Məhkəmə qərarları › İş №2-2(103)-909/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-909/2021

21.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-909/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Şərqi Əlabbas qızı Həsənovanın katibliyi ilə, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracdan satılması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 06.05.2021-ci il tarixli e-2-2(113)-1406/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh ‘‘Aşan’’ MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 13.11.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 549,25 manat, Dövlət Sosial Müdafıə Fonduna ödənilməmiş 14447,49 və işsizlikdən sığorta fonduna ödənilməmiş 575,07 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 703,58 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06.05.2021-ci il tarixli e-2-2(113)-1406/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh ‘‘Aşan’’ MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 13.11.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 273227,53 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 14447,49 və işsizlikdən sığorta fonduna ödənilməmiş 575,07 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 273227,53 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Bakı Kommersiya Məhkəməsinin 06.05.2021-ci il tarixli e-2-2(113)-1374/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və hazırda həmin iş Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının icraatındadır (iş № 2-2(103)- 910/2021). Göründüyü kimi iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən eyni cavabdehə qarşı, eyni əsaslarla və eyni tarixə olan Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 14447,49 və işsizlikdən sığorta fonduna ödənilməmiş 575,07 manat məbləğində borcun, habelə hazırki iddiada göstərilən 549,25 manat məbləğində vergi borcundan daha artıq olan 273227,53 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ilə məhkəməyə müraciət edilmişdir. Mülki Prosessual Məcəllənin 259.0 və 259.0.4-cü maddələrində isə təsbit olunmuşdur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Bu baxımdan kollegiya hesab edir ki, hazırki iş üzrə verilmiş ərizə baxılmamış saxlanılmalı və Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259, 391 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 06 may 2021-ci il tarixli e-2-2(113)-1406/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracdan satılması tələbinə dair kommersiya mübahisəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar