Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-898/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Sotanhəmid oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, X2 qızının katibliyi, LPO İddiaçı1 ASC-nin nümayəndəsi X1, Cavabdeh2 vəkili Vəkil iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1nə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-30/2020 saylı, 11.06.2020-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, sonradan 08.07.2019-cu il tarixli məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsinə dair ərizə verərək Cavabdeh1 MMC-dən 06.12.2012-ci il tarixli, 04 saylı kredit müqaviləsi üzrə 681.159,09 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 15590,95 manat faiz borcu, 115797,07 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5% hesablanan 87230,42 manat borc olmaqla, cəmi 899777,53 manat məbləğində borcun, 06.05.2016-cı il tarixli, 04/2 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 351405,16 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5% hesablanan 14827,28 manat borc olmaqla, cəmi 2419232,44 manat məbləğində borc və odənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702.0 kv.m sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, bu əmlakların açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ləğv prosesində olan İddiaçı1 ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11.06.2020-ci il tarixli e-2-2(103)-30/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh1ndən 06.12.2012-ci il tarixli, 04 saylı kredit müqaviləsinə əsasən 681001,42 manat əsas borc, 15436,03 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5% hesablanan 87230,42 manat borc, 20000 manat cərimə borcu olmaqla, cəmi 803667,87 manat, 06.05.2016-cı il tarixli 04/2 saylı kredit müqaviləsi üzrə 2052999,97 manat əsas borc, 351405,16 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5% hesablanan 14827,28 manat borc olmaqla, cəmi 2419232,41 manat məbləğində pulun və 29 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3222929,28 manat məbləğində pulun ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan, Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702.0 kv.m sahədən ibarət qeyriyaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına ləğv prosesində olan İddiaçı1 ASC-yə olan borcun ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda həmin məbləğin Cavabdeh2 qaytarılması, əmlakın ilkin satış qiymətinin 7.020.000 manat məbləğində müəyyən edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pulun Cavabdeh1 MMC-dən tutulması, ödənilmiş dövlət rüsumunun 1 (bir) manat hissəsinin iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan iddiaçı apelyasiya şikayəti verərək qərarın qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş edərək, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kredit borcunu ekspert rəyini əsas tutaraq müəyyən etmişdir. Ekspert tərəfindən ödənilmiş məbləğlər üzrə silinmələr düzgün həyata keçirilməmişdir. Borclu kredit ödənişlərində gecikmələrə yol verdiyi üçün faizlər müqavilə şərtlərinə uyğun olaraq ikiqat hesablanmışdır. Kreditorla borclu arasında münasibətlər müqavilə ilə tənzimləndiyindən faizlər hesablanarkən müqavilənin şərtləri nəzərə alınmalı idi. Qətnamədən narazı qalan Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin qismən-kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv edilməsini, iddianın həmin hissədə rədd edilməsini xahiş edərək, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının istinad etdiyi 06.05.2016-ci il tarixli sonrakı ipoteka müqaviləsi notarial qaydada təsdiq edilməmiş, dövlət reyestrində qeydə alınmamışdır. Buna görə də, məhkəmə kredit borcu üzrə tutmanın mülkiyyətində olan əmlaka yönəldilməsi hissəsində iddianı təmin etməklə qanun pozuntusuna yol vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 10.02.2021-ci il tarixli 2-2(103)-31/2021 saylı qətnaməsilə iddiaçı və Cavabdeh2 apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-30/2020 saylı 11.06.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh2 kassasiya şikayəti vermiş, qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin borcun tutulmasının ipoteka ilə yüklü olan cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702.0 kv.m sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməklə həmin əmlakın açıq hərracdan satılması hissəsində təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. AR Ali Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən 02.06.2021-ci il tarixli, 2- 2(102)-211/2021 nömrəli qətnamə qəbul edilərək, Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 10 fevral tarixli, 2-2(103)-31/2021 saylı qətnaməsi qismən, borcun tutulmasının ipoteka ilə yüklü olan cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702.0 kv.m sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməklə həmin əmlakın açıq hərracdan satılması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili apelyasiya şikayətini müdafiə edərək, qətnamənin qismən-kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv edilməsini, iddianın həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası digər cavabdehin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan, İddiaçı1 ASC (borc verən) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış 06 dekabr 2012-ci il tarixli, 04 saylı kredit müqaviləsinə əsasən bank borc alana 48 ay müddətinə illik 8 faiz dərəcəsi ilə 700.000 manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kreditin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borcalan banka 06.12.2016-cı il tarixədək 224.000 manat faiz ödəməli idi. İddiaçı1 ASC (borc verən) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış 06 may 2016-cı il tarixli, 04/2 saylı kredit müqaviləsinə əsasən bank borc alana 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 3.200.000 manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kreditin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borcalan 06.05.2019-cu il tarixədək banka 576.000 manat faiz ödəməli idi. İddiaçı1 ASC (borc verən), Cavabdeh1 MMC (borc alan) və Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən hər iki kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipotekaya qoyulması barədə razılığa gəlmişlər. Həmin müqaviləyə əsasən sonrakı ipoteka predmeti Azərbaycan Respublikası Mərkəzi Bank ilə bağlanmış ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 33 ünvanında yerləşən 702 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış binasıdır. 22 fevral 2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 MMC-yə yuxarıda qeyd olunan müqavilələr üzrə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. 23 aprel 2018-ci il tarixli, **********492 saylı pretenziya məktubundan görünür ki, 06.12.2012-ci il tarixli, 04 saylı və 06.05.2016-cı il tarixli, 04/2 saylı kredit müqaviləsi üzrə borcun 5 gün müddətində LPO İddiaçı1 ASC-yə tam ödənilməsi tələb olunmuşdur. 06.12.2012-ci il tarixli, 04 saylı Kredit müqaviləsinə Əlavədən görünür ki, Cavabdeh1 MMC 06.06.2016-cı il tarixdən 06.05.2019-cu il tarixədək əsas borc ******* manat, faiz borcu 576000 manat olmaqla, cəmi ******* manat məbləğində borcu İddiaçı1 ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. 06.05.2016-cı il tarixli, 04/2 saylı Kredit müqaviləsinə Əlavədən (kredit və ona hesablanmış faizlərin ödəniş cədvəli) görünür ki, Cavabdeh1 MMC 06.03.2013-cü il tarixdən 06.12.2016-cı il tarixədək əsas borc 700000 manat, faiz borcu 224000 manat olmaqla, cəmi 924000 manat məbləğində borcu İddiaçı1 ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016cı il tarixli qərarından görünür ki, Əmanətlərin Sığortalanması Fondu 24.07.2016-cı il tarixdən etibarən İddiaçı1 ASC-nin ləğvedicisi təyin edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30.05.2019-cu il tarixli, 5504 saylı ekspert rəyində qeyd olunur ki, tərəflər arasında bağlanmış 04 saylı, 06 dekabr 2012-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 MMC-nin İddiaçı1 ASC-yə 06.12.2016-cı il tarixə olan cəmi borcu 696437,46 manat (əsas borc 681001,42 manat, faiz borcu 15436,03 manat) məbləğində, 20 sentyabr 2018-ci il tarixə (qərardadın tarixinə) olan cəmi borcu isə 757349,25 manat (əsas borc 681001,42 manat, faiz borcu 76347,83 manat) məbləğində müəyyən olunmuşdur. Həmin müqavilə üzrə borclu tərəfindən iddiaçıya 226974,47 manat pul vəsaiti ödənilmiş, həmin məbləğin 18998,58 manatı əsas borc üzrə, 207975,89 manatı faiz borcu üzrə silinmişdir. 04/2 saylı, 06 may 2016-cı il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 MMC-nin İddiaçı1 ASCyə 06.05.2019-cu il tarixə olan cəmi borcu 2404405,13 manat (əsas borc 2052999,97 manat, faiz borcu 351405,16 manat) məbləğində müəyyən olunmuşdur. Rəydə qeyd edilmişdir ki, sözügedən müqavilə üzrə cəmi 14589,70 manat pul ödənilmiş, həmin məbləğin 0,03 manatı əsas borca, 14589,67 manatı faiz borcuna silinmişdir. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə A-04/341 saylı, 01 iyun 2020-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına baxış keçirilməsi üçün şərait yaradılmadığından və dəfələrlə baxış keçirilməsi üçün sahibkara müraciətlər olunsa da, müraciətlər rədd olunduğundan əmlak müqayisəli şəkildə qiymətləndirilmiş və daşınmaz əmlakın 27 may 2020-ci il tarixə ilkin satış (likvid) qiyməti 7.020.000 manat təşkil etmişdir. İşin hallarından göründüyü kimi, iddiaçının iddia tələbi iki hissədən; kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsindən ibarət olmuşdur. Birinci instansiya və apelyasiya instansiyası məhkəmələri tərəfindən iddia tələbi kredit borcunun tutulması hissəsində qismən, tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində tam təmin edilmişdir. İş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermədiyindən, onun apelyasiya şikayətinə aid hissədə Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 10 fevral tarixli, 2-2(103)-31/2021 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Hazırda təkrar apelyasiya baxışının predmetini cavabdehin apelyasiya şikayətinə əsasən, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-30/2020 saylı, 11.06.2020-ci il tarixli qətnaməsinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə nəticəsinin mübahisələndirilməsi təşkil edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “... kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı olaraq 06.05.2016-cı il tarixli, 04/2 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi İddiaçı1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.” Kollegiya işin hallarını, apelyasiya şikayətinin dəillərini, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirlən hissədə düzgün nəticəyə gəlməmişdir. Cavabdeh apelyasiya şikayətini 06.05.2016-ci il tarixli sonrakı ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilməmiş, dövlət reyestrində qeydə alınmamış olması ilə əsaslandırır. AR MM-nin: 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 336.1. Əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “İpoteka haqqında” qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: 9.1. Qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). 9.2. İpoteka qoyan ipoteka predmetinə dair bu Qanunun 10.8-ci maddəsində nəzərdə tutulmuş bütün məlumatı hər bir sonrakı ipoteka saxlayana verməlidir. 9.3. Sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir. 9.4. Əvvəlki ipoteka saxlayanın hüququnun üstünlüyü ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyən olunur. 9.5. İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında müqavilə əsasında istənilən vaxt dəyişdirilə bilər. İpoteka saxlayanların sayı ikidən çox olduqda üstünlük hüququnun dəyişdirilməsi maraqlarına toxunan ipoteka saxlayanların razılığı ilə həyata keçirilir. 10.2 İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 12.1. Daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 12.2. Rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanın ipotekası həmin əşyanın dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınır. 12.6. Çıxarışda ipotekanın dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyatın yeri, anı (tarixi və saatı), qeydiyyat nömrəsi, ipoteka saxlayanı və ipoteka qoyanı tanıtdıran digər məlumatlar və ipoteka predmetinin təsviri göstərilir. Sadalanan qanunvericilik normalarının tələblərinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi mübahisələndirilən ipoteka müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmamasını araşdırmadan, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin İddiaçı1 ASC-nin xeyrinə ipotekaya qoyulmasına dair 06.05.2016-cı il tarixli, 04/2 saylı ipoteka müqaviləsinin qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı nəticəsinə gəlmişdir. Qeyd olunan halların araşdırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 01.09.2021-ci il tarixli sorğuya cavab olaraq 21.09.2021-ci il tarixli, **********22 nömrəli məktubda qeyd olunmuşdur ki, “Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 33 ünvanında yerləşən qeyri yaşayış binası müvafiq müraciətlərə əsasən «Azərbaycan Respublikasının Mərkəzi Bankı»-nın xeyrinə ipoteka ilə yüklü edilmişdir və hazırda yüklüdür. «Azərbaycan Respublikasının Mərkəzi Bankı»-nın tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə 21.10.2016-cı il tarixli müraciəti idarəyə daxil olmuşdur. Nəzərinizə çatdırırıq ki, müraciətinizdə qeyd olunan 06.12.2012 və 06.05.2016-cı il tarixli ipoteka müqavilələri və bu müqavilələr üzrə tutmanın bu əmlaka yönəldilməsi barədə məlumat aşkar edilməmişdir.” İş materialllarında olan 06.12.2012-ci il tarixli ipoteka müqaviləsinin 8.4-cü bəndindən də müəyyən olunur ki, tərəflər ipoteka müqaviləsi ipoteka qoyanın və ya borcalanın təqsiri üzündən vaxtında və düzgün dövlət qeydiyyatına alınmadığı halında, tutmanın ipoteka predmetinə yönəldilməsini deyil, yalnız ipoteka saxlayanın vaxtından əvvəl kredit müqaviləsinə xitam verə bilinməsini nəzərdə tutmuşdur. Göründüyü kimi tərəflər arasında daşınmaz əmlakın ipotekaya qoyulmasına dair notariat qaydasında təsdiqlənmiş müqavilə bağlanmamış, həmçinin müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmağından bu müqavilə qüvvəyə də minməmişdir. İpoteka müqaviləsinin rəsmiləşdirilməsi və dövlət qeydiyyatına alınması ilə bağlı bütün xərcləri çəkmək və müqavilənin dövlət qeydiyyatı üçün zəruri olan bütün sənədləri müvafiq dövlət orqanına təqdim etmək üzrə ipoteka qoyan Cavabdeh2 vəzifələrinin icra edilməməsi isə məhkəməyə rəsmi reyestrdə qeydə alınmamış və beləliklə qüvvəyə minməmiş müqaviləyə əsasən ipoteka predmetinə tutmanı yönəltmək üçün hüquqi əsas vermədiyi halda, birinci instansiya məhkəməsi borcun tutulmasını ipoteka ilə yüklü olan cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 33 ünvanında yerləşən 702.0 kv.m sahədən ibarət qeyri-yaşayış binasına yönəltməklə, iddia tələbini həmin əmlakın açıq hərracdan satılması hissəsində təmin etməklə istinad edilən normaların tətbiqində səhvə yol vermişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə iş tam və hərtərəfli araşrılmamış, işin bütün faktiki halları aydınlaşdırılmamış, maddi və prsessual hüquq normalarının pozulması ilə qətnamə qəbul olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1 və 14.2-ci maddələrinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0 və 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə də məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosesual hüquq normalarının pozulması ilə qətnamə çıxarıldığına dair dəlilləri ilə razılaşır və belə nəticəyə gəlir ki, onun apelyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən hissədə yəni, “kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 apelyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-30/2020 saylı iş üzrə qəbul etdiyi 11 iyun 2020-ci il tarixli qətnaməsi tutmanın Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 33 ünvanında yerləşən 702.0 kv.m sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, bu əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun Ləğv prosesində olan İddiaçı1 ASC-yə ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Кollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Azər Hüseynov Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-2(103)-898/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-898/2021
08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver