Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-912/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin vəkili Hacı-zadə Vahid Şahid oğlunun iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1868/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16.06.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 10.12.2020-ci il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 99724,35 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1191,59 manat və İşsizlikdən sığorta fonduna ödənilməmiş 122,1 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 131014 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.06.2021-ci il tarixli e-2-2(113)-1868/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən, cavabdehin şəxsi hesab vərəqəsində həmin borc məbləği mövcud olmamışdır. Belə ki, 10.12.2020-ci il tarixə cavabdehin vergi borcu ƏDV və 2019-cu ilin mənfəətindən ibarət olduğu halda, qətnamənin qəbul edildiyi tarixə, yəni 16.06.2021-ci il tarixə cavabdehin şəxsi hesab vərəqəsində müvafiq azalmalar aparılmış və vergi borcu 04.06.2021-ci il tarixdə vergi orqanı tərəfindən kameral qaydada hesablanmış 46487,06 manat məbləğində 2020-ci ilin mənfəət vergisi və 2021-ci ilin 1-ci rübü üzrə 25359,73 manat məbləğində cari hesablamadan ibarət olmuşdur. Bundan əlavə, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1191,59 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 122,1 manat məbləğində borc da, qətnamə qəbul edilən tarixə şəxsi hesab vərəqəsində mövcud olmamışdır. Bir sözlə, qətnamə qəbul edilərkən, cavabdehin əmlakının siyahıya alınmasına səbəb olan icraat vərəqəsi üzrə vergi borcu mövcud olmamışdır. Bu halda, məhkəməyə təqdim olunmuş iddia ərizəsi vergi orqanı tərəfindən geri götürülməli və ya götürülmədiyi halda, məhkəmə tərəfindən iddia tələbi rədd olunmalı idi. Məhkəmə iclasında cavabdehin vəkili Hacı-zadə Vahid Şahid oğlu apellyasiya şikayətini müdafiə etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, vergi ödəyicisi olan cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə və fondlara ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin borc məbləği ödənilməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 10.12.2020-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 10.12.2020-ci il tarixə yaranan borcuna görə 131014 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə 04.02.2021-ci il tarixli, **********4 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddia ərizəsində göstərilən dövr üçün vergi borcu mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Həmin Məcəllənin 90.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Lakin hazırki işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcud deyildir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, 10.12.2020-ci il tarixə MMC-nin həqiqətən də dövlət büdcəsinə ödənilməmiş 99724,35 manat vergi borcu mövcud olmuşdur. Bununla belə şəxsi hesab vərəqəsindən görünür ki, 09.03.2021-ci il tarixdə 144428 manat azaldılma aparılmış, borcun olmaması və 72055,86 manat artıq ödəmənin olması qeyd olunmuşdur. Bundan başqa İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən cavabdeh "xxxx" MMC-yə ünvanlanmış 23.09.2021-ci il tarixli **********809500 №-li məktubda qeyd olunmuşdur ki, 09.03.2021+ci il tarixli **********190300 nömrəli iddia ərizəsinin aid olduğu qərar üzrə 140 manat ödənilməmiş borcu qalmışdır. Həmin məktubda əlavə olaraq bildirilmişdir ki, cəmiyyətin 27.09.2021-ci il tarixə əsas vergi üzrə 25883,69 manat, əsas vergi borcuna hesablanmış faiz üzrə 17186,09 manat borcu vardır. Cavabdeh tərəfindən təqdim edilmiş 20.09.2021-ci il tarixli ödəniş tapşırığından da görünür ki, "xxxx" MMC tərəfindən vergi borcu üzrə dövlət büdcəsinə 140 manat pul ödənilmişdir. Göründüyü kimi cavabdehin hazırki iş üzrə iddia ərizəsində istinad edilən tarixə, yəni 10.12.2020-ci il tarixə hesablanmış vergi borcu mövcud deyil. Cavabdehin 27.09.2021-ci il tarixə hesablanmış 25883,69 manat əsas və 17186,09 manat faiz borcunun olması isə iddianın təmin edilməsi üçün əsas ola bilməz. Çünki həmin borcun ödənilməsi ilə bağlı Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən bildiriş göndərilməli, müəyyən olunmuş müddətdə vergi borcu ödənilmədiyi halda əmlakın siyahıya alınması barədə qərar qəbul edilməli, bundan sonra əmlakın siyahıya alınması barədə protokol tərtib edilməli və vergi ödəyicisinə xəbərdarlıq edilməlidir. Qeyd olunanlardan sonra isə həmin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakların açıq hərracda satılması ilə bağlı məhkəməyə müraciət edilə bilər. Bu baxımdan kollegiya hesab edir ki, hazırki iddia rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə ərizə rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1868/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16.06.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" MMC-yə qarşı cavabdehin 10.12.2020-ci il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 99724,35 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1191,59 manat və İşsizlikdən sığorta fonduna ödənilməmiş 122,1 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 131014 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-912/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-912/2021
12.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver