Məhkəmə qərarları › İş №2-2(103)-904/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-904/2022

15.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-904/2022 15.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı qanuni təmsilçinin vəzifədən azad edilməsi və sair tələblərə dair ilk, cavabdehin iddiaçıya qarşı audit yoxlamasının keçirilməsi və sair tələblər barədə qarşılıqlı iddia ərizələri ilə bağlı kommersiya mübahisəsi üzrə (açar sözlər: hüquqi şəxsin qanuni təmsilçisinin vəzifədən azad edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı (bundan sonra - iddiaçı), iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçının cavabdehə qarşı qanuni təmsilçinin vəzifədən azad edilməsi və sair tələblərə dair ilk, cavabdehin iddiaçıya qarşı audit yoxlamasının keçirilməsi və sair tələblər barədə qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1624/2022 nömrəli iş üzrə 17 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 xx.xx.2013-cü il tarixli 014 nömrəli əmrinə görə, İddiaçı həmin MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir.

2. Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən xx.xx.2013-cü il tarixli **********935800 nömrəli çıxarışa əsasən, Cavabdeh1 MMC-nin qanuni təmsilçisi İddiaçıdur.

3. xx.xx.2015-ci il tarixli xxxxxxx0001X0 nömrəli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, İddiaçı əmək müqaviləsinə xx.xx.2015-ci il tarixli 03 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75.2 a) maddəsinə əsasən, tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-286/2022 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6056/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ərizəçi AR İN DVX Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin maraqlı şəxs İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi təmin edilməmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində göstərilmişdir ki, “... maraqlı şəxs, MMC-nin direktoru vəzifəsindən azad edilmişdir. Başqa sözlə, ərizəçinin qanuni təmsilçi kimi məsuliyyətə cəlb etmək istədiyi maraqlı şəxs rəhbəri olduğu irəli sürülən hüquqi şəxsin direktoru vəzifəsindən azad edildiyi üçün, hazırkı ərizənin təmin olunması üçün əsaslar iş üzrə mövcud olmamışdır.”

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

6. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, iddiaçının Cavabdeh1 MMC-nin qanuni təmsilçisi (direktoru) vəzifəsindən azad edilməsinin cavabdehə həvalə edilməsi, vurulmuş 60.000 manat maddi, 1.000 manat mənəvi ziyanın, ilkin mediasiya prosesində iştirakla bağlı ödənilmiş 100 manat pulun və məhkəməyə ödənilmiş 170 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, iddiaçının Cavabdeh1 MMC-nin direktoru-qanuni təmsilçi vəzifəsindən azad edilməsi, xx.xx.2017-ci il tarixdən sonrakı dövr ərzində Cavabdeh1 MMC-nin fəaliyyətinin audit yoxlaması keçirilməklə, təhvil-təslim aktı əsasında MMC-nin (rəsmi sənədləri möhür və digər rəsmi sənədlər) sənədlərini təhvil verməklə, direktor vəzifəsindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İlk iddianın əsaslarına görə, Cavabdeh1 MMC cavabdeh tərəfindən təsis edlmiş və həmin ildən başlayaraq müəssisənin bütün idarəçilik işləri onun tərəfindən həyata keçirilmişdir. Təsisçi 2008-ci ildə MMC-nin qanuni təmsilçi (direktor) vəzifəsinə formal olaraq iddiaçını təyin etmiş və kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrində sonuncunun adı qeydiyyata alınsa da, müəssisənin fəaliyyəti ilə bağlı bütün hüquqi prosedurlar cavabdeh tərəfindən həyata keçirilmişdir. MMC-nin qanuni təmsilçisi iddiaçıya müəssisənin hansı fəaliyyətlə məşğul olması haqda ona heç bir məlumat verilməmiş və onun sənədləşmə işlərinin həyata keçirilməsi ilə bağlı razılığı tələb edilməmişdir. MMC-nin qanuni təmsilçisi olduğu müddətdə müəssisənin fəaliyyətindən əldə edilmiş gəlirdən ona heç bir ödəniş edilməmiş və direktor kimi fəaliyyətinə görə də əmək haqqı ödənişi həyat keçirilməmişdir. MMC-nin təsisçisi qanuni təmsilçisi kimi müəssisənin bütün öhdəliklərini iddiaçının üzərinə qoymaqla onun etibarından su-istifadə etmişdir. Müəssisənin vergi borcu ödənilmədiyindən vergi orqanı qarşısında borc öhdəliyi yaranmışdır. MMC-nin yaranmış vergi borclarının ödənilməsi ilə bağlı Vergilər Nazirliyi tərəfindən məhkəməyə müraciət edilmişdir. MMC-də aparılmış maliyyə əməliyyatlarından iddiaçının məlumatsız olması və yaranmış vergi borcları ilə bağlı onun məsuiyyət daşımadığı məhkəmədə sübutlarla və şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Belə ki, MMC-nin vergi borcuna görə cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-50/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 il müddətinə dövlət və özünü idarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Mülki idda üzrə Vergilər Nazirliyinin iddiası qismən təmin edilərək, 219.899,93 manat pul məbləğinin tutulması MMC-nin təsisçisi cavabdehdən tutulmalı olduğu göstərilmişdir. Bundan sonra, MMC-nin vergi borcunun dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi üçün AR İN DVX Bakı şəhəri Lokal gəlirlər baş idarəsi tərəfindən iddiaçının ölkədən getmək hüququnun məhdudlaşırılması üçün Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6056/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə MMC-nin vergi borcuna görə iddiaçının ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. MMC-nin vergi borcu təsisçi tərəfindən ödənilmədiyindən iddiaçı kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir. Belə ki, xarici ticarət əlaqələri qurmaq üçün sərhəddəki məhdudiyyət səbəbindən maliyyə itkiləri ilə qarşılaşır. Ölkədən getmək hüququnun məhdudlaşdırılması nəticəsində ona həm maddi, həm də mənəvi ziyan vurulması onun sarsıntı keçirməsinə səbəb olmuşdur. Sonradan iddiaçıya məlum olmuşdur ki, təsisçi ona məlumat vermədən Əmək Məcəlləsinin 75.2 a) bəndinə əsasən birtərəfli qaydada əmək müqaviləsinə xitam vermişdir. Lakin əmək münasibətlərinə xitam verilsə də, MMC-nin təsisçisi tərəfindən iddiaçının adının formal olaraq kommersiya qurumlarının dövlət reyestrində saxlamaqla ona qarşı süni maneə yaradır. MMC-nin qanuni təmsilçisi kimi fəaliyyətinin formal olması barədə dəfələrlə təsisçisiyə müraciət etsə də, heç bir nəticə əldə edilməmişdir.

9. Qarşılıqlı iddianın əsaslarına görə, MMC-nin nizamnaməsinə əsasən cəmiyyətin cari fəaliyyətinə direktor rəhbərlik edir. MMC-nin direktoru vəzifəsinə xx.xx.2013-cü il tarixdə təsisçi olaraq əmr əsasında iddiaçı təyin edilmişdir. MMC-nin nizamnaməsinin 2-ci redaksiyası xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatından keçirilmişdir. Nizamnamənin 4.6-cı bəndinə görə cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi icraedici orqanı və qanuni təmsilçilik funksiyalarını direktor həyata keçirir. xx.xx.2017-ci il tarixə qədər müəssisənin fəaliyyəti nəticəsində yaranmış bütün fəaliyyətlə əlaqədar funksiyalara faktiki olaraq rəhbərlik etdiyini öz üzərinə götürməklə, bütün cavabdehlilik və məsuliyyət üzərində qalmışdır. xx.xx.2017-ci il tarixdən məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Təsisçi olaraq direktor vəzifəsinə təyin etdiyi iddiaçı xx.xx.2017-ci il tarixdən sonrakı dövrdə MMC-ni idarə etmişdir. MMC-nin möhürü, bank rekvizitləri, vergi orqanında **********1 VÖEN üzrə istifadə kodu, parol və şifrə, cəmiyyətin nizamnaməsinin əsli və sair sənədlər və səlahiyyətlər iddiaçıda olmuşdur. 2017-2020-ci illər dövründə azadlıqdan məhrumetmə qaydasında cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün MMC-nin direktoru tərəfindən hansı fəaliyyətlərlə məşğul olmasından məlumatsızdır. Bu səbəbdən təsisçi olaraq MMC-nin xx.xx.2017-ci ildən sonrakı keçən dövrün müstəqil audit cəlb edilməklə, bu dövr ərzində MMC-nin fəaliyyətinin olubolmaması, başqa öhdəliklərin yaranıb-yaranmaması, bu fəaliyyətlər nəticəsində xx.xx.2017-ci il tarixdən sonrakı dövrlərdə hansı borc və öhdəliklərin olub-olmaması yoxlanılmaqla iddiaçının direktor vəzifəsindən azad edilməsinə etirazı olmamışdır. İddiaçı əksinə MMC-ni rəsmi akt əsasında təsisçiyə təhvil verməkdən qəsdən yayınır. Nəzərə alınmalıdır ki, cavabdeh xx.xx.2017-ci ildən sonrakı 5 il müddətində müəssisənin direktoru vəzifəsindən azad edilməsi məqsədilə ona, yaxud məhkəməyə müraciət etməmişdir. Direktor MMC-nin təsisçisinə nə şifahi, nə də yazılı qaydada heç bir məlumat vermir və müəssisənin keçən 5 il ərzində fəaliyyəti nəticəsində gəliri, zərəri, öhdəliklərin olubolmaması barədə məlumat verməkdən yayınmaqla, həm də MMC-nin son beş illik dövrün audit edilməsinə razılıq vermədən bəlkə də müəssisənin adından əlavə öhdəliklər yaratmaqla, cavabdehlikdən yayınmaq istəyir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hər iki iddia rədd edilmişdir.

11. Qətnamənin əsaslarına görə, “Məhkəmə İddiaçı Cavabdeh1 qanuni təmsilçisi (direktoru) vəzifəsindən azad edilməsinin Cavabdeh2 həvalə edilməsi tələbinə münasibətdə qeyd edir ki, məhkəməyə təqdim edilmiş sübutlardan məlum olur ki, İddiaçı Cavabdeh1 MMC ilə əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığı əsası ilə xitam verilmişdir. İddiaçının MMC-nin direktoru olaraq fəaliyyətinə xitam verilmiş və vəzifədən azad olunma əmək qanunvericiliyində nəzərdə tutulmuş şəkildə rəsmiləşdirilmişdir. Məhkəmə hesab edir ki, direktor vəzifəsindən azad olunmuş şəxsin belə bir iddia ilə məhkəməyə müraciəti əsassızdır. İlkin iddia üzrə iddiaçı iddia ərizəsində eyni zamanda 60.000 (altmış min) manat maddi və 1.000 (min) manat mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsini də tələb etmişdir. İddiaçı iddia tələbini məhkəmə qətnaməsi ilə onun ölkədən çıxışına məhdudiyyət qoyulması nəticəsində xarici ticarət əlaqələri qurmaq üçün imkanlarının məhdudlaşması ilə əsaslandırmış, həm maddi həm də mənəvi sarsıntılar keçirdiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı məhkəmə araşdırması zamanı iddia tələbini qeyd olunan hissədə təsdiqləyən hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. Cavabdeh2 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddaçı tərəfindən İddiaçı Cavabdeh1 MMC-nin direktor vəzifəsindən azad edilməsi, 01 yanvar 2017-ci il tarixdən sonrakı dövr ərzində Cavabdeh1 MMC-nin fəaliyyətində audit yoxlanılması, "xxxx" əsasında MMC-nin (rəsmi sənədləri möhür və digər rəsmi sənədlər) sənədlərini təhvil verməsi iddiası rədd edilməlidir. ... Məhkəmə hesab edir ki, cavabdeh (ilkin iddiaçı) direktor vəzifəsindən azad edildiyindən və bununla bağlı hər hansı mübahisəli hal olmadığından, 01 yanvar 2017-ci il tarixdən sonrakı dövr ərzində Cavabdeh1 MMC-nin fəaliyyətində audit yoxlanılmasının aparılması hüquqi şəxsin səlahiyyətləri çərçivəsində olmaqla məhkəmə qərarı ilə müəyyən edilən hal olmadığından və "xxxx" əsasında MMC-nin (rəsmi sənədləri möhür və digər rəsmi sənədlər) sənədlərinin təhvil verilməsi ilə bağlı cavabdehə (ilkin iddiaçı) müraciət edilməsi və bundan imtina olunması ilə bağlı məhkəməyə sübut təqdim edilmədiyindən iddia rədd olunmalıdır.”

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.1-7-ci maddəsinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, ilk iddianın təmin olunmasını xahiş etmişdir.

14. Şikayətin dəlillərinə görə, məhkəmə qətnamə qəbul edilən zaman təqdim edilmiş kommersiya qurumlarının dövlət reyestri məlumatında göstərilənlərlə bağlı qətnamədə heç bir münasibət bildirməmişdir. Halbu ki, reyestr məlumatında MMC-nin qanuni təmsilçisi (direktoru) vəzifəsində formal olaraq iddiaçı göstərilmişdir. Məhkəmə kommersiya qurumlarının dövlət reyestri bazasında MMC-nin qanuni təmsilçisi (direktoru) iddiaçının adının çıxarılması ilə bağlı məsələyə baxmalı idi. Heç bir qanunvericilik aktının sahibkarlıq fəaliyyətinə məcburi cəlb edilə bilməsi barədə müddəası mövcud deyil. Lakin cavabdeh tərəfindən qanunsuz olaraq məhdudiyyət yaratması məhkəmə tərəfindən araşdırılmamışdır. Halbu ki, MMC ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2015-ci il tarixli 03 nömrəli əmr əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75.2 a) maddəsinə əsasən xitam verilərək, direktor vəzifəsindən azad olunduqdan sonra MMC-nin təsisçisi cavabdeh iddiaçının kommersiya qurumlarının dövlət reyestri bazasından çıxarılmağı barədə qərar qəbul etməli idi. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanununun 9.2-ci maddəsinə əsasən, dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Məhkəmə hesab etmişdir ki, əmək müqaviləsinə xitam verilmişdirsə, artıq işdən azad olunmuş hesab edilir. Lakin qanuni təmsilçisi (direktoru) kimi kommersiya qurumlarının dövlət reyestri bazasından birbaşa çıxarılması analayışı qanunda nəzərdə tutulmamışdır. Bunun üçün müəssisənin təsisçisinin azad olunma ilə bağlı qərarı olmalı və müvafiq sənədlər Dövlət Vergi Xidmətinə təqdim edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı cavabdehin etirazının dəlillərinə görə, DSX-nin xx.xx.2021-ci il tarixli məktubundan məlum olur ki, cavabdeh xx.xx.2015-ci il tarixdən etibarən ölkə hüdudlarından kənarda olmuşdur. Beləliklə, nizamnaməyə əsasən MMC-nin direktorunun işdən azad etmək səlahiyyətinə malik olan təsisçi ölkə ərazisində xx.xx.2015ci ildə olmadığı halda, onun adından iddiaçının guya xx.xx.2015-ci il tarixli 03 nömrəli əmr əsasında işdən azad edilməsi barədə əmrin verilməsi mümkün deyildi. Bu səbəbdən də birinci instansiya məhkəməsində bu fakt ilə əlaqədar xüsusi qərardad qəbul etməklə, prokurora xəbər verilməsini Məhkəmədən xahiş etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı, təsisçinin hüquqlarına dair səlahiyyətlərdən istifadə edərək xx.xx.2015-ci il tarixdə elektron sistemdə özünün işdən azad olunmasına dair əmri əsasında əmək müqaviləsinə xitam verdiyini gizlətmir. MMC-nin fəaliyyəti üçün elektron imza xx.xx.2013-cü il tarixdə iddiaçının adına rəsmi olaraq açılmış və həmin elektron imza və sair sənədlər hazırda da ondadır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək, ona uyğun izahat vermiş, cavabdehin vəkili və nümayəndəsi şikayəti qəbul etməyib, rədd olunmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər; Maddə 91.1-1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər; Maddə 91.1-2. Cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabatmaliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır; Maddə 91.2. Cəmiyyətin idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir; Maddə 91-2.1. Cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir; Maddə 91.3. Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər; Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə ilk iddia rədd olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalı, qarşılıqlı iddia rədd edilən hissəyə, tərəflər həmin hissəni mübahisə etmədiyi üçün, toxunulmamalıdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

22. İlk iddianın əsas tələbi iddiaçının direktor vəzifəsindən azad edilməsi barədə qərarın qəbul edilməsidir. İddiaçı həmin qərarın təsisçi cavabdeh tərəfindən qəbul edilməməsini mübahisələndirsə də, iddianı adından qərar qəbul edilməli olan Cavabdeh1 MMC-yə yox, MMC-nin adından təkbaşına qərar qəbul etmək səlahiyətinə malik təsisçisi olan tək cavabdehə qarşı qaldırmışdır. Belə ki, qanunvericiliyin tələbinə görə, məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır, bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir, cəmiyyətin icra orqanını təyin etmək və onun səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Başqa sözlə, bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri həmin iştirakçı tərəfindən təkbaşına həyata keçirilsə də, onun bu, o cümlədən icra orqanının rəhbərinin təyin edilməsi ilə bağlı digər fəaliyyəti hüquqi şəxsin adından və hesabına, sonuncunun ümumi yığıncağının müstəsna səlahiyyəti dairəsində baş verir.

23. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.

24. Belə ki, kommersiya qurumlarının dövlət reyestri məlumatında göstərilənlərlə bağlı qətnamədə heç bir münasibət bildirilməməsi hazırkı iddianın ona cavab verməli olan şəxsə qarşı qaldırılmadığı faktını dəyişmir. Eyni qaydada, MMC ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi də iddiaçının barəsində buna səlahiyyəti olmayan subyekt tərəfindən qərar qəbul edilməsi məcburiyyətini doğurmur. Bunun üçün, iddiaçının özünün də şikayətdə qeyd etdiyi kimi, “... müəssisənin təsisçisinin azad olunma ilə bağlı qərarı olmalı ...” idi.

25. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

22. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1624/2022 nömrəli iş üzrə 17 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar