Məhkəmə qərarları › İş №2-2(103)-912/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-912/2022

16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-912/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “icarə haqqının, dəbbə pulunun və kommunal xərclərin ödənilməsi barədə” iddiasına dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh "xxxx" MMC-nin şikayətnə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Hazırkı iş üzrə cavabdeh "xxxx" MMC iddiaçı "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin icrası barədə” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qərara alınıb ki, qarşılıqlı iddia ərizəsi geri qaytarılsın. Cavabdeh "xxxx" MMC bu qərardaddan şikayət verərək tələb edib ki, qərardad ləğv edilsin və qarşılıqlı iddia ərizəsi icraata qəbul edilsin. Şikayət təmin edilə bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Bakı Kommersiya Məhkəməsi 2 hala istinad edib. Birinci hal ondan ibarətdir ki, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunur, lakin həmin tələbə riayət edilməsini təsdiq edən sənəd qarşılıqlı iddia ərizəsinə əlavə edilməyib. Müəyyən olunur ki, həqiqətən də qarşılıqlı iddia ərizəsinə belə sənəd əlavə edilməyib. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin (MPM) 4.6-cı maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Qanun ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 152.1.6-1-ci maddəsinə görə isə “Mediasiya haqqında” Qanuna uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qanunvericilikdə qarşılıqlı iddiaya münasibətdə mediasiya ilə bağlı istisna müəyyən edilməyib. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını qərara alıb. İkinci hal ondan ibarətdir ki, qarşılıqlı iddia ərizəsinin işdə iştirak edən digər şəxs tərəfdən alınmasını təsdiq edən sübut təqdim edilməyib. MPM-in 150.2-ci maddəsinə görə, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Lakin qarşılıqlı iddia ərizəsinin əks tərəfə həmin qaydada göndərilməsi həyata keçirilməyib. MPM-in 152.1.4-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını qərara alıb. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar