Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-90/2023 24.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdeh “X2” Anonim Şirkətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1823/2022 saylı qətnaməsindən cavabdeh “X2” Anonim Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Satıcı İddiaçı MMC ilə alıcı “X2” Anonim Şirkəti arasında 22 sentyabr 2020-ci il tarixli, 20/025 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı alıcının sifarişinə uyğun olaraq malları alıcıya təhvil verməyi, sonuncu isə malları təhvil alaraq dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
2. Alıcı tərəfindən 400000 ABŞ dolları məbləğində istixana avadanlıqları sifariş olunmuş, avadanlıqların dəyəri əvvəlcədən satıcının bank hesabına ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı MMC cavabdeh “X2” Anonim Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X2” Anonim Şirketindən 400000 ABŞ dolları məbləğində əsas borc və illik 5 faiz hesablanmaqla 20000 ABŞ dolları olmaqla, ümumilikdə 420000 ABŞ dolları məbləğində pul və ödənilmiş dövlət rüsumu olaraq 1004 manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı bildirir ki, “X2” Anonim Şirketi ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20/025 nömrəli alqı-satqı müqaviləsi və bu müqavilə üzrə tərtib olunmuş 043 saylı, xx.xx.2020-ci il tarixli invoys əsasında iddiaçı tərəfindən 400000 ABŞ dolları müvafiq malların alışı üçün ödənilsə də, bu günə qədər cavabdeh tərəfindən mallar təqdim edilməmiş, ödənilən vəsait geri qaytarılmamışdır.
5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, məhkəmənin icraatında iddiaçı “X2” Anonim Şirketinin və “X2” Anonim Şirketinin Azərbaycan Respublikasındakı filialının cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair ayrıca iş vardır. Hazırkı mübahisədə və həmin işdə İddiaçı MMC və "xxxx" MMC-ni eyni şəxs təmsil edir. İşin mübahisələndirilməyən halına görə “X2” Anonim Şirketi, “X2” Anonim Şirketinin Azərbaycan Respublikasındakı filialı və "xxxx" MMC arasında 19 iyun 2020-ci il tarixdə istixana üzrə mühəndislik, satınalma və tikinti müqaviləsi, o cümlədən 22 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin predmetindən göründüyü kimi “X2” Anonim Şirketi istixana üzrə mühəndislik, satınalma və tikinti işlərini həyata keçirməli, habelə istixana üçün avadanlıqların gətirilməsi üçün "xxxx" MMC ilə alqı-satqı münasibətlərində olacaqlarını bəyan etmişlər. Hazırkı işdə tərəflər arasında bağlanmış müqavilə əslində “X2” Anonim Şirketinin, “X2” Anonim Şirketinin Azərbaycan Respublikasındakı filialı və "xxxx" MMC arasında 19 iyun 2020-ci il tarixdə istixana üzrə mühəndislik, satınalma və tikinti müqaviləsi, o cümlədən 22 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsinin qarantı kimi nəzərdə tutulmuşdur. Belə ki, iddiaçılar “X2” Anonim Şirketinin və “X2” Anonim Şirketinin Azərbaycan Respublikasındakı filialının cavabdeh "xxxx" MMC-yə qarşı işində iddiaçı iddia edir ki, cavabdeh verilən mallara və işə görə müqavilə üzrə nəzərdə tutulan məbləği ödəməmişdir. İddiaçı MMC-nin iddiası üzrə baxılan hazırkı işlə Bakı Apellyasiya Məhkəməsində iddiaçılar “X2” Anonim Şirketinin və “X2” Anonim Şirketinin Azərbaycan Respublikasındakı filialının cavabdeh "xxxx" MMC-yə qarşı işin eynilik təşkil etməsi mübahisələndirilən xx.xx.2020-ci il tarixli, 20/025 nömrəli alqı-satqı müqaviləsində "xxxx" MMC-nin adının keçməsi kiyafət edir. Yəni işin həqiqi hallarından aydın olur ki, İddiaçı MMC və "xxxx" MMC bir-biri ilə sıx əlaqədə olan iki şirkətdir. Əgər iddiaçılar “X2” Anonim Şirkətinin və “X2” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh "xxxx" MMC-yə qarşı olan işdə iddia təmin edilsə, sübut ediləcək ki, “X2” Anonim Şirketi mübahisələndirilən malları qarşı tərəfə çatdırmışdır.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1823/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “X2” Anonim Şirkətindən 400000 (dörd yüz min) ABŞ dolları məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 575 (beş yüz yetmiş beş) manatın İddiaçı xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Cavabdeh “X2” Anonim Şirkəti apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 isə apellyasiya şikayətinə etiraz etdi.
11. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
13. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
15. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.
18. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 599.3-cü maddəsi təşkil edir.
19. Hazırki işdə də həmin maddənin bütün dispozisiya şərtləri mövcuddur.
20. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin imzalanması, eləcə də alıcı (iddiaçı) tərəfindən 400000 ABŞ dolları məbləğində istixana avadanlıqlarının dəyərinin əvvəlcədən satıcının (cavabdehin) bank hesabına ödənilməsi, lakin müqavilə üzrə avadanlıqların alıcıya təhvil verilməməsi işin mübahisəsiz hallarını təşkil edir.
21. Eyni zamanda, cavabdeh həmin müqavilə üzrə avadanlıqların təhvil verilməsindən imtina edir və bildirir ki, alqı-satqı müqaviləsi digər əqdi pərdələmək üçün bağlanmış müqavilədir.
22. Kollegiya hesab edir ki, cavabdehin həmin dəlilləri əsassızdır.
23. Belə ki, həmin etirazın qanuni əsasını Mülki Məcəllənin 340.2-ci maddəsi təşkil edir.
24. Lakin hazırki işdə mübahisələndirilən müqavilənin yalan əqd olması təsdiq olunmur.
25. Çünki cavabdeh qeyd olunan halları təsdiq edən heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
26. Cavabdehin istinad etdiyi dəlillərə dair kollegiya qeyd edir ki, iddiaçı “X2” Anonim Şirketinin və “X2” Anonim Şirketinin Azərbaycan Respublikasındakı filialının cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair olan kommersiya mübahisəsinin hazırki mübahisə ilə tərəflər arasında bağlanmış 22 sentyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin yalan əqd olması nəticəsinə gəlmək üçün əsas verən əlaqəsi mövcud deyil.
27. Göründüyü kimi cavabdehin istinad etdiyi dəlillər əsassızdır və tərəflər arasında etibarlı alqı-satqı müqaviləsi bağlanmışdır.
28. Ona görə də, iddiaçı Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən təhvil verilməmiş avadanlıqlara görə ödədiyi 400000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
29. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh “X2” Anonim Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1823/2022 saylı qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn