Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-903/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair kommersiya iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 09 dekabr 2022-ci il tarixli qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil3, Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbinin hazırki apellyasiya baxışının predmeti olan hissəsi barədə məlumat
1. İddiaçı Bank, cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, digər məsələlər ilə yanaşı Bank ilə Cavabdeh1 MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 01 saylı "xxxx" üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 499.991,16 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 29.311,79 manat, cəmi isə 529.302,95 manat məbləğində pulun borcalan olan Cavabdeh1 MMC-dən və onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 Bankın xeyrinə müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Apellyasiya baxışının predmeti olan hissədə iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh MMC ilə iddiaçı Bank arasında xx.xx.2018-ci il tarixdə bağlanmış "xxxx" əsasən Bank tərəfindən MMC-yə illik 6% dərəcəsi ilə 72 ay müddətinə 500.000 manat məbləğində kredit verilmişdir. "xxxx" üzrə MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 cavabdeh MMC ilə birlikdə Bank ilə “Zaminlik müqavilələri” bağlamış və onlar da Bank qarşısında yuxarıda qeyd edilən "xxxx" üzrə borcalan MMC-nin üzərinə götürdüyü öhdəliklərin icrasına təminat verərək MMC ilə birgə məsuliyyət daşımaları barədə üzərilərinə öhdəliklər götürmüşlər. Borcalan MMC və zaminlər iddiaçı Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmiş, Banka olan borcun bir hissəsini ödəməmişlər. Nəticədə onların Banka iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması barədə” ərizədə göstərilən məbləğlərdə borcları yaranmış və Bank tərəfindən onlara dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənilməmiş qalmışdır. Odur ki, Bank, borcun ödənilməsi və sair tələblər barədə iddia ilə məhkəməyə müraciət etmək və bu zaman dövlət rüsumları ödəmək məcburiyyətində qalmışdır. b) iddia tələbinin hazırki apellyasiya baxışının predmeti olan hissəsinə cavabdeh MMC-nin münasibəti barədə məlumat
3. Cavabdeh MMC-nin nümayəndəsi iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda göstərmişdir ki, kredit borcu düzgün hesablanmamışdır. Hazırki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası rəyi verildikdən sonra iddiaçı Bank tərəfindən “iddianın həcminin artırılması barədə” ərizə verilmiş, ekspert rəyində isə həmin ərizədə ödənilməsi tələb edilən borcun hesablandığı dövrü əhatə etməmişdir. c) iddia tələbinin hazırki apellyasiya baxışının predmeti olan hissəsinə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Bakı Kommersiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə (İş № 2-2(113)-3166/2022) ilə digər məsələlər ilə yanaşı, 498.915,16 manat əsas borc, 24.332,83 manat faiz borcu, cəmi isə 523.247,99 manat məbləğində pulun borcalan cavabdeh MMC-dən və zamin olan cavabdehlər Cavabdeh3, Nurbaxiş Süleymanzadə və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Banka ödənilməsini qət etmişdir.
5. Apellyasiya baxışının predmeti olan hissədə Bakı Kommersiya Məhkəməsi iş gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Bank cavabdeh MMC-yə illik 6% dərəcəsi ilə 72 ay müddətinə 500.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. İddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə gəldikdə ilk növbədə qeyd edilməlidir ki, cavabdeh MMC-nin mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halını təşkil etdiyindən həmin halın müəyyən edilməsi üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə MMC-nin xx.xx.2022-ci il tarixə iddiaçı Banka borcunun 509.527,81 manat, o cümlədən əsas borcunun 498.915,16 manat və faiz borcunun 10.612,65 manat təşkil etməsi müəyyən edilmişdir. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh MMC və Cavabdeh3 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişlər.
7. Apelyasiya baxışının predmeti olan hissədə apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, iddiaçı Bank öz hüquqlarından sui-istifadə edərək, həddən artıq şişirdilmiş məbləğin cavabdehlərdən ödənilməsini tələb edir. Nəzərə alınmalıdır ki, iş üzrə cavabdehlər müqavilə üzrə öhdəliklərin icrasından yayınmamışlar. Həmçinin, kredit borcu düzgün hesablanmamış, məhkəmə-mühasibatlıq ekspertizası rəyi verildikdən sonra iddiaçı tərəfindən iddia tələbinin artırılması barədə ərizə verilmiş və ekspert rəyinin isə həmin ərizədə ödənilməsi tələb edilən borcun hesablandığı dövrü əhatə etmədiyindən, məhkəmə tərəfindən iddia tələbinin artırılması hissəsində məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi barədə tərəflərindən vəsatət verilsə də, məhkəmə tərəfindən vəsatət təmin olunmamış və məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi təyin edilməmişdir. e) apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Apellyasiya şikayətlərinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (iş № 2- 2(103)-408/2023) ilə apellyasiya şikayətlərinin qismən təmin edilməsini, Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin qismən - cavabdehlərdən tutulmalı olan faiz borcunun, bundan asılı olaraq cəmi borcun tutulması hissəsində dəyişdirilməsini, iddiaçı Bankın xeyrinə tutulmalı olan faiz borcunun ödənilməsi məqsədi ilə 7.203,40 manat (cəmi borc 506.118,56 manat) məbləğində müəyyən edilməsini, mübahisələndirilən qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
9. (hazırkı apellyasiya baxışının predmeti olan hissədə) Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Bank ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Kredit müqaviləsindən” irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, cavabdeh MMC, illik 6 % dərəcəsi ilə 72 ay müddətinə 500.000 manat məbləğində krediti Bankdan almışdır. Bank, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh MMC həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, əsas kredit borcunu və kredit borcuna hesablanmış faizləri Banka tam deyil, qismən ödəmiş, nəticədə onun Banka borcu yaranmışdır. Bakı Kommersiya Məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi xx.xx.2022-ci il tarixli, 9/5448 saylı rəyə uyğun olaraq "xxxx" üzrə əsas və faiz borcların tutulması hissəsində 498.915,16 manat məbləğində əsas və 24.332,83 manat məbləğində faiz borcunun tutulması nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi əsas borcun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, apellyasiya baxışı zamanı xx.xx.2023-cü il tarixli qərardadla iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, xx.xx.2018-ci il tarixli xx.xx.2022 və xx.xx.2022-ci il tarixinə əsas, faiz və cərimə borcu nə qədər təşkil etməsi barədə ekspert qarşısına sual qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4610 saylı ekspert rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, xx.xx.2018-ci il tarixli, 01 sayı "xxxx", xx.xx.2020-ci il tarixli 01 №-li "xxxx" və xx.xx.2021-ci il tarixli 02 №-li "xxxx"nin şərtlərinə əsasən borcalan MMC-nin iddiaçı Banka olan borcu xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 498.915,16 manat, faiz borcu üzrə 4.791,97 manat; xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 498.915,16 manat, faiz borcu üzrə 7.203,40 manat; xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 498.915,16 manat, faiz borcu üzrə 10.612,65 manat; xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 498.915,16 manat, faiz borcu üzrə 11.028,41 manat; xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 498.915,16 manat, faiz borcu üzrə 11.610,48 manat müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi həmin rəyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88, 101.3 və 103.1-ci maddələrinin tələbləri baxımından qiymətləndirmiş və qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı məhkəmə araşdırması zamanı xx.xx.2023-cü il tarixli, 9/4610 saylı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul etmiş və belə qənaətə gəlmişdir ki, xx.xx.2022-ci il tarixli 9/5448 saylı və xx.xx.2023-cü il tarixli, 9/4610 saylı ekspert rəyləri ilə əsas borc məbləğinin 498.915,16 manat müəyyən edilmişdir. Faiz borcu məbləğinə münasibətdə apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixli məktubda kredit müqaviləsi üzrə öhdəliklərin vaxtından əvvəl icra edilməsinə və belə olan halda mübahisəli kredit müqaviləsinin ləğv edilməsinə dair iradəsini qarşı tərəfə bildirmiş, bununla da mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Odur ki, iddiaçı yalnız müqaviləyə xitam verildiyi tarixədək olan müqavilə üzrə faizlərin ödənilməsini tələb etmək hüququna malik olduğundan mübahisəli kredit müqaviləsi üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcu ekspert rəyində müəyyən edilmiş xx.xx.2022-ci il tarixə olan faiz borcu əsas götürülməklə 7.203,40 manat məbləğində müəyyən edilməlidir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 digər cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli, 01 saylı “Kredit müqaviləsindən” irəli gələn öhdəliklərinə zamin durduğunu, cavabdeh MMC-nin isə həmin müqavilə üzrə öhdəliklərini tam icra etmədiyindən və bu fakt işin materialları ilə sübut olunduğundan, xx.xx.2023-cü il tarixli, 9/4610 saylı ekspert rəyinə əsasən MMC ilə iddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli "xxxx" əsasən 7.203,40 manat məbləğində faiz borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Hazırda, iddiaçı belə bir tələb irəli sürməmişdir. f) kassasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı Bankın ayrıca, cavabdehlər MMC və Cavabdeh3 isə birgə verdikləri kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərar (iş № 2-2(102)- 271/2024) ilə cavabdeh tərəfin verdiyi kassasiya şikayətinin təmin edilməməsini, iddiaçı Bankın kassasiya şikayətinin isə qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən – xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək faiz tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini və həmin hissədə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır.
11. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğinin ödənilməsi barədə tələbin olmaması qənaətinə gələrkən, nəzərə almamışdır ki, baxılan iş üzrə iddiaçı, məhkəmənin gəldiyi nəticə üzrə kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi xx.xx.2022-ci il tarixindən sonrakı dövr üçün (konkret olaraq iddia tələbinin həcminin artırıldığı xx.xx.2022-ci il tarixinə qədər) də faizin tutulmasını xahiş etmişdir. Lakin məhkəmə tərəfindən həmin dövr üzrə faizin tutulması tələbinə, tətbiq edilməli olan maddi hüquq normasının tələbləri baxımından qiymət verilməmişdir. g) apellyasiya baxışının hədləri barədə məlumat
12. Yuxarıda göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, hazırki apellyasiya baxışının predmeti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək faiz borcunun tutulması hissəsi (7.203,40 manat məbləğində faiz məbləğinin tutulması hissəsi istisna olunmaqla) təşkil edir. h) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat
13. Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
14. İş üzrə digər cavabdehlər, o cümlədən apellyasiya şikayəti vermiş Cavabdeh3 işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
15. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil3 apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlilinə etiraz etdi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarın əsaslarına uyğun izahat verdi. i) apelyasiya baxışının predmeti olan hissədə mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
16. Məhkəmə apelyasiya baxışının predmeti olan hissədə işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə, yəni cavabdeh MMC-dən və zamin olan cavabdehlərdən iddiaçı Bankın xeyrinə tutulmalı olan faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
17. Belə ki, apelyasiya baxışının predmeti olan hissədə işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Bank ilə cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə 01 saylı "xxxx" bağlanmışdır. Cavabdeh MMC, illik 6 % dərəcəsi ilə 72 ay müddətinə 500.000 manat məbləğində krediti Bankdan almışdır. MMC həmin müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Bunun nəticəsində cavabdeh MMC-nin "xxxx" üzrə Banka 498.915,16 manat əsas borcu yaranmışdır ki, bu hissədə hazırkı apellyasiya baxışının predmetini təşkil etmir.
18. Faiz borcu məbləğinə münasibətdə məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının cavabdehə 08 aprel 2022-ci il tarixli məktubda kredit müqaviləsi üzrə öhdəliklərin vaxtından əvvəl icra edilməsinə və belə olan halda mübahisəli kredit müqaviləsinin ləğv edilməsinə dair iradəsini qarşı tərəfə bildirmiş, bununla da mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir.
19. İş materiallarından görünür ki, iddiaçı Bank, onunla cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Kredit müqaviləsinin” birtərəfli qaydada ləğv edildiyi xx.xx.2022-ci il tarixindən sonrakı dövr üçün (konkret olaraq iddia tələbinin həcminin artırıldığı xx.xx.2022-ci il tarixinə qədər) faizin tutulması barədə tələb irəli sürmüşdür.
20. Qeyd olunan tələblə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə (zamana görə qüvvədə olan redaksiyası) əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
21. Məhkəmə bildirir ki, faiz bir qayda olaraq kreditorun pul vəsaitindən istifadə edilməsinin qarşılığı kimi hesablanan məbləğdir. Kredit borcuna hesablanması mümkün olan faizlər mahiyyət etibarilə bir-birindən fərqlənir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi qüvvədə olduğu dövrdə həmin əqdlə razılaşdırılmış müqavilə faizi (əsas kapitaldan istifadə faizi) və müqavilə ləğv edildikdən sonra tələb edilən gecikdirmə faizi (Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 faiz) fərqləndirilir.
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin ipoteka predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd etmişdir ki, “müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. ...Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi, onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... Öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
23. Hazırki iş üzrə iddia ərizəsinin və “iddia tələbinin həcminin artırılması barədə” ərizənin (İİ cild iş v. 45) məzmunundan göründüyü kimi, iddiaçı Bank, tərəflər arasında bağlanmış kredit müqaviləsi üçün əsas borcu və həmin borca hesablanmış faiz borcunun tutulması barədə tələblər irəli sürmüşdür.
24. Göründüyü kimi, iddiaçı Bank, məhkəmənin gəldiyi nəticə üzrə kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi xx.xx.2022-ci il tarixdən sonrakı dövr üçün (konkret olaraq iddia tələbinin həcminin artırıldığı xx.xx.2022-ci il tarixinə qədər) də faizin tutulmasını xahiş etmişdir.
25. Qeyd olunanları, habelə Mülki Məcəllənin 445.7-ci maddəsinin (zamana görə qüvvədə olan redaksiyası) tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı Bank, pul məbləğinin ödənilməsini gecikdirdən borclulardan gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyi tələb etməkdə haqlıdır. Borclu həmin faizi iddiaçı Banka ödəməyə borcludur.
26. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tutulacaq faiz borcunun məbləğinə gəldikdə Məhkəmə hesab edir ki, həmin borc 14.274,52 manat təşkil edir. Belə ki, birincisi: işin hallarından müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, xx.xx.2022-ci il tarixdən sonra borcalan MMC və zamin olan cavabdehlər tərəfindən Banka heç bir ödəniş olmamışdır.
27. İkincisi: hazırkı iş üzrə birinci apelyasiya baxışının nəticəsi olaraq qəbul edilmiş xx.xx.2023-cü il tarixli qətnaməsinə (iş № 2-2(103)-408/2023) əsasən borclu MMC-dən və onun öhdəliklərinə zamin durmuş Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 tutulmalı olan faiz borcu 7.203,40 manat məbləğində təmin edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin həmin qətnaməsi müzakirə olunan hissədə Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
28. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, cavabdehlər MMC, Cavabdeh3, Nurbaxiş Süleymanzadə və Cavabdeh2 iddiaçı Bankın xeyrinə tutulmalı olan faiz borcu (21.477,92 manat – 7.203,40 manat=) 14.274,52 manat məbləğində müəyyən edilməlidir. j) məhkəmənin iş üzrə gəldiyi nəticə
29. Qeyd edilənlərə əsaslanın və MPM-in 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni cavabdeh MMC-dən və zamin olan cavabdehlərdən iddiaçı Bankın xeyrinə tutulmalı olan faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
30. Qətnamə bu qaydada ləğv edildiyi üçün apellyasiya şikayəti qismən təmin edilmiş hesab edilməlidir.
31. Yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olan faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. 08 aprel 2022-ci il tarixdən 04 noyabr 2022-ci il tarixədək olan dövr üçün 14.274 (on dörd min iki yüz yetmiş dörd) manat 52 (əlli iki) qəpik məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Müəyyən edilsin ki, Bakı Kommersiya Məhkəməsinin hazırkı iş üzrə qəbul edilmiş 09 dekabr 2022-ci il tarixli qətnamənin qalan hissəsi hazırkı apellyasiya baxışının predmeti olmamışdır. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.