Məhkəmə qərarları › İş №2-2(103)-896/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-896/2024

01.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-896/2024 01.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2873/2024 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı ilə Cavabdeh İB arasında 12 oktyabr 2021-ci il tarixli AMX-4041/21 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanmış, Cavabdeh İB müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq iddiaçını keyfiyyətli qazla təmin etməyi, İddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdeh tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilədə iddiaçını qaz qurğuları 1 ədəd radiator, 1 ədəd dəmir sobası, 1 ədəd təndir, 1 ədəd “PQ-4” qaz plitəsi, 1 ədəd çörək kürəsi olaraq göstərilmişdir;

2. 23 yanvar 2024-cü il tarixdə xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərini əhatə edən plandankənar yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində KY242074057 nömrəsi ilə qeydə alınmış, plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas kimi sayğacın göstəricisinin oxunması zamanısayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi; sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi; insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması göstərilmişdir.

3. 23 yanvar 2024-cü il tarixdə İddiaçı məxsus ünvan 1 ünvanında yoxlama aparılması ilə bağlı yoxlama aktı tərtib edilmiş, həmin aktda iddiaçının 1 ədəd fırını (çörək), 1 ədəd 24 kVt axımlı su qızdırıcısı, 2 ədəd təndirinin olduğu, layihədən kənarlaşma, texniki təhlükəsizlik qaydalarının pozulması, detektorların işlək olmaması, rejim sazlama işlərinin, qaz cihazlarının standarta uyğun olması barədə sertifikatın olmaması, obyekt daxilin qaz xətlərinin qapalı ərazidən keçməsi, sızmaların olması qeyd edilmişdir

4. Bundan sonra təbii qazdan istifadə qaydalarının pozulması haqqında 23 yanvar 2024-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş, müəssisədə istifadə olunan qaz cihazlarının ümumi saatlıq qaz sərfinin qaz sayğaclarının maksimal ölçmə həddindən çox olduğu qeyd edilmişdir, dəymiş ziyanın hesablanaraq ödənilməsi tələb edilmişdir; – 31 yanvar 2024-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək, 23 yanvar 2024-cü il tarixli ******* nömrəli akt əsasında “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3 /saat olduğu halda, qaz qurğularının maksimal saatlıq qaz sərfinin 14,1 m3 /saat, hesabat müddətinin 90 gün olduğunu nəzərə alaraq hesabat aparılmışdır (14,1 – 10 = 4,1 x 24 x 90 = 8856 m3 ) və iddiaçıya məxsus **********00000 nömrəli abonentin saldosunun “qalıq və aktlar” sütununa 2024-cü ilin yanvar ayı üçün 2214 manat məbləğində borc daxil edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:

1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1-də yerləşən qeyri-yaşayış sahəsinin (çörək sexi) **********00000 saylı hesabına təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən əsassız hesablanmış 2214 manat borcun silinməsi və ödənilmiş dövlət rüsumun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı fərdi sahibkar kimi vergi orqanında xx.xx.2008-ci il tarixdən qeydiyyata alınmaqla ********** saylı VÖEN-lə ünvan 1 ünvanında özünə məxsus qeyri-yaşayış sahəsində çörək sexi quraşdırmaqla çörək istehsalı ilə məşğuldur və şəhərin bir qisim əhalisinin çörək tələbatını ödəyir. Çörək sexi aidiyyəti layihə institutu tərəfindən texniki icra sənədləri tərtib edilməklə və cavabdeh ilə müvafiq alqı-satqı müqaviləsi bağlanılmaqla qazlaşdırılmışdır. İddiaçının istifadəsində olan sayğaca cavabdehin nəzarətçisi hər ay baxış keçirmiş, göstərici qeydiyyata alınaraq hesab verilmiş və göstərilən sərfiyyata uyğun ödənişlər edilmişdir. 2024-cü ilin təxminən fevral ayında ödəniş üçün sənəd təqdim edərkən istifadə edilən sərfiyyata aid olmayan 2214 manat əlavə borcun yazıldığı aşkar olunmuşdur. Təqdim olunan hesabda 2214 manat əlavə borc göstərilən zaman iddiaçı Qax Qaz İdarəsi ilə əlaqə saxlamış, guya 2024-ci ilin yanvar ayında çörək sexinin yerləşdiyi qeyri-yaşayış sahəsində yoxlama keçirildiyi və yoxlama zamanı müəssisədə istifadə olunan qaz cihazlarının ümumi saatlıq qaz sərfinin qaz sayğacının maksimal ölçmə həddindən çox olduğu bildirilmişdir. ******* saylı xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş, həmin akt əsasında isə X4 İstismar İdarəsi tərəfindən çörək sexinə 8856 kub metr itirilmiş qaz hesablamış və itirilmiş qazın həcmini 0,25 qəpiyə vurmaqla dəyəri 2214 manat müəyyən edilmişdir. Halbuki sahibkarlıq fəaliyyəti göstərilən çörək sexində cavabdehin sənədlərdə göstərilən əməkdaşları sayğac göstəricisinin oxunması xaricində olmamış, hər hansı yoxlama, baxış keçirməmiş, yoxlamanın keçirilməsinə dair əmr, qərar və çıxarış verməmiş, iddiaçının iştirakı təmin edilməmiş, qeyd olunan sənədlərin tərtibatından iddiaçının hər hansı məlumatı olmamışdır. Qeyri-yaşayış sahəsində istismarda olan “G-6” markalı sayğacın onun texniki pasportunda olduğu kimi maksimum qaz buraxma gücü 10 kub metrdir və hazırda istifadədəki qaz cihazları ilə həmin sərfiyyatın aşılması mümkün deyildir. Qeyri-yaşayış sahəsinin hesabında qeydə alınmış 2214 manat cərimənin silinməsi üçün cavabdeh təşkilata rəsmi müraciət edilsə də, müsbət nəticə əldə edilməmişdir. Əksinə müəyyən edilən 2214 manat cərimə ödənilmədiyi halda, çörək sexinin qaz təminatının dayandırılacağı bildirilir. Çörək sexinin qaz təminatının dayandırılması isə iddiaçının sahibkar kimi küllü miqdarda maddi ziyana düşməsi və sahibkarlıq fəaliyyətinin dayandırılması ilə nəticələnəcəkdir. Eyni zamanda şəhər əhalisinin çörəklə təminatında çatışmazlıqlar ortaya çıxacaqdır. Digər tərəfdən, cavabdehin əməkdaşları xx.xx.2024-cü il tarixli akt tərtib edərək iddiaçıya məxsus obyektdə yoxlamanı sayğacın qaz sərfiyyatını tam qeydə almaması, sayğacın sərfiyyata uyğun olmaması kimi qeydiyyata almışlar. Lakin cavabdeh mübahisəli borcun hesablanmasını iddiaçıya məxsus obyektdə sayğacın sərfiyyatı tam qeydə almaması ilə əlaqədar cavabdehə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçı tərəfindən sayğaca kənar müdaxilə edilməsini, habelə yaranmış qüsurun iddiaçının təqsiri nəticəsində əmələ gəlməsini təsdiq edən sübutlar mövcud deyildir və birtərəfli qaydada tərtib edilən xx.xx.2024-cü il tarixli akt cavabdehə ziyan vurulması faktının müəyyən edilməsi üçün yetərli sübut deyildir. Eyni zamanda qeyri-yaşayış sahəsinin **********00000 saylı hesabından görünür ki, xx.xx.2024-cü il tarixli aktda göstərilən müddət üçün sayğac göstəricilərinə əsasən borc hesablanmış və həmin borc iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda istehlakçının təqsiri olmadan düzgün hesablanmamış qazın dəyərinin yenidən hesablanaraq istehlakçıdan tələb edilməsi “Qazdan istifadə Qaydaları”na ziddir. Beləliklə, qeyri-yaşayış sahəsində quraşdırılmış sayğacın nasazlığının istehlakçının təqsiri üzündən yaranması materiallar ilə təsdiqlənmədiyindən, eyni zamanda həmin borcun hesablandığı müddət üçün iddiaçıya “Qazdan istifadə Qaydaları” və müqavilənin tələblərinə əsasən istifadə edilmiş qaza görə hesablanmış borc ödənildiyindən iddiaçıya cavabdeh tərəfindən həmin müddət üçün əlavə borcun hesablanması qanunsuz və əsassızdır. Bundan əlavə cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə cərimə yazarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə riayət etməmişdir. Belə ki, cavabdeh qeyri-yaşayış sahəsində plandankənar yoxlamanın keçirilməsi ilə bağlı şərtlər olmadan yoxlamaya dair birtərəfli qaydada sənədlər tərtib etmiş, sahibkarlıq subyektində faktiki olaraq yoxlama aparılmamış və sənədlərin tərtibində, yoxlamada iddiaçının iştirakı təmin olunmamış, yoxlamanın keçirilməsi ilə bağlı yoxlayıcı orqanın əmr, qərarı, vahid məlumat reyestrindən çıxarış, xidməti vəsiqələr, yoxlamanı əhatə edəcək suallar təqdim edilməmiş, müəssisənin əlində olan vahid məlumat reyestrindən çıxarışda yoxlama aparan şəxslərin heç birinin adları qeyd olunmamışdır. Cavabdeh tərtib etdiyi sənədləri qanuni etmək üçün xx.xx.2024cü il tarixli aktın tərtibindən sonra vahid məlumat reyestrindən çıxarış tərtib etmişdir. Əgər vahid məlumat reyestrindən çıxarış əvvəlcədən mövcud olsa idi, bu barədə xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda göstərilmiş olardı və vahid məlumat reyestrindən çıxarışda da aktda adları qeyd olunan şəxslərin adları əks olunardı. Bu da onu deməyə əsas verir ki, xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda göstərilmiş şəxslərin iddiaçıya məxsus sahibkarlıq subyektində yoxlamanın keçirilməsi ilə bağlı qanuni icazələri, yəni vahid məlumat reyestrindən çıxarış olmamışdır. Həmçinin cavabdehin yalnız qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara dair vahid məlumat reyestrindən çıxarışın alınmasına icazə verilir. Lakin hazırkı mübahisədə olan müqavilə şərtlərinə əməl olunması, sərfiyyat aşmalarla bağlı yoxlamaların aparılması ənazı 01 yanvar 2025-ci ilədək qadağandır. Ona görə də cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli yoxlamanın aparılması, ümumiyyətlə, qanunun tələbinə ziddir ki, bu da tərəf üçün məsuliyyət tədbirlərinin görülməsini özündə ehtiva edir. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.7-ci maddəsi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2.3, 3.2-ci və s. maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndi göstərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2873/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Cavabdehin nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində (çörək sexi) xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16-17-ci maddələri əsasında xx.xx.2024-cü il tarixli KY242074057 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmışdır. Çıxarış əsasında sahibkarlıq sahəsinin qaz təsərrüfatında qanun pozuntuları aşkar edilmiş və bu pozuntular müvafiq qaydada rəsmiləşdirilmişdir. İstehlakçının nümayəndəsinin iştirakı ilə aparılan yoxlama zamanı obyektin qaz xətti üzərində quraşdırılmış “G-6” markalı 40380505 nömrəli qaz sayğacına və sayğacdan sonra quraşdırılan qaz cihazlarına baxış keçirilərkən müəssisədə istifadə olunan qaz cihazlarının ümumi saatlıq qaz sərfinin qaz sayğacının maksimal ölçmə həddindən çox olduğu aşkar edilmiş, həmçinin yoxlamada layihədən kənarlaşma, texniki təhlükəsizlik qaydalarının pozulması, detektorların işlək olmaması, rejim sazlama işlərinin, qaz cihazlarının standarta uyğun olması barədə sertifikatın olmaması, obyekt daxilində qaz xətlərinin qapalı ərazidən keçməsi, sızmaların olması müəyyən edilmişdir. Göstərilənlərlə əlaqədar olaraq 23 yanvar 2024-cü il tarixli yoxlama aktı və sonda xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmişdir. Sözügedən aktda istehlakçının bir ədəd firon (çörək bişirmə), bir ədəd axımlı su qızdırıcı, iki təndir istifadə edildiyi müəyyən olunmuşdur. Bundan sonra cavabdehin İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilməklə mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3 /saat olduğu halda, qaz qurğularının maksimal saatlıq qaz sərfi 14,1 m3 /saat, hesabat müddətinin 90 gün olduğu nəzərə alınaraq hesabat forması aşağıdakı kimi aparılmışdır: 14,1 – 10 + 4.1 x 24 x 90 = 8856 m3 və onun pul dəyəri 2214 manat (8856 m3 x 0.25 m = 2214 manat) təşkil etmişdir. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. İstehlakçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ cavabdeh tərəfindən iddiaçının qanuna zidd və təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Ona görə də hazırkı vəziyyət abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan cavabdehin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. 7. İddiaya etirazda hüquqi əsas kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 1, 8-ci və s. maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 3.1, 16.11-ci və s. maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” xx.xx.2000-ci il tarixli, 356 nömrəli Fərmanın 9-cu bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 2.11-2, 6.5-1 və s. bəndlərinə və s. istinad edilmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2873/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Əvvəla, göstərilməlidir ki, iddiaçı cavabdeh tərəfindən hər hansı yoxlamanın aparılmadığını, yoxlamanın nəticəsindən yalnız 2024-cü ilin fevral ayında xəbər tutduğunu bildirir. 19. Cavabdeh tərəfindən yoxlama zamanı tərtib edilmiş 23 yanvar 2024-cü il tarixli ******* nömrəli aktda, 23 yanvar 2023-cü il tarixli yoxlama aktında istehlakçının imza etməkdən imtina etdiyi göstərilmişdir. Qaz təchizatı haqqında qanunvericiliyə görə, qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısının və istehlakçının nümayəndəsi tərəfindən imza edilmiş akt tərtib edilməli, istehlakçı imza etməkdən imtina etdikdə isə pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır. Lakin hazırda cavabdeh tərəfindən belə bir qeydiyyatı əks etdirən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, pozuntu yalnız birtərəfli qaydada tərtib edilmiş aktla təsdiqlənmişdir. Bu isə məhkəmə tərəfindən cavabdehin qeyd etdiyi qanunsuz qoşulma hallarının yoxlanılmasını qeyri-mümkün etmişdirBununla yanaşı iş materiallarında qaz təchizatı haqqında qanunvericilikdə təsbit edildiyi kimi aktın bir nüsxəsinin Energetika Nazirliyi və ya cinayət təqibi orqanına göndərildiyi, həmin orqanlar tərəfindən qazın talanması faktının, istehlakçının təqsirinin müəyyən olunması təsdiqlənmir. Hazırkı icraat çərçivəsində isə aktın tərtib edilməsi zamanı qaz paylayıcısı tərəfindən yol verilən pozuntular və texniki vasitələrlə qeydiyyatın aparılmaması məhkəmə tərəfindən istehlakçının təqsirinin qiymətləndirilməsini də qeyrimümkünə çevirir. Bundan başqa, qeyd edilməlidir ki, qaz sayğacının sahibkarlıq subyektinə məxsus obyektin daxilində və ya kənarda yerləşməsindən asılı olmayaraq qaz təchizatı sahəsində inhisarçı mövqe tutan hüquqi şəxs kimi cavabdehin əməkdaşları tərəfindən qaz sayğacının göstəricisinin oxunması halı istisna olmaqla sahibkarlıq subyektinin qaz təchizatı sisteminə baxış keçirildiyi və bu baxışın nəticəsinin istehlakçı üçün əlavə öhdəlik yaratdığı hər bir halda həyata keçirilən yoxlama (baxışın) qeydə alınmalı, bu zaman qanunvericilikdə nəzərdə tutulan məlumatlar reyestrə daxil edilməlidir. Həmin məlumatlar sırasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4. və 3.4.13-cü bəndinə əsasən reyestrə yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi ilə bağlı məlumatların da daxil edilməli olması göstərilmişdir. 3Lakin hazırkı iş üzrə yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. Belə ki, KY242074057 nömrəsi ilə qeydə alınmış çıxarışda yoxlama zamanı yalnız X2 iştirak edəcəyi göstərilmiş, lakin 23 yanvar 2024-cü il tarixli ******* nömrəli aktda, 23 yanvar 2023-cü il tarixli yoxlama aktında reyestrsə qeyd alınmayan A.M.Davudov, N.M.Mirzəyev, V.A.Babayeva, Soltanov Rəşid adlı şəxslərində iştirak etdiyi göstərilmişdir.

5. Cavabdeh İB həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: a) Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus qeyriyaşayış sahəsində (Çörək sexi) xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi xx.xx.2024-cü il tarixli KY242074057 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış əsasında aparıldığından “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olmuşdur. Mübahisənin əsasını isə qeyri-yaşayış sahəsində istismarda olan qaz cihazlarının ümumi qaz sərfinin G6 markalı 40380505 nömrəli qaz sayğacının qaz buraxma gücündən artıq olmasıdır. Eyni zamanda layihədən kənarlaşma, texniki təhlükəsizlik qaydalarının pozulması, detektorların işlək olmaması, rejim sazlama işlərinin, qaz cihazlarının stdandarta uyğun olması barədə sertifikatın olmaması, obyekt daxilində qaz xətlərinin qapalı ərazidən keçməsi, sızmaların olması işin mbühisəsiz halıdır. G6 markalı 40380505 nömrəli qaz sayğacının texniki parametrlərinə əsasən onun maksimum qaz buraxma gücü 10 m olduğu halda qeyri yaşayış sahəsinin qaz təsərrüfatına baxış keçirərkən müəyyən edilmiş qaz cihazlarının (firon (çörək bişirmə) – 1 ədəd, axımlı su qızdırıcı 24 kw – 1 ədəd, təndir – 2 ədəd) ümumi saatlıq qaz sərfi 14.1 m təşkil etmişdir. Nəticədə sayğacın qeydiyyata ala bilmədiyi qazın həcmi 4.1 m təşkil etmişdir. Ona görə də hesabat 14.1 – 10 + 4.1 x 24 x 90 = 8856 m və onun pul dəyəri 2214 manat (8856 m x 0.25 m = 2214 man) şəklində aparılmışdır. Bunun üçün isə yoxlamanın nəticəsi olaraq xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmiş, daha sonra isə xx.xx.2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” ilə itirilmiş qazın həcmi müəyyən edilmişdir. Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. qanunvericilik normalarına əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunur və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Odur ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş akt və iş materiallarında olan digər sübutlar istehlakçı tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. Bildirmək istəyirlər ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir. Belə olan halda Birliyin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qanunsuz qazdan istifadəyə dair sübutların olmasına baxmayaraq,birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

1. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. 7.

Tətbiq edilən hüquq:

8. Mülki Məcəllənin: 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

9. “Qaz təchizatı haqqında” Qanunun: - 3-cü maddəsinin 5 və 5-1-ci bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir. -3-cü maddəsinin 5-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

10. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun: -2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. -2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. -31.5 və 31.6-cı maddəsinə əsasən yoxlama aktı yoxlamanın başa çatdığı gündən gec olmayaraq yoxlamada iştirak edən bütün yoxlayıcılar tərəfindən imzalanır və imzalandıqdan sonra sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə imzalanmaq üçün təqdim edilir. -Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: -1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmalar, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. -1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. -3.4.13-cü bəndinə əsasən reyestrə yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi daxil edilməlidir. -4.3-1-ci bəndinə əsaəsn bu Əsasnamənin 4.2-ci bəndinə uyğun olaraq təqdim edilmiş illik yoxlama planında nəzərdə tutulmamış yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə bu Əsasnamənin 3.4.2-3.4.13-cü və 3.4.15-ci yarımbəndlərində göstərilmiş məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal) yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. -4.3-2-ci bəndinə görə yoxlama aparılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığı tələb olunduğu halda, bu Əsasnamənin 4.3-1-ci bəndində göstərilən məlumatlar yoxlamadan ən azı 2 iş günü əvvəl (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal) yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi təqdim olunmuş materialları 1 iş günü ərzində (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal) təhlil edir və yoxlamanın keçirilməsinə razılıq verilib-verilməməsi barədə məlumatı Reyestrdə yerləşdirir. Yoxlamanın keçirilməsinə razılıq verilmədikdə, bunun səbəbləri qeyd olunur. -4.4-cü bəndinə görə yoxlama müraciət edilən gündən 1 iş günü müddətində (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal) qeydiyyata alınır.

11. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

-119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

13. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, iddianın təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

16. Belə ki, İddiaçı ilə Cavabdeh İB arasında bağlanmış 12 oktyabr 2021-ci il tarixli AMX-4041/21 nömrəli qazın alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh İB iddiaçıya məxsus qeyri-yaşayış sahəsini (çörək sexini) qazla təchiz edir.

17. 23 yanvar 2024-cü il tarixdə sözügedən qeyri-yaşayış sahəsində yoxlama aparılmışdır. Yoxlamanın nəticəsi olaraq tərtib edilmiş yoxlama aktında iddiaçının 1 ədəd fırını (çörək), 1 ədəd 24 kVt axımlı su qızdırıcısı, 2 ədəd təndirinin olduğu, layihədən kənarlaşma, texniki təhlükəsizlik qaydalarının pozulması, detektorların işlək olmaması, rejim sazlama işlərinin, qaz cihazlarının standarta uyğun olması barədə sertifikatın olmaması, obyekt daxilində qaz xətlərinin qapalı ərazidən keçməsi, sızmaların olması qeyd edilmişdir. Bundan sonra təbii qazdan istifadə qaydalarının pozulması haqqında 23 yanvar 2024-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş və həmin aktda müəssisədə istifadə olunan qaz cihazlarının ümumi saatlıq qaz sərfinin qaz sayğaclarının maksimal ölçmə həddindən çox olduğu qeyd edilmişdir. Həmin akt əsasında 31 yanvar 2024-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək, qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3 /saat olduğu halda, qaz qurğularının maksimal saatlıq qaz sərfinin 14,1 m3 /saat, hesabat müddətinin 90 gün olduğunu nəzərə alaraq hesabat aparılmışdır (14,1 – 10 = 4,1 x 24 x 90 = 8856 m3) və hesabata uyğun 2214 manat məbləğində borc hesablanmışdır. Hazırda İddiaçı həmin borcun silinməsi tələbinə dair iddia qaldırmışdır.

18. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği Cavabdeh İB tərəfindən sahibkarlıq subyektində aparılmış yoxlamanın nəticəsi olaraq hesablanmışdır.

19. Həmin yoxlamanın aparılması sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınsa da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, Cavabdeh İB tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. Belə ki, KY242074057 nömrəsi ilə qeydə alınmış çıxarışda yoxlama zamanı yoxlayıcı qismində yalnız X2 iştirak edəcəyi göstərilmiş, lakin 23 yanvar 2024-cü il tarixli ******* nömrəli aktda, 23 yanvar 2023-cü il tarixli yoxlama aktında reyestrdə qeyd alınmayan A.M.Davudov, N.M.Mirzəyev, V.A.Babayeva, Soltanov Rəşid adlı şəxslərin də iştirak etdiyi göstərilmişdir.

20. Bundan əlavə reyestrdə qeydə alınmış yoxlamanın keçirilməsi üçün əsas qismində hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması; sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi; sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi göstərilsə də, yoxlamanın keçirilməsi üçün əsas kimi göstərilmiş halların hər hansı birinin mövcudluğu iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, qazdan istifadə qaydalarının pozulması barədə akt sayğac göstəricilərinin oxunması zamanı aşkar edilən qanunsuz qoşulma və ya müdaxilə halı ilə bağlı deyil, qaz işlədicilərin maksimal qaz sərfiyyatının qaz sayğacının maksimal ölçmə həddini aşması ilə bağlı tərtib edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qaz işlədicilərin maksimal qaz sərfiyyatının qaz sayğacının maksimal ölçmə həddini aşması halı yalnız müvafiq obyektdə quraşdırılmış qaz işlədicilərinə baxış keçirməklə müəyyənləşdirilə bilər, yəni həmin halın sayğac göstəricilərinin oxunması zamanı aşkar edilməsi qeyri-mümkündür. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərindən də göründüyü kimi müraciət edildiyi gündən 1 iş günü müddətində qeydiyyata alınan digər yoxlamalardan fərqli olaraq sayğac göstəricilərinin oxunması zamanı müəyyən edilən qanunsuz qoşulma və ya sayğaclara müdaxilə ilə bağlı yoxlamalar dərhal qeydiyyata alınır. Odur ki, hazırkı halda yoxlayıcı təşkilat yoxlamanı qeydiyyata alarkən yoxlamanın əsasını səhv seçməklə (qanunsuz qoşulma və ya sayğaclara müdaxilə ilə bağlı yoxlamaları seçməklə) yoxlamanın dərhal qeydiyyata alınmasına nail olmuşdur. Yoxlamanın həyata keçirildiyi gün qeydiyyata alındığını nəzərə alsaq həmin hal qeydiyyatın yoxlamanın keçirilməsindən öncə aparılmasını da şübhə altına alır.

5. Beləliklə, mübahisəli yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında normativ hüquqi aktların tələbləri pozulmaqla aparıldığından hər hansı hüquqi nəticə yaratmır. Odur ki, Cavabdeh İB həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqla haqlı olmamışdır.

21. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən hesablanmış borcun silinməsi barədə düzgeün nəticəyə glmişdir.

22. Apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

24. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2873/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar