Məhkəmə qərarları › İş №2-2(103)-890/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-890/2024

03.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-890/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Vahid Nəriman oğlu Sadıqov və Cavid Vaqif oğlu Hüseyndən ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Cavabdeh Oqtay oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1976/2024 nömrəli qətnaməsindən Cavabdeh Oqtay oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Oqtay oğlundan 23000 manat pul vəsaitinin, 8000 manat əldən çıxmış faydanın və ödənilmiş 183 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1976/2024nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdеh Cavabdeh 23000 manat (iyirmi üç min) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135,80 manat (yüz otuz beş manat səksən qəpik) olmaqla, cəmi 23135,80 manat (iyirmi üç min yüz otuz beş manat səksən qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdeh Oqtay oğlu apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1976/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, işin halları və münasibətlərin real mənzərəsi bundan ibarətdir ki, tərəflər biznes məqsədi ilə bir-birini tanımış və niyyətləri birlikdə iş görüb, gəlir əldə etmək olmuşdur. İddiaçı qeyd etdiyi pulu məhz bu məqsədlə cavabdehə vermişdir. Verilmiş pul sərmayə məqsədli olmuşdur, yəni işin hallarından və tərəflərin də izahatlarından məlum olduğu kimi Türkiyədən mal gətirib, burada tikib satmaq və gəlir əldə etmək üçün həmin pul biznesə qoyulmuşdur. İddiaçı özü də həm iddia ərizəsində, həm də bundan öncəki Nəsimi rayon Məhkəməsində və polisdə material üzrə araşdırma zamanı verdiyi ifadələrində bunu dəfələrlə bildirmiş, pulu bisnez məqsədi ilə verdiyini qeyd etmişdir. İddiaçının özünün sonradan biznesin düzgün getmədiyini bildirməsi, anbardakı mal qalığını sayması, “Binə” bazarında özünün gəlib işlərə nəzarət etməsi, qazancın müəyyən edilməsi məqsədi ilə müstəqil maliyyə ekspertini dəvət etməsi və sair bu kimi halların hər biri tərəflərin biznes şərikliyini təkzibedilməz dərəcədə sübut edir. Hətta iddiaçının iddia tələbinə nəzər saldıqda da bunu görmək mümkündür, o qaldırdığı iddia tələbində əldə edilmiş 16000 manat qazancın yarısını, 8000 manatını da tələb etmişdir. Bütün bunlar sübut edir ki, verilmiş pul borc deyil, sərmayədir. Tərəflər arasındakı münasibət isə borc müqaviləsindən irəli gələn münasibətlər yox, birgə əməkdaşlıq haqqında şifahi müqavilədən irəli gələn münasibətlərdir. Təsadüfi deyildir ki, məhkəmə də özü əvvəlcə bu mövqedən çıxış etmişdir. Qəbul edilmiş qətnamənin 10-cu abzası: “İşin hallarından göründüyü kimi, tərəflər öz aralarında şifahi qaydada birgə əməkdaşlıq barədə razılaşmış, iddiaçı hissə-hissə olmaqla, 2021-ci ilin mart ayının əvvəlinə qədər ümumilikdə 45500 manat pul vəsaitini Cavabdeh Oqtay oğluna vermişdir”. Bura qədər olan hissə işin mübahisəsiz halıdır. Mübahisəli hal isə tərəflərin ortaq biznesinin gəlir gətirib-gətirməməsi, əldə edilmiş gəlirin düzgün bölünüb-bölünməməsi və birgə əməkdaşlığın qaydalarının kimin tərəfindən pozulması və bunun nəticəsində kimin öhdəlik daşımasından ibarətdir. Məhkəmə bu hala qiymət verməli və tərəflər arasında olan mübahisəni məhz bu aspektdən yanaşaraq həll etməyə çalışmalı, öhdəliyin kimin tərəfindən pozulmasını və bundan sonra kimin-kimə qarşı hansı öhdəliyinin olmasını, pulun qaytarılıb-qaytarılmamalı olduğunu müəyyən etməli idi. Çünki iddiaçının da, cavabdehin də çəkişməsi bu istiqamətdədir. Bunu iddia ərizəsindən və cavabdehin verdiyi etirazdan da görmək mümkündür. Məhkəmə isə iddiaçı və cavabdehin, eləcə də özünün istinad etdiyi birgə əməkdaşlıq münasibətlərini kənara qoyaraq, borc müqaviləsinə dair müddəaları tətbiq etmiş və tərəflərin arasındakı mübahisəni borc mübahisəsi adlandırmışdır. Buna isə məhkəmənin bir arbitr kimi ixtiyarı və səlahiyyəti yox idi. Məhkəmə tərəflərin Yasamal RPİnin 28-ci PB-də verdiyi ifadələrinə istinad edərək, onların verdiyi ifadələrdəki sözləri borc müqaviləsinin şərtləri kimi nəzərə almış və yeni konsensual müqavilə kimi onlara qiymət vermişdir. Göründüyü kimi, Bakı Kommersiya Məhkəməsinin iddiaçı və cavabdehin polis orqanında verdiyi ifadələrinə istinad edərək, iddia tələbinin hüquqi əsasını özbaşına dəyişərək (iddiaçı və cavabdeh birgə fəaliyyət haqqında müqaviləyə istinad edir və çəkişmələrini həmin müqavilə üzərində aparırlar), polis orqanında verilmiş ifadəyə müqavilə kimi qiymət verməsi və həmin ifadələrin öhdəliyin şərtlərini müəyyən etməsini bildirməsi hüquq fəlsəfəsinə tamamilə ziddir. Həmçinin, məhkəmə iddiaçının polisdə verdiyi ifadəsində guya cavabdehin həmin pulu 2022-ci ilin sentyabrında qaytaracağına söz verdiyini qeyd etməsini də, cavabdeh tərəfindən öhdəlik kimi qəbul etmiş və sonda belə nəticəyə gəlmişdir ki, cavabdeh polisdəki yeni konsensual əqdin tələblərinə riayət etməmiş və öhdəliyini pozmuşdur. Halbuki, cavabdeh sentyabrda qaytarmaq barədə heç bir fikir bildirməmişdir. Məhkəməyə göndərdiyi etirazda həmin pulun mal qalığında olduğunu, malları əvvəlcə iddiaçıya təklif etidyini, o götürmədiyi üçün satılması üçün mağazalara payladığını və hazırda da mağazalarda olduğunu qeyd edir. Polisdə də bucür bildirmiş və mallar satıldıqdan sonra pulu böləcəyini qeyd etmişdir. Cavabdeh hazırki məhkəmə baxışında bu xüsusatları göstərməklə yazılı etiraz vermiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə həmçinin cavabdehin etirazını əsassız sayır və hesab edir ki, tərəflər şifahi qaydada iradə ifadə edərək, öz aralarında razılaşaraq yeni öhdəlik mü əyyən etmiş və cavabdehin öhdəliyi qalıq məbləğin qaytarılmasından ibarət olmuşdur. Ona görə də cavabdehin hazırkı etirazı əsaslı sayıla bilməz. Məhkəmənin yuxarıda göstərilən yanaşması hüquq elmində bir ilkdir. Çünki, ilk dəfədir ki, tərəflərin polis orqanında, bir-birini görmədən, ayrı-ayrılıqda verdiyi ifadələrinin əqd qüvvəsinə malik olduğu təsbit edilir. Bu isə əqdlərə, müqavilələrə dair qanunvericliyin tələblərinə və mövcud məhkəmə təcrübəsinə, Konstitusiya məhkəməsinin və Ali Məhkəmənin mövqeyinə tamamilə ziddir. Polisdə verilmiş ayrı-ayrı ifadələrə qarşılıqlı razılıq kimi qiymət verib, həmin ifadələri yeni konsensual əqd kimi qiymətləndirib, tərəflər üçün öhdəlik müəyyən edən müqavilə kimi istinad edilməsi yol verilməzdir, bu qərar qüvvədə qalmamalı, yanlış presedent yaratmamalıdır. Həmçinin məhkəmə iddiaçının biznes qurmaq üçün qoyduğu pulu, sonradan borc kimi adlandırıb geri qaytarmaqla, yeni bir təcrübəyə yol açır. Çünki, azad bazar iqtisadiyyatının mövcud olduğu ölkəmizdə, hər gün saysızhesabsız biznes şəriklikləri yaranır, fiziki və hüquqi şəxslər şifahi və ya yazılı müqavilə bağıayaraq ortaq işlər görməyə, biznes yaratmağa və gəlir əldə etməyə başlayır. Təbii ki, hər bir qurulan iş uğurla nəticələnmir, qazananlardan çox itirənlər, inkişaf edən bizneslərdən daha çox batan biznes şəriklikləri mövcud olur. Belə olan halda tərəflər həm uğura, həm də riskə görə birgə məsuliyyət daşıyırlar. Lakin, hazırki yanaşma, yəni biznesə qoyulan pulun sonradan həmin biznes alınmadığı halda borc kimi qiymətləndirilib geri alınması müqavilə azadlığı prinsipinə zidd olmaqla, mülki dövriyyə iştirakçılarının da hüquq və maraqlarına əhəmiyyətli dərəcədə zərbə vurmuş olur. Bu səbəbdən belə yanaşma, həm də tərəflərin tələb etmədiyi halda məhkəmənin münasibətə belə yanaşması, birgə fəaliyyət üçün qoyulmuş pula borc statusu verib, onun geri ödənilməsini qət etməsi tamamilə yanlış yanaşmadır. MPM-nin tələbindən də görünür ki, məhkəmə qanunu səhv təfsir etmiş, birgə fəaliyyət haqqında müqaviləyə istinad edildiyi halda, olmayan borc müqaviləsinə istinad etməklə, borc müqaviləsinə dair normaları tətbiq etmiş və bununla da tətbiq edilməməli normanı tətbiq etmişdir. Bu hal apelyasiya qaydasında ləğv üçün əsasdır. Həmçinin, məhkəmə müstəqildir və yalnız məhkəmə iclasında özü tərəfindən tədqiq edilmiş sübutlara istinad etməlidir. Lakin, məhkəmə tərəflərin məhkəmə iclasında dediyi fikrə yox, polis orqanının qərarında yazılmış fikirlərə istinad edir. Hətta diqqət etmək lazımdır ki, məhkəmə tərəflərin özlərinin yazdığı ifadəyə yox, material üzrə araşdırma zamanı polisin qəbul etdiyi qərarda yazılmış fikirlərə istinad edir. Çünki, hakim polis orqanından araşdırılmış materialı tələb etməmiş, oradakı ifadələri oxuyaraq özü şəxsən tədqiq etməmiş, yanlış qəbul edilmiş qərarda qeyd edilənlərə istinadla kifayətlənmişdir. Məhkəmə iclasları zamanı iddiaçının vəkili və nümayəndəsinin veridyi ifadələr birbiriilə ziddiyyətlidir, bunu məhkəmə iclaslarının audio-video yazılarına baxdıqda görmək mümkündür. Bu səbəbdən hesab edir ki, məhkəmə iclasının audio-video yaızlarına baxış keçirilməli və iddiaçının nümayəndəsi tərəfindən verilən ifadələrin iş materialları və işin halları ilə ziddiyyət təşkil etməsinə qiymət verilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh Oqtay oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

7. İddiaçı məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

9. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

10. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

11. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

12. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

13. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

14. Həmin Məcəllənin 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur.

15. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.

16. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərinin iddianın təmin olunan hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddianın təmin olunan hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində mahiyyəti üzrə düzgündür.

20. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər öz aralarında şifahi qaydada birgə əməkdaşlıq barədə razılaşmış, iddiaçı hissə-hissə olmaqla, 2021-ci ilin mart ayının əvvəlinə qədər ümumilikdə 45500 manat pul vəsaitini Cavabdeh Oqtay oğluna vermişdir. Lakin sonradan tərəflər arasında olan münasibətlər pozulmuşdur. İddiaçının cavabdehə verdiyi 45500 manat pulun 22000 manat hissəsi cavabdeh tərəfdən ona hissə-hissə qaytarılmış, qalan 23500 manat hissəsi isə qaytarılmamışdır. İddiaçı Yasamal RPİ-nin 28-ci PB-nə şikayət ərizəsi ilə müraciət etmiş, İddiaçı yazmış olduğu şikayət ərizəsi əsasında aparılan araşdırma zamanı cinayət hadisəsinin olması müəyyən edilməmiş və xx.xx.2023-cü il tarixli qərarla qeyd olunan faktda cinayət hadisəsi olmadığı üçün fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir.

21. Həmin qərardan görünür ki, iddiaçı verdiyi izahatda cavabdehin qalıq 23000 manat pul vəsaitini 2022-ci ilin sentyabr ayında qaytaracağına söz verdiyini, Cavabdeh isə verdiyi izahatında qalıq 23500 manatı hissə-hissə Aminə qaytarmağı öz öhdəsinə götürdüyünü bildirmişdir.

22. İşdən görünür ki, tərəflər arasında mülki hüquq münasibətləri yaranmış, şifahi qaydada pulun verilməsindən əlavə qazancın iddiaçıya verilməsi barədə razılaşma olmuş, iddiaçı cavabdehə hissə-hissə olmaqla ümumilikdə 45500 manat pul vermiş, cavabdeh iddiaçıya pulun 22500 manat hissəsini qaytarmış, qalan 23000 manatı hissəsini qaytarmamışdır. Cavabdeh bu pulun malda olduğunu bildirmişdir. İddiaçı isə maya pul və qazanc pulla bağlı cavabdehlə mövqeyi fərqli olduğu üçün iş birliyindən çıxmaq istəmişdir. Bu səbəblə münasibətlər sonlandırılmışdır.

23. Bundan sonra iddiaçı Yasamal Rayon Polis İdarəsinə müraciət etmiş və aparılmış araşdırma zamanı cavabdeh 23500 manat borcu olduğunu etiraf etmiş, həmçinin qaytaracağını bildirmişdir.

24. Tərəflər arasında razılıq əsasında yeni öhdəliklər müəyyən olunmuş və cavabdeh ona verilən məbləğin bir hissəsini qaytarmış, qalan hissəsini isə qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyinə əməl etməmişdir. İddia tələbinin bir hissəsini cavabdehdən 23000 manat pul vəsaitinin tutulması təşkil edir.

25. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçı ilə aralarında olan razılaşmaya əsasən öhdəliyini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin olunmalı, Cavabdeh 23000 (iyirmi üç min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

26. Məhkəmə həmçinin hesab etmişdr ki, tərəflər şifahi qaydada iradə ifadə edərək, öz aralarında razılaşaraq yeni öhdəlik müəyyən etmiş və cavabdehin öhdəliyi qalıq məbləğin qaytarılmasından ibarət olmuşdur.

27. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh cinayət təqibi orqanına verdiyi izahatında iddiaçıya borcunun olmasını və qaytarılması ilə bağlı öhdəliyinin olmasını etiraf etmişdir. Onun bu mövqeyi şikayətdə birgə ticarətlə bağlı mövqeyindən fərqlənir. Cavabdeh şikayətdə kimin təqsiri üzündən əməkdaşlığın pozulmasının, şərtin kim tərəfindən pozulmasının müəyyən edilməsinin zəruriliyini qeyd etmişdir. Halbuki cavabdeh verdiyi izahatında borcunun olmasını, hətta hissə-hissə qaytaracağına dair öhdəlik götürdüyünü nəzərə almamışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir.

28. İddiaçıya Mülki Məcəllənin yuxarıda sadalanan normaları ilə bu iddia tələbini irəli sürmək hüququ verilmişdir.

29. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh Oqtay oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1976/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar