Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-897/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X5, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə4 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Hesablama Palatası cəlb edilməklə) qarşı müqavilənin etibarsızlığı və pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2-2(113)- 769/2024 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və LPO Müğanbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Hesablama Palatası)qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış 04 may 2020-ci il tarixli 06 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 8160 manat məbləğində pul vəsaitinin, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 100 manat mediasiyaya dair xərcin, cəmi 8760 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və ləğv prosesində olan Cavabdeh2 ASC-dən müştərək qaydada tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış 04 may 2020-ci il tarixli 06 nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, 8160 manat məbləğində pul vəsaitinin, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 100 manat mediasiyaya dair xərcin, cəmi: 8760 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və ləğv prosesində olan Cavabdeh2 ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan müştərək qaydada tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, e-2-2(113)-769/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
4. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, e-2-2(113)-769/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi tamamilə əsassızdır və ona görə də məhkəmənin qətnaməsi ləğv edilərək 8760 manat məbləğində pul vəsaiti tam həcmdə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 və ləğv prosesində olan Cavabdeh2 ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, məhkəmə xx.xx.2020-ci il tarixli 06 nömrəli alqısatqı müqaviləsinin iddiaçının qeyd etdiyi kimi uydurma əqd olmasını təsdiq edən hər hansı hal/sübut müəyyən edilmədiyini qeyd etmişdir. Cavabdeh1 təsərrüfatına keçirilən audit zamanı damcılı suvarma sistemi avadanlığının adının, markasının,buraxılış ilinin və cari vəziyyətinin 2020- 2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Damlama suvarma sisteminin alınması ilə bağlı təchizatçı Cavabdeh3 ilə bağlanılmış Kontrakt və İnvoys sənədlərindən də görünür ki, istehsalçı firma Masna Plastik və Metal A. Ş, suvarma sisteminin markası isə MASSPİPE-dir. Bununla da Cavabdeh1 və təchizatçı Cavabdeh3 agentlikdən güzəşt əldə edilməsi məqsədilə görünüş yaradaraq hər-hansı köhnə avadanlıqlar quraşdırmış və ya həmin avadanlıqlar əvvəlcədən də orada olmuşdur. Suvarma sisteminin köhnə olması faktı da Hesablama Palatasının baxış aktında da bildirilmişdir. Həmçinin auditor hesabatında maliyyələşmənin daxil olmuş müraciət zamanı təqdim olunan sənədlərdə göstərilən predmetin alışına sərf olunmalı olduğu halda, qeyd olunan hal üzrə ayrılmış maliyyələşmənin təyinatı üzrə istifadə olunmasının öz təsdiqini tapmaması göstərilmişdir. Lakin iş materiallarında olan sənədlərdə istehsalçı firma, suvarma sisteminin markası müəyyən olunmasına baxmayaraq məhkəmə sənədlərə diqqətlə baxış keçirməmiş, həmin məlumatların ümumiyyətlə göstərilmədiyini qeyd etmiş və nəticədə düzgün keçirməmiş, həmin məlumatların ümumiyyətlə göstərilmədiyini qeyd etmiş və nəticədə düzgün məhkəmə araşdırması aparılmamış, bununla da məhkəminin yanlış nəticəyə gəlməsinə və səhv qətnamə çıxarılmasına səbəb olmuşdur. Bütün bunlar sübut edir ki, müqavilə Agentliyi aldatmaq məqsədilə formal olaraq bağlanmış, əqdin tərəflərinin həmin əqd üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyəti olmamışdır. Beləliklə, məhkəmə tərəfindən iddianın rədd edilməsi əsassız olduğuna görə qətnamə ləğv edilməli və iddianın tam həcmdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
10. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Hesablama Palatası məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
14. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
17. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
18. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
19. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
20. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
25. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli 06 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh3 Cavabdeh1 məxsus sahədə (Azərbaycan Respublikası Qusar rayonu, Suvacal kəndində yerləşən bağ sahəsi) 1 dəst damlama sulama sistemi ilə təmin etməyi, Cavabdeh1 isə malın dəyərini Cavabdeh3 ödəməyi (çatdırılma daxil olmaqla 21.000 manat) öhdəsinə götürmüşdür. Cavabdeh1 tərəfindən müqavilənin predmeti olan damcılı suvarma sisteminə görə 20.000 manat məbləğində pul vəsaiti Cavabdeh3 ödənilmişdir. İddiaçı Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq mübahisəli müqavilədə nəzərdə tutulmuş suvarma avadanlığının alışına güzəşt tətbiq edilərək avadanlığın qiymətinin 40 faizi - 8.160 manat məbləğində pul vəsaiti müvəkkil bank qismində çıxış edən Cavabdeh2 ASC-nin vasitəsilə Cavabdeh1 ödənilmişdir.
26. İddiaçı Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin görünüş üçün bağlanmış uydurma əqd olduğunu, həmin əqdin bağlanmasında məqsədin isə iddiaçını aldadaraq güzəşt məbləği almaq olduğunu əsas göstərərək həmin əqdin etibarsız hesab edilməsi və Aqrar Kredit və İnkişaf Agentliyinə dəymiş zərərin əvəzi olaraq cavabdehlər Cavabdeh3, Cavabdeh1, eləcə də güzəştin ayrılması prosesində müvəkkil kredit təşkilatı qismində iştirak etmiş LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan müştərək qaydada tutulmasını tələb edir.
27. Aqrar Kredit və İnkişaf Agentliyi mübahisəli alqı-satqı müqaviləsinin tərəfi olmadığından ilk növbədə onun həmin müqavilənin etibarsız hesab edilməsini tələb etmək hüququna malik olub-olmaması məsələsinə münasibətdə bildirilməlidir.
28. Bununla bağlı qeyd edilməlidir ki, uydurma əqd heç bir hüquqi nəticə yaratmaq niyyəti olmadan görünüş üçün bağlanan əqddir. Qanunvericiliyin tələblərinə əsasən əqd o zaman uydurma hesab olunur ki, həmin əqd bağlanarkən hər iki tərəf əqdin yalnız görünüş üçün bağlandığını və heç bir hüquqi nəticələr yaratmayacağını anlamış olsun. Bu halda tərəflər həmin əqdin şərtlərinin icra edilməyəcəyi (və ya formal olaraq icra ediləcəyi) barədə əqd bağlanmamışdan əvvəl razılaşırlar. Digər tərəfdən uydurma əqd məqsədsiz olaraq bağlanmır, həmin əqdin bağlanmasının əsasında hər iki tərəfin müəyyən maraqları (əksər hallarda hüquqazidd maraqları) durur.
29. İşin mübahisə edilməyən halları isə ondan ibarətdir ki, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən mübahisəli əqd əsasında həyata keçirilmiş damcılı suvarma sisteminin alışına güzəşt tətbiq edilərək 8160 manat məbləğində güzəşt məbləği alıcı Cavabdeh1 ödənilmişdir.
30. Odur ki, hazırkı halda mübahisəli əqdin real hüquqi nəticələr yaratmaq niyyəti olmadan bağlanmış uydurma əqd olması öz təsdiqini taparsa, bu sözügedən əqdin bağlanması nəticəsində Cavabdeh1 əsassız güzəşt əldə etməsi, nəticədə iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinin qanuni mənafeləri pozulmaqla ona maddi zərər vurulması demək olacaqdır.
31. Bu baxımdan Aqrar Kredit və İnkişaf Agentliyi əqd nəticəsində zərərçəkmiş şəxs qismində mübahisəli alqı-satqı müqaviləsinin uydurma əqd olması faktının məhkəmə tərəfindən müəyyən edilməsini tələb etməyə dair subyektiv hüquqa malikdir.
32. İddianın mahiyyətinə gəldikdə iddiaçı mübahisəli alqı-satqı müqaviləsinin uydurma əqd hesab edilməsi tələbinə dair iddiasının faktiki əsası kimi həmin alqı-satqı müqaviləsinin predmeti olmuş damcılı suvarma sisteminin satıcı tərəfindən alıcıya təqdim edilməməsinə istinad etmişdir.
33. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf mübahisəli alqı-satqı müqaviləsinə əsasən Masna markalı suvarma sisteminin alıcıya təqdim edilməsi faktını təsdiq etmək üçün satıcı tərəfindən həmin markalı suvarma sisteminin AR-ə gətirilməsini təsdiq edən gömrük bəyannaməsini, suvarma sisteminin satıcı tərəfindən alıcıya təhvil verilməsinə dair təhvil-təslim aktını və hətta quraşdırılmış suvarma sisteminin satıcı tərəfindən təmir edilməsini təsdiq edən işlərin görülməsi barədə aktı məhkəməyə təqdim etmişdir.
34. İddiaçı isə mübahisəli alqı-satqı müqaviləsi əsasında suvarma sisteminin təqdim edilməsi faktı təkzib etmək üçün Hesablama Palatasının nümayəndələrinin Cavabdeh1 təsərrüfatına keçirilmiş baxışın nəticəsi olaraq tərtib etdikləri akta istinad etmişdir. Həmin aktda cavabdehə məxsus təsərrüfatda mövcud olan damcılı suvarma sistemi avadanlığının adı, markası, buraxılış ili və cari vəziyyətinin mübahisəli alqı-satqı müqaviləsi üzrə alışa uyğun gəlməməsi, eləcə də mübahisəli alqı-satqı müqaviləsi üzrə satıcı tərəfindən elektron qaimə-fakturanın göndərilməməsi qeyd edilmişdir.
35. Məhkəmə mübahisəli alqı-satqı müqaviləsi üzrə elektron qaimə-fakturanın göndərilməməsi barədə iddiaçının dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından mübahisəli alqı-satqı müqaviləsi üzrə elektron qaimənin 2023-cü ildə, yəni alqı-satqının həyata keçirildiyi vaxtdan 3 il sonra göndərilməsi, belə olan halda 2022ci ildə - Hesablama Palatası tərəfindən akt tərtib edildiyi dövrdə mübahisəli müqavilə üzrə elektron qaimə-fakturanın həqiqətən də mövcud olmaması müəyyən edilir.
36. Həmçinin məhkəmə qeyd etmişdir ki, elektron qaimə fakturalar vergi ödəyiciləri tərəfindən malların təqdim edilməsini deyil, malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi və s.) əməliyyatı barədə məlumatın elektron vergi sisteminə daxil edilməklə rəsmiləşdirilməsini təsdiq edən sənəddir. Bu baxımdan alqı-satqı əməliyyatı üzrə elektron qaimə-fakturanın göndərilməməsi (və ya vaxtında göndərilməsi) yalnız satıcı tərəfindən müvafiq rəsmiləşdirmə aparılmamaqla vergi qanunvericiliyinin tələblərinin pozulmasına dəlalət edir. Odur ki, elektron qaimə-fakturanın göndərilməməsi faktı özüözlüyündə mübahisəli alqı-satqı müqaviləsi üzrə malın alıcıya təqdim edilməməsini, eləcə də alqı-satqı müqaviləsinin uydurma əqd olmasını təsdiq etmir.
37. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hesablama Palatasının nümayəndələri tərəfindən Cavabdeh1 təsərrüfatına keçirilmiş baxışın nəticələrinə dair tərtib edilmiş akta və həmin aktda müəyyən edilmiş hallara (təsərrüfatda quraşdırılmış suvarma avadanlığının markası,adı və buraxılış ilinin mübahisəli müqavilə üzrə alınmış avadanlığa uyğun gəlməməsi) münasibətdə isə məhkəmə qeyd etmişdir: Birincisi, Cavabdeh1 nəinki sözügedən aktda müəyyən edilmiş halların həqiqətə uyğunluğunu, hətta ona məxsus təsərrüfatda Hesablama Palatasının nümayəndələri tərəfindən baxış keçirilməsi faktının özünü də inkar edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri isə cavabdehə məxsus təsərrüfatına nümayəndələri tərəfindən baxışın keçirilməsi faktını təsdiq edən sübut qismində yalnız cavabdehin iştirakı olmadan birtərəfli qaydada tərtib edilmiş akta istinad etmiş, baxışın keçirilməsini və onun nəticələrini təsdiq edə biləcək foto və video görüntüləri məhkəməyə təqdim etməmiş, eləcə də Qusar rayonu, Suvacal kəndində baxış keçirdikləri təsərrüfatın məhz cavabdehə məxsus təsərrüfat olmasını hansı üsulla müəyyənləşdirdiklərini (məsələn, təsərrüfatın yerləşdiyi ərazini onlara kimin göstərdiyini və s.) izah edə bilməmişlər. Odur ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən baxışın keçirildiyi bağ sahəsinin məhz cavabdehə məxsus bağ sahəsi olmasını barədə əsaslı nəticəyə gəlmək qeyri-mümkündür. İkincisi, Hesablama Palatasının nümayəndələri tərəfindən tərtib edilmiş aktda təsərrüfatda damcılı suvarma sisteminin ümumiyyətlə aşkar edilməməsi göstərilməmiş, əksinə təsərrüratda damcılı suvarma sisteminin quraşdırıldığı, lakin quraşdırılmış sistemin markası, adı, buraxılış ilinin, cari vəziyyətinin mübahisəli müqavilə üzrə alınmış suvarma sisteminin göstəricilərinə uyğun gəlmədiyi qeyd edilmişdir.
38. Məhkəmə kollegiyası qeyd edilən sübutun mötəbərlilik meyarına uyğun gəlmədiyini qeyd edir.
39. Məhkəmə əvvəla olaraq qeyd etmişdir ki, mübahisəli alqı-satqı müqaviləsində alqı-satqının predmeti olmuş damcılı suvarma sisteminin markası, adı, buraxılış ili ümumiyyətlə göstərilməmişdir. Alqı-satqı ilə bağlı digər sənədlərə (Cavabdeh1 tərəfinddən verilmiş iltizamda və s.) əsasən isə yalnız mübahisəli alqı-satqının predmeti olmuş suvarma sisteminin Türkiyə İstehsalı olan Masna markalı olması müəyyən edilir, həmin suvarma sisteminin modeli və buraxılış ili isə müəyyənləşdirilmir. Odur ki, Hesablama Palatasının nümayəndələrinin hansı sənədlərə istinadən baxış keçirdikləri təsərrüfatda aşkar edilmiş suvarma sisteminin adı, buraxılış ilinin, eləcə də cari vəziyyətinin mübahisəli alqı-satqının predmeti olmuş suvarma sisteminin adına və buraxılış ilinə uyğun olmaması barədə nəticəyə gəlmələri aydın deyildir. Digər tərəfdən Hesablama Palatasının nümayəndələri tərəfindən tərtib edilmiş aktda təsərrüfatda faktiki aşkar edilmiş suvarma sisteminin hansı markaya aid olması, buraxılış ili, vəziyyəti də konkret göstərilməmişdir.
40. Bundan əlavə təsərrüfatda quraşdırılmış damcılı suvarma sisteminin markasına gəldikdə məhkəmə qeyd etmişdir ki, aktda göstərildiyi kimi tərərrüfatda Masna markalı suvarma sisteminin deyil, digər markalı suvarma sisteminin quraşdırılması ehtimal edilsə belə həmin hal iddianın əsaslı hesab edilməsi üçün kifayət etmir. Belə ki, göstərilən hal mübahisəli alqı-satqı müqaviləsinə əsasən suvarma sisteminin ümumiyyətlə təqdim edilməməsinə deyil, təqdim edilməli olan Masna markalı suvarma sisteminin əvəzinə digər markalı suvarma sisteminin təqdim edilməsinə dəlalət edə bilər ki, bu isə müqavilənin görünüş üçün bağlanmaqla uydurma əqd olması barədə iddiaçının dəlillərini faktiki olaraq təkzib edir.
41. Qeyd edilənlərə əsasən mübahisəli alqı-satqı müqaviləsinin əqdə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlanması iş materiallarına əsasən müəyyən edilmədiyindən məhkəmə əsaslı olaraq əqdin etibarsız hesab edilməsi və onunla əlaqədar zərərin vurulması barədə iddiaları rədd etmişdir.
42. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi dəlilləri iddia tələbində irəli sürdüyündən, eləcə də, məhkəmə bu dəlillərə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.
43. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2-2(113)-769/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.