Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-910/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1374/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 13/11/2020 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 273227,53 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 14447,49 və İşsizlikdən sığorta fonduna ödənilməmiş 575,07 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 273227,53 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06.05.2021-ci il tarixli e-2-2(113)-1374/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 13.11.2020 tarixli **********4 saylı protokol tamamilə qanunsuz və əsassız tərtib edilmiş və bu barədə rəsmi olaraq iddiaçıya müraciət edilmişdir. Həmçinin iş üzrə ilk məhkəmə baxışı iclasında cavabdeh tərəfindən məhkəmə tərəfindən aidiyyət qaydalarının pozulmasına dair vəsatət verilmişdir. Lakin sözügedən vəsatət təmin olunmamaqla yanaşı, həmin aidiyyət bağlı vəsatətin təmin olunmamaması bağlı qəbul edilmiş qərardaddan şikayət edəcəklərini bildirsələr də, müddət başa çatmadan iş üzrə qətnamə qəbul edilmişdir. Bundan əlavə sözügedən iddia ərizəsinin məhkəməyə verilməsi və məhkəmə prosesinin təyin edilməsi barədə heç bir məlumat verilməmişdir. Belə ki, prosesin yeri və vaxtı bizə nə rəsmi bildiriş verilməmiş, nə də hər hansı bir SMS məlumatı göndərilməmişdir. Bununla da, onların məhkəmə prosesində iştirakı qərəzli surətdə qarşısı alınmışdır. Həmçinin Cavabdeh MMC-nin tərkibində 50 nəfərə yaxın qanuni əmək müqaviləli işçi mövcuddur. Əgər 13.11.2020 tarixli **********4 saylı protokol ləğv olunmazsa Cavabdeh MMC öz fəaliyyətini dayandırmaq riski ilə üz-üzə ola bilər. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, vergi ödəyicisi olan Cavabdeh MMC Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən sığorta fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafıq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 12.11.2020-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 13.11.2020-ci il tarixə yaranan 510468,36 manat borcuna görə 273227,53 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 13.11.2020-ci il tarixli **********4 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 03.12.2020-ci tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 13.11.2020-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə manat 273227,53 manat, Dövlət Sosial Müdafıə Fonduna 14447,49 manat və İşsizlikdən sığorta fonduna 575,07 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Həmin Məcəllənin 90.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Hazırki işdə də qeyd olunan maddələrin bütün dispozisiya şərtləri mövcuddur. Belə ki, iş materiallarından da göründüyü kimi vergi ödəyicisi olan Cavabdeh MMC Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə ümumilikdə borcu yaranmış və həmin borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdeh yaranmış borc məbləğinin büdcəyə ödənilməsini təmin etməmiş və ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 12.11.2020-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında Cavabdeh MMC-yə məxsus 273227,53 manat dəyərində əmlak siyahıya alınmış və bu barədə 13.11.2020-ci il tarixli **********24 nömrəli protokol tərtib edilmişdir. Qeyd olunanları və istinad olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 273227,53 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmasını tələb etməkdə haqlıdır. Ona görə də, iddia təmin edilməlidir. Cavabdehin istinad etdiyi hallar isə əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehin qeydiyyat ünvanına bildirişlər göndərilmiş və cavabdehin nümayəndəsi Nümayəndə3 da məhkəmə iclasının təxirə salınması, daha sonra isə işin aidiyyatı üzrə göndərilməsi ilə bağlı elektron məhkəmə sistemi vasitəsilə vəsatətlər vermiş, lakin məhkəmə iclaslarında iştirak etməmişdir. Göründüyü kimi cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmışdır. İşin məhkəmə aidiyyatı üzrə göndərilməsinə dair cavabdehin vəsatətinin təmin edilməməsi ilə bağlı məhkəmənin qərardadı 15 aprel 2021-ci il tarixdə, iş üzrə qətnamə isə bundan 20 gün sonra, yəni 06 may 2021-ci il tarixdə qəbul edilmişdir. 13.11.2020 tarixli **********4 saylı protokolun qanunsuz olub-olmaması isə hazırki mübahisənin predmeti deyildir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1374/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-910/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-910/2021
21.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver