Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-908/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kommersiya işi Açar söz: zərərin ödənilməsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-2601/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Ərizəçi Cavabdeh müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin 23 oktyabr 2015-ci il tarixli 443 saylı sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 12 oktyabr 2005-ci il tarixli 267 saylı sərəncamının 1-ci bəndi ilə “Hom-Paş Prestij” MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin tikilməmiş faktiki istifadəsində olan 0,4984 ha hissəsinin İddiaçı MMC-nin istifadəsinə (İddiaçı MMC-in direktoru X7) verilmiş hissəsində tikinti və ya digər hərəkət aparılmasının, özgəninkiləşdirilməsinin, sözügedən mübahisə predmetinə dair hər hansı bir sənədləşmənin aparılmasının üçüncü şəxs İddiaçı MMC-yə, direktoru X5 və başqa şəxslərə qadağan edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin MXMT(112)- 212/2022 nömrəli 22 iyul 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, həmin qərardaddan İddiaçı MMC tərəfindən şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin MXMT(103)-69/2022 nömrəli 13 sentyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin MXMT(112)-212/2022 nömrəli 22 iyul 2022ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı MMC sözügedən qərardaddan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15(102)-17/2022 nömrəli 27 dekabr 2022-ci il tarixli qərarı ilə verilmiş kassasiya şikayəti təmin edilmiş, qərardad ləğv edilmiş, ərizəçi Cavabdeh müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi rədd edilmişdir.
2. Bakı İnzibati Məhkəməsinin MXMT(112)-212/2022 nömrəli 22 iyul 2022-ci il tarixli qərardadının icrası ilə bağlı xx.xx.2022-ci il tarixdə akt tərtib olunaraq İddiaçı MMC-yə, direktoru X5 və başqa şəxslərə tikinti və digər hərəkətlərin aparılması, özgəninkiləşdirilməsi və hər hansı sənədlərin, işlərin aparılması qadağan edilmişdir.
3. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin 23 oktyabr 2015-ci il tarixli 443 saylı sərəncamının ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5223/2022 nömrəli 14 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Bakı Şəhər İcra Hakimiyyətinin 23 oktyabr 2015-ci il tarixli 443 saylı sərəncamı ləğv edilmişdir. Həmin qərardan İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1170/2023 nömrəli 31 yanvar 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, sözügedən qərar ləğv olunmuş və iddiaçı Cavabdeh iddiası qeyri-mümkün hesab edilmişdir. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1170/2023 nömrəli 31 yanvar 2023-cü il tarixli qərardadından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1060/2023 nömrəli 18 may 2023-cü il tarixli qərarı ilə adıçəkilən qərar dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq 235 000 manat, iddiaçının işgüzar nüfuzuna vurulmuş ziyan olaraq 100 000 manat pul olmaqla ümumilikdə 335 000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. İddiaçı MMC Bakı Şəhər İcra Hakimiyyətinin 23 oktyabr 2015-ci il tarixli 443 saylı sərəncamı ilə ona verilmiş hüquq əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllə ünvanında yüksək mərtəbəli binaların tikintisi ilə məşğul olur. Hal-hazırda qeyd olunan sərəncama uyğun olaraq bir ədəd layihəyə əsasən A1 adlanan yaşayış binası tikilmişdir. Sərəncama əsasən verilmiş layihədə nəzərdə tutulmuş A5 adlanan ikinci blokun təməlqoyma işləri 2022-ci ilin əvvəllərindən başlanmışdır. Lakin qonşuluqda olan “Hom- Paş Prestij” MTK-nın təsisçilərindən olan Cavabdeh 2022-ci ilin iyul ayında iddiaçının da 3-cü şəxs qismində qoşulduğu və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı olan əsassız iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyətinin 23 oktyabr 2015-ci il tarixli 443 saylı sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2.2. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş müvəqqəti xarakterli müdafiə tədbiri barədə olan ərizədə Bakı şəhər İcra Hakimiyyətinin 23 oktyabr 2015-ci il tarixli 443 saylı sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 12 oktyabr 2005-ci il tarixli 267 saylı sərəncamının 1-ci bəndi ilə “Hom-Paş Prestij” MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin tikilməmiş faktiki istifadəsində olan 0,4984 ha hissəsinin İddiaçı MMC-nin istifadəsinə (İddiaçı MMC-in direktoru X7) verilmiş hissəsində tikinti və ya digər hərəkət aparılmasının, özgəninkiləşdirilməsinin, sözügedən mübahisə predmetinə dair hər hansı bir sənədləşmənin aparılmasının üçüncü şəxs İddiaçı MMC-yə, direktoru X5 və başqa şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin MXMT(112)-212/2022 nömrəli 22 iyul 2022-ci il tarixli qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı Şəhər İcra Hakimiyyətinin 23 oktyabr 2015-ci il tarixli 443 saylı sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 12 oktyabr 2005-ci il tarixli 267 saylı sərəncamının 1-ci bəndi ilə “HomPaş Prestij” MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin tikilməmiş faktiki istifadəsində olan 0,4984 ha hissəsinin İddiaçı MMC-nin istifadəsinə (İddiaçı MMC-in direktoru X7) verilmiş hissəsində tikinti və ya digər hərəkətlərin aparılması, özgəninkiləşdirilməsi və hər hansı bir sənədləşmə işlərinin aparılmasının üçüncü şəxslər İddiaçı MMC-yə, X5 və başqa şəxslərə qadağan edilməsi qərara alınmışdır. 2.3. Qərardadın icrası dərhal olduğu üçün iddiaçı tərəfindən 2-ci blokun tikintisinin aparıldığı sahədə tikinti işləri aparmaq iddiaçıya qadağan olunmuşdur. Həmin qərardaddan qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin MXMT(103)-69/2022 nömrəli 13 sentyabr 2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin MXMT(112)-212/2022 nömrəli 22 iyul 2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardaddan da iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15(102)-17/2022 nömrəli 27 dekabr 2022-ci il tarixli qərarı ilə verilmiş kassasiya şikayətinin təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin MXMT(112)-212/2022 nömrəli 22 iyul 2022-ci il tarixli qərardadının ləğv edilməsi, ərizəçi Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin 23 oktyabr 2015-ci il tarixli 443 saylı sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 12 oktyabr 2005-ci il tarixli 267 saylı sərəncamının 1-ci bəndi ilə “Hom-Paş Prestij” MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin tikilməmiş faktiki istifadəsində olan 0,4984 ha hissəsinin İddiaçı MMC-nin istifadəsinə (İddiaçı MMC-in direktoru X7) verilmiş hissəsində tikinti və ya digər hərəkət aparılmasının, özgəninkiləşdirilməsinin, sözügedən mübahisə predmetinə dair hər hansı bir sənədləşmənin aparılmasının üçüncü şəxs İddiaçı MMC-yə, direktoru X5 və başqa şəxslərə qadağan edilməsi barədə ərizəsinin rədd olunması qərara alınmışdır. 2.4. Eyni zamanda Cavabdeh tərəfindən verilmiş, Bakı Şəhər İcra Hakimiyyətinin 23 oktyabr 2015-ci il tarixli 443 saylı sərəncamının ləğv edilməsi barədə olan iddiası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5223/2022 nömrəli 14 oktyabr 2022-ci il tarixli qərarı ilə təmin olunmuş, həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1170/2023 nömrəli 31 yanvar 2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5223/2022 nömrəli 14 oktyabr 2022-ci il tarixli qərarı ləğv olunmuş və iddiaçı Cavabdeh iddiası qeyri-mümkün hesab olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1170/2023 nömrəli 31 yanvar 2023-cü il tarixli qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1060/2023 nömrəli 18 may 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. 2.5. Keçirilmiş bu məhkəmə prosesləri nəticəsində İddiaçı MMC olaraq, iddiaçıya cavabdeh tərəfindən ziyan vurulmuşdur. Cavabdehin məlum iddiaları olmamışdan qabaq, artıq iddiaçıya ayrılmış sərəncam əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə, sözügedən 2-ci blokun təməlqoyma işləri görülmüşdür. Həmçinin bəzi vətəndaşlarla iddiaçı arasında podrat müqavilələri də bağlanmışdı. 15 iyul 2022-ci il tarixdə X3 ilə iddiaçı arasında tikintisi gedən A5 blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 400 kv.m olan qeyri-yaşayış sahəsinə dair müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, satılan qeyri-yaşayış sahəsinin dəyəri 780 000 manat müəyyənləşmişdir. Müqaviləyə əsasən, qeyd olunan şəxs ilkin olaraq, iddiaçıya 235 000 manat pul ödəmişdir. Qalan 545 000 manat pulu da hissə-hissə olaraq 36 ay müddətinə, ayda 15 138 manat olmaqla iddiaçıya ödəməli idi. Lakin iddiaçı ilə müqavilə bağlamış şəxs ödəniş tarixində bildirmişdir ki, onda olan məlumata əsasən, iddiaçının sərəncamı saxtadır. Buna görə də məhkəmə tərəfindən tikinti dayanmışdır. Beləliklə, bütün bunları əsas gətirərək, iddiaçıya ödədiyi 235 000 manat pulu geri istəmişdir. Nəticədə iddiaçı, X1 ödədiyi pulu məcbur qalaraq ona geri qaytarmışdır. Bununla da iddiaçı 235 000 manat dəyərində gəlirdən məhrum olmuşdur. 2.6. Nəzərə alınsa ki, iddiaçı qeyd olunan tikintini ilkin satışlar hesabına tikir, bu məbləğdən məhrum olmağı iddiaçıya ağır zərbədir. Həmçinin tikinti işlərinin uzun müddət dayanması da iddiaçının işgüzar nüfuzuna ağır zərbə vurmuşdur. Belə ki, tikinti işləri dayandığı üçün satış faizi aşağı düşmüş və müştərilərini itirmişdir. Qeyd olunanlara əsasən, Cavabdeh tərəfindən iddiaçıya maddi ziyan olaraq 235 000 manat, işgüzar nüfuza vurulmuş ziyan olaraq 100 000 manat olmaqla ümumilikdə 335 000 manat pul ondan tutularaq iddiaçıya ödənilməlidir.
6. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 23-cü maddələri göstərilmişdir.
7. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsinə əsasən iddiaya etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, o, “Hom-Paş Prestij” MTK-da həmtəsisçidir. Həmin MTK-ya məxsus torpaq sahəsinə aid sərəncam İddiaçı MMC-nin adına dəyişdirilmişdir. Hansı ki, həmin torpaq sahəsi onun da bir təsisçi olaraq qanunla qorunan maraqlarına toxunur. Torpaq sahəsindəki ona aid pay hissəsinin xəbərsiz əlindən alınması konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən də qanuni hüquqlarından istifadə edərək məhkəməyə müraciət etmişdir. Bu gün də məhkəməyə müraciət hüququndan istifadə edir və qanuni haqqını alana qədər də hüquqi yolla mübarizə aparacaqdır. Tələbi üzrə ölkədaxili hüquqi müdafiə vasitəsi tükənməyib. İddiaçı MMC-nin iddia tələbinə nəzər salanda belə başa düşmək olur ki, kimsə özünün pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət hüququndan istifadə edirsə, bu zərərvurma kimi qiymətləndirilməlidir. Halbuki bu yanaşma tamamilə yanlışdır. Ona görə ki cavabdehin hüquqları pozulub, haqqı əlindən alınıb və o, öz konstitusion hüquqlarından istifadə etməlidir. Digər tərəfdən, iddiaçı onun işgüzar nüfuzuna xələl gətirən hərəkətlərlə bağlı mübahisə açır. Halbuki iddia tələbi bu hissədə də tamamilə əsassızdır. Belə ki, cavabdehin iddia tələbləri öz mahiyyəti etibarilə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamının etibarsız sayılması ilə bağlı olmuşdur. Həmin tələblərində heç bir işgüzar nüfuzun ləkələnməsindən və maddi zərərdən söhbət gedə bilməz. Bu səbəbdən, iddiaçının tələbi tamamilə əsassız və qanunsuzdur. Cavabdeh məhkəməyə müraciət etməklə iddiaçıya heç bir ziyan vurmamışdır.
8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 6034/2023 saylı qətnaməsi ilə iddia rədd olunmuş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(011)-6034/2023 nömrəli qətnaməsi ləğv olunmuş və işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-2601/2024 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddianın rədd edilməsi qət edilmişdir.
10. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı (podratçı qismində) ilə X3 (sifarişçi qismində) arasında xx.xx.2022-ci il tarixdə “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilə bağlanmış, “podratçı” yüksəkmərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın “A5” blokunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 400 kv.m. təşkil edən qeyri-yaşayış sahəsini, müqavilə ilə müəyyən edilmiş dəyəri tam ödənildikdən sonra “sifarişçi”yə verməyi, “sifarişçi” isə sahəni qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 780 000 manat müəyyən olunmuş, “sifarişçi” müqavilə bağlanan gün 235 000 manat ödəməyi, qalan 545 000 manatı müqavilə bağlanan tarixdən sonrakı ayın 15-i tarixindən başlayaraq 36 ay müddətinə ödəməyi öz öhdəsinə götürmüş, xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən sifarişçi həmin məbləği ödəmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, maddi zərərin dəydiyi sübut olunmadığından, habelə xx.xx.2022-ci il tarixli müqavilənin ləğv edilməsi, avans məbləğinin qaytarılması ilə müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi arasında birbaşa səbəbli əlaqə mövcud olmadığından məhkəmə hesab edir ki, maddi zərərin tutulması hissəsində iddia əsassızdır.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə hüquqi şəxsin işgüzar nüfuzuna vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı qanunvericilikdə təsbit olunan hüquq normalarının dispozisiya şərti, yəni iddiaçı barəsində məlumatın yayılması, bu məlumatın yayılması nəticəsində işgüzar nüfuzuna zərər vurulması halları mövcud deyildir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətlərinin dəlilləri
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2601/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edərək, iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qeyd olunan maddi hüquq normalarını iş üzrə tətbiq etsə də, iddia ərizəsinə əlavə edilmiş sənəd kimi tərəflərindən təqdim olunmuş qərar və qərardadlardan da göründüyü kimi cavabdehin ümumiyyətlə onlara qarşı iddia ərizəsi və müvəqqəti xarakterli təminat tədbirinə dair ərizə vermək üçn subyektiv hüququnun olmamasını nəzərə almamışdır. Belə ki, cavabdeh biləbilə ki, buna hüququ yoxdur yenə də onlara qarşı iddia tələbi və bununla bağlı müvəqqəti xarakterli təminat tədbirinə dair ərizə ilə digər məhkəmələrə müraciət etmişdir. Qeyd olunan maddi hüquq normaları iş üzrə düzgün tətbiq olunsa idi, tərəflərindən verilmiş iddia tələbi təmin olunardı. Məhkəmə işi araşdırarkən yuxarıda göstərilən xüsusatları nəzərə almamışdır. Beləliklə də qeyd olunan prosessual hüquq normasnın tələbini pozmuşdur. Digər məhkəmələr tərəfindən qəbul olunmuş və qanuni qüvvəsini almış qərar və qərardadlarda müəyyən olunmuş halları nəzərə almamışdır. Məhkəmə, İddiaçı MMC tərəfindən verilən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edərək, qeyd etmişdir ki, cavabdehin onlara qarşı iddia tələbi və müvəqqəti xarakterli təminat tədbiri kimi ərizə vermək hüququ olmuş və bu hüquq konstitusion hüququ olmaqla heç kim tərəfindən məhdudulaşdırıla bilməz. Tamamilə düzdür ki, hər kəsin pozulmuş hüquqlarının qorunması ilə bağlı məhkəməyə müraciət etmək hüququ var. Amma onların iddia tələbi ondan ibarətdir ki, cavabdeh onlara qarşı bilə-bilə əsassız iddia irəli sürüb və buna görə də onlara ziyan vurulub. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənəd kimi tərəflərindən təqdim olunmuş qərar və qərardadlardan da görünür ki, cavabdehin ümumiyyətlə onlara qarşı iddia ərizəsi və müvəqqəti xarakterli təminat tədbirinə dair ərizə vermək üçün subyektiv hüququ olmayıb. Həmçinin məhkəmə, qeyd edir ki, onlarla Məlikov.S.Ə. arasında olan müqavilənin ləğv olunması, onlara dəymiş ziyan kimi qiymətləndirilməməlidir. Məhz həmin müqavilənin ləğv edilməsi tarixinə nəzər salınsa, görmək olar ki, onlara məxsus olan tikinti, cavabdeh tərəfindən verilmiş müvəqqəti xarakterli təminat tədbirinə dair ərizə əsasında qəbul olunmuş qərardad qəbul olunduqdan sonraya təsədüf edir. Belə ki, iddia tələblərində də qeyd etdikləri kimi, qeyd olunan şəxs, tikintinin dayandırılması barədə məlumat almış və ərizə ilə bizə müraciət edərək, aralarında olan müaqvilənin ləğv olunmasını və tərəfindən ödənilmiş pulun ona qaytarılmasını xahiş etmişdir. Həmçinin məhkəmə, cavabdeh tərəfindən onların işgüzar nüfuzlarının pozulmadığını və bununla bağlı məhkəməyə sübüt təqdim etmədikləri qənaətinə gəlmişdir. Nəzərə alınsa ki, onlar qeyd olunan tikintini ilkin satışlar hesabına tikirlər, bu məbləğdən məhrum olmaqları onlara ağır zərbədir. Həmçinin tikintii şlərinin uzun müddət dayanması da onların işgüzar nüfuzlarına ağır zərbə vurmuşdur. Belə ki, tikinti işləri dayandığı üçün satış faizləri aşağı düşmüş və müştərilərini itirmişlər.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı
Müvəqqəti xarakterli müdafiə tədbiri qanunverici tərəfindən təsbit olunan və icrası İnzibati Prosessual Məcəllədə göstərilən əsaslarla mümkün olan prosessual hüquq olduğundan maraqlı şəxsin bu hərəkəti mülki hüquq pozuntusu (deliktlər) kimi qiymətləndirilə bilməz. Belə tədbirin tətbiqini tələb edən şəxsin bu hərəkəti nəticəsində vurulmuş ziyana görə daşıdığı öhdəlik qanundan irəli gələn öhdəlik olmaqla, müvafiq olaraq bu əsasa istinad edərək tələb irəli sürən şəxs də təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərərin qarşılanmasını yalnız məhkəməyə Mülki Məcəllənin 21-ci maddəsinin dispozisiyasının şərtlərinə uyğun olaraq pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər barədə, real zərərin dəyməsi və ya əldən çıxmış faydaya dair mötəbər sübutları təqdim etməklə, dəymiş zərərlə qeyd olunan tədbir arasında səbəbli əlaqənin olduğunu sübut etməklə tələb edə bilər.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-2601/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə apellyasiya şikayətinin maddi zərərin tutulması ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər.
22. Məhkəmə qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi edildiyi, lakin bu tədbirlərin tətbiqi üçün əsasların olmadığı sonradan müəyyən edildiyi halda, barəsində belə tədbir görülmüş şəxsə vurulmuş ziyanla bağlı iddia ilə məhkəməyə müraciət etmək hüququ İnzibati Prosessual Məcəllədə birbaşa nəzərdə tutulmasa da, oxşar tədbir olan müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı belə mövqe Mülki Prosessual Məcəllədə təsbit olunmuşdur. Belə ki, həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün əsasların olmadığı sonradan müəyyən edilərsə, arbitraj mübahisəsində maraqlı şəxs məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini bu tədbirlərin tətbiq edilməsi üçün məhkəməyə ərizə vermiş tərəfdən məhkəmə qaydasında tələb edə bilər.
23. İnzibati Prosessual Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və həmin Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəalarının tətbiq oluna bilməsi ilə bağlı İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 164.2-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi edildiyi hallara da tətbiq oluna bilər.
24. Mülki Məcəllənin 21-ci maddəsində qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.
25. Bu baxımdan iddiaçının iddiasının faktiki əsasını təşkil edən hallarla bağlı sübutları təhlil etdikdə görünür ki, iddiaçı (podratçı qismində) ilə X3 (sifarişçi qismində) arasında xx.xx.2022-ci il tarixdə “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilə bağlanmış, “podratçı” yüksəkmərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın “A5” blokunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 400 kv.m. təşkil edən qeyri-yaşayış sahəsini, müqavilə ilə müəyyən edilmiş dəyəri tam ödənildikdən sonra “sifarişçi”yə verməyi, “sifarişçi” isə sahəni qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 780 000 manat müəyyən olunmuş, “sifarişçi” müqavilə bağlanan gün 235 000 manat ödəməyi, qalan 545 000 manatı müqavilə bağlanan tarixdən sonrakı ayın 15-i tarixindən başlayaraq 36 ay müddətinə ödəməyi öz öhdəsinə götürmüş, xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən sifarişçi həmin məbləği ödəmişdir.
26. Həmçinin görünür ki, X3 ərizə ilə iddiaçıya müraciət edərək tikintinin dayandığına, məhkəmə mübahisələrinin olduğuna, iddiaçının uzağı 1 ilə sahənin təmir edilməsi üçün ona təqdim ediləcəyini bildirdiyinə, lakin iddiaçı və şərikləri arasında problemin uzun müddət davam edə biləcəyinə istinad edərək ödədiyi 235 000 manat ilkin ödənişi geri tələb etmiş, xx.xx.2022-ci il tarixdə “Müqavilənin razılaşma əsasında ləğv olunmasına dair” Akt tərtib olunaraq müqavilənin ləğv edildiyi, 235 000 manatın həmin şəxsə qaytarıldığı qeyd olunmuş, X3 maliyyə arayışına imza edərək 235 000 manatı aldığını qeyd etmişdir.
27. Məhkəmə ilk növbədə zərərin mövcud olub-olmaması məsələsini qiymətləndirir və bununla bağlı qeyd edir ki, iddiaçı iddiasının faktiki əsası kimi 235 000 manatın X2 qaytarıldığına, həmin məbləğdə gəlirdən məhrum olduğuna istinad edərək ona zərərin dəydiyini əsaslandırmağa çalışsa da, dəymiş zərərin nədən ibarət olduğu aydın deyildir.
28. Belə ki, real zərər aspektindən iddianın faktiki əsasını qiymətləndirdikdə aydın olur ki, iddiaçıya dəymiş real zərər mövcud deyildir. Yəni iddiaçının pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi halları müəyyən edilmir və bunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli müqavilənin predmetini təşkil edən qeyri-yaşayış sahəsinin isə iddiaçının sərəncamında olduğunu iddiaçı özü təsdiq edir. Yəni iddiaçı hər hansı əmlakından məhrum olmamışdır.
29. Əldən çıxmış fayda, yəni hüququ pozulmasaydı, iddiaçının adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin, hazırkı halda 235 000 manat qaytarılmasa idi, əldə edə biləcəyi gəlirin nədən ibarət olduğunu da iddiaçı əsaslandırmamış, bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı yalnız həmin məbləğdə gəlirdən məhrum olduğuna istinad edir. Bu zaman nəzərə alınmalıdır ki, qeyri-yaşayış sahəsi hal-hazırda iddiaçının sərəncamında olduğundan, podratçı kimi həmin sahənin özgəninkiləşdirilməsindən gəlir əldə etmək hüquq və imkanını özündə saxlayır. Yəni həmin qeyri-yaşayış sahəsinə dair əldə edə biləcəyi gəlirdən məhrum olmamışdır. Həmçinin müqavilə bağlanan xx.xx.2022-ci il tarix ilə hazırkı tarixə daşınmaz əmlak bazarındakı qiymətlər müqayisə edildikdə aydın olur ki, iddiaçının qeyri-yaşayış sahəsini hazırda özgəninkiləşdirməklə əldə edə biləcəyi gəlir xx.xx.2022-ci il tarixdə əldə edə biləcəyi gəlirdən daha yüksəkdir. Bundan başqa, iddiaçı 235 000 manat gəlirdən məhrum olduğunu bildirsə də, həmin məbləğin tikinti işlərinə sərf ediləcəyi, yoxsa tikinti işi aparılmamış iddiaçı tərəfindən gəlir olaraq götürüləcəyi, həmin məbləğin hansı hissəsinin podratçı kimi iddiaçının gəliri kimi çıxış edə biləcəyi, tikinti işlərinin aparılmasına sərf olunan vəsaitlə podratçı kimi iddiaçının əldə edə biləcəyi gəlirin nisbəti və s. hallarla bağlı iddiaçı sübutlar təqdim etməmiş, formal mülahizələrdən çıxış etmişdir.
30. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddia edilən zərərlə cavabdehin hərəkəti arasında səbəbli əlaqə mövcud deyildir. Belə ki, səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə ... obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı).
31. Bu mənada səbəbli əlaqə ilə, hərəkətin və ya hərəkətsizliyin zərərin yaranmasında bir neçə faktordan biri olması deyil, məhz həmin zərəri şərtləndirməsi, həmin zərəri bilavasitə yaratması (conditio sine qua non) nəzərdə tutulur.
32. Hazırkı işin hallarından isə belə bir səbəbli əlaqənin mövcudiyyəti təsdiq edilmir. Belə ki, iddiaçı X3 ilə xx.xx.2022-ci il tarixdə müqavilə bağlamış, tikinti işləri xx.xx.2022-ci il tarixdə dayandırılmışdır. İddiaçı həmin şəxsin ödəniş tarixində (müqavilə şərtinə əsasən 15 avqust olduğu aydın olur) pulu geri tələb etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, müqavilənin ləğv edilməsi əsasları Mülki Məcəllədə təsbit olunmuşdur. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflər arasında bağlanmış müqavilədə belə bir imkan, yəni müqavilə tərəfinin istənilən vaxt müqaviləni ləğv etmək hüququ nəzərdə tutulmamışdır. İddiaçının müqavilə tərəfinin tikinti işləri dayandıqdan qısa müddət (15 gün) sonra müqavilənin ləğvi tələbinə heç bir etiraz bildirməyib, bu tələblə razılaşaraq, hər hansı hüquqi müdafiə vasitəsindən istifadə etmədən ilkin ödənişi qaytarması ağlabatan deyildir və görülən müvəqqəti xarakterli müdafiə tədbiri ilə iddiaçının istinad etdiyi faktiki hal, yəni xx.xx.2022-ci il tarixli müqavilənin ləğv edilməsi arasında birbaşa səbəbli əlaqənin olmaması qənaətinə gəlməyə əsas verir.
33. İddiaçıya maddi zərərin dəydiyi sübut olunmadığından, habelə xx.xx.2022-ci il tarixli müqavilənin ləğv edilməsi, avans məbləğinin qaytarılması ilə müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi arasında birbaşa səbəbli əlaqə mövcud olmadığından məhkəmə hesab edir ki, maddi zərərin tutulması hissəsində iddia əsassızdır və birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün qənaətə gəlmişdir.
34. Məhkəmə apellyasiya şikayətinin işgüzar nüfuza vurulmuş ziyanın ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tikinti işlərinin uzun müddət dayanmasının onların işgüzar nüfuzuna zərbə vurduğunu, tikinti işləri dayandığı üçün satış faizlərinin aşağı düşdüyünü və müştəriləri itirdiyini bildirir və işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 100 000 manat pulun tutulmasını tələb etmişdir. Həmçinin cavabdehin iddia qaldırmaqla iddiaçının işgüzar nüfuzuna ziyan vurduğunu qeyd etmişdir.
35. Cavabdeh iddiaya etiraz edir və iddiaçının işgüzar nüfuzuna zərər vurmadığını bildirir.
36. Məhkəmə ilk növbədə bildirir ki, tikinti işlərinin uzun müddət dayanması, tikinti işləri dayandığı üçün satış faizlərinin aşağı düşməsi, müştərilərin itirilməsi müvafiq əsaslar olarsa, işgüzar nüfuza vurulmuş ziyanın yox, maddi zərərin tələb edilməsi üçün əsasdır.
37. Hüquqi şəxsin işgüzar nüfuzuna dəymiş zərərin tələb edilməsinin hüquqi əsası Mülki Məcəllənin 23-cü maddəsində təsbit olunmuşdur. Belə ki, qeyd olunan zərərin yaranma əsası kimi hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən yalan məlumatların yayılması və bu məlumatların yayılması nəticəsində onun işgüzar nüfuzuna maddi zərər dəyməsi çıxış edir.
38. Göründüyü kimi, hazırkı iş üzrə hüquqi şəxsin işgüzar nüfuzuna vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı qanunvericilikdə təsbit olunan hüquq normalarının dispozisiya şərti, yəni iddiaçı barəsində məlumatın yayılması, bu məlumatın yayılması nəticəsində işgüzar nüfuzuna zərər vurulması halları mövcud deyildir.
39. Məhkəmə iddiaçının cavabdehin iddia qaldırmaqla onun işgüzar nüfuzuna ziyan vurması ilə bağlı mövqeyini əsassız hesab edir və qeyd edir ki, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi üçün məhkəmə müdafiəsi hüququndan istifadə edərək iddia ilə məhkəməyə müraciət edə bilər. Belə hüquqdan istifadə edilməsi özü-özlüyündə işgüzar nüfuza ziyan vurulmasının əsası kimi çıxış etmir. Odur ki məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır.
40. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
41. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-2601/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.