Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-900/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdeh “Beton-İnşaatçı” firmasının nümayəndəsi Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-44/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 25.06.2021-ci il tarixli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, e-2-2(113)-44/2021 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “Beton-İnşaatçı” firmasına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə ilk iddiası qismən təmin, “Beton-İnşaatçı” firmasının ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı ipoteka müqavilələrinə xitam verilməsi barədə qarşılıqlı iddiası rədd edilmişdir. Cavabdeh “Beton-İnşaatçı” firması həmin qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda ötürülmüş müddətin bərpası barədə ərizə verərək, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2021-ci ilin iyun ayının əvvəllərində nümayəndə və vəkilin səhhətində problemlər yaranmış və sağlamlıq vəziyyəti pisləşmişdir. Bu səbəbdən ağır xəstəlik əlamətləri ilə 05.06.2021-ci il tarixdə xəstəxanaya müraciət etmişdir. Həkim tərəfindən yazılmış müalicələrin 05.06.2021-ci il tarixdən hal-hazıra kimi icrası nəticəsində xəstəliyin təsirləri hazırda nisbətən azalmış, sağlamlıq vəziyyəti qismən düzəlmişdir. Bakı Kommersiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, e-2-2(113)-44/2021 saylı qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 09.07.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 şikayəti müdafiə etdi, cavabdeh “Beton-İnşaatçı” firmasının nümayəndəsi Vəkil1 isə şikayətə etiraz etdi. Digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Hazırki işdə də qeyd olunan əsaslar mövcuddur. Belə ki, iş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, e-2-2(113)-44/2021 saylı qətnaməsi cavabdehin nümayəndəsi Vəkil1 məxsus elektron kabinetə yerləşdirilmişdir. Vəkil1 tərəfindən müddətin bərpasına dair ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, o, 05 iyun 2021-ci il tarixdə “EGe Hospital”da müayinələrdə olub və müayinə nəticələrinə əsasən səhhətində probemlərin yaranması təsdiqini tapır. Məhkəmə iclasında da cavabdehin nümayəndəsi bildirdi ki, “Beton-İnşaatçı” firmasının direktoru Cavabdeh2 vəfat etdiyindən hər hansı digər əməkdaşına təmsilçilik qaydasında etibarnamə vermək mümkün olmamışdır. Bu səbəbdən də o, firmanı tək təmsil etmək məcburiyyətində qalmış və bu müddət ərzində xəstələnmişdir. İşin hallarını, yəni cavabdehin nümayəndəsinin səhhəti ilə bağlı apellyasiya şikayətini təqdim edə bilməməsi və şikayətin verilmə müddətinin qısa müddət ötürülməsini nəzərə alaraq kollegiya hesab edir ki, prosessual müddətin buraxılması üzrlü hesab edilməli və həmin müddət bərpa edilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-44/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 25.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2-2(103)-900/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-900/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver