Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-89/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundanibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı «xxxxxxx» X14 Səhmdar Cəmiyyətinin X1, iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X5 iştirakı ilə, iddiaçı «xxxxxxx» X14 Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Xammal və X12 Mərkəzi Cavabdehnə qarşı protokolun təsdiq edilməsi və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-965/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən (hakim Leyla Əliyeva) üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxx”xxxxxxxxxxxxxxxxx” ASC cavabdeh Respublika Xammal və X12 Mərkəzi “xxxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 0.037 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 164 A saylı fərdi yaşayış evinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanması və alqı-satqı müqaviləsinin iddiaçı “xxxxxxx” KB ASC-dən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsinin Azərbaycan Respublikası Respublika Xammal və X16 Mərkəzi “xxxxx” MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişlər. 3-cü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin apelyasiya şikayəti bununla əsaslandırılmışdır ki, iş üzrə qəbul edilmiş qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. Məhkəmənin mövqeyinə görə, ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi şəxsin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı əldə edilmiş məbləğdən tutulan vergidir və həmin verginin ödəyicisi qismində sahəni təqdim edən şəxs çıxış edir. Məhkəmə hesab etmişdir ki, iddiaçı daşınmaz əmlakı təqdim edən deyil, əldə edən şəxs qismində çıxış etdiyindən hərracın yekunlarına dair protokolun tərtib edilməsi və alqı-satqı müqaviləsinin bağlanması üçün sadələşdirilmiş verginin bank tərəfindən ödənilməsi barədə “xxxxx” MMC-nin irəli sürdüyü şərt qanuna uyğun hesab edilə bilməz. xx.xx.2016-cı il tarixdən Vergi Məcəlləsinə edilən yeni dəyişikliklə əlaqədar qüvvəyə minən 218.4.3-cü maddəsinə əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicilərinə aid edilmişdir. Vergi Məcəlləsinin 150.1.13-cü maddəsi yaşayış və qeyri-yaşayış, habelə torpaq sahələrinin açıq hərracda təqdim edilməsi zamanı sadələşdirilmiş verginin hesablanaraq tutulması öhdəliyini hərracın nəticələrini müvafiq protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatların üzərinə qoymuşdur. Borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəmə qərarının icrası məqsədilə icra məmuru ipoteka predmetinin satılması üçün hərrac təşkilatına sifariş verir və hərrac təşkilatları tərəfindən hərrac baş tutmadıqda ipoteka predmeti qanunvericiliklə müəyyən edilmiş müddətdə ipoteka saxlayan olan banka təklif edilir. Bank isə ipotekaya xitam verilməməsi üçün həmin ipoteka predmetini borc əvəzində əldə etməyə məcbur qalır. Başqa sözlə desək ipoteka predmetinin təqdim edilməsi əməliyyatında bank ipoteka predmetini əldə edən, hərrac təşkilatı isə ipoteka predmetini satan (mülkiyyətçi) deyil, məhz hərracın keçirilməsinə cavabdeh olan şəxs kimi çıxış edir. Yəni, qeyd olunan təqdim etmə əməliyyatı zamanı ipoteka predmetinin satıcısı faktiki mövcud olmur. İpoteka predmetinin hərrac vasitəsilə təqdim edilməsi, notarus vasitəsi ilə yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsindən onunla fərqlənir ki, qeyd olunan əməliyyatda yalnız ipoteka predmetinin alıcısı iştirak edir, satıcı qismində bu əməliyyatda heç bir subyekt iştirak etmir. İddiaçının və məhkəmənin mövqeyindən belə qənaətə gəlmək olar ki, sadələşdirilmiş vergi iddiaçıdan tutulmalı olmadığı halda ipoteka qoyan şəxsdn yəni borcludan tutulmalıdır. Halbuki borclu bank qarşısında məhz əsas öhdəliyi yerinə yetirə bilmədiyindən tutma onun əsas öhdəliyinin təminatı kimi qoyduğu ipoteka predmetinə yönəldilir. Bu səbəbdən əsas borcu ödəmək imkanı olmayan borcludan ipoteka predmetinin hərrac vasitəsi ilə təqdim edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsinin tələb edilməsi anlaşılan deyil və heç bir hüquqi məntiqə uyğun gəlmir. İşə apelyasiya qaydasında baxılması sonunu dəfə xx.xx.2020-ci il tarixə təyin edilmiş, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X9 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin e-2-2 (82)-965/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı “xxxxxxx” KB ASC-nin X7 və qeyrilərinə qarşı iddiası qismən təmin edilmiş, X3 cəmi 43.477 ABŞ dolları və 1653,88 manat pulun tutulması, tələbin ipoteka predmeti olan, ilkin satış qiyməti 50.000 manat müəyyən olunmuş X4 mülkiyyətində olan, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 0,037 torpaq sahəsi və onun üzərində yerləşən 164 A saylı fərdi yaşayış evinə tutma yönəldilməsi və tutmanın ipoteka predmetinə yönəldilərək hərracdan satılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş, apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti iddia tələbinin təmin edilmədiyi, yəni cavabdehlərin fərdi yaşayış evindən çıxarılmalarının təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia təmin edilmiş, cavabdeh X8 tərəfindən verilmiş apelyasiya şikayəti isə qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 50.000 manat müəyyən olunması hissəsində ləğv edilmiş, ilkin satış qiyməti 100.000 manat mıbləğində müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra Gəncə Apellyasiya Məhkəməsi tərəfindən icra vərəqəsi verilərək icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra Şöbəsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra Şöbəsinin xx.xx.2018-ci il tarixli sifariş məktubu ilə icra vərəqəsi hərracın təşkili və keçirilməsi üçün ”xxxxx” Hərrac Mərkəzinə göndərilmişdir. İpoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 0,037 torpaq sahəsi və onun üzərində yerləşən 164 A saylı fərdi yaşayış evinin satılması ilə bağlı “xxxxx” MMC tərəfindən xx.xx.2019-cu il tarixdə keçirilmiş hərrac və xx.xx.2019-cu il tarixdə keçirilmiş təkrar hərrac baş tutmamışdır. «xxxxx» MMC-nin xx.xx.2019-cu il tarixli təklif məktubu ilə göstərilən daşınmaz əmlak ilkin satış qiymətindən 25 % az olmayan qiymətlə ipoteka saxlayana təklif olunmuş və «xxxxxxx» KB ASC xx.xx.2019-cu il tarixli məktubla göstərilən əmlakı təklif olunan qiymətə əldə etməyə razılıq vermişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə «xxxxxxx» KB ASC tərəfindən mübahisəli hərracın keçirilməsi ilə bağlı 1620,76 və 291,74(ƏDV) məbləğində xidmət haqqı “xxxxx” MMC-nin hesabına köçürülmüşdür. “xxxxxxx” KB ASC xx.xx.2019-cu il tarixli PKKİED/3478 saylı pretenziya məktubu ilə “xxxxx” MMC-yə müraciət etmiş, borclu X4 iş üzrə Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 0,037 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 164 A saylı fərdi yaşayış evi ilə bağlı satışın baş tutmaması barədə yekun protokolu hərrac xidmət haqqı ödənildiyindən “xxxxxxx” KB ASC-yə təqdim edilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. “xxxxx” MMC tərəfindən “xxxxxxx” KB ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli 01/1943 saylı məktubla hərracın nəticələrinə dair protokolun alıcı və ipoteka predmetini əldə edən şəxs tərəfindən Vergi Məcəlləsinin 150.1.13, 150.3-1, 220.8 və 220.8.1-ci maddələrinə əsasən yaşayış, qeyri-yaşayış və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergi ödənildikdən sonra tərtib olunacağı bildirilmişdir. Bundan sonra iddiaçı xx.xx.2019-cu il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşağıdakılara əsasən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyini nəticəni qanuni və əsaslı, apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə hesab edir ki, mübahisəyə hüquqi qiymət verilməsi üçün aşağıdakı normalara nəzər salınmalıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.3-cü maddəsinə görə, ipoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. Vergi Məcəlləsinin 150-ci maddəsində ödəmə mənbəyində verginin tutulması qaydası müəyyən edilmişdir. Həmin Məcəllənin 2018-ci il 30 noyabr tarixində əlavə edilmiş 150.1.13-cü maddəsinə uyğun olaraq, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar ödəmə mənbəyində vergi tutmağa borcludur. Adıçəkilən maddədə istifadə edilən “malların təqdim edilməsi” müddəasının anlayışı Vergi Məcəlləsinin 13.2.10-cu maddəsində verilmişdir. Bu maddəyə görə, malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir. Vergi Məcəlləsinin 150.3-1-ci maddəsinə əsasən, notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. Yuxarıda göstərilən normalar yaşayış və qeyri-yaşayış sahələrinin hərrac qaydasında təqdim edilməsi zamanı verginin məhz ödəmə mənbəyində, yəni əmlakı əldə edənin həyata keçirdiyi ödənişdən tutulmasını nəzərdə tutur. Hazırkı mübahisə baş tutmamış hərrac zamanı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı onun vergi ödəmək vəzifəsinin yaranıbyaranmaması ilə bağlı olduğundan qanunvericilikdə bu məsələni tənzimləyən müvafiq normalar olub-olmadığı araşdırılmalıdır. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən hərrac baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu halda əmlakı əldə edən ipoteka saxlayan tərəfindən hər hansı ödəniş həyata keçirilmədiyi üçün ödəmə mənbəyindən verginin tutulması ilə bağlı Vergi Məcəlləsinin yuxarıda qeyd edilmiş normalarının tətbiqi mümkün olmur. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka saxlayan hərrac baş tutmadıqda ipoteka predmetini məcburiyyət qarşısında qalaraq əldə edir və “İpoteka haqqında” Qanunun 43.9-cu maddəsinə uyğun olaraq, xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində özgəninkiləşdirməyə məcbur olur. Həmin əmlaklar özgəninkiləşdirilərkən bank tərəfindən ödəmə mənbəyindən vergi ödənildiyindən bank bir vergini iki dəfə-həm əmlakı ələ edərkən, həm də özgəninkiləşdirərkən ödəmiş olur ki, bu da vergi qanunvericiliyinə əsasən qanunsuzdur. Məhkəmə kollegiyası qeyd edilənlərə və Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydaları qanunvericilikdə nəzərdə tutulmadığından iddiaçının bu vergini ödəmək vəzifəsi olduğuna dair cavabdehin və vergi orqanının mövqeyi əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual pozuntulara yol verilmədiyindən və mübahisə mahiyyəti üzrə düzgün həll edildiyindən mübahisələndirilən qətnamənin apelyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-965/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: 3-cü şəxs Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-965/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-89/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-89/2020
21.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver