Məhkəmə qərarları › İş №2-2(103)-914/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-914/2021

21.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-914/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2611/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 21.06.2021-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 19.03.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə 7368.29 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 10000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 21.06.2021-ci il tarixli e-2-2(113)-2611/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh iddia ərizəsi üzrə ödənilməmiş 2075,26 manat məbləğində borcu hələ də qalmaqdadır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən sığorta fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 19/03/2021 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 19/03/2021 tarixə yaranan 10373.29 manat borcuna görə 10000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 30/03/2021 tarixli **********7 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 02/04/2021 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 19.03.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə məcburi dövlət sosial siğorta haqqları üzrə 7368.29 manat, ödənilməmiş borcu qalmışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, bütün vergi borclarını ödəmiş və onun borcu qalmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Həmin Məcəllənin 90.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Lakin hazırki işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcud deyildir. Belə ki, cavabdeh tərəfindən təqdim edilən ödəniş qəbzləri və ödəniş tapşırıqlarına əsasən müəyyən olunur ki, hazırki iş üzrə iddia qaldırıldıqdan sonra cavabdeh tərəfindən xidmətin adı Dövlət Sosial Müdafiə Fondu göstərilməklə 02.04.2021-ci il tarixdə 1000 manat, 19.04.2021-ci il tarixdə 1000 manat, 27.04.2021-ci il tarixdə 1005 manat, 29.04.2021-ci il tarixdə 1000 manat, 05.05.2021-ci il tarixdə 1000 manat, 07.05.2021-ci il tarixdə 1000 manat, 17.05.2021-ci il tarixdə 1000 manat, 14.06.2021-ci il tarixdə 1000 manat, 14.06.2021-ci il tarixdə 1000 manat, cəmi 9005 manat məbləğində ödəniş edilmişdir. Göründüyü kimi cavabdeh həmin borcu artıqlaması ilə ödəyib və onun həmin tarixə ödənilməli olan dövlət büdcəsinə məcburi dövlət sosial siğorta haqqları üzrə borcu mövcud deyil. Bu baxımdan kollegiya hesab edir ki, iddia rədd edilməlidir. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdeh dövlət büdcəsinə məcburi dövlət sosial siğorta haqqları üzrə olan 7368,29 manat vergi borcunu artıqlaması ilə ödəmişdir. İddiaçı isə cavabdehin 2075,26 manat məbləğində borcu qaldığını bildirsə də, bunu təsdiq edən sübutları, o cümlədən cavabdehin hazırki tarixə olan şəxsi hesab vərəqəsini məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının həmin dəlillərə istinad etməsi əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2611/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 21.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar