Məhkəmə qərarları › İş №2-2(103)-913/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-913/2022

30.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-913/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilə üzrə yaranmış kredit borcunun ödənilməsi" tələbinə dair Açar söz: kredit borcunun ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilə üzrə yaranmış kredit borcunun ödənilməsi" tələbinə dair kommersiya mübahisələrinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. 28 dekabr 2012-ci il tarixli 6-BİZ-1-0-74-12 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC (hazırkı adı İddiaçı Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh MMC-yə 12 faizlə 12 ay müddətinə dövriyyə vəsaitlərinin artırılması və "xxxx" ASC-nin səhmlərinin alınması məqsədi ilə 2.100.000 AVRO məbləğində kredit verməyi, cavabdeh krediti və kredit üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər.

2. İşdəki hesabdan çıxarışlardan görünür ki, 2.100.000 Avro xx.xx.2012-ci il tarixdə Cavabdeh MMC-nin hesabına mədaxil edilmiş, elə həmin gün də bank daxili köçürmə ilə "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Hesabdan çıxarışda köçürmə əsası kimi xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsi göstərilmişdir.

3. 12 oktyabr 2021-ci il tarixli maliyyə arayışında Cavabdeh MMC-nin həmin tarixə banka 1.879.928 avro əsas borcu, 700.590 avro manat faiz borcu olduğu, öhdəliyin icrasının gecikdirilməsinə görə 678.623 avro cərimə, əsas borca illik 5 (beş) faizlə 817.542 avro faiz borcu hesablandığı qeyd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti CavabdehMMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı ASC-nin xeyrinə 28 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.879.928 AVRO əsas borc, 700.590 AVRO faiz borcu, 678.623 AVRO cərimə borcu kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 817.542 AVRO məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4.076.683 AVRO borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2012-ci il 29 dekabr tarixli baş kredit müqaviləsinə əsasən Cavabdeh MMC-yə "xxxx" İKB ASC-dən illik 12%-lə 12 ay müddətinə 2.100.000 AVRO məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il may 31-dək Cavabdeh MMC-nə banka 29 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.879.928 AVRO əsas borc, 700.590 AVRO faiz borcu və 678.623 AVRO cərimə borcu olmaqla, ümumilikdə cəmi 3.259.141 AVRO borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

6. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2952/2022 saylı, 04 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Əliyeva) iddia rədd edilmişdir.

7. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmşdır ki, "xxxx" İKB ASC ilə Cavabdeh MMC arasında 28 dekabr 2012-ci il tarixli 6-BİZ-1-0-74-12 saylı kredit müqaviləsi bağlandığı müəyyən olunsa da iddia tələbinin əsaslı olduğu mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia təmin edilə bilməz.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2952/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən qərəzli mövqedən yanaşılmışdır. Belə ki, kredit müqaviləsindən göründüyü kimi 28 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlik onun tam icra olunduğu vaxtadək qüvvədədir. Cavabdeh tərəfindən həmin müqavilə üzrə bankla razılaşdırılmış məbləğ götürülmüş, lakin hazırkı günədək icra edilməmişdir. Kredit müqaviləsindən görünür ki, cavabdehlə kredit müqaviləsi bağlanmış və cavabdeh tərəfindən imza edilmişdir. Kredit müqaviləsi notarial qaydada təsdiq olunmuş və iş materiallarına əlavə edilmişdir. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən sadalanan hallar nəzərə alınmamış, əsassız olaraq iddiaçının ziyanına qətnamə qəbul edilmişdir. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazimi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayədəsi məhkəmə iclaslarında iştirak etməmiş və kreditin alınıb-alınmamasını, eyni zamanda Bankın iddia tələbinə qarşı hər hansı bir etirazını məhkəməyə təqdim etməmişdir. Bu hal onu təsdiq edir ki, kredit müqaviləsində qeyd olunan məbləğ götürülmüş, lakin öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

11. Cavabdehin hüquqi ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri ünvanın tam olmaması əsası ilə çatdırılmamış, faktiki ünvanı barədə məhkəmədə məlumat olmadığından məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

12. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddə- əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddə- borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddə- borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 954.1-ci maddə-bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 957.2-ci maddə-üçüncü şəxslərin tələbi ilə, o cümlədən müştərinin bu şəxslər qarşısında öhdəliklərini yerinə yetirməsi ilə bağlı tələbi üzrə müştəri pul vəsaitinin hesabdan silinməsi haqqında banka sərəncam verə bilər. 957.4-cü maddə- əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin. 964.2-ci maddə-müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 77.1-ci maddə- hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Əsaslandırıcı hissə Apellyasiya baxışının hədləri 13.Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

14. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2952/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

15. İşin hallarından görünür ki, tərəflər arasında bağlanmış 28 dekabr 2012-ci il tarixli 6-BİZ-1-0-74-12 saylı kredit müqaviləsi əsasında 2.100000 AVRO məbləğində kredit vəsaiti Cavabdeh MMC-nin bankdakı hesabına mədaxil edilsə də, həmin gün bank daxili köçürmə ilə "xxxx" MMC-nin hesabına köçürüldüyündən cavabdehin kredit vəsaitindən istifadə etdiyi müəyyən olunmur.

16. Belə olan halda iddiaçı o vaxt kredit vəsaitinin qaytarılmasını cavabdehdən tələb edə bilərdi ki, kredit vəsaitinin digər hüquqi şəxsin hesabına köçürülməsi cavabdehin sərəncamı əsasında baş versin.

17. İddiaçı məhkəmə tərəfindən bu barədə sübutların təqdim edilməsinin təklif edilməsinə baxmayaraq nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə cavabdehin kredei vəsaitinin digər hesaba köçürülməsinə ödəniş tapşırığı verdiyinə dair sübut təqdim edə bilməmişdir.

18. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsinin vəsatəti əsasında kredit müqaviləsi bağlanarkən Cavabdeh MMC-nin direktoru və təsisçisi olmuş X4 şahid qismində dindirilmiş, ifadəsində göstərmişdir ki, həqiqətən bankla kredit müqaviləsi bağlanmış, lakin cavabdeh kredit vəsaitindən istifadə etməmişdir. Bankın həmin dövrdəki rəhbərliyi kredit vəsaitini onların iradə ifadəsi olmadan digər bir hüquqi şəxsin hesabına köçürmüşdür. Bankın keçmiş rəhbərliyi barəsində cinayət işi qaldırılmış, o da zərərçəkən şəxs qismində dindirilmişdir. Cavabdeh MMC-dəki təsis payını xx.xx.2013cü il tarixdə başqa şəxsə satmışdır.

19. Məhkəmə kollegiyası hesab edir ki, 28 dekabr 2012-ci il tarixli 6-BİZ-1-0-74-12 saylı kredit müqaviləsi əsasında cavabdehin hesabına mədaxil edilmiş 2.100.000 AVRO məbləğində kredit vəsaitinin eyni tarixdə digər hüquqi şəxsin hesabına Cavabdeh MMCnin sərəncamı əsasında köçürüldüyü, o cümlədən cavabdeh tərəfindən kredit vəsaiti üzrə hər hansı ödəniş edildiyi iddiaçı tərəfindən sübut edilmədiyindən, o cümlədən işə apellyasiya qaydasında baxılarkən şahid qismində dindirilmiş Cavabdeh MMC-nin direktoru və təsisçisi olmuş X3in ifadəsi ilə də cavabdehin kredit vəsaitindən istifadə etmədiyi sübut olunduğundan kredit borcunun cavabdehdən tutulması barədə iddia təmin edilə bilməz.

20. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.

21. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 2952/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2952/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar