Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-900/2022 15.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı firmasının Cavabdeh ASC-yə qarşı borcun tələb edilməsinin qanunsuz hesab edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı firmasının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə Cavabdeh ASC-yə qarşı borcun tələb edilməsinin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1664/2022 nömrəli iş üzrə 15 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
1. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Ə.Rəsulzadə qəsəbəsi Dəmir yolunun Keşlə-Biləcəri mənzilinin 2.650 km PK 3,4 rayonunda yerləşən qeyri-yaşayış sahəsinə abonent kodu 101.604 üzrə “Azintrans-RA”-ya hesablanmış 13.734 manat məbləğdə borcun iddiaçıdan tələb edilməsinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
3. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını, ödənilmiş dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasını xahiş etmişdir.
4. Apellyasiya şikayətinin dəlilləri mübahisənin mahiyyəti ilə bağlı olmuşdur.
PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
5. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti qəbul etməyib, rədd olunmasını xahiş etmişdir.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
7. MPM: Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır; Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; Maddə 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 07 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli Qərarı: “Belə ki, həmin Məcəllənin 153.2.1 və 261.0.1-ci maddələrinə müvafiq olaraq ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır.”
9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır.”
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Məhkəmə kollegiyası iş materiallarını MPM-in tələblərinə müvafiq qaydada araşdıraraq, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş və bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur.
11. Mülki prosessual qanunvericiliyin yuxarıda istinad olunan müddəalarının təhlili göstərir ki, iki halda məhkəmədə mülki işə başlamaq mümkündür: 1. pozulmuş hüququn bərpası üçün; 2. qanunla qorunan hüququn yaxud mənafenin təsdiqi üçün.
12. Hazırkı iş xarakter etibarilə pozulmuş hüququn bərpasına dair mübahisəyə aiddir. Belə ki, iddiaçı cavabdeh tərəfindən ondan borcun tələb edilməsi nəticəsində hüquqlarının pozulduğunu irəli sürür. Ona görə də, cavabdeh tərəfindən iddiaçıdan borcun tələb edilməsinin qanuniliyi və əsaslılığı yoxlanılmadan öncə həmin hərəkətin ümumiyyətlə mübahisələndirilməsinin yolverilən olub-olmaması aydınlaşdırılmalıdır. Mübahisələndirilmənin mümkünlüyü isə cavabdeh tərəfindən borcun tələb edilməsinin iddiaçının hər hansı hüququnu pozub-pozmamasının müəyyən olunmasından asılıdır.
13. İlk olaraq, cavabdeh tərəfindən iddiaçıdan borcun tələb edilməsini təsdiq edən birbaşa sübutlar işdə mövcud deyil. Birinci instansiya məhkəməsi də öz qətnaməsində bu nəticəyə dolayı dəlillərlə gəlmişdir.
14. Bu kontekstdə, hesab olunsa ki, cavabdeh tərəfindən iddiaçıdan borcun tələb edilməsi faktı mübahisəsizdir, o halda cavabdeh tərəfindən borcun tələb edilməsinin qanuniliyinin yoxlanılması tələbinə məhkəmədə baxılmamalıdır. Belə ki, məhkəmə qaydasında baxılan iddia tələbi hüquq və ya qanunla qorunan mənafeyin müdafiəsi və yaxud təsdiq edilməsi məqsədi ilə irəli sürülməli, iddia tələbinin məhkəmə tərəfindən təmin edilməsi ilə pozulmuş hüququn bərpası təmin edilməlidir. Bu mənada, əgər cavabdeh borcla bağlı iddiaçıya münasibətdə hər hansı hüquqi məsuliyyət yaradan qərar çıxardıqda (hərəkət etdikdə), artıq həmin andan etibarən iddiaçının hüquqlarının mümkün pozuntusundan söz edilə bilər. Müvafiq olaraq iddiaçı da məhz həmin hüquqi məsuliyyət yaradan qərarı (hərəkəti) mübahisələndirməlidir. Çünki borcun tələb edilməsi ilə və həmin borcla bağlı iddiaçının barəsində hüquqi məsuliyyət yaradan qərar çıxarılması (hərəkət edilməsi) iki ayrı mərhələdir. Borc tələb edilməsinə baxmayaraq məsuliyyət doğuran qərar çıxarılmaya (hərəkət edilməyə) bilər. Belə ki, şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan onun hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız o hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun. Bu mənada, cavabdehin iddiaçıdan borcun tələb edilməsi iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun tələb edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə gəlmək mümkün deyil. Odur ki, cavabdehin iddiaçıdan borcu tələb etməsinin mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmeti ola bilməz.
15. Digər tərəfdən, hazırkı iddia tələbi özlüyündə yarımçıq olmaqla, iddiaçıya münasibətdə hər hansı əlverişli şəraitin yaradılmasına yönəlməmişdir. İddiaçı borcun ondan tələb edilməsinin qanunsuz hesab edilməsinə nail olduqdan sonra həmin borc məbləği ilə bağlı cavabdehin üzərinə hansı real öhdəliyin qoyulmalı olduğunu göstərməli idi. Çünki, bu qaydada qoyulmuş tələbin təmin edildiyi fərz olunsa, o halda iddiaçının hüquqi vəziyyətində hansı pozitiv dəyişikliklərin baş verəcəyi aydın deyil. Başqa sözlə, bu tələbin təmin edilməsi ilə iddiaçının pozulduğunu irəli sürdüyü hüquqlarının bərpası təmin edilməyəcək, mübahisələndirilən borclar abunə hesabında qalmaqda davam etməklə, cavabdehin həmin borcla bağlı qərar və hərəkətlərindən asılılıq davam edəcəkdir. Halbuki, eyni məqsədlə iddiaçı borcun silinməsi, borcun ondan tələb edilməsinin yaxud ödədiyi borc məbləğlərinin başqa şəxsin borcuna görə silinməsinin cavabdehə qadağan edilməsi, yeni kod verilməsi öhdəliyinin həvalə edilməsi və bu qəbildən onun maraqlarına cavab verən sair iddialar qaldırmağa haqlı idi.
16. Həmçinin, güman edilsə ki, iddiaçının hazırkı iddiadan məqsədi əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsidir, o halda iddia MPM-lə müəyyən edilmiş xüsusi icraat qaydasında qaldırıla bilərdi.
17. Bu baxımdan, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsasları ilə iş üzrə icraata üç halda xitam verilə bilər: - 1. işə, məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda; - 2. işə məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda; - 3. iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin) və aktın mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda.
18. Hazırkı işdə iddiaçının tələbi hər hansı hüququnun və qanunla qorunan mənafeyinin birbaşa və dolaylı pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin) mübahisələndirilməsinə yönəldiyindən işə məhkəmədə baxılmamalıdır.
19. Bu mənada, məhkəmə kollegiyası şikayətlə qətnamənin ləğvi hissədə qismən razılaşır.
20. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməli, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalıdır.
21. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1664/2022 nömrəli iş üzrə 15 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı firmasının Cavabdeh ASC-yə qarşı borcun tələb edilməsinin qanunsuz hesab edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova