Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-89/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: borcun ödənilməsi, girov, preyudisia, sübutetmə, öhdəliyin üçüncü şəxs tərəfindən icrası, əsassız varlanma) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Sadıqova Zenfira Xıdır qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi, nəqliyyat vasitəsinə tutma yönəldilməsi, əmlakın hərracdan satılması, hüquqi yardım xərcinin tutulması” tələblərinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 29 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Cavabdeh1 mülkiyyətində olan ** FH *** dövlət qeydiyyat nişanlı “X11” markalı avtonəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər etmək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri ilə bağlı Həmişəgül Qəhrəmanovanın nümayəndəsi qismində Cavabdeh2 tərəfindən İddiaçı 12 iyun 2020-ci il tarixdə etibarnamə verilmişdir.
2. Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin 24 fevral 2021-ci il tarixli raportunda göstərilmişdir ki, vətəndaş Cavabdeh1 məxsus olan “X9” markalı ** FH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 15 yanvar 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında 19 yanvar 2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınaraq AE 019618 saylı qeydiyyat şəhadətnaməsi verilmiş, lakin sonradan həmin sənədlər təhlil olunarkən qeydiyyata təqdim edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin saxtalığına şübhə yaranmışdır.
3. Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 24 iyun 2021-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, daha sonra Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 09 iyun 2022-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 320.1-ci və 322.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur.
4. Həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdr ki, “Cavabdeh2 onun oğludur. Cavabdeh2 istifadəsində olan “X9” markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobili vaxtilə öz hesabına almış və arvadı Cavabdeh1 adına formal olaraq sənədləşdirmişdir. Cavabdeh2 avtomobili etibarnamə əsasında 2020-ci ilin iyun ayında tanışı Şahid2 vasitəsilə İddiaçı vermişdir. Belə ki, Şahid2 guya Cavabdeh2 borclarını ödəmək üçün İddiaçı borca pul götürmüş və həmin pulu Sakitin ona olan borcundan çıxmışdır. Sakitə pul verilməmişdir. Sakit Natiqin vasitəsilə başqa şəxsə pul verdiyindən və həmin şəxs Sakitin pulunu qaytarmadığına görə Sakit bir neçə ay sonra Təbrizin adına verdiyi etibarnaməni ləğv etdirmişdir. Lakin İddiaçı guya Cavabdeh1 öldüyünü və avtomobili ona miras qoyması barədə saxta vərəsəlik hüququ haqqında şəhadətnamə hazırlamış və həmin sənədlə avtomobili onlardan xəbərsiz öz adına sənədləşdirmişdir. Sakitin Təbrizlə olan söhbətinin dəqiq təfərrüatlarından xəbərsizdir. Sözügedən avtomobil ibtidai istintaq dövründə onlara qaytarılmış, dəymiş ziyan tam ödənilmişdir və barışmışlar. Bu səbəbdən də Təbrizə qarşı hər hansı bir şikayəti və ya tələbi yoxdur.”.
5. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş İddiaçı ifadəsində aşağıdakıları göstərmişdir: “Cavabdeh2 ilə dost olmuş, təxminən dörd il əvvəl birlikdə şərikli avtomobil alqı-satqısı ilə məşğul olmuşlar. Sonradan aralarında qazancla bağlı narazılıq yaranmış, münasibətləri soyumuş, lakin dalaşmamışlar. 2020-ci ilin iyun ayında Cavabdeh2la ortaq dostları olan Şahid2 ona demişdir ki, Sakitin maddi problemi olduğu üçün sonuncuya bir ay müddətinə 30 000 manat sələmə pul lazımdır, 35 000 manat sələmə götürsün, 5000 manatı da aralarında bölərlər. Şahid2 deməsinə görə Cavabdeh2 35 000 manatı borca götürəcək, 5000 manat isə sələmə pul götürən şəxsə hörmət kimi veriləcəkdir. Lakin Sakit 5000 manatın onların arasında bölünəcəyini bilməli deyilmiş. Bundan başqa, Natiq Sakitin özünə məxsus “X9” markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobili götürüləcək pulun qarşılığında girov qoyacağını demişdir. Elə həmin gün tanışından 15 000 manat sələmə pul götürərək, Bakı şəhəri, Xətai rayonunda yerləşən “Nəlbəki” restoranının qarşısında Natiqlə görüşmüş, Sakit də həmin vaxt çayxanada olmuş, lakin bayıra çıxmamış, münasibətləri soyuq olduğundan görüşməmişlər. Sakitdən başqa Şahid3 ilə Şahid1 da orada olmuşlar. Elə oradaca Natiqə 15 000 manat pul və özünün şəxsiyyət vəsiqəsini vermişdir ki, avtomobili baş etibarnamə ilə adına keçirsin, Natiq də Sakitin avtomobili baş etibarnamə ilə ona verəcəyini bildirmişdir. Natiqə avtomobili Ayna Soltanova prospektində, dayısına məxsus ofisin qarşısında saxlamağı tapşırmış, qalan pulu da adına etibarnamə verilən kimi verəcəyini deyib getmişdir. Səhəri gün Sakit onun adına baş etibarnamə vermiş və avtomobili Ayna Soltanova prospektində yerləşən “Ramin” şadlıq sarayının qarşısında saxlamışdır. Avtomobili Sakit sürüb gətirmiş, qalan 15 000 manat pulu da Sakitin yanında Natiqə vermişdir. Razılığa görə pul bir ay müddətində sələmə verilmiş, faktiki olaraq 30 000 manat versə də, 35 000 manat kimi hesablanmalı imiş, çünki 5000 manat Natiqlə arasında bölünəcəkdi. Sakit 35 000 manatdan əlavə faiz kimi 2800 manat da verməli idi. Həmin pulla Sakit iş görüb qazanc əldə edəcəkdi. Natiqlə razılaşmışlar ki, avtomobil bir ay müddətində dediyi yerdə girov kimi qalsın, avtomobildən istifadə etməyəcək, pul qaytarılandan sonra isə etibarnamə ləğv olunacaqdır. Natiq 30 000 manatdan ona 600 manat vermişdir ki, istəyirsə avtomobili onun adına keçirsin, lakin adına keçirmək istəməmiş və həmin 600 manatı da elə Natiqin təklifi ilə aralarında bölmüşlər. Təxminən bir ay sonra Sakit ona zəng vurub demişdir ki, ümumi tanışları Əhliman Ağayevdən bir ayın faizi kimi 2800 manat pul götürsün. Sakitə belə danışmadıqlarını desə də, Babək prospektində Əhlimandan 2800 manat pul almışdır. Növbəti ayda da Sakit pulu verə bilməmiş, ikinci ayın faiz pulunu vermək istəsə də, razılaşmayaraq borcun tam qaytarılmasını tələb etmişdir, çünki pulu bir ay müddətində qaytarmaq şərtilə vermişdi. Sakitə demişdir ki, borca verdiyi pulu sələmə götürüb, əgər borcunu verə bilməsə, avtomobili satacaqdır. Bundan sonra Sakit ondan xəbərsiz adına olan etibarnaməni ləğv etdirmiş və pulu da verməmişdir. Altı-yeddi ay ərzində 23 000 manata yaxın faiz yarandığından məcbur qalıb saxta sənədlə avtomobili adına sənədləşdirmişdir ki, satıb Sakit üçün götürdüyü pulu və faizi qaytarsın. Halbuki, Sakit ona avtomobili girov kimi vermişdi ki, pulu qaytarmayacağı təqdirdə avtomobili satsın. Natiq də ona demişdir ki, Sakit ona bildirib ki, əgər pulu vaxtında qaytara bilməsə, avtomobili sata bilər, ona görə də avtomobili baş etibarnamə ilə vermişdir. Hətta Sakitə sələmə verdiyi puldan 600 manatı Natiq ona vermişdir ki, avtomobili girov kimi alqı-satqı yolu ilə adına və ya istədiyi yaxın adamın adına sənədləşdirsin, əgər Sakit pulu qaytarsa, yenidən Sakitin adına sənədləşdirsin. Belə olan halda bir ay ərzində iki dəfə alqı-satqıya getməyin mənasız olduğunu düşünüb, bunu etməmişdir. Düşünmüşdür ki, Sakit sahibkarlıq fəaliyyəti ilə məşğuldur və həmin pulu qaytarmaq onun üçün çətin olmaz, bundan başqa münasibətləri soyuq olsa da, aralarında inam vardı. Göstərdiyi səbəblərdən avtomobili adına sənədləşdirməmiş, Sakit isə pulunu qaytarmaq əvəzinə verdiyi baş etibarnaməni ləğv etdirmişdir”.
6. Cinayət işi üzrə şahid qismində dindirilmiş Cavabdeh2 ifadəsində göstərmişdir ki, “İddiaçı illərdir tanıyır, şərikli avtomobil alqı-satqısı ilə məşğul olmuşlar. Bu müddətdə İddiaçı külli miqdarda, yəni 100 000 manat borcu olduğu dövrlər də olmuş, ondan borca pul alıb iş görmüş, sonra hissə-hissə borcunu qaytarmışdır. Təxminən üçdörd il əvvəl aralarında narazılıq yarandığından münasibətləri soyumuşdur. Şahid2 ortaq tanışlarıdır, aralarında yaxşı münasibət olmuş, birlikdə avtomobil alqı-satqısı ilə məşğul olmuşlar. Şahid2 30 000 manat borcu olmuş, bundan başqa birgə tanışları Əhliman Ağayevdən 2019-cu ildə bir neçə avtomobili nisyə aldığı üçün sonuncuya da 100 000 manatdan artıq borcu yaranmışdır. Həmin avtomobilləri Abşeron rayonu, Xırdalan şəhərində bina tikintisi ilə məşğul olan Emil Səməndərova iki ay müddətində pulunu qaytarmaq şərtilə vermiş, lakin Emil indiyədək avtomobillərin 280 000 manat məbləğində pulunu verməmiş, bu səbəbdən də Əhlimana olan borcunu verə bilməmişdir. 2020-ci ilin yay aylarında Əhlimana olan borcunu hissə-hissə ödəyib məbləği azaltmış, bundan sonra Natiq ona təklif etmişdir ki, “X9” markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilini girov qoyub sələmə pul götürməklə ona və Əhlimana olan borcunu qaytarsın. Əlacsız qalıb Natiqlə razılaşmışdır. Natiq demişdir ki, Təbrizdən sələmə bir ay müddətində 35 000 manat pul götürər və həmin puldan 5000 manat Təbrizin pul götürdüyü şəxsə hörmət kimi veriləcəkdir. Belə ki, Təbriz pulu kimdənsə götürməli idi. Natiqin sözünə görə avtomobil girov kimi Təbrizin adına baş etibarnamə ilə verilməli, 35 000 manatdan savayı 2800 manat faiz kimi ödənilməli idi. Bu qaydalarla da razılaşmışdır. Həmin ərəfələrdə Təbrizlə münasibətləri soyuq idi. Bakı şəhəri Xətai rayonunda yerləşən “Nəlbəki” restoranında Natiq, qardaşı Şahid3 və Şahid1 ilə oturduqları vaxt Təbriz də oraya gəlmiş və danışılmış pulun bir hissəsini çayxananın qarşısında Natiqə vermişdir. Natiq avtomobili girov kimi qoymaq üçün Təbrizin adına baş etibarnamə verməsindən ötrü sonuncunun şəxsiyyət vəsiqəsini ona vermiş, o da səhəri gün, yəni 12 iyun 2020-ci il tarixdə Təbrizin adına baş etibarnamə vermiş və avtomobili onun dediyi ünvana qoydurmuşdur. Təbriz qalan 15 000 manat pulu elə onun yanında Natiqə vermiş, Natiq də həmin pulu onun razılığı ilə ona olan borcundan çıxmışdır. Növbəti ayda Əhlimandan Təbrizə 2800 manat pul verməyi xahiş etmiş, Əhliman da onun əvəzindən Təbrizə həmin məbləğdə pul vermişdir. Həmin ərəfələrdə Natiq təklif etmişdir ki, Emil Səməndərova on altı gün müddətində geri qaytarmaq şərtilə 20 000 manat pul lazımdır, pulu geri qaytaranda əlavə 4000-5000 manat pul verəcək. Hətta Natiq onu Emilin yanına aparmış, Emil Natiqə həmin vədləri vermiş, lakin o, Emillə danışmamışdır. Bununla belə, 20 000 manat pulu sələmə götürüb Natiqə, o da həmin pulu onun iştirakı ilə Emilə vermişdir. Emil hələ də onun pulunu qaytarmamış, Natiq də Emilə zamin durduğu üçün Emildən həmin pulu tələb etməmiş, 20 000 manat pulu və faizini qaytarmaq üçün avtomobili satıb borcu bağlamışdır. Natiq pulu vermədiyi üçün ona demişdir ki, həmin pulu ona olan 30 000 manat borcundan çıxar və bundan sonra baş etibarnamə ilə verdiyi avtomobili geri istəyir. Ona görə də, Natiqlə olan razılaşmanı pozmuş və Təbrizin adına verdiyi etibarnaməni ləğv etdirmişdir. Təbriz avtomobili ona qaytarmamış və pulunu istəmişdir. Təbrizə demişdir ki, pulunu Natiqdən alsın, Təbriz isə saxta sənədlə avtomobili adına keçirmişdir. Təbriz bu yolla avtomobili adına keçirib, geri qaytarmadığı, həmçinin ilkin izahatında yalandan guya avtomobili ondan 60 000 manata satın aldığını dediyi üçün izahat və ifadələrində yalandan göstərmişdir ki, guya avtomobili Təbrizə icarəyə vermişdir, halbuki, icarəyə deyil, girov kimi vermişdir. Təbriz ona qarşı dələduzluq etməmişdir. Hazırda Təbrizin ona borcu yoxdur və avtomobil ona qaytarıldığı üçün Təbrizdən şikayətçi deyil”.
7. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, “İddiaçı və Cavabdeh2 illərdir tanıyır. Cavabdeh2 İddiaçı vasitəsi ilə tanımışdır. 2020-ci ilin yay aylarında Sakitin ona 40 000 ABŞ dolları, tanışı Əhliman Ağayevə isə külli miqdarda borcu olduğundan pula ehtiyacı yaranmışdır. Həmin vaxtlar Təbriz ilə Sakitin münasibəti olmamış, ünsiyyət saxlamamışlar. Əhliman pulunu tələb etdiyi üçün Sakit öz razılığı ilə öz avtomobilini girov qoymaqla sələmə pul götürüb borcunu verməyə razılaşmış, ona Təbrizdən əlaqələri geniş olduğu üçün sələmə pul götürməyi təklif etmiş, razılığını alandan sonra Təbrizdən xahiş etmişdir ki, sələmə pul tapsın. Sakitlə belə razılığa gəlmişlər ki, Təbrizdən 35 000 manat pul alacaqlar və 5000 manat pul Təbrizin pul götürəcəyi şəxsə şapka kimi veriləcəkdir. Təbrizlə bu barədə razılaşmışlar. Təbriz pulu bir ay müddətində geri qaytarmaq şərtilə verəcəyini bildirmişdir. Sakit 35 000 manatdan savayı 2800 manat da qaytarmalı idi və buna da razılaşmışlar. Təbriz pulun 15 000 manatını Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Nəlbəki” çayxanasının qarşısında ona vermişdir. Həmin vaxt qardaşı Şahid3 ilə dostu Şahid1 da orada olmuşlar. Təbrizin şəxsiyyət vəsiqəsini adına baş etibarnamə verməsi üçün Sakitə vermiş, səhəri gün Sakit Təbrizin adına etibarnamə verəndə, sonuncu da pulun qalan 15 000 manatını ona vermiş, 5000 manatı isə Təbrizlə aralarında bölmüşlər. Sakit avtomobili Təbrizin dediyi ünvana göndərmişdir. X8 pulu qaytara bilmədiyi üçün onun adına verdiyi etibarnaməni ləğv etdirmişdir. Alınan pulun 15 000 manatını Əhlimana vermişdir və sonuncu özü də bunu təsdiq edə bilər. Bundan başqa, Sakit dostu Tural adlı avtomobil alverçisindən nisyə “BMW” markalı avtomobil aldığı üçün 14 000 ABŞ dolları borcu qalmış, Tural onun xahişi ilə Sakitə nisyə avtomobil verdiyindən və Sakit də borcunu qaytara bilmədiyinə görə Tural ondan pulunu istəmiş, o da bu səbəbdən qalan pulun 7000-8000 manatını Turala vermiş, bir hissəsini isə Sakitin ona olan borcundan silmişdir.”
8. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “İddiaçı və Cavabdeh2 təxminən iki il olar tanıyır, aralarında ədavət və ya düşmənçilik olmamışdır. İddiaçıla Cavabdeh2 arasında ara-sıra iş birlikləri olmuşdur. Belə ki, bir neçə dəfə Təbriz Sakitin vədinə əsasən müəyyən tikinti işlərini görüb gəlir əldə etmək üçün ona pul vermiş, 2020-ci ilin yay aylarından isə münasibətləri soyumuşdur. X10 verdiyi pulları sonuncunun düzgün idarə etməməsi səbəbindən əldə etdiyi gəlirdən ona az miqdarda pul qazandığını deməsindən şübhə etməsi olmuşdur. Həmin vaxtlar Sakitin pula ehtiyacı yaranmış, ortaq tanışları Seyidov X5 xahiş etmişdir ki, Sakitə 35 000 manat pulu bir ay müddətində üzərində əlavə 2800 manat gəlir götürməklə borca versin, qarşılığında isə Sakit özünə məxsus “X9” markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə ilə ona girov qoyacaqdır. Təklif Natiqin vasitəsi ilə Sakitdən gəlmiş, bundan sonra Bakı şəhəri, Xətai rayonu, H.Salani küçəsində yerləşən “Nəlbəki” kafesində Natiq, Sakit və Natiqin qardaşı Mirəyyubla birlikdə olduqları vaxt Sakit bir daha təsdiq etmişdir ki, pula ehtiyacı olduğundan Təbrizdən borca pul istəyib, qarşılığında avtomobilini etibarnamə ilə girov qoyacaqdır. Az sonra Təbriz də oraya gəlmiş və yanlarında Sakitə 17 500 manat pul verib demişdir ki, pulun qalan yarısını da avtokrana dair etibarnaməni ona təqdmi edəndən sonra verəcəkdir. Həmin vaxt bilmişdir ki, Sakitin avtomobili anasının adınadır və etibarnamə Sabirabad rayonunda verilməli olduğundan Təbrizin adına etibarnamə verilməsi bir gün sonraya qalmışdır. Bu məqsədlə hələ kafedə olduqları vaxt Təbriz öz şəxsiyyət vəsiqəsini Sakitə vermişdir. Səhəri gün Sakit, Natiq və Təbriz birlikdə görüşmüşlər, Sakit Təbrizə etibarnaməni verəndən sonra Təbriz qalan pulu Sakitə vermişdir. Təbriz Sakitə ümumilikdə 35 000 manat borc pul vermişdir. İkinci görüşdə iştirak etməsə də hadisələrdən xəbərdar olmuşdur, çünki daha sonralar dəfələrlə Sakit və Təbrizlə birlikdə görüşmüşlər. Təbriz Sakitə 35 000 manat borc verdikdən iki ay sonra Sakit ona Xırdalanda olan zaman 2800 manat pul vermişdir ki, Bakı şəhərinə gedəndə Təbrizlə görüşüb ona versin. Bundan sonra istifadəsində olan 055 204 80 09 mobil nömrəsindən Təbrizin istifadəsindəki 070 200 77 50 mobil nömrəsinə zəng edərək Sakitin ona pul vermək istədiyini, alıb-almayacağını soruşmuş, Təbriz də cavab vermişdir ki, pulu yox, ümumi borcunu istəyir, çünki Sakitlə danışığı bir ay müddətinə olmuşdur. Buna görə də Sakitdən pulu götürməmişdir. Bundan sonra aylar keçməsinə baxmayaraq Sakit borcunu ödəyə bilməmiş, dəfələrlə birlikdə görüşləri olmuş, Sakit Təbrizə təklif etmişdir ki, avtokranı Sakitin özünə arendaya verib, oradan pulunu götürsün, lakin Təbriz buna razılaşmamışdır. Bundan başqa Sakit dəfələrlə Təbrizə borcunu artırıb avtokranı qaytarmasını təklif etsə də, Təbriz ona borcunu ödəməsini, avtokran işlədə bilməməsini, bu işlərdən anlayışının olmamasını demişdir. Bir müddət keçdikdən sonra Sakit Təbrizin onun dedikləri ilə razılaşması üçün onun adına avtokrana dair vermiş olduğu etibarnaməni ləğv etdirmiş, Təbriz də Sakit onun borcunu qaytarmadığı və girov qoyduğu avtokrana dair etibarnaməni ləğv etdirdiyindən həmin avtokranı əlində saxlamaq üçün saxta sənədlə öz adına keçirmişdir.”
9. Həmin icraat çərçivəsində dindirilmiş Şahid3 ifadəsində şahidlər Şahid2 və Şahid1 ifadələrindəki xüsusatları təsdiq edərək onlarla eyni məzmunlu ifadə vermişdir.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 322.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 320.1 və 322.1-ci maddələri üzrə həmin Məcəllənin 75.1.1ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Cinayət- Prosessual Məcəllənin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, iş üzrə maddi sübut olan “Mercedes-Benz Actros” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılmasının nəzərə alınmasına hökm edilmişdir.
11. Hökmlə müəyyən edilmişdir ki, İddiaçı tanışı Şahid2 vasitəsilə ondan borc pul istəyən Cavabdeh2 bir ay müddətində geri qaytarmaq şərti ilə 11 iyun 2020-ci il tarixdə 15 000 manat, 12 iyun 2020-ci il tarixdə 15 000 manat olmaqla cəmi 30 000 manat borc vermiş, Cavabdeh2 borcun təminatı kimi faktiki olaraq atası X2 mülkiyyətində olan, lakin anası Cavabdeh1 adına sənədləşdirilmiş “Mercedes-Benz Actros” markalı **- FH-*** dövlət qeydiyyat nişanlı avtokranı və avtokrana dair sərəncam vermə hüququnu girov qismində 12 iyun 2020-ci il tarixdə notarial qaydada təsdiq olunmuş “nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamə əsasında İddiaçı vermiş, Cavabdeh2 borcu geri qaytara bilmədiyindən və onun adına verdiyi etibarnaməni ləğv etdirdiyindən İddiaçı Cavabdeh1 20 iyul 2020-ci il tarixdə ölməsi və sözügedən avtomobili ona miras qoymasını təsdiq edən şəhadətnaməni istifadə etmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə qanunsuz hazırlamaqla 19 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosessi 4 ünvanda yerləşən inzibati binasında həmin saxta şəhadətnamədən bilə-bilə istifadə etməklə Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Mülki Məcəlləsi və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mülkiyyət hüququ ilə bağlı davranış qaydalarına zidd olaraq qanuniliyi Cavabdeh2 tərəfindən təkzib edilməsinə baxmayaraq “Mercedes-Benz Actros” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtokrana mülkiyyət hüququna dair AE seriyalı 019618 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini adına alaraq özbaşına mülkiyyətinə keçirməklə zərərçəkmiş şəxs Lələxan Qəhrəmanova 60 000 manat məbləğində mühüm ziyan vurmuşdur.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli hökmündən şikayət verilməmiş, hökm qanuni qüvvəyə minmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
13. İddiaçı (iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (cavabdeh və ya cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, dəymiş ziyanın əvəzi olaraq 30 000 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan ** FH *** dövlət qeydiyyat nişanlı “X11” markalı avtonəqliyyat vasitəsinə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına ona ödənilməli olan 30 000 manatın ödənilməsi, tələbi ödənildikdən sonra avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdeh-mülkiyyətçiyə qaytarılması, tərəfindən ödənilmiş 182 manat dövlət rüsumunun, vəkilin göstərdiyi hüquqi yardıma görə müvafiq müqaviləyə əsasən vəkil qurumuna ödədiyi 320 manatın cavabdehlərdən alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı iddia tələbini işin faktiki hallarına uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, cinayət işinin ibtidai istintaqı zamanı Cavabdeh2 anası Cavabdeh1 müəmmalı surətdə dindirilməmiş, cinayət prosesindən kənarda saxlanılmışdır. Halbuki, “Mercedes-Benz Actros” markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtokranın mülkiyyətçisi məhz Cavabdeh1 olmuş və o, tanışı Şahid2 vasitəsilə ondan borc pul istəyən Cavabdeh2 bir ay müddətində geri qaytarmaq şərti ilə verilmiş 30 000 manat borcun təminatı kimi X2 deyil, məhz Cavabdeh1 mülkiyyətində olan avtokranı və avtokrana dair sərəncam vermə hüququnu girov qismində qəbul etmişdir. Cavabdeh2 borcu geri qaytara bilmədiyindən və onun adına verdiyi etibarnaməni ləğv etdirdiyindən, Cavabdeh2 anası Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır, vurulmuş ziyanın əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir.
15. İddiaçı iddia tələbinin hüquqi əsası kimi, Mülki Məcəllənin 21.1-ci, 385.1-ci, 1091.1-ci və 1091.2-ci, Mülki-Prosessual Məcəllənin 82.4-cü maddələrinə istinad etmişdir.
16. Cavabdeh2 iddia tələbinə qarşı yazılı etiraz təqdim etmiş, etirazında göstərmişdir ki, onunla iddiaçı arasında hər hansı borc müqaviləsi mövcud deyil, iddiaçının qeyd etdiyi 35 000 manat ona verilməmiş, həmin məbləğ iddiaçı ilə Şahid2 arasında bölüşdürülmüşdür. Onunla iddiaçı arasında münasibətlər soyuq olmuşdur və iddiaçının ona borc verməsi ümumiyytlə ağlabatan deyil. Onun etibarnaməni verməkdə məqsədi Natiqə kömək etmək olmuş, buna görə də 1 ay müddətinə iddiaçının adına etibarnamə vermişdir. Etibarnaməni ləğv etdikdən sonra isə bu barədə iddiaçıya xəbər vermişdir. Onların əsl məqsədi cavabdehlərə məxsus avtokranı ələ keçirmək olub, hesab edirlər ki, iddiaçının tələbi əsassızdır.
17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) göndərilməsi qərara alınmışdır.
18. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək iddia tələblərinin təmin olunmasını xahiş etmiş, Cavabdeh2 iddianın əsassız olduğunu bildirmiş, digər cavabdeh isə məhkəməyə gəlməmişdir.
19. Cavabdehlər tərəfindən məhkəməyə iddiaya qarşı etiraz göndərilmiş, etirazda aşağıdakılar göstərilmişdir: “İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci və 322.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş şəxsdir. Belə ki, İddiaçı qabaqcadan bir qrup şəxslərlə cinayət əlaqəsinə girərək, Cavabdeh1 adına saxta ölüm kağızı düzəltdirərək, cinayət əməllərini davam etdirərək, anasının adından saxta vərəsəlik açdıraraq, şəxsi mülkiyyətində olan, atası X3 tərəfindən alınmış "X12” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobili 35 000 manata saxta sənədlərlə sataraq özgəninkiləşdirməyə qanunsuz yolla, cinayətkarcasına nail ola bilsələr də, sonradan qanun qarşısında cavab verərək, cinayəti törətməkdə təqsirli bilinmişdir. Törətdiyi konkret cinayət əməlinə görə cəzalandırılan və bir müddət azadlıqdan məhrum edilərək həbsdə olan məhkumun irəli sürdüyü saxta iddia heç bir qanuna və normativ akta əsaslanmır. İddiaçı və Şahid2 Elşin oğlunun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində verdiyi ifadələrindən görünür ki, hər ikisi qabaqcadan əlbir olaraq onun adından və ondan xəbərsiz istifadə edərək 35 000 manatı öz aralarında bölüşmüşlər. Əgər həqiqətən pul alınıbsa, ümumiyyətlə onların dediyi kimi, həmin məbləğ reallıqda və faktiki olmamışdır. Görünür onların əvvəldən niyyətləri onun adından istifadə edərək maşını əlindən almaq olub. Cinayətkar niyyətlərini bir müddət reallaşdıra biliblər və sondakı nəticə də məlumdur. 12 iyun 2020-ci il tarixdə Şahid2 İddiaçı pulu alıb ona verəcəkdisə, niyə pulu onun yanında alanda, pulu həmin anda ona verməmiş və ya bu barədə Təbrizə heç nə deməmişdir?. Axı onların uydurmalarına və bildirdiklərinə görə guya o pul ona çatmalı imiş. Digər tərəfdən, Təbrizlə arasında ziddiyyət olduğu bir dövrdə Təbriz ona pul verməzdi. O, maşını Natiqi vəzyyətdən çıxartmaq üçün Natiqin vasitəsi ilə açıq-aydın şəkildə heç nəyi gizlətmədən 1 ay müddətinə etibarnamə ilə Təbrizin adına rəsmləşdirmişdir. Qeyd edilən müddətin tamamından sonra Təbriz ilə arasında narazılıq olsa da, əlaqələri olmasa da, Təbrizi maşının etibarnaməsini ləğv etdirəcəyini xəbərdar edib, sonra da etibarnaməni açıqaydın formada ləğv etdirmişdir. Digər tərəfdən Binəqədi Rayon Məhkəməsində ondan pulun tələbi barədə heç bir ifadəsi və tələbi, xahişi olmamışdır. Mülki qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında borc öhdəlikləri mütləq yazılı müqavilə şəkilində və təsdiq edilmiş formada rəsmləşdirilməlidir. Tərəflər arasında belə bir yazılı öhdəlik yoxdur. Digər tərəfdən uydurma ziyanın anasının mülkiyyətində olan 99 FH-171 dövlət qeydiyyat nişanlı “X12” markalı avtomobilə yönəldilməsi tələbi hüquq və qanunvericilik sistemində yeni kəşf olar. Avtomobil heç bir halda uydurma borcun tutulma obyekti ola bilməz. Digər tərəfdən bu hüquqi fakt üzrə Azərbaycan Respublikasının adından çıxarılan və qüvvədə olan məhkəmə hökmü vardır. Həmin vəsaitin ona heç bir bağlılığı yoxdur və uydurulan məbləği görməmiş və almamışdır. Bu şəxslər qanunsuz yolla varlanmaq naminə çəkinmədən cinayət hadisəsi törətmişlərsə, deməli istənilən şəxsə böhtan atıb, onu şantaj da edə bilərlər. İddiaçı bu əməlləri ilə vəziyyəti daha da gərginləşdirərək, gələcəkdə baş verə biləcək qarşısı alınmaz hadisələrin törədilməsinə zəmin yaradır. Ona görə bu baxımdan onun barəsində məhkəmə məsuliyyəti müəyyən edilməli və qanunsuz əməllərindən çəkindirmək üçün qanuna müvafiq tədbirlər görülməlidir. İddianın kökündə heç bir hüquqi əsaslandırma və hüquqi sübutlar olmadığına və normativ aktların tələbləri pozulduğuna görə rədd edilməlidir”.
20. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, “hər iki tərəfi tanıyır. İddiaçı pulun yarısını bir dəfə, digər yarısını da sonra vermişdir. 15 000, ya da 17 000 vermiş, sonra da qalan hissəsini vermişdir. 1800, ya da 1700 manat faiz kimi ona verilmişdir ki, iddiaçıya versin. Təbrizə demişdir ki, 1700 faiz məbləğ verilib, Təbriz də qəbul etməmişdir ki, belə danışılmamışdı. Beləcə mübahisə yaranmışdır. İddiaçı “Nəlbəki” restoranının yanında maşından götürüb pulu vermişdir. Məbləğ dollarla onun yanında verilmişdri. Natiqlə Təbriz puldan 5000 manat xeyir götürməli idilər”.
21. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, “hər iki tərəfi tanıyır. 15 000 manatı Xətaidə, çay evində Təbriz Sakitə vermiş, pulu verəndən sonra yük maşını onların həyətinə getmişdir. Sakitin Əhlimana borcu var idi və Təbrizdən pulu götürüb ona verdi. O, ilk dəfə yanlarında olmuşdur. Sonradan bilmişdir ki, aralarında problem olubdur”.
22. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, “hər iki tərəfi tanıyır. texnikası olan Sakitin Əhliman adlı şəxsə borcu var idi. Təbrizdən pul alıb ona vermişdir. Təbrizə demişdir ki, 1 aylıq 30 000 manat pul lazımdır. Təbriz 15 000 məbləği "Nəlbəki” restoranının qabağında, 15 000 də Ayna Sultanovada vermişdir. 1 ay vaxt verilmişdi. 1 ay faiz verdi, 2-ci ayda sıxıntılar oldu və verə bilmədi. Sakit 2-ci dəfə pul göndərəndə, Təbriz qəbul etmədi ki, 1 aylıq danışılmışdı. 35 000 məbləğdən 5000 qazanc götürmüşdür”.
23. Bakı Kommersiya Məhkəməsinin 29 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin rədd edilməsi qət olunmuşdur.
24. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında hər hansı müqavilənin bağlanması, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsinə yönələn razılaşma mövcud deyil (borc, girov və ya ipoteka müqaviləsi). Belə ki, iddiaçı şifahi qaydada bağlanmış borc müqaviləsinə əsaslanaraq cavabdehlər tərəfindən ona ziyan vurulduğunu qeyd etsə də, bununla ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir.
25. Məhkəmə şahid ifadələrini də mötəbər sübut kimi qəbul etməmiş, iddiaçının sübutetmə yükünü yerinə yetirməməsini və cavabdehlərin borcu etiraf etməməsini əsas gətirərək belə qənaətə gəlmişdir ki, tərəflər arasında öhdəlik münasibətləri mövcud deyil. Məhkəmə vurğulamışdır ki, razılaşma iddiaçı ilə Natiq adlı şəxs arasında olmuş, qeyd olunan məbləğdə pul vəsaiti də Natiq adlı şəxsə verilmişdir.
26. İddia tələbinin “tutmanın Cavabdeh1 mülkiyyətində olan **-FH-*** dövlət qeydiyyat nişanlı "X11” markalı avtonəqliyyat vasitəsinə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməli olan 30 000 (otuz min) manat pul vəsaitinin ödənilməsi, iddiaçının tələbi ödənildikdən sonra avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdehmülkiyyətçiyə qaytarılması” hissəsinə münasibətdə məhkəmə vurğulamışdır ki, tutmanın əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və s. tələblər əsas öhdəliyin icrasının təmin edilməsi üsulu kimi əmlak girov və ya ipoteka ilə yüklü edildiyi zaman məhkəmə qaydasında baxıla bilər. Digər hallarda tələbin hansısa konkret əmlaka yönəldilməsi icra icraatı qaydasında həll edilir.
27. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1, 269.1, 269.11, 270.1, 309.1, 385.1-ci, 386.1-ci, 389, 739.1, 739.2, Mülki Prosessual Məcəllənin 14.2-ci, 76.1 77.1-ci, 82.4-cü, 107, 119.1-ci, 218.3-cü maddələrinə istinad etmişdir.
28. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz
29. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
30. Məhkəmə iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh2 şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdeh isə məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
32. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
33. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
34. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
35. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
37. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
38. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
39. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir.
40. Maddə 431.3. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir.
41. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
42. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
43. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
44. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
45. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
46. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
47. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
51. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
52. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
56. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
57. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
58. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
60. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutlara düzgün qiymət verməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, hüququn tətbiq edilməsində səhv buraxmışdır.
61. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
62. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
63. İddiaçı, Cavabdeh2 şifahi razılaşma əsasında 30 000 manat borc verdiyini və adı çəkilən cavabdehin borcu qaytarmadığını irəli sürür, Cavabdeh2 isə buna etiraz edərək bildirir ki, iddiaçı ilə arasında hər hansı borc münasibəti mövcud olmamışdır.
64. Kollegiya ilk növbədə qeyd edir ki, qanunvericilikdə hər hansı müqavilə ilə bağlı forma tələbi olduğu halda, müqavilə həmin formaya riayət edilməklə bağlanmalıdır - əks təqdirdə həmin müqavilənin etibarsızlığı irəli sürülə bilər (§ 34, 37). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (“Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2004-cü il tarixli Qərarı).
65. İşin hallarından görünür ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamışdır – halbuki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş maddi hüquq norması (§ 44) borc müqaviləsinin yazılı formada bağlanmalı olmasını tələb edirdi. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “...Müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir.”
66. Bununla yanaşı qeyd olunmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
67. Bu kontekstdə kollegiyanın qənaətinə görə, iddiaçının iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin borc müqaviləsi ilə bağlı müddəaları deyil, öhdəliyin üçüncü şəxs tərəfindən icrasının hüquqi nəticələri ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.
68. Belə ki, Cavabdeh2 özünün bildirdikləri əsasında, eləcə də qanuni qüvvədə olan hökmlə müəyyən olunur ki, onun Şahid2 30 000 manat, həmçinin Əhliman Ağayevə müəyyən məbləğdə borcu olmuş, Şahid2 “X9” markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilini girov qoyub sələmə pul götürməklə borclarını qaytarmağı Cavabdeh2 təklif etmiş, Cavabdeh2 İddiaçı bir ay müddətində sələmə 35 000 manat pul götürülməsi barədə Şahid2la razılaşmış, İddiaçı onun yanında Şahid2 verdiyi 30 000 manatı Natiq ona olan borcundan çıxmışdır.
69. Beləliklə müəyyən olunan odur ki, Cavabdeh2 Şahid2 olan 30 000 manat borc öhdəliyi onun özünün razılığı ilə üçüncü şəxs (İddiaçı) tərəfindən icra edilmiş (§ 39), bununla da Şahid2 Cavabdeh2 qarşı olan tələbi İddiaçı keçmişdir (§ 40).
70. Başqa sözlə, Cavabdeh2 iddiaçı qarşısında yaranmış öhdəliyi konkret müqavilə münasibətindən deyil, qanundan yaranan öhdəlikdir (§ 40).
71. Bu kontekstdə kollegiyanın qənaətinə görə iddiaçı, Cavabdeh2 müvafiq pul vəsaitinin xeyrinə tutulmasını tələb etməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsinin həmin tələb üzrə gəldiyi nəticə əsaslı hesab oluna bilməz.
72. Şərh olunanları ümumiləşdirməklə və Cavabdeh2 sonradan İddiaçı 2800 manat qaytardığını nəzərə almaqla kollegiya hesab edir ki, sözügedən iddia tələbi qismən təmin olunaraq Cavabdeh2 27 200 manat iddiaçının xeyrinə tutulmalıdır.
73. Şahid2, Əhliman Ağayevin və İddiaçı biri-biriləri, həmçinin Cavabdeh2 qarşısındakı məsuliyyətləri isə hazırkı mübahisənin predmeti deyildir və buna görə də kollegiya həmin məsələyə münasibət bildirməyi zəruri hesab etmir.
74. Kollegiya iddiaçının “182 manat dövlət rüsumunun, vəkilin göstərdiyi hüquqi yardıma görə müvafiq müqaviləyə əsasən vəkil qurumuna ödədiyi 320 manatın cavabdehlərdən alınıb ona verilməsi” tələbini də qismən əsaslı sayır; belə ki, iddiaçı iddia ərizəsini verərkən 182 manat dövlət rüsumu, ona hüquqi yardım göstərən vəkilə 320 manat xidmət haqqı ödəmişdir - prosessual qanunvericilik isə vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini, eləcə də məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid olunduğunu təsbit edir (§ 54, 55).
75. Bu baxımdan kollegiya hesab edir ki, iddia ərizəsini verərkən ödədiyi 182 manat dövlət rüsumu və ona hüquqi yardım göstərən vəkilə ödədiyi 320 manat xidmət haqqı da Cavabdeh2 alınıb iddiaçıya verilməlidir.
76. Müvafiq iddia tələblərinin digər Cavabdeh1 münasibətdə təmin olunması, eləcə də “tutmanın Cavabdeh1 mülkiyyətində olan ** FH *** dövlət qeydiyyat nişanlı “X11” markalı avtonəqliyyat vasitəsinə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına ona ödənilməli olan 30 000 manatın ödənilməsi, tələbi ödənildikdən sonra avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdeh-mülkiyyətçiyə qaytarılması” tələblərinin təmin edilməsi üçün heç bir maddi-hüquqi əsas mövcud deyildir – buna görə də kollegiya həmin məsələlərlə bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür.
77. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh2 alınıb iddiaçıya ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2908/2024 saylı iş üzrə 29 avqust 2024-cü il tarixli qətnaməsi İddiaçı “dəymiş ziyanın əvəzi olaraq 30 000 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsi, tərəfindən ödənilmiş 182 manat dövlət rüsumunun, vəkilin göstərdiyi hüquqi yardıma görə müvafiq müqaviləyə əsasən vəkil qurumuna ödədiyi 320 manatın cavabdehlərdən alınıb ona verilməsi” tələblərinin təmin olunmaması hissəsində ləğv edilsin. İddiaçı həmin iddia tələbləri qismən təmin olunsun. Cavabdeh2 öhdəliyin icrası qismində 27 200 (iyirmi yeddi min iki yüz) manat, dövlət rüsumuna görə 182 (yüz səksən iki) manat, hüquqi yardıma görə 320 (üç yüz iyirmi) manat olmaqla, cəmi 27 702 (iyirmi yeddi min yeddi yüz iki) manat tutulub İddiaçı ödənilsin. Həmin iddia tələbi qalan hissələrdə təmin olunmasın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 91 (doxsan bir) manat Cavabdeh2 tutulub İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Təranə Mahmudova Leyla Əliyeva