Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-894/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-1605/15 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 28 avqust 2015-ci il tarixli qətnaməsindən cavabdeh 18 saylı Çörəkbişirmə Müəssisəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və X6 Agentliyi Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X2-Tədqiqat İnstitutu (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) cavabdeh 18 saylı Çörəkbişirmə Müəssisəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının balansında olan 187 kv.m qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılması və İnstituta təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 avqust 2015-ci il tarixli, 2(82)-1605/15 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh 18 saylı Çörəkbişirmə Müəssisəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və X6 Agentliyi Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X2-Tədqiqat İnstitutu iş üzrə iddiaçı qismində çıxış etməsi üçün hər hansı bir hüquqi əsas mövcud deyildir. Bundan başqa iddiaçı sözügedən ərazinin həmin institutun balansında olmasını təsdiq edən hər hansı bir sənəd - sübut təqdim etməmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi də iddiaçının 10.12.2014-cü il tarixli, RS-2334/NS- 1 nömrəli məktubuna qanunsuz olaraq əsaslanaraq, 18 saylı çörəkbişirmə müəssisəsi ilə Komitə arasında bağlanmış 23.09.2014-cü il tarixli, 6979/6190 nömrəli müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair 24.12.2014-cü il tarixli 395 nömrəli sərəncam qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.07.2019-cu il tarixli 2-2(103)-82/2019 saylı qətnaməsi apellyasiya şikayətinin təmin edilməməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 avqust 2015-ci il tarixli 2(82)1605/15 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh 18 saylı Çörəkbişirmə Müəssisəsi həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 19.05.2021-ci il tarixli 2-2(102)-1/2021 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 iyul tarixli, 2-2(103)-82/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi, cavabdehin kassasiya şikayətinin qismən təmin olunması qərara alınmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, onun balansında olan 187 kv.metr qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 18 saylı çörəkbişirmə müəssisəsinə axırıncı dəfə (ərazi 1997-ci ildən müəssisənin icarəsindədir) 2014-cü il tarixli 6979/6190 nömrəli müqavilə əsasında 16 sentyabr 2014-cü il tarixdən 30 mart 2015-ci il tarixədək olan müddətə icarəyə verilmişdir. Həmin ərazidən dövlət ehtiyacları üçün istifadə zərurətinin yaranmasını əsas tutaraq bağlanmış icarə müqaviləsinə xitam verilməsi ilə əlaqədar iddiaçı Komitəyə 10.12.2014-cü il tarixli, RS-2334/NS-1 nömrəli məktubla müraciət etmişdir. Göndərilmiş məktuba cavab olaraq Komitə tərəfindən icarə müqaviləsinə 24 dekabr 2014-cü il tarixli, 395 saylı sərəncama əsasən xitam verildiyi və icarəyə verilmiş əmlakın geri alınması ilə əlaqədar tədbirlərin görülməsinin məqsədəuyğun olduğu 04.02.2015-ci il tarixli, **********20 nömrəli məktubla bildirilmişdir. Komitədən daxil olan məktubu və icarəyə verilmiş qeyri-yaşayış sahəsinin iddiaçının balansında olduğunu əsas gətirərək əmlakın iddiaçıya təhvil verilməsi 05.02.2015-ci il tarixli, RS236/NS nömrəli məktubla cavabdehdən tələb olunmuşdur. Tələb yerinə yetirilmədiyindən ikinci dəfə 13.03.2015-ci il tarixli, RS-520/ HM nömrəli məktubla əmlakın iddiaçıya təhvil verilmədiyi halda qanunvericiliyə uyğun tədbirlərin görüləcəyi qarşı tərəfin nəzərinə çatdırılmışdır. Lakin cavabdeh iddiaçının məktublarına məhəl qoymayaraq nəinki əmlakı təhvil verməmiş, eyni zamanda həmin ərazidən qanunsuz istifadəni davam etdirmişdir. Əmlakın təhvil verilməməsi həmin ərazidə nəzərdə tutulmuş laboratoriyaların yaradılması və yeni iş yerlərinin açılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə imkan verməmişdir. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Üçüncü şəxsin nümayəndəsi bildirir ki, həmin qeyri-yaşayış sahəsi iddiaçının balansında olduğu və həmin sahəyə institutun özünün ehtiyacları olduğu üçün, institutunun müraciəti nəzərə alaraq, icarə müqaviləsi ləğv edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər, Hazırkı işdə isə həmin şərtlərin mövcud olması təsdiq olunmur. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 16 sentyabr tarixli 2-1(82)-82/2016 saylı qərarına əsasən 18 saylı Çörəkbişirmə Müəssisəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və X6 Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X2-Tədqiqat İnstitutuna qarşı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 187,0 kv.m olan icarə obyektinə dair 18 saylı çörəkbişirmə müəssisəsi ilə bağlanılmış 23.09.2014-cü il tarixli, 6979/6190 saylı icarə müqaviləsinin ləğvinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin 24 dekabr 2014cü il tarixli, 395 nömrəli sərəncamının ləğv edilməsi barədə iddia tələbi təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 10 yanvar tarixli 2-1(103)-155/19 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1396/19 saylı 01 may 2019-cu il tarixli qərardadı ilə 18 saylı Çörəkbişirmə Müəssisəsi tərəfindən Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 10 yanvar tarixli, 2-1(103)-155/19 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin olunmamış, kassasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilərək, işə həmin Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 28 aprel tarixli 2-1(102)-67/2021 saylı qərarı ilə iddiaçı 18 saylı Çörəkbişirmə Müəssisəsinin kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin X1 10 yanvar 2019-cu il tarixli, 2-1(103)-155/2019 saylı qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Sədrinin 24 dekabr 2014-cü il tarixli, 395 nömrəli sərəncamı, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 187,0 kv.m. olan icarə obyektinə dair 23.09.2014-cü il tarixli, 6979/6190 saylı icarə müqaviləsinin ləğv edilməsinə aid hissədə ləğv edilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsində isə təsbit olunmuşdur ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hazırki iş üzrə iddiaçının tələbinin təmin edilməsi üçün istinad etdiyi yeganə hal, yəni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Sədrinin 24 dekabr 2014-cü il tarixli, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 187,0 kv.m olan icarə obyektinə dair 18 saylı çörəkbişirmə müəssisəsi ilə bağlanılmış 23.09.2014-cü il tarixli, 6979/6190 saylı icarə müqaviləsinin ləğv edilməsi barədə 395 nömrəli sərəncamı ləğv edilmişdir. Bu isə onu deməyə əsas verir ki, sonuncular arasında bağlanmış icarə müqaviləsi hələ də qüvvədədir və həmin qeyri-yaşayış sahəsi cavabdeh 18 saylı Çörəkbişirmə Müəssisəsinin qanuni istifadəsindədir. Bundan başqa «İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 06 sentyabr 1997-ci il tarixli Fərmanının birinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti, müstəsna olaraq, dövlət əmlakının sərəncamçısına-Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinə həvalə edilmişdir (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti). Göründüyü kimi iddiaçı hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa da malik deyildir. Çünki həmin hüquq qanunla icarəyəverən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə) aiddir. Bununla bağlı kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından rədd olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh 18 saylı Çörəkbişirmə Müəssisəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-1605/15 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 28 avqust 2015-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və X6 Agentliyi Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X2-Tədqiqat İnstitutunun (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla) cavabdeh 18 saylı Çörəkbişirmə Müəssisəsinə qarşı iddiaçının balansında olan 187 kv.m qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılması və İnstituta təhvil verilməsi barədə iddia rədd edilsin. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-894/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-894/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver