Məhkəmə qərarları › İş №2-2(103)-913/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-913/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-913/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “icarə haqqı üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2760/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixnə ödənilməli olan 2589,45 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZA2ZC) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehdən xx.xx.2021-ci il tarixli, 673 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixə 3189.45 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2760/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdеh Cavabdeh xx.xx.2021-ci il tarixli 673 saylı icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixə mövcud olan 3189,45 manat borc məbləği tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ((VÖEN **********, Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZA2ZC) ödənilməsi qət edilmişdir.

4. Cavabdeh X4 qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2760/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır: Cavabdeh iddianı qəbul etməmiş, aidiyyət qaydalarının pozulması ilə məhkəmənin işi icraata götürdüyünü, müqavilənin müddətinin bitdiyi vaxta qədər borcunu ödədiyini və torpağın özəlləşdirilməsi haqqında ərizə verdiyinə görə müqavilənin köhnə razılaşma ilə vaxtının uzadılmasının əsassız olduğunu bildirmişdir. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İndiki halda isə tərəflər arasındakı müqavilənin 4.1. bəndinə görə müqavilənin müddəti xx.xx.2023-ci ilə qədər olmuşdur ki, bu müddətə qədər də icarə haqqı tam ödənilmişdir. Bu müddətin sonunda cavabdeh ərizə ilə müraciət etmiş və torpaq sahəsinin özəlləşdirilməsinə razılıq verilməsini xahiş etmişdir. Buna baxmayaraq iddiaçı həmin müddətə də icarə haqqı hesablayaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə bu vacib məqama qiymət verməmişdir. xx.xx.2024 tarixində və və xx.xx.2024 tarixində məhkəməyə ərizə ilə müraciət edib işə aidiyyat qaydalarının pozulması ilə baxıldığını bildirsəm də, məhkəmə mənim bu iki ərizəm haqqında ümumiyyətlə qətnamədə heç bir fikir bildirməmişdir. Bu MPM-nin 184.4.-cü maddəsinin tələblərinə ziddir. Belə ki, İşə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunmalıdır, lakin mənim aidiyyətlə bağlı verdiyim ərizəyə məhkəmə tərəfindən MPM-nin tələbi daxilində qiymət verilməmişdir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir, yeni məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. İndiki halda cavabdehin VÖENnin olması hələ onunla bağlanılan icarə müqaviləsinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasını sübut etmir. Digər tərəfdən tərəflər arasında bağlanılmış olan 673 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin preambulasında cavabdehin VÖEN -i göstərilməmişdir. Bundan başqa icarə müqaviləsinin 1-ci bəndində müqavilənin predmeti kimi torpağın sahibkarlıq fəaliyyəti üçün verildiyi qeyd edilməmiş, müqavilənin sonuncu səhifəsindəki imzalar bölümündə yenə də cavabdehin VÖEN-i göstərilməmişdir. İcarəyə verilmiş torpaq sahəsinin planı və ölçüsü haqqında AA№630931 saylı xx.xx.2021-ci il tarixli şəhadətnamədə də icarəyə verilən torpaq sahəsinin Yaşayəş məntəqələrinin torpaq sahəsi olduğu təsdiq edilmişdir ki, bu da həmin torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar istifadə edilməsinin mümkün olmamasını sübut edir. Deyilənlərə görə mübahisə kommersiya məhkəməsinin aidiyyətinə aid ola bilməz, bu mübahisə cavabdehin yaşayış yeri üzrə Xətai rayon məhkəməsinə aiddir və orada da baxılmalıdır. Məhkəmə ədalətli araşdırma prinsipini pozmuşdur. Tərəfimdən sübut təqdim edərək bağlanılan müqavilənin sahibkarlıq fəaliyyəti üçün bağlanmadığını bildirsəm də məhkəmə mənim dəlilim haqqında ümumiyyətlə fikir bildirməmişdir. AİHM-nin Avşar Türkiyəyə qarşı işində məhkəmə qeyd etdi ki, sübutların qiymətləndirilməsində “əsaslı şübhədən kənar” sübut standartını qəbul edir. Belə sübut standartı kifayət qədər güclü, aydın və ardıcıl nəticələr və ya oxşar təkzib edilməmiş fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər. Bu kontekstdə tərəflərin bu cür davranışı ilə bağlı sübutlar nəzərə alına bilər (§ 282). AİHM isə göstərilən işlərdə bildirir ki, işin istənilən mərhələsində tərəfin təqdim etdiyi sübut, əgər o işin faktiki hallarının aydınlaşdlrlmasına və ədalətli qərar qəbul edilməsinə şərait yaradasa məhkəmə tərəfindən qəbul edilməli və qiymətləndirilməlidir, qəbul edilmədiyi halda isə bunun üçün əsaslandırılmış qərar qəbul etməlidir ki, tərəfin təqdim etdiyi yeni sübutu hansı səbəbdən qəbul etmir. İndiki halda isə məhkəmə mənim 2 ərizəmə ümumiyyətlə qiymət verməmiş, onlara nə üçün qiymət vermədiyini isə əsaslandırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

10. Həmin Məcəllənin 423.2-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

11. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

12. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

13. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

14. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.

15. Həmin Məcəllənin 704.1-ci əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir.

16. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

21. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

24. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə cavabdeh arasında bağlanmış dövlət əmlakının icarəyə verilməsi haqqında icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Qala-Pirallahı yolunun sol hissəsi, Qışlaq yaşayış massivi ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 4000 kv.m torpaq sahəsi cavabdehin icarəsindədir. Lakin Cavabdeh torpaq sahəsinin icarəsində olduğu müddət üçün icarə haqqını ödəmək öhdəliyini lazımi qaydada icra etmədiyindən dövlət büdcəsinə xx.xx.2024-cü il tarixə 3189,45 manat məbləğində icarə haqqı borcu ödənilməmiş qalmışdır.

25. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf bildirsə də ki, icarə müqaviləsinə xitam verilmişdir, müqavilənin 4.2 və 7.1-ci maddələrində göstərilib ki, müqaviləyə xitam verilə bilər və məhz icarəyə verənin təşəbbüsü ilə. Digər tərəfdən, cavabdeh bildirsə də ki, müqaviləyə 2023-cü ilin avqust ayında xitam verilib, lakin cavabdehin şəxsi hesab vərəqəsindən də göründüyü kimi avqust 2023-cü ildən sonra da (xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 tarixlərində) cavabdeh tərəfindən icarə ödənişləri edilmiş, icarə münasibətləri davam etdirilmiş və torpaq sahəsi hələdə onun istifadəsindədir. Beləliklə də, kəsir qalmış icarə haqqının ödənilməsinin cavabdehdən tələb edilməsində iddiaçı haqlı olmuşdur.

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

27. Həmin Məcəllənin 423.2-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

28. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır (Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarı).

30. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

31. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, icarə müqaviləsinin sonunda cavabdeh iddiaçıya ərizə ilə müraciət edərək, torpaq sahəsinin özəlləşdirilməsinə razılıq verilməsini xahiş etmişdir. Buna baxmayaraq iddiaçı həmin müddətə də icarə haqqı hesablayaraq məhkəməyə müraciət etmişdir.

32. Cavabdehin bu mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, icarə müqaviləsinin ləğv edilməsi barədə tərəflər bir-birinə müraciət etməmişlər. Cavabdehin özəlləşdirmə ilə bağlı verdiyi ərizə müqavilənin ləğvi üçün əsas ola bilməz. Bundan başqa müqavilə müddətinin sonu, yəni xx.xx.2023-cü ildən sonra cavabdeh tərəfindən ödənişlərin edilməsi müqavilənin münasibətlərinin xitam deyil, davam etdirilməsini göstərir.

33. Apellyasiya şikayətinin aidiyyət barədə vəsatətin məhkəmə tərəfindən qiymət verilməməsinə dair dəlili ona görə əsassızdır ki, məhkəmə xx.xx.2024-cü il tarixdə qəbul etdiyi qərardadla işin kommersiya məhkəməsinə aid olmasına dair qanunvericiliyə uyğun olaraq mövqe bildirmişdir.

34. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

35. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

36. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2760/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar