450 manat faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. İddiaçının həmin tələbinin qanuni əsasını MM-in 449.1-ci maddəsi təşkil etmişdir. MM-in 449.1-ci maddəsinə əsasən, faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. İddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, kollegiya hesab edir ki, cavabdehdən MM-in 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. 19.3. Qətnamənin mübahisələndirilən digər hissəsi, yəni 3106 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı kollegiya əlavə əsaslandırma aparılmasını zəruri hesab etmir; müvafiq iddia tələbinin qanuni əsasını MM-in 475.1-ci maddəsi təşkil edir və birinci instansiya məhkəməsi həmin əsasa istinadən düzgün nəticəyə gəlmişdir.

20. Məhkəmə gəldiyi nəticəni MM-in 14.2.1-ci, 43.1-ci, 324.1-ci, 324.2-ci, 324.4-cü, 324.5ci, 337.1-ci, 385.1-ci, 386.1-ci, 425.1-ci, 442-ci, 472.1-ci, 472.2-ci, 475.2-ci, 739.1-ci, 739.2-ci, 740.2-ci, 1091-ci, 1092.1-ci və 1093.1-ci maddələrinə, MPM-in 14.2-ci, 77.1-ci, 80-ci, 81-ci və 106.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Cavabdehin nümayəndəsi kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmamasını xahiş etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 iyun 2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 15 yanvar tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

23. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

23.1. MM-in 1-ci maddəsinə görə sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək bu Məcəllənin vəzifələri sırasındadır. Həmin Məcəllənin 6-cı maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, müqavilə azadlığı, o cümlədən mülki hüquqların məhkəmə müdafiəsi də mülki hüquqi tənzimləmənin əsas prinsipləri hesab olunur. Mülki hüquq subyektlərinin bərabərliyi mülki hüquq münasibətləri müstəvisində onların mövqe mütənasibliyinə malik olmaqla qeyri-bərabərliyinin istisnasını nəzərdə tutur. Hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri vəhdət təşkil etməklə bir tərəfdən mülki münasibətlərin iştirakçısına çevrilmək üçün dispozitivlik və təşəbbüskarlığını nəzərdə tutmaqla, onların öz istəklərinə rəğmən müqavilələrin bağlanmasını, onun vaxt və yerini müəyyənləşdirməsi müstəqilliyini ehtiva edir. Eyni zamanda bu prinsiplər fiziki və hüquqi şəxslərin hər hansı müqavilə münasibətlərinə daxil olmasına qanunla nəzərdə tutulan hallar istisna olmaqla məcbur edilməsinə sədd çəkir. Təsadüfi deyildir ki, MM-in 6.2-ci maddəsində göstərilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı, həmçinin bağlanan müqavilənin növünün müəyyənləşdirməsi sərbəstliyini tanımaqla tərəflərə nəinki, normativ hüquqi aktlarla nəzərdə tutulan, habelə onlarda göstərilməyən müqavilələri də bağlamağa imkan verir. Bu cür yanaşma Azərbaycan Respublikasının Konstitusiyasında təminat verilən insan və vətəndaş hüquq və azadlıqlarının məzmunundan da irəli gəlir. Belə ki, insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz (Konstitusiyanın 71-ci maddəsinin müvafiq olaraq İİ və İX hissələri). Təsadüfi deyildir ki, MM-in 390-cı maddəsində də göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna edilir. Müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla müqavilə bağlamağa məcbur etməyə yol verilmir (MM-in 390.1, 390.5, 390.3-cü maddələri). Bu maddənin nəzərdə tutduğu mühüm elementlərdən biri də tərəflərin müqavilə şərtlərinin formalaşdırılması mərhələsində müstəqillik imkanına təminat verməsidir. Lakin belə şərtlərin məzmunu MM-də göstərilən hallardan asılı olmaqla onlardan kənara çıxmamalıdır (MM-in 390.5-ci maddəsi). Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, MM-in müvafiq normaları baxımından mülki hüquq münasibətinin yaranması, dəyişdirilməsi və xitamına səbəb olan hüquqi fakt birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Digər tərəfdən o da aydındır ki, müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi zəruridir (MM-in 324.1 və 324.4-cü maddələri). O da vurğulanmalıdır ki, əqdlərin şifahi formada bağlanması da MM-in müddəaları baxımından mümkün mülki hüquqi davranış kimi nəzərdə tutulmuşdur. Buna misal olaraq tapşırıq müqaviləsinin həm şifahi, həm də yazılı formada bağlanması alternativlik kimi müəyyənləşdirilmişdir (MM-in 329.2 və 777.2-ci maddələri). 23.2. Yuxarıda əks olunan müvafiq normativ hüquqi aktların normalarından belə nəticəyə gəlinir ki, hazırkı iş üzrə tərəflərin həqiqi mülki hüquq münasibətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən ortaq iş görmə (şəriklik) müqaviləsindən yaranan münasibət kimi qiymətləndirməsi həmin normaların məzmunu ilə ziddiyyət təşkil etmir. Lakin həmin məhkəmə instansiyası iddia tələbini qismən təmin edərkən mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının ortaq iş görülməsi üçün cavabdehə 167 000 manat verdiyini sübuta yetirsə də, cavabdeh razılaşdırılan ortaq biznes fəaliyyətinin gözlənilən nəticənin vermədiyini, yaxud əgər mənfəət əldə olunmuşdursa, bu mənfəəti iddiaçı ilə paylaşdığını və iddiaçıdan aldığı pulu geri qaytardığını sübuta yetirə bilməmişdir. Məhkəmə həmçinin göstərmişdir ki, cavabdeh iddiaçının təqdim etdiyi sərmayə əsasında biznes fəaliyyəti göstərib əldə olunacaq qazancdan iddiaçıya pay verməyi öhdəsinə götürmüşdür. Belə olan halda müvafiq iddia tələbinin qanuni əsası kimi borc müqaviləsi ilə bağlı deyil, qanunla qadağan olunmayan digər müqavilə öhdəlikləri ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. 23.3. Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. MM-in 7-ci bölməsində (xüsusi hissə) ortaq iş görmə (şəriklik) ilə bağlı hər hansı müqavilə növü mövcud deyildir. Lakin bu cür müqavilə növünün tərəflər arasında bağlanması və onun tərəfləri üçün hüquq və vəzifələrinin yaranması əsas yuxarıda göstərilən normalar baxımından qadağan edilməmişdir. Bir çox xarici yurisdiksiyalarda isə birgə fəaliyyət (şəriklik) haqqında müqavilələrin bağlanması sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı geniş istifadə olunan müqavilə növüdür. Ümumilikdə şərikliklə əlaqədar birgə fəaliyyət müqaviləsinin mahiyyəti tərəflərin razılaşdığı məqsədə nail olmaq üçün ümumi iqtisadi marağın təmin edilməsinə yönəlmişdir. Bu baxımdan həmin növdən olan müqavilə tərəfləri onların təşkilati müstəqilliyini (fərdi sahibkar, kommersiya hüquqi şəxsi) ehtiva etsə də, mənfəət əldə edilməsi ilə bağlı öz məqsədlərinə nail olmaq üçün sırf yatırım (pul, digər əmlak, o cümlədən peşə bilikləri və bacarıqları və s.) qoymalarını mütləq şərt kimi müəyyənləşdirir. Belə olan təqdirdə şərikliklə bağlı birgə fəaliyyətdə şərikli kapital kimi əmlak elementi belə fəaliyyətin əsasını yaradır. Digər tərəfdən belə müqavilə mahiyyət etibarı ilə konsensual müqavilə olmaqla bu cür münasibətin iştirakçıları arasında əvəzli münasibətin mövcudluğuna dəlalət etmir, yəni yatırımın (pul və s.) bir iştirakçıdan bilavasitə digərinə ötürülməsini nəzərdə tutmur. Bundan başqa yatırımın həyata keçirilməsi şərikliklə bağlı birgə fəaliyyət müqaviləsinin bağlanması məqsədilə deyil, artıq bağlanmış müqavilənin icrasının təmin edilməsinə yönəlir. O da nəzərə alınmalıdır ki, şərikliklə bağlı birgə fəaliyyət haqqında müqavilənin iştirakçıları məhz belə müqavilənin bağlandığı andan məsuliyyət (onun icra edilməməsi və ya lazımınca icra edilməməsi halında) daşıyırlar. Əvvəldə də qeyd olunduğu kimi MM-də birgə fəaliyyət münasibətlərini (o cümlədən şərikli birgə fəaliyyət münasibətlərini) tənzimləyən müqavilə növü nəzərdə tutulmasa da, hüquqi tənzimləmənin xüsusi qaydası müəyyənləşdirilmişdir. Belə ki, MM-in 11.5-ci maddəsinə görə mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Digər tərəfdən həmin Məcəllənin 11.1-ci maddəsində göstərilir ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu onların mahiyyətinə zidd deyilsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Bundan başqa MPM-in mülki işlərin həllində məhkəmələrin tətbiq etdiyi normativ hüquqi aktlara dair qaydaları əks etdirən 13-cü maddəsində isə birbaşa göstərilir ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir (MPM-in 13.4-cü maddəsi). Göstərilən normaların tələblərindən irəli gəlməklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə qanunun analogiyası kimi MM-in təsərrüfat ortaqlıqları ilə bağlı qaydaları tənzimləyən normaları tətbiq olunmalıdır. MM-in 64.2-ci maddəsinə görə təsərrüfat ortaqlıqları tam ortaqlıq və ya kommandit ortaqlığı formasında yaradıla bilər. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən ortaqlıq o halda tam ortaqlıq sayılır ki, onun iştirakçıları (tam ortaqları) nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar. O da nəzərə alınmalıdır ki, təsərrüfat ortaqlığını kommersiya təşkilatı kimi təsərrüfat cəmiyyətindən fərqləndirən əsas amillərdən biri də ortaqlıqlarda nizamnamə kapitalının deyil, məhz şərikli kapitalın formalaşdırılması mütləq şərtlərdən biridir (MMin 70 və 73.2-ci maddələri). 23.4. MM-in tam ortaqlığın mənfəətinin və zərərinin bölüşdürülməsi ilə əlaqədar nizamlamanı nəzərdə tutan 74-cü maddəsində isə göstərilir ki, tam ortaqlığın mənfəəti və zərəri əgər nizamnamədə və ya iştirakçıların digər razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, onların şərikli kapitaldakı paylarına mütənasib şəkildə bölüşdürülür. Ortaqlıq iştirakçısının mənfəət və zərərdə iştirakdan kənar edilməsi barədə razılaşma əhəmiyyətsizdir (MM-in 74.1 -ci maddəsi). Digər tərəfdən tam ortaqlığın iştirakçıları ortaqlığın öhdəlikləri üzrə özlərinin əmlakı ilə birgə subsidiar məsuliyyət daşıyırlar (MM-in 75.1-ci maddəsi). Bu normaların təhlili ona dəlalət edir ki, ortaqlar (şəriklər) belə təsərrüfat ortaqlığının öhdəlikləri üçün şərikli subsidiar məsuliyyət daşımaqla, həmçinin öz əmlakları ilə cavabdehlik daşıyır, mənfəətlə zərər də onlar arasında şərikli kapitaldakı paylarına uyğun olaraq müəyyənləşdirilir. Bununla belə mənfəət və zərərin bölüşdürülməsi qaydasında dispozitivlik prinsipindən irəli gəlməklə tərəflərin iradəsinə görə digər tənzimləmənin mümkünlüyü imkanı da istisna edilmir. Təsərrüfat ortaqlığının digər təşkilati hüquqi forması kimi nəzərdə tutulan kommandit ortaqlığının əsas fərqi isə belə ortaqlıqda iştirak edən maya qoyanın (kommanditçinin) ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak etməməsi, həmçinin ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün tam ortaqlardan (şəriklərdən) fərqli olaraq yalnız qoyduqları mayaların məbləği həddində risk daşımalarıdır (MM-in 82.1-ci maddəsi). Məhkəmə kollegiyası onu da nəzərə alır ki, MM-in 48.1-ci maddəsinin tələbi baxımından təşkilati hüquqi forması təsərrüfat ortaqlıqları olmaqla onların hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması imperativ qayda kimi şərtləndirilsə də, onların iştirakçıları (şərikləri) ilə bağlı nəzərdə tutulan müddəalarının hazırkı iş üzrə tətbiqi qanunun analogiyasına dair əvvəldə göstərilən maddələrin tələbi baxımından zəruridir. 23.5. Apellyasiya instansiyası məhkəməsi yuxarıda da göstərildiyi kimi iddia tələbini qismən təmin etməklə (167 500 manat və zaminlik müqaviləsi əsasında ödənilmiş 3106 manat hissəsində) cavabdehin iddiaçının ona 167 500 manat verdiyini etiraf etməsini, həmçinin ödənişlə bağlı təkzib olunmayan sübutlar təqdim edildiyindən iddiaçının sübutetmə yükündən azad olunmuş sayılmasını göstərmişdir. Cavabdeh barəsində isə hesab etmişdir ki, o razılaşdırılan ortaq biznes fəaliyyətinin gözlənilən nəticəni vermədiyini, yaxud əgər mənfəət əldə olunmuşdursa, bu mənfəəti iddiaçı ilə paylaşdığını və iddiaçıdan aldığı pulu geri qaytardığını sübuta yetirə bilməmişdir. 23.6. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında şərikli birgə fəaliyyət (ortaq biznes) münasibətlərinin olması hazırkı işdə mübahisəsiz hal olduğundan MM-in əvvəldə göstərilən 74.1-ci maddəsinin tələbi baxımından şərikin (iştirakçının) zərərin bölüşdürülməsindən kənarda saxlanılması yolverilməzdir. Hazırkı işin materiallarından görünür ki, zərərlə işləmə faktının sübutu kimi 2024-cü il 1 oktyabr tarixində, yəni MPM-in 78.1-ci maddəsinin tələbi baxımından işin məhkəmədə hazırlanması yekunlaşanadək cavabdehin 2023-cü ilin vergi dövrünü əhatə edən və 200 888,66 manat zərərin olduğu qeyd olunan mənfəət vergi bəyannaməsi birinci instansiya məhkəməsində elektron məhkəmə sisteminə yüklənsə də, nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı qiymətləndirilmə aparılmamışdır. Halbuki cavabdeh MMC-nin zərərlə işləməsi yuxarıda göstərilən normaların tələbləri baxımından hazırkı işdə iddiaçının da şərik kimi zərəri də bölüşmək prezumpsiyasını yaradır. 23.7. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin zərərlə işləməsi faktı iş materiallarında olan sübutlarla əlaqəli surətdə tədqiq edilməli və tərəflərin şərikli birgə faəliyyəti ilə bağlı münasibətlərindən irəli gəlməklə qiymətləndirməli idi. Lakin bu hallar, ümumiyyətlə araşdırılmamışdır. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, apellyasiya instansiyası hazırkı iş üzrə iddiaçının verdiyi pul vəsaitini onun tərəfindən təqdim edilən sərmayə kimi müəyyən olunması qənaətinə gəlmişdir. Belə olan təqdirdə təəssürat yaranır ki, iddiaçının verdiyi pul vəsaiti investisiya kimi dəyərləndirmiş, amma bu vəsaitin investisiya kimi yatırılması da mövcud qanunvericiliyin normaları baxımından qiymətləndirilməmişdir. 23.8. Belə ki, "İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsinə görə gəlir əldə etmək məqsədilə sahibkarlıq fəaliyyəti obyektlərinə qoyulan pul vəsaitləri, qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlar investisiya hesab olunur. İnvestorların Azərbaycan Respublikasının ərazisində investisiya qoyuluşu ilə bağlı olan hərəkətlərinin məcmusu isə investisiya faəliyyətidir. Bununla belə həmin Qanunun 11-ci maddəsinə görə investorun vəzifələri sırasında onun bu Qanunda və investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə nəzərdə tutulan digər vəzifələr etmək də göstərilir. Digər tərəfdən adı çəkilən Qanunun 8-ci maddəsinə əsasən investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilənin bağlanması ilə yanaşı hüquqi şəxslərdə iştirak paylarının (səhmlərinin) əldə edilməsi də investisiya fəaliyyətinin həyata keçirilməsi formalarının dairəsinə daxildir. Hazırkı işin materiallarından isə nə iddiaçı tərəfindən cavabdehin kapitalındakı payının hər hansı hissəsinin alınması və bununla da cavabdeh MMC-nin təsisçiləri sırasında dəyişikliyin baş verməsi və bu faktın dövlət reyestrində rəsmiləşdirilməsi müəyyən edilməmiş, nə də tərəflər arasında investisiya fəaliyyətinin həyata keçirilməsinə dair hər hansı müqavilə də mövcud deyildir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında yaranmış münasibətlər investisiya fəaliyyətindən irəli gələn münasibətlər kimi qiymətləndirilə bilməz. 23.9. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “zaminlik müqaviləsi əsasında ödənilmiş 3106 manat pulun cavabdehdən tutularaq ona geri ödənilməsi” tələbi üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə də yuxarıda göstərilən hüquqi mövqelər baxımından qənaətbəxş hesab edilə bilməz. Belə ki, ortaq biznes tərəfdaşlarının (şəriklərin) ümumi biznes layihəsinin həyata keçirilməsi üçün banklardan alınan kreditlərə zamin durması tamamilə mümkün olan təcrübədir. Belə olan təqdirdə sözügedən məqsədlərlə bağlanmış zaminlik müqaviləsinin şəriklik müqaviləsindən kənar şəkildə bağlanmış əqd kimi dəyərləndirilməsi yuxarıda şərh olunan hüquq normaları baxımından yolverilməzdir. İşin tam, hərtərəfli və obyektiv araşdırılaraq qanuni və əsaslı məhkəmə aktının çıxarılmasının təmin edilməsi məqsədilə məhkəmə kollegiyası qeyd edir ki, apelllyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən: 1) yuxarıda göstərilən mövqeyə uyğun olaraq tərəflər arasında mövcud olan şərikli birgə fəaliyyət münasibətlərindən irəli gəlməklə işdə olan sübutlar əsasında və yuxarıda sadalanan normaların tələblərinə uyğun olmaqla cavabdehin zərərlə işləyib-işləməməsi, bundan irəli gəlməklə iddiaçının şərikli münasibətdəki payının həcmi, eləcə də zərər müəyyən edildikdə payına mütənasib olaraq zərərin bölünməsində məsuliyyətinin həcmi müəyyən edilməli; 2) eləcə də zaminlik müqaviləsi əsasında ödənilmiş pulun cavabdehdən tutulmasına dair iddia tələbi yuxarıda göstərilən hüquqi mövqelər baxımından qiymətləndirilməlidir.

Təkrar apelyasiya baxışı, izahatlar

24. Cavabdehin məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (qanuni təmsilçisi) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.

25. Təkrar apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya işinə də hazırda Bakı Apellyasiya Məhkəməsində baxılmaqdadır (sədrlik edən hakim Tural Qocayev) – hansı ki, "xxxx" MMC-nin iddia tələbi İddiaçı MMC-nin iddia tələbi ilə bənzər əsaslarla irəli sürülməklə yanaşı, həm də bu işlər arasında qarşılıqlı əlaqə mövcuddur və məhkəmələr hər iki iş üzrə eyni yanaşmanı sərgiləmiş, kassasiya instansiyası məhkəməsinin də hər iki işlə bağlı mövqeyi eyni istiqamətdə olmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.

Məhkəmə kollegiyasının mövqeyi

27. İşin materiallarını araşdıraraq və kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, sözügedən kommersiya işləri eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli işlər olduqları üçün onların bir icraata birləşdirilməsi məqsədəuyğundur.

28. Mülki-prosessual hüquq institutu olan “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə (işlərə) münasibətdə tətbiqi hüququn ümumi prinsiplərinə uyğundur, bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması”, habelə prosessual qənaət prinsipinə də uyğun gəlir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı “pulun tutulması” tələbinə dair 2-2(103)- 888/2025 saylı kommersiya işi, "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair 2-2(103)-905/2025 saylı kommersiya işi ilə (sədrlik edən hakim Tural Qocayev) bir icraatda birləşdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Səməd Cəfərov

Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar