Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-89/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO QSC "xxxx" KB-nin Cavabdeh2 QSC-yə qarşı kommersiya işi üzrə Açar söz: kredit müqaviləsi, səhmlərin girovu Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikaylk oğlunun katibliyi, Cavabdeh2 QSC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin Cavabdeh2 QSC-yə qarşı kredit borcunun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-207/2021 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz hallarından görünür ki, QSC "xxxx" X4 Səhmdar Cəmiyyətinin “Korporativ” filialı (kredit verən) ilə Cavabdeh2 QSC (əvvəlki Cavabdeh2 QSC) (borc alan) arasında bağlanmış arasında xx.xx.2014-cü il tarixli 1xx/xx/3365/14 saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilənin 2.1-ci bəndinə əsasən kreditor borc alana 36 ay müddətinə illik 6 faizlə 11.000.000 Azərbaycan manatı məbləğində (borc alanın hesabına köçürülməklə) kredit vermişdir. Müqavilənin 6.2-ci bəndinə borc alan bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdiyi halda əsas borc məbləğindən və faizlərdən əlavə ödənişlərin gecikdirildiyi üçün kreditora vaxtında qaytarılmayan məbləğin illik 12 %-i miqdarında cərimə ödəyir. Cərimə kredit məbləğinin qaytarılmalı olduğu gündən faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir.
2. Həmin müqaviləyə 1 saylı ödəniş cədvəlinə əsasən kreditin son ödəniş tarixi 08 sentyabr 2017-ci il müəyyən edilmişdir.
3. QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin sığortalanması Fondu tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh2 QSC-nin xx.xx.2014-cü il tarixli 1xx/xx/3365/14 saylı kredit müqaviləsi üzrə əsas borcu 4.888.889, 30 manat, faiz borcu 536.704,79 manat, cərimə 667.469,30 manat, MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış faiz məbləği 724.503,67 manat, ümumi borc 6.817.567,06 manat təşkil edir.
4. Kredit öhdəliyinin təminatı olaraq 26 yanvar 2015-ci il tarixli 1xx/xx/3365/14 saylı sonrakı girov müqaviləsi bağlanılmış, həmin müqavilənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı ilə girov saxlayan arasında bağlanmış 22 may 2014-cü il tarixli KBU-14-1592 saylı kredit müqaviləsinə müvafiq olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı (əvvəlki girov saxlayan) girov saxlayana 5 il müddətinə 17.000.000 manat, girov saxlayan və Cavabdeh2 QSC arasında bağlanmış 22 may 2014cü il tarixli 1xx/xx/1592/14 saylı kredit müqaviləsinə və həmin müqaviləyə xx.xx.2014-cü il tarixli əlavə sazişə əsasən girov saxlayan girov qoyan və borc alana 22 may 2019-cu il tarixinədək dövriyyə vəsaitlərinin artırılması məqsədilə kreditdən istifadəyə görə illik 8 faiz ödəməsi şərtilə 12.800000 Azərbaycan manatı və 25 sentyabr 2014-cü il tarixli KBO14- 1618 saylı kredit müqaviləsinə müvafiq olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı (əvvəlki girov saxlayan) girov saxlayana 3 il müddətinə 08 sentyabr 2017-ci il tarixinədək 11.000.000 manat məbləğində kreditlər verilmişdir. 1.2-ci bəndinə əsasən qeyd olunan kredit müqavilələri üzrə girov saxlayanın Azərbaycan Respublikası Mərkəzi Bankı qarşısında və girov qoyan və borc alanın girov saxlayan qarşısında öhdəliklərinin bütövlükdə və vaxtı-vaxtında yerinə yetirilməsini təmin etmək məqsədilə 22 may 2014-cü il tarixli GBU14-1592 saylı, 06 avqust 2014-cü il tarixli 1xx/xx/1592/14/-1 saylı və 25 sentyabr 2014-cü il tarixli GBO14-1618 saylı sonrakı girov müqavilələrinə müvafiq olaraq girov qoyan və borc alana məxsus olan "xxxx" ASC-nin nominal dəyəri 24 manat olan 843.113 əsas sənədsiz adlı aid səhmləri Azərbaycan Respublikası Mərkəzi Bankı və QSC "xxxx" Kommersiya Bankı qarşısında yüklü edilmiş və bu hal Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Bütün X2 Rəsmi Reyestrindən çıxarışa əsasən müvafiq olaraq xx.xx.2014-cü il tarixli 06/2-3302 nömrəli, xx.xx.2014-cü il tarixli 06/2-3313 nömrəli və xx.xx.2014-cü il tarixli 06/2-3315 nömrəli qeydiyyat nömrələri ilə qeydiyyata alınmışdır. 2.1-ci bəndinə əsasən girov predmeti 20.234.712 manat məbləğində müəyyən edilir.
5. Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Bütün X2 Rəsmi Reyestrindən 06/2-3324 nömrəli xx.xx.2015-ci il tarixli çıxarışa əsasən xx.xx.2015ci il tarixli 1xx/xx/3365/14 saylı sonrakı girov müqaviləsi əsasında girov saxlayan QSC “Standard” KB-nin girov qoyan Cavabdeh2 QSC-yə məxsus "xxxx" ASC-nin AZ********** qeydiyyat nömrəli, 843113 əsas sənədsiz adlı adi səhmləri üzərində yaranmış girov hüququ qeydiyyata alınmışdır.
6. xx.xx.2020-ci il tarixdə QSC "xxxx" Kommersiya Bankı tərəfindən Cavabdeh2 QSC-yə və "xxxx" ASC-yə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş ünvanlanaraq MMC-dən 1xx/xx/3365/14 saylı kredit müqaviləsi üzrə borcun 3 gün ərzində ödənilməsi və ya ipotekaya tutma yönəldilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
7. xx.xx.2020-ci il tarixdə QSC "xxxx" Kommersiya Bankı tərəfindən Milli Depozit Mərkəzinə ərizə ünvanlanaraq xx.xx.2015-ci il tarixli 1xx/xx/3365/14 saylı sonrakı girov müqaviləsinə əsasən girovla yüklü edilmiş Cavabdeh2 QSC-yə məxsus "xxxx" ASC-nin AZ********** qeydiyyat nömrəli, 843113 əsas sənədsiz adlı adi səhmlərinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması xahiş edilmiş və həmin ərizə xx.xx.2020-ci il tarixdə Milli Depozit Mərkəzi tərəfindən qeydiyyata alınmışdır.
8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə AR Maliyyə Bazarlarına Nəzarət Palatasının QSC "xxxx" KB-nin müflis elan edilməsi barədə ərizəsi təmin edilmiş, QSC "xxxx" KB müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu QSC "xxxx" KB-nin ləğvedicisi təyin edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB (bankın adından ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) Cavabdeh2 QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 QSC-dən 25 sentyabr 2014-cü il tarixli 1xx/xx/3365/14 saylı kredit müqaviləsi üzrə 4.888.889,30 manat məbləğində əsas borc, 536.704,79 manat məbləğində faiz borcu, 667.469,30 manat məbləğində cərimə üzrə borc, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 724.503,67 manat məbləğində faiz məbləği, ümumilikdə isə 6.817.567,06 manat məbləğində pulun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması, Cavabdeh2 QSC-dən tutulmalı olan məbləğin girov predmetinin ilkin satış qiyməti 20.234.712 manat müəyyən edilməklə mülkiyyətində olan 26 yanvar 2015-ci il tarixli 1xx/xx/3365/14 saylı sonrakı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmiş nominal dəyəri 24 manat olan "xxxx" ASC-nin 843.113 ədəd sənədsiz adlı səhminə (yüklü edilən səhmlərin çıxarışın, qeydiyyat nömrəsi 06/2-3324; qeydiyyat tarixi: xx.xx.2015) tutma yönəldilməsinə və yönəldikdən sonda açıq hərracdan satılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 QSC ilə Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı arasında 25 sentyabr 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/3365/14 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank Cavabdehə illik 6 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 11.000.000 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinə olan 27 fevral 2015-ci il tarixli 01 saylı əlavə sazişin 1-ci bəndində kredit müqaviləsinin 2.3-cü bəndinə edilən dəyişiklikliyə əsasən kreditin ödənilməli olduğu son tarix 08 sentyabr 2017-ci il müəyyən edilmişdir. Lakin cavabdeh hazırkı iş üzrə öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində banka 4.888.889,30 manat məbləğində əsas borc, 536.704,79 manat məbləğində faiz borcu, 667.469,30 manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 724.503,67 manat məbləğində faiz məbləği, ümumilikdə isə 6.817.567,06 manat məbləğində borcu qalmışdır.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-207/2021 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 QSC-dən 25 sentyabr 2014-cü il tarixli 1xx/xx/3365/14 saylı kredit müqaviləsi üzrə 3.943.698,7 manat məbləğində əsas, 246.481,1 manat məbləğində faiz borcu, 150.000 manat məbləğində dəbbə pulu, müqavilə üzrə kreditin verilməsi müddəti bitdikdən sonrakı müddət üçün 591.554,8 manat məbləğində faiz borcu, cəmi 4.931.734,6 (dörd milyon doqquz yüz otuz bir min yeddi yüz otuz dörd manat altmış qəpik) manat məbləğində borc, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaitinin tutularaq ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankına ödənilməsi, tələb üzrə tutma xx.xx.2015-ci il tarixli 1xx/xx/3365/14 saylı sonrakı girov müqaviləsi üzrə bank qarşısında girovla yüklü edilmiş cavabdehin mülkiyyətində olan "xxxx" ASC-nin hər birinin nominal dəyəri 24 (iyirmi dörd) manat və ümumi dəyərləri 20.234.712 (iyirmi milyon iki yüz otuz dörd min yeddi yüz on iki) manat olan 843.113 (səkkiz yüz qırx üç min yüz on üç) ədəd sənədsiz adlı səhminə yönəldilməsi və həmin qiymətli kağızlar açıq hərracda (fond birjasında) satılması qət edilmişdir.
12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankın “Korporativ” filialı (kredit verən) ilə Cavabdeh2 QSC (kredit alan) arasında xx.xx.2014-cü il tarixli 1xx/xx/3365/14 saylı kredit müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətlər yaranmışdır. Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı Cavabdeh2 QSC-yə müqavilədə müəyyən edilmiş şərtlərlə 11.000.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh2 QSC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin banka əsas və faiz borcu üzrə öhdəliyi yaranmışdır.
13. Məhkəmə Cavabdeh2 QSC-nin xx.xx.2014-cü il tarixli 1xx/xx/3365/14 saylı kredit müqaviləsi üzrə LPO QSC "xxxx" Kommersiya Bankı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin banka əsas və faiz borcunun yarandığını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı LPO QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malikdir.
14. Cavabdehdən kredit müqaviləsi üzrə tutulmalı olan əsas və faiz borcunun məbləğinə gəldikdə məhkəmə qeyd etmişdir ki, həmin məbləğin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021ci il tarixli, 9/5128 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, təqdim edilmiş hesabdan çıxarış məlumatları, 25 sentyabr 2014-cü il tarixli 1xx/xx/3365/14 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 QSC-nin xx.xx.2017-ci il tarixə QSC "xxxx" KB-yə olan borcu 4.190.179,8 manat, əsas borcu 3.943.698,7 manat, faiz borcu 246.481,1 manat məbləğində təşkil edir.
15. İddiaçı LPO QSC "xxxx" Kommersiya Bankı ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmiş əsas və faiz borcu məbləğləri ilə razılaşmamış və ekspert rəyi ilə razılaşmamasını onunla əsaslandırmışdır ki, ekspertiza tədqiqatı aparılarkən bank tərəfindən cavabdehə məxsus hesabdan mübahisəli müqavilə üzrə silinmiş məbləğlər kredit üzrə ödənişlər kimi nəzərə alınsa da, bəzi hallarda həmin məbləğlərin silindiyi gün və ya növbəti yenidən bank tərəfindən cavabdehin hesabına köçürülməsi hesablama zamanı nəzərə alınmamışdır. Məhkəmə iclasında verdiyi izahatında iddiaçının nümayəndəsi hesabdan silinmiş məbləğlərin sonradan cavabdehin hesabına köçürülməsini iddiaçı tərəfindən həmin məbləğlərin əlavə kredit məbləğləri kimi cavabdehə verilməsi ilə izah etmişdir. Göstərilənlərlə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf sözügedən məbləğlərin mübahisəli kredit müqaviləsi üzrə kredit məbləği kimi hesaba köçürülməsini, eləcə də həmin kredit müqaviləsi üzrə əlavə kredit məbləğlərinin verilməsi barədə tərəflər arasında razılığın əldə edilməsini, bununla bağlı kredit müqaviləsinə və girov müqaviləsinə müvafiq əlavələrin imzalanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcu müəyyən edilərkən iddiaçının istinad etdiyi məbləğlərin nəzərə alınmalı olması iş materiallarına əsasən öz təsdiqini tapmır.
16. Məhkəmə ekspert rəyini məhkəmə iclasında tədqiq edərək və digər sübutlarla qiymətləndirərək hesab etmişdir ki, məhkəmənin həmin rəylə razılaşmaması üçün əsasların mövcudluğu müəyyən edilmir. Odur ki, mübahisəsi kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan əsas və faiz borcu ekspert rəyinə əsasən müəyyən edilməlidir.
17. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən cavabdehdən tutulmalı olan faiz borcu məhkəmə qeyd etmişdir ki, iddiaçı kreditin verilməsi müddəti bitdiyi tarixdən, yəni xx.xx.2017-ci il tarixdən iddia qaldırılan tarixə kimi, yəni xx.xx.2020-ci il tarixə kimi 3 illik müddət üçün gecikdirilmiş 4.888.889,30 manat əsas borc məbləğinə illik 5 %-lə hesablanmış faizlərin cavabdehdən tutulmasını tələb edir. Halbuki işin yuxarıda göstərilən hallarından da görünür ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən ödənilməsi gecikdirilmiş əsas borc məbləğinin 3.943.698,7 manat olması müəyyən edilmişdir. Odur ki, cavabdehdən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən kreditin verilməsi müddəti bitdiyi tarixdən iddia qaldırılan tarixədək olan müddət üçün (3 illik müddət üçün)) faizlər də məhz həmin məbləğə hesablanmalıdır: 3.943.698,7x5%x3 il=591.554,8 manat.
18. Məhkəmə tutulması tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm borclunun əsaslı mənafelərini nəzərə alaraq tutulması tələb olunan dəbbə pulunun azaldılaraq 150.000 manat məbləğində müəyyən edilməsini ədalətli hesab etmişdir.
19. Məhkəmə eyni zamanda hesab etmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsinin təmin edilməsi məqsədilə tutmanın xx.xx.2015-ci il tarixli 1xx/xx/3365/14 saylı sonrakı girov müqaviləsinə əsasən bank qarşısında girovla yüklü edilmiş cavabdehin mülkiyyətində olan "xxxx" ASC-nin 843.113 ədəd sənədsiz adlı səhminə yönəldilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizəsində həmin müqaviləni ipoteka müqaviləsi adlandıraraq tələbin hüquqi əsası kimi “İpoteka haqqında” AR Qanununa istinad etsə də mübahisəli sonrakı girov müqaviləsi üzrə girov predmetini isə əşya deyil, sənədsiz qiymətli kağız ilə təsdiqlənmiş tələbetmə hüququ təşkil edir. Odur ki, mübahisəli girov müqaviləsi üzrə girov predmeti ipoteka predmeti olan əşya olmadığından həmin müqavilə ipoteka müqaviləsi hesab edilə bilməz.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
20. İddiaçı LPO QSC "xxxx" KB-nin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-207/2021 nömrəli qətnaməsinin kredit müqaviləsi üzrə əsas, faiz, cərimə və gecikdirilmiş 5 faiz məbləği hissəsində ləğv edərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
21. Cavabdeh2 QSC qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-207/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın "150.000 manat məbləğində dəbbə pulu, müqavilə üzrə kreditin verilməsi müddəti bitdikdən sonrakı müddət üçün 591.554,8 manat məbləğində faiz borcunun ödənilməsi" hissəsində ləğv edilməsini və bu hissədə iddianın rədd edilməsini, ipoteka predmetinə tutma yönəldilməsi hissəsində ləğv edilərək bu hissədə "xxxx" ASC-nin 843.113 ədəd səhminə yönəldilməsində satış zamanı səhmlərin ilkin satış qiymətinin məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyənləşdirilən qiymət göstərilməklə satılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. İddiaçı QSC "xxxx" KB apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsi işin faktiki hallarını nəzərə almadan qanunvericiliyin tələblərini pozmaqla əsassız qərar qəbul etmişdir. Məhkəmə ekspertizanın rəyinə əsaslanaraq cavabdehin Banka olan faktiki borcunu azaltmış və azalmanın hansı məbləğlərin əsasında olduğunu müəyyən etməmişdir. Belə ki, kredit müqaviləsi üzrə ödənişlərin göstərilməsi və hansı ödənişin borcun hansı hissəsinə silinməsini əsaslandırmamışdır. Belə ki, Bankın təqdim etdiyi hesabdan çıxarışdan aydın görmək olur ki, xx.xx.2015-ci il tarixdə 95772,78 manat çıxılmışdır, lakin növbəti Bank əməliyyat günü eyni məbləğ yəni 95772,78 manat geri həmin hesaba qaytarılmışdır, eyni ilə xx.xx.2015-ci il tarixdə olan Bank əməliyyatına nəzər yetirsək görmək olur ki, 88636,61 manat məbləğində vəsait hesabdan çıxılsa da, növbəti əməliyyat günü yəni xx.xx.2015-ci il tarixində həmin vəsait yani 88636,61 manat hesaba qaytarılmışdır, bununla yanaşı xx.xx.2015-ci il tarixində 312155,86 manat məbləğində vəsait çıxılsa da, həmin əməliyyat günü eyni vəsait, yəni 312155,86 manat həmin hesaba qaytarılmışdır, xx.xx.2016-cı il tarixdə eyni ilə 15579,10 manat əsas məbləğ və faizdan çıxarılmış və həmin əməliyyat günü həmin məbləğ yəni 15579,10 manat əsas məbləğ olaraq hesaba qaytarılmışdır, elə həmin əməliyyat günü yani xx.xx.2016-cı il tarixdə 317225,96 manat vəsait çıxılsa da həmin əməliyyat günü yani xx.xx.2016-cı ildə məbləğ hesaba qaytarılmışdır. Qeyd edək ki, bütün əməliyyatlar eyni kreditin elektron qeydiyyat nömrəsində həyata keçirilmişdir. Hesab edirik ki, ekspert tərəfindən bu nəzərə alınmamış və ekspertiza rəyində öz əksini tapmamışdır və ekspert göstərilən məbləğləri kredit müqaviləsi üzrə ödəniş kimi hesablamışdır. Halbuki yuxarıda qeyd olunan ödənişlərin həyata keçirilməsi heç bir maliyyə sənədi ilə sübuta yetirilməmişdir. Ekspert yuxarıda qeyd olunan kredit əməliyyatları üzrə müvafiq təsdiq edici sənədləri tələb etməli və onlara istinad etməli olduğu halda etməmişdir. Bu baxımdan ekspertin rəydə göstərdiyi nəticənin açıq-açığa yanlış olduğu birmənalı şəkildə görünür. Məhkəmə isə öz növbəsində bunu araşdırmamış və ekspertin gəldiyi nəticəni qətnaməyə köçürməklə kifayətlənmişdir. Bununla da ekspertiza rəyində göstərilənlərin əsassız olması ilə əlaqədar məhkəmə tərəfindən təkrar və ya əlavə ekspertizanın keçirilməsi vacib olsa da, habelə tərəfimizdən məhkəmədən təkrarən ekspertiza keçirilməsi tələb edilsə də, məhkəmə bunu etməmişdir. Cavabdehin hüquqi şəxs olmasını nəzərə alaraq tədiyyə balansını və yaxud müvafiq kredit üzrə ödənişləri təsdiq edən sübutlar təqdim edilməmiş, məhkəmə isə həmin sənədləri cavabdehdən tələb etməmişdir. Bundan başqa məhkəmə əsassız olaraq cərimə və gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləğini azaltmışdır. Bankın tələb etdiyi cərimə məbləği 667469,30 manat təşkil etsə də, birinci instansiya məhkəməsi yalnız 150.000 manat məbləğində təmin etmişdir və gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləğini 724.503,67 manat olduğu halda, cəmi 591554,8 manat məbləğində təmin etmişdir. Hesab edir ki, məhkəmə cərimə və gecikdirilmiş vaxt üçün hesablanan 5% faiz məbləğini xeyli və əsassız olaraq azaltmışdır.
23. Cavabdeh2 QSC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qəbul edildikdən sonra Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti təşkilati hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilmişdir. İş üzrə qəbul edilmiş qətnamə aşağıdakılara əsasən mübahisələndirilən hissələrdə ləğv edilməlidir. Mübahisə olmasına baxmayaraq, müstəqil qiymətləndiricinin rəyini almadan, əsassız olaraq məhkəmə tərəfindən cavabdehin mülkiyyətində olan "xxxx" ASC-nin səhmlərinin açıq hərracda satış qiymətini səhmin nominal dəyəri ilə (24 (iyirmi dörd) manatla) müəyyən edilmişdir. Beləliklə tərəflərin imzaladığı müqavilədə razılaşdırdıqları şərtlər, eyni zamanda həmin dövrdən bu günədək olan dövrdə qanunvericilikdə olan dəyişikliklər ipoteka predmeti olan səhmlərin qiymətləndirilməsinə dair də ipoteka qoyanın vəziyyətini pisləşdirməmişdir, mübahisə olduqda ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Sonrakı girov müqaviləsinin 2.1-ci bəndinə əsasən girov predmeti olan səhmlərin dəyəri nominal ilə götürülərək 843.113 ədəd səhmə görə 20.234.712 manat müəyyən edilmişdir. Lakin həmin müqavilənin 2.2-ci bəndinə əsasən girov predmeti uzun müddətə (iki və daha çox il müddətinə) yüklü edildikdə, girov predmeti hər il yenidən qiymətləndirilməlidir. Bununla da, müqavilə 26 yanvar 2015 tarixində imzalanmış və hazırda girov predmeti 7 ilə yaxın müddətdir ki, yüklü edilmişdir, yəni müqavilənin 2.2-ci bəndinə əsasən 2 ildən artıq müddət keçdiyindən 2015-ci ildəki qiymət tətbiq oluna bilməz, girov predmeti yenidən qiymətləndirilməlidir. Digər tərəfdən, müqavilə 26 yanvar 2015-ci il tarixində imzalanmışdır. Həmin dövrün qanunvericiliyinə əsasən yalnız “sənədli” deyil, bütün qiymətli kağızlar əşya hesab edilirdi. Bu hal müqavilə imzalanandan sonra, 15 may 2015-ci il tarixində dəyişilmişdir. Müqavilə imzalanan zaman isə, yəni 26 yanvar 2015-ci il tarixində qüvvədə olan qanunvericiliyə əsasən pullar və qiymətli kağızların əşya olması qanunla müəyyənləşdirilmişdi və tərəflərin münasibətlərinə ipoteka münasibətlərinin normaları tətbiq edilirdi. Bütün qeyd edilənləri iddiaçı özü də iddia ərizəsində və məhkəmə prosesində qeyd edirdi. Eyni əsaslar cavabdeh tərəfindən qeyd edilirdi. Çünki, tərəflərin müqaviləni imzaladıqları zaman qüvvədə olan qanunvericiliyin dəyişməsi, yeni qanunvericilik və normalar onların hər-hansı birinin vəziyyətinə təsir edirsə, ağırlaşdırarsa bu zaman əvvəlki dövrün qanunvericiliyi tətbiq edilir. Lakin, məhkəmə, nədənsə qətnaməsində aşkar olaraq sonrakı vəziyyətimizi ağırlaşdıran sonrakı qanunvericiliyi tətbiq etmiş, sonradan qiymətli kağızın əşya statusunu itirdiyini göstərərək Konstitusiyanın təməl prinsiplərindən olan – ağırlaşdırıcı halda normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilməməsi prinsipini pozmuşdur. Halbuki, həm iddiaçı, həm cavabdeh müqavilə imzalanan zaman qiymətli kağızın əşya olduğunu əsas götürərək, bu normalara güvənərək müqaviləni bu şərtlərlə imzalamış və münasibətlərinə “İpoteka haqqında” qanunun normalarının tətbiq edilməsinə güvənmişlər. Beləliklə, ipoteka predmetinin ilkin satış qiyməti, tərəflər arasında mübahisə olduğundan məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilməli idi, nominal qiymətlə yox. Kreditin verilmə müddətinin bitdiyi tarixdən sonrakı müddət üçün faizlərin hesablanamsı əsassız və qanunsuzdur. Məhkəmənin özünün də istinad etmiş olduğu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Müəyyən edilmiş hüquqi mövqeyə əsasən, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ mülki qanunvericiliyin zərər vurma normalarının tələblərindən irəli gəlir. Hələ o zaman maliyyə bazarlarına nəzarət orqanı funksiyalarını icra edən Maliyyə Bazarlarına Nəzarət X1 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən QSC "xxxx" KB-nin lisenziyası 01 oktyabr 2016-cı il tarixindən ləğv edilmişdir. Göründüyü kimi QSC "xxxx" KB-nin fəaliyyəti faktiki olaraq xx.xx.2016-cı il tarixindən sonra dayanmış, ona verilmiş lisenziya ləğv edilmişdir. Beləliklə, Bank xx.xx.2016-cı il tarixindən bu günə qədər bank fəaliyyəti ilə ümumiyyətlə məşğul ola bilməzdi və bununla da cavabdeh tərəfindən kredit borcunun geri qaytarılıb-qaytarılmamasından asılı olmayaraq Bankın həmin vəsaiti yenidən dövriyyəyə buraxaraq istifadə etmək hüququ və imkanı yox idi. Əgər Banka bütün bunlar qadağan idisə, o zaman Bankın adi mülki dövriyyə şəraitində əldə edəcəyi hansı zərərdən, gəlirdən və ya əldən çıxmış faydadan söhbət gedə bilər. Cavabdeh2 QSC-nin təminatı ilə "xxxx" KB tərəfindən Mərkəzi Bakdan alınaraq cavabdehə verilmiş bu krediti həmin dördə həm Mərkəzi Bank, həm də ləğv prosesində olan QSC "xxxx" KB tələb edirdi. İş materiallarından da göründüyü kimi, ikisi də eyni məbləği tələb etməklə eyni vaxta ayrı-ayrılıqda məhkəməyə müraciət etmişdilər. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə bu işlər bir icraatda birləşdirildi, sonda isə Mərkəzi Bankın iddiası üzrə işə məhkəmənin xx.xx.2021 il tarixli qərardadı ilə xitam verilmişdir. Başqa sözlə, eyni məbləğin, iki şəxs tərəfindən tələb edilməsi onun ödənilməsini qeyri mümkün edirdi. dəbbə pulunun tutulması ilə bağlı məhkəmənin gəlmiş olduğu nəticə, yəni dəbbə pulunun 150.000 manat müəyyən edilməsi ədalət və tənasüblük baxımından əsassızdır. Belə ki, məhkəmənin faiz borcuna görə 246.481,10 manat məbləğini müəyyən etdiyi halda dəbbə pulunun 150.000 manat müəyyən etməsi qanunvericilik normalarına, bu normaların mahiyyətinə uyğun gəlmir. Qanunvericiliyə əsasən - məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasübük müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə tərəfindən Cavabdeh2 QSC-nin mənafeləri nəzərə alınmayaraq iddiaçının xeyrinə 3.943.698,70 manat əsas borcun və 246.481,10 manat faiz borcunun, ümumilikdə isə 4.190.179,80 manat məbləğinin tutulmasından başqa əlavə olaraq həm də 150.000 manat dəbbə pulunun tutulması Cavabdeh2 QSC-nin maddi vəziyyətinin daha da ağırlaşmasına səbəb olur. Məhkəmə tərəfindən cavabdehdən əlavə olaraq iddiaçının xeyrinə 150.000 manat vəsaitin tutulmasının qət edilməsi tamamilə əsassız və qanunsuzdur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. İddiaçının nümayəndələri məhkəmə iclaslarında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər.
25. Cavabdeh2 QSC-nin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
26. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 135.1-ci maddə (xx.xx.2015-ci il tarixədək qüvvədə olmuş redaksiya) Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.7-ci maddə (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) -borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 465.1-ci maddə- Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. 466.1-ci maddə-əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. 467-ci maddə- məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 269.4-cü ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu 1.0.1.-ci maddə - ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur;” Müqavilə imzalanan tarixə səhmin rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya olduğu nəzərə alınmamış və səhmə əşya kimi qanunun bu norması tətbiq edilməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3, 39.3.3.- cü maddələri-39.3.-cü maddə - Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Müqavilə imzalanan tarixə səhmin rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya olduğu və səhmə əşya kimi qanunun bu norması tətbiq edilməmişdir. Səhmin hərracda satış qiymətinin müəyyənləşdirilməsi üçün məhkəmə tərəfindən müstəqil qiymətləndirici cəlb edilməmişdir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
27. Qətnamə iddiaçı tərəfindən iddia tələbinin rədd edildiyi hissədə və cavabdeh tərəfindən illik 5-lə faiz, dəbbə pulu və ipoteka predmetinə tutma yönəldilməsi hissəsində mübahisələndirildiyindən həmin hissələrdə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
28. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh2 QSC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)- 207/2021 nömrəli qətnaməsi dəyişdirilərək girov predmeti olan səhmlərin ilkin satış qiyməti 12.512.866 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
Əsas borc üzrə iddianın rədd edildiyi hissə ilə bağlı
29. İddiaçı cavabdehdən 4.888.889,30 manat məbləğində əsas borc tutulmasını xahiş etmiş, məhkəmə ekspert rəyini nəzərə alaraq bu hissədə iddianı qismən- 3.943.698,7 manat hissədə təmin etmişdir, İddiaçının apellyasiya şikayətinin əsas dəlili bundan ibarətdir ki, əsas borc ekspert tərəfindən düzgün hesablanmamışdır. Belə ki, 25 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə hesabdan çıxarışda öz əksini tapan xx.xx.2015-ci il tarixdə (100.000 manat), xx.xx.2015-ci il (88.636,62 manat), xx.xx.2015-ci il (312155,86 manat) və xx.xx.2016-cı il (332805,06 manat) tarixlərdə kredit borcundan silinmiş məbləğlər bank tərəfindən hesabdan silindikdən sonra hesaba geri qaytarılmışdır. Bunun səbəbi kimi, apellyasiya şikayətində məbləğlərin səhvən silindiyi qeyd edilir.
30. Birinci instansiya məhkəməsində isə məhkəmə iclasında verdiyi izahatında iddiaçının nümayəndəsi hesabdan silinmiş məbləğlərin sonradan cavabdehin hesabına köçürülməsini iddiaçı tərəfindən həmin məbləğlərin əlavə kredit məbləğləri kimi cavabdehə verilməsi ilə izah etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf sözügedən məbləğlərin mübahisəli kredit müqaviləsi üzrə kredit məbləği kimi hesaba köçürülməsini, eləcə də həmin kredit müqaviləsi üzrə əlavə kredit məbləğlərinin verilməsi barədə tərəflər arasında razılığın əldə edilməsini, bununla bağlı kredit müqaviləsinə və girov müqaviləsinə müvafiq əlavələrin imzalanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddiaçının bu mülahizələri əsassızdır.
31. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəsatətinə əsasən iş üzrə yenidən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: 25 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə hesabdan çıxarışda öz əksini tapan xx.xx.2015-ci il tarixdə (100.000 manat), xx.xx.2015-ci il (88.636,62 manat), xx.xx.2015-ci il (312155,86 manat) və xx.xx.2016-cı il (332805,06 manat) tarixlərdə kredit borcundan silinmiş məbləğlər səhvən silinməsi və hesaba geri qaytarılması əsası ilə borclu tıərəfindən edilmiş ödəniş kimi nəzərə alınmazsa "X5' QSCnin əsas və faiz borcu xx.xx.2017-ci il tarixə nə qədər təşkil edir? ; Hesabdan çıxarışa əsasən qeyd edilən tarixlərdə bu məbləğlərin bank tərəfindən kredit üzrə silindikdən sonra hesaba geri qaytarıldığını müəyyən etmək mümkündürmü, əgər mümkündürsə silindikdən sonra bank tərəfindən hesaba geri qaytarılmış məbləğlərin cəmi nə qədər təşkil edir? 32.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/942-9/953 saylı ekspert rəyində məhkəmə tərəfindən qoyulmuş suallar belə cavablandırılmışdır ki, 25.09.204-cü il tarixli kredit müqaviləsi üzrə hesabdan çıxarışda öz əksini tapmış xx.xx.2015-ci il tarixdə (100.000 manat), xx.xx.2015-ci il (88.636,62 manat), xx.xx.2015-ci il (312155,86 manat) və xx.xx.2016-cı il (332805,06 manat) tarixlərdə kredit borcundan silinmiş məbləğlərin səhvən silinməsi və hesaba geri qaytarılması əsası ilə borclu tərəfindən edilmiş ödəniş kimi nəzərə alınmazsa, riyazı hesablamalarla Cavabdeh2 QSC-nin xx.xx.2017-ci il tarixə ümumi borcu 5.117.283,46 manat (4.816.266,79 manat əsas, 301.016,67 manat faiz) təşkil edir. İkinci sual üzrə qeyd edilmişdir ki, kredit borcundan silinmiş, lakin sonrakı müddətlərdə Cavabdeh2 QSC-nin Bankda olan digər kredit müqavilələri üzrə yaranmış borca, digər əməliyyatlara silinməsinə əsas verən ödəniş tapşırığı, sərəncam və ərizələr (digər təsdiqedici sənədlər) ekspertiza tədqiqatına təqdim edilmədiyindən, hesabdan çıxarış məlumatlarına əsasən qeyd edilən tarixlərdə bu məbləğlərin bank tərəfindən kredit üzrə silindikdən sonra hesaba geri qaytarıldığını müəyyən etmək mümkün olmadı.
33. İddiaçının nümayəndəsinin vəsatətinə əsasən ekspert Zaur Məmmədov məhkəmə iclasında dəvət olunaraq verdiyi rəylə bağlı suallara cavab vermiş və bir daha qeyd etmişdir ki, mübahisəli məbləğlərin bank tərəfindən akseptsiz qaydada silindikdən sonra borclunun hesabına geri qaytarılması təsdiqedici sənədlər təqdim edilməsən yalnız hesabdan çıxarış əsasında müəyyənləşdirilə bilməz.
34. İddiaçının nümayəndələri bank ləğv prosesində olduğu üçün ekspertin silinmiş məbləğlərin borcalanın hesabına geri qaytarıldığını təsdiq edən sənədlərin arxivdə saxlanılmadığını göstərmişlər. Məhkəmə iddiaçının nümayəndələri tərəfindən mübahisələndirdiyi ödənişlərin silindikdən sonra cavabdehin hesabına geri qaytarıldığına dair birinci instansiya məhkəməsinə təsdiqedici sənədlər təqdim edilmədiyini, həmin ödənişlərlə bağlı birinci instansiya məhkəməsində fərqli izahat verildiyini (əlavə kredit verilməsi olaraq göstərildiyini) nəzərə alaraq hesab edir ki, həmin ödənişlərin məhkəmə tərəfindən nəzərə alınmaması üçün əsaslar müəyyən edilmir. Buna görə də, iddianın rədd edildiyi hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tərəfindən apellyasiya instansiyası mərhələsində bu halı təsdiq etmək üçün müvafiq sorğular verilməklə əlavə sübutların toplanması barədə vəsatət MPM-nin 372.2-ci maddəsinə əsasən təmin edilməmişdir.
Dəbbə pulu tələbi ilə bağlı
35. İddiaçı iddia ərizəsində cavabdehdən 667.469,30 manat dəbbə pulu tutulmasını xahiş etmiş, məhkəmə əsas borcla bağlı iddia tələbinin 3.943.698,7 manat hissədə əsaslı olduğunun təsdiq edildiyini nəzərə alaraq, dəbbə pulu tələbini 150.000 manat hissədə (əsas borcun təxminən 4 faizi) təmin etmişdir. İddiaçı apellyasiya şikayətində həmin hissədə iddianın tam təmin edilməsini xahiş edir. Məhkəmə cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu ilə yanaşı eyni zamanda əldən çıxmış fayda qismində yarım milyondan çox (591.554,8 manat) illik 5 faizlə əldən çıxmış fayda tutulduğunu və MM-nin 466.1-ci maddəsinin tələbini nəzərə alaraq tutulan məbləği ağlabatan və əsas borc məbləğinə mütənasib hesab edir. 36.Cavabdeh apellyasiya şikayətində 150.000 manat dəbbə pulunun tutulması hissəsində qətnamənin ləğv edilərək, müqavilə üzrə faiz və illik 5 faizdən əlavə dəbbə pulu tutulması cavabdehin vəziyyətini ağırlaşdırdığı üçün həmin hissədə iddianın rədd edilməsini xahiş edir. 37.Məhkəmə tərəflər arasında bağlanmış kredit müqavilənin 6.2-ci bəndində borc alanın bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdiyi halda əsas borc məbləğindən və faizlərdən əlavə ödənişlərin gecikdirildiyi üçün kreditora vaxtında qaytarılmayan məbləğin illik 12 %-i miqdarında cərimə ödənişi nəzərdə tutulduğunu və cavabdehin ödəniş cədvəli üzrə (2-ci cild 16-cı vərəq) ödənişləri vaxtında və nəzərdə tutulmuş məbləğdə həyata keçirmədiyini nəzərə alaraq iddiaçının müqavilə şərtinə və MM-nin 465-ci maddəsinə əsasən dəbbə pulu tələb etməsi qanuni və əsaslı hesab etmiş və qətnamənin dəbbə pulu tutulması hissəsində ləğv edilərək iddianın həmin hissədə rədd edilməsi üçün əsaslar müəyyən etməmişdir.
İllik 5 faiz əldən çıxmış fayda tələbi ilə bağlı
38. İddiaçı cavabdehdən pul öhdəliyinin icrasının gecikdirilməsi ilə əlaqədar MM-nin 445.7-ci maddəsinə əsasən illik 5 faiz olmaqla 3 illik müddət üçün (xx.xx.2017-xx.xx.2020ci il) 724.503,67 manat məbləğində faiz tutulmasını tələb etmiş, məhkəmə əsas borcla bağlı iddia tələbinin 3.943.698,7 manat hissədə əsaslı olduğunun təsdiq edildiyini nəzərə alaraq, 5 faizlə əldən çıxmış fayda tələbini 591.554,8 manat məbləğində (3.943.698,7x5%x3 il) təmin etmişdir.
39. İddiaçı əsas borc məbləğinin 3.943.698,7 manatdan artıq olduğuna dair mövqeyini sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, əldən çıxmış fayda ilə bağlı iddia tələbinin tam təmin edilməsi üçün əsaslar yoxdur.
40. Cavabdehin bu hissədə iddiaya etirazı və apellyasiya şikayətinin dəlili bundan ibarətdir ki, QSC "xxxx" KB 2016-cı ildən ləğv prosesində olduğundan və ona verilmiş lisenziya ləğv edildiyindən həmin tarixdən sonra bank fəaliyyəti ilə məşğul olmaq və cavabdehin ödəmədiyi borcu yenidən dövriyyəyə buraxaraq istifadə etmək hüququ və imkanı olmadığı üçün əldən çıxmış faydadan söhbət gedə bilməz.
41. Məhkəmə hesab edir ki, "xxxx" KB 2016-cı ildən ləğv prosesində olsa da hüquqi şəxs kimi hüquq və fəaliyyət qabiliyyətini itirmədiyindən və iflas proseduru çərçivəsində hüquqi şəxs kimi fəaliyyətini davam etdirərək öz kreditorları qarşısında öhdəliklərini qanunda nəzərdə tutulmuş növbəlilik gözlənilməklə icra etməli olduğundan və bu prosesin uzanması banka zərər vurduğundan cavabdehdən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə dəymiş zərərin ödənilməsini tələb etmək hüququ var. Belə ki, ləğv prosesində olan bankın kreditor borclarının ödənilməsi gecikdirildiyi halda ləğvetmə prosesi aylarla və illərlə davam edir və bu prosesin yubanması əlavə xərclərə səbəb olduğundan (hüquqi xidmət xərcləri, əgər ləğvedici üçün inzibati bina icarəyə götürülmüşsə icarə haqqı, işçilərə əmək haqqı ödənişləri, kommunal ödənişlər və s) qətnamə əldən çıxmış fayda ilə bağlı iddianın təmin edildiyi hissədə qanuni və əsaslı hesab edilir.
Girov qoyulmuş səhmlərin qətnamədə ilkin satış qiymətinin qeyd edilməsi ilə bağlı
42. İşdən görünür ki, tələb üzrə tutma xx.xx.2015-ci il tarixli 1xx/xx/3365/14 saylı sonrakı girov müqaviləsi üzrə bank qarşısında girovla yüklü edilmiş cavabdehin mülkiyyətində olan "xxxx" ASC-nin hər birinin nominal dəyəri 24 (iyirmi dörd) manat və ümumi dəyərləri 20.234.712 (iyirmi milyon iki yüz otuz dörd min yeddi yüz on iki) manat olan 843.113 (səkkiz yüz qırx üç min yüz on üç) ədəd sənədsiz adlı səhminə yönəldilməsi və həmin qiymətli kağızlar açıq hərracda (fond birjasında) satılması qət edilmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, məhkəmə tərəfindən tutma yönəldilmiş səhmlərin ilkin satış qiyməti qətnamədə qeyd edilməli idi.
43. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşır. Belə ki, tərəflər arasında 26 yanvar 2015-ci il tarixli girov müqaviləsi bağlanarkən MM-nin 135.1-ci maddənin (xx.xx.2015-ci il tarixədək qüvvədə olmuş redaksiya) məzmununda növündən asılı olmayaraq qiymətli kağızlar da əşya hesab olunurdu. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1.-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovu olduğundan və əvvəlki qanunvericiliyə əsasən səhmlər rəsmi reyestrdə qeydə alınan daşınar əşyalar hesab edildiyindən ipoteka predmeti hesab edildiyi üçün onun ilkin satış qiyməti qətnamədə qeyd edilməli idi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 564 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların” Siyahısının 8-ci bəndi xx.xx.2020-ci il tarixdə ləğv edilənədək qiymətli kağızlara rəsmiləşdirilən daşınar əşyalar bu siyahıda olmuşdur.
44. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən girov predmeti uzun müddətə (iki və daha çox il müddətinə) yüklü edildikdə, girov predmeti hər il yenidən qiymətləndirilməlidir.
45. İddiaçının nümayəndələri müqavilənin qeyd edilən şərtinə uyğun olaraq girov predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və məhkəmə qətnaməsində qeyd edilməsinə etiraz etmədiklərini bildirmişlər.
46. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəsatətinə əsasən girov qoyulmuş səhmlərin ilkin satış qiymətinin müəyyən edilməsi üçün iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi daxil olmuş xx.xx.2023-cü il tarixli 9/942-9/953 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ”Bakeletroqaynaq” ASC-də mülkiyyətində olan 843.113 ədəd sənədsiz adlı səhmin kapital dəyəri 13.903.184 manat, likvid qiyməti 12.512.866 manat təşkil edir. Ekspertiza tədqiqatı zamanı Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü olan "xxxx" MMC tərəfindən tərtib edilmiş ”Bakeletroqaynaq” ASC-nin kapitalının xx.xx.2023-cü il tarixə dəyəri barədə qiymətləndirmə hesabatına istinad edilmişdir. Məhkəmə cavabdehin bu tələbinin qanuni və müqavilə şərtlərinə uyğu olduğunu və bu tələblə bağlı tərəflər arasında mübahisə olmadığını nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-207/2021 nömrəli qətnaməsi dəyişdirilərək ekspert rəyinə əsasən ”Bakeletroqaynaq” ASC-nin girov predmeti olan səhmlərin ilkin satış qiyməti 12.512.866 manat müəyyən edilməlidir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Məhkəmə qeyd edilən normanın tələbini nəzərə alaraq hesab edir ki, hazırkı mübahisə kredit müqaviləsi .şərtlərinin cavabdeh tərəfindən pozulması ilə yarandığından 500 manat ekspertiza xərci Cavabdeh2 QSC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır.
48. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh2 QSC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-207/2021 nömrəli qətnaməsi dəyişdirilərək girov predmeti olan səhmlərin ilkin satış qiyməti 12.512.866 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
49. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 QSC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-207/2021 nömrəli qətnaməsi dəyişdirilsin. Girov predmeti olan tutma yönəldilmiş "xxxx" ASC-nin 843.113 sənədsiz adlı səhminə səhmlərin ilkin satış qiyməti 12.512.866 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. 500 manat ekspertiza xərci Cavabdeh2 QSC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.