Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-891/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-860/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, X1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 001R********** saylı krеdit razılaşması üzrə 2805.39 manat məbləğində krеdit bоrcu, 270.87 manat məbləğində faiz bоrcu və 91.45 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3167.71 manat, - 001R********** saylı krеdit razılaşması üzrə 9341.09 manat məbləğində krеdit bоrcu, 1316.83 manat məbləğində faiz bоrcu və 448.37 manat məbləğində cərimə borcu olmaqla, cəmi 11106.29 manat ümumilikdə hər iki kredit üzrə cəmi 14274 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-860/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 001R********** saylı krеdit müqaviləsi üzrə 2549,46 manat əsas borc məbləği, 270,87 manat faiz borcu və 91,45 manat dəbbə pulu; 001R********** saylı krеdit müqaviləsi üzrə 9341,09 manat əsas borc məbləği, 1316,83 manat faiz borcu və 448,37 manat dəbbə pulu və mediasiya xərcinin əvəzi olaraq 133 manat tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir.
3. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-860/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, maddi imkan cəhətdən əziyyət çəkdiyinə görə kredit aldığı pulu geri qaytara bilməyib. Lakin, bank bu halları nəzərə almamışdır. Hansıkı İddiaçı QSC bu halları nəzərə almalı idi. Qeyd etmək lazımdır ki, məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyində qeyd olunmuş əsas və faiz borcu düzgün hesablanmayaraq əsassız olaraq göstərilmişdir. Ekspert tərəfindən iş materallarındakı sənədlərə düzgün istinad edilməmiş, ekspert işin materialları ilə ətraflı tanış olmamış, işin faktiki hallarını diqqətlə analiz etməmiş, ekspertiza qarşısına qoyulmuş suallara dəqiq, qanuna uyğun şəkildə cavab verilməmişdir. Keçirilən mühasibatlıq ekspertizası zamanı ekspert tərəfindən ödənilən pul məbləğlərinin tərəflər arasında, yəni iddiaçı və cavabdeh arasında bağlanmış müqaviləyə uyğun olub-olmaması, gecikmələr üzrə tutulan faizlərin qanuna uyğun şəkildə tətbiq olunmasına hüquqi qiymət verilməmişdir. Bu səbəbdən də ekspertin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmayıb, məsələnin qanun müstəvisində həll olunması üçün qənaət bəxş deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
7. İddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
9. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
11. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
12. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
13. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərinin iddianın təmin olunan hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddianın təmin olunan hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, əsas və faiz borcu barədə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə mahiyyəti üzrə düzgündür.
17. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 027L**********04 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 001R********** saylı kredit razılaşmasına əsasən bank məbləği 7400 manat olan krediti aylıq faiz dərəcəsi 1,9167 % olmaqla 36 ay müddətinə kredit alana verilmişdir. 001R********** saylı xx.xx.2021-ci il tarixli kredit razılaşmasının ödəniş planına əsasən xx.xx.2024-cü il tarixinə kimi ödənilməli cəmi məbləğ 10344,8 manat müəyyən edilmişdir. Kreditin verilməsi barədə xx.xx.2021-ci il tarixli köçürmədən göründüyü kimi Cavabdeh2 hesabına 7400 manat məbləğində pul köçürülmüşdür. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 027L**********04 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 001R********** saylı xx.xx.2021-ci il tarixli kredit razılaşmasına əsasən bank məbləği 13600 manat olan krediti aylıq faiz dərəcəsi 1,8333 % olmaqla 36 ay müddətinə kredit alana verilmişdir. 001R********** saylı xx.xx.2021-ci il tarixli kredit razılaşmasının ödəniş planına əsasən xx.xx.2024-cü il tarixinə kimi aylıq ödənilməli cəmi məbləğ 18771,68 manat müəyyən edilmişdir. Kreditin verilməsi barədə xx.xx.2021-ci il tarixli köçürmədən göründüyü kimi Cavabdeh2 hesabına 13600 manat məbləğində pul köçürülmüşdür.
18. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən 001R********** saylı xx.xx.2021-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə əsas məbləğ üzrə borc 2805,39 manat, faiz üzrə borc 270,87 manat, cərimə borcu 91,45 manat, cərimə hesablanmış gecikdirilən günlərin sayı 163 gün olmaqla cəmi borc məbləği 3167,71 manat müəyyən edilmişdir.
19. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən 001R********** saylı, xx.xx.2021-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə əsas məbləğ üzrə borc 9341,09 manat, faiz üzrə borc 1316,83 manat, cərimə borcu 448,37 manat, cərimə hesablanmış gecikdirilən günlərin sayı 273 gün olmaqla cəmi borc məbləği 11106,29 manat müəyyən edilmişdir.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2024-cü il tarixli, 9/1506 saylı ekspert rəyinə əsasən tərəflər arasında imzalanmış 001R********** saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq sualda soruşulanlar üzrə Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə sualda soruşulan xx.xx.2023-cü il tarixə olan əsas borcu 2549,46 manat, faiz borcu 306,22 manat, ekspert rəyinin verildiyi xx.xx.2024-cü il tarixə əsas borcu 2549,46 manat və faiz borcu 628,72 manat, tərəflər arasında imzalanmış 001R********** saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq sualda soruşulanlar üzrə Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə sualda soruşulan xx.xx.2023-cü il tarixə olan əsas borcu 9358,57 manat, faiz borcu 2018,55 manat, ekspert rəyinin verildiyi xx.xx.2024cü il tarixə əsas borcu 9358,57 manat və faiz borcu 2613,34 manat müəyyən edilmişdir.
21. Kredit və zaminlik müqavilələri tərəflərin imzaları və bankın möhürü ilə təsdiq olunmuşdur.
22. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, bankla cavabdeh arasında müqavilələr bağlanmış, bank tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş məbləğində pul onun hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.
23. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçının 001R********** saylı xx.xx.2021-ci il tarixli müqavilə üzrə tələb etdiyi əsas borc məbləği ekspert rəyində göstərilən məbləğdən daha çox olduğu üçün - ekspert rəyindən göstərilən məbləğdə, faiz borcu isə ekspert rəyində daha çox müəyyən edildiyi üçün - iddia tələbində göstərilən məbləğdə, o cümlədən 001R********** saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə tələb edilən əsas və faiz borc məbləğləri ekspert rəyində göstərilən məbləğdən daha az olduğu üçün – iddiada göstərilən məbləğlərdə müəyyən edilməklə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
24. Göründüyü kimi məhkəmə əsas borcla bağlı iddia tələbində göstərilən məbləği deyil, ekspert rəyində göstərilən məbləği əsas götürmüş, ekspert rəyində faiz borcu tələbdə göstərilən məbləğdən daha çox olduğu üçün faiz borcunu tələbdə göstərilən məbləği əsas götürmüşdür. Məhkəmə həmçinin dəbbə pulunu da cavabdehin mənafeyini nəzərə alaraq azaltmışdır. Ödənişlərin nəzərə alınmaması, ekspert rəyinin mübahisəli olması şikayətdə qeyd olunsa da, cavabdehin müvafiq sübutu məhkəməyə təqdim etməsi görünmür. Ona görə apellyatorun əsas borcun və faiz borcunun düzgün hesablanmaması dəlili heç bir sübutla möhkəmləndirilmədiyindən əsassız hesab edilməlidir. Məhkəmə düzgün və qanuni nəticəyə gəlmişdir.
25. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
26. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-860/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.