Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-915/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2287/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 17.06.2021-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 879699,06 manat borcun "xxxx" MMC-dən (VÖEN **********) tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17.06.2021-ci il tarixli e-2-2(113)-2287/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 16.07.2004-cü il tarixli 147 saylı «özünəməxsus ərazidə yaşayış, ofis binalarının, istirahət zonasının və istehsalat sahəsinin layihələşdirilməsinə icazə verilməsi haqqında» sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov, Leopold və Mstislav Rostropoviçlər və A.İldırım küçələrinin kəsişdiyi ərazidə, 119-cu məhəllədə yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün 0,14 ha torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti (icarəyə verən) ilə "xxxx" MMC (icarəçi) arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında 31 iyul 2003-cü il tarixli 0221 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 989-cu məhəllədə ayrılmış 1000 kv. m torpaq sahəsi 49 il müddətinə yaşayış kompleksinin tikintisi məqsədi ilə icarəçinin istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti (icarəyə verən) ilə "xxxx" MMC (icarəçi) arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında 04 avqust 2003-cü il tarixli 0225 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küç., 670-ci məhəllədə ayrılmış 1693 kv. m torpaq sahəsi 49 il müddətinə yaşayış kompleksinin tikintisi məqsədi ilə icarəçinin istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti (icarəyə verən) ilə "xxxx" MMC (icarəçi) arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında 13 sentyabr 2004-cü il tarixli 0367 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən ünvan 1 ünvanda ayrılmış 710 kv. m torpaq sahəsi 49 il müddətinə yaşayış kompleksinin tikintisi məqsədi ilə icarəçinin istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti (icarəyə verən) ilə "xxxx" MMC (icarəçi) arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında 11 oktyabr 2005-cü il tarixli 0618 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov, İ.İsmayılov, C.Məmmədquluzadə və Əbilov küç-nin arasındakı A.Bakıxanov küçəsinə qədər olan ərazidə 370, 371, 372, 373, 623, 624, 625, 626 saylı məhəllələrdə ayrılmış 45138 kv. m torpaq sahəsi 49 il müddətinə yaşayış kompleksinin tikintisi məqsədi ilə icarəçinin istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti (icarəyə verən) ilə "xxxx" MMC (icarəçi) arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında 25 noyabr 2008-ci il tarixli 0855 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küç.476-492-ci məhəllədə ayrılmış 56500 kv. m torpaq sahəsi 49 il müddətinə yaşayış kompleksinin tikintisi məqsədi ilə icarəçinin istifadəsinə verilmişdir. İddiaçı bildirir ki, vergi ödəyicisi olan cavabdehin dövlətə məxsus torpaqların icarəyə götürülməsi ilə əlaqədar 13.10.2020-cı il tarixə dövlət büdcəsinə 879699,06 manat məbləğində ödənilməmiş icarə haqqı üzrə borcu yaranmış və vergi ödəyicisinə xəbərdarlıq göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borc xəbərdarlıqda göstərilən müddətdə ödənilməmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçının 2003-2005-ci illərdə imzalanan, özünün tərəf olmadığı, eyni zamanda müqavilə şərtlərinə əməl edilməklə onlara təhvil verilməyən, həmçinin iddia tələbi üzrə hansı torpaqlara görə və hansı dövr üçün icarə haqqının tələb edildiyi naməlum qalan şəkildə iddia ərizəsi verməyə subyektiv hüququ yoxdur. Bununla yanaşı, təhvil verilən torpaq sahələri üzrə icarə haqqının dəqiq hesablanmasına və müqavilə qiyməti üzrə ödənilməsinə etiraz etmirlər. Lakin hazırda hesab vərəqəsində göstərilən 800 min manatdan artıq məbləğ reallığı əks etdirmir. Həmçinin cavabdeh heç obyektdən istifadə edə bilmir. Çünki iddiaçının icarə müqaviləsi ilə adından icarə haqqı istədiyi təşkilat olan Bakı Şəhər İcra Hakimiyyəti nəinki torpaq sahəsini istifadələrinə verməyib, hətta istifadələrinə verilməli olan torpaq sahəsinin ölçüsü və sərhədi müəyyənləşməyib. İddiaçının tələb etdiyi icarə haqqını əhatə edən torpaq sahəsi onların istifadəsinə yararlı deyil, orada vətəndaşlarla bərabər müxtəlif təyinatlı obyektlər, səhiyyə və təhsil müəssisələri, obyektlər və evlər yerləşir. Bundan əlavə, istifadələrinə verilməyən həmin torpaqlardakı obyektlər üzrə oradan əməli istifadə edən icarəçi və ya mülkiyyətçilər tərəfindən icarə haqları dövlət nəfinə ödənilir. Bundan əlavə aralarında olan müqavilələrdən irəli gələn mübahisə üzrə iddia müddəti keçmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikasının “Torpaq icarəsi haqqında” Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə yaranmış icarə haqqını vaxtında ödəmək icarəçinin vəzifəsidir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş hallar istisna olunmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları dövlət büdcəsinə köçürülməlidir. Həmin Qanunun 14-cü maddəsinin 10-cu abzasında qeyd edilmişdir ki, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 23.11.2005-ci il tarixli 321 saylı Fərmanına əsasən, 2006-cı ilin yanvarın 1-dən “Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini dövlət müəssisələri, özəlləşdirməyə açıq elan edilmiş və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqlara münasibətdə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və "Azərbaycan Respublikasının daşınmaz əmlakın dövlət reyestri xidmətinin bəzi məsələləri haqqında" 2005-ci il 26 oktyabr tarixli, 1065 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 02.07.2010-cu il tarixli Fərmanının 13-cü bəndinə əsasən, "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli, 116 nömrəli Fərmanının 2-ci bəndində aşağıdakı dəyişiklik və əlavə edilsin: həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Göründüyü kimi iddiaçı hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik deyildir. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 16.07.2004-cü il tarixli 147 saylı «özünəməxsus ərazidə yaşayış, ofis binalarının, istirahət zonasının və istehsalat sahəsinin layihələşdirilməsinə icazə verilməsi haqqında» sərəncamda qeyd olunmuşdur ki, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və sakinlərin mövcud qanunvericilik əsasında köçürülməsi "xxxx" MMC-nin vəsaiti hesabına həyata keçirilir. Göründüyü kimi icarəyə verilən torpaq sahələrində əvvəlcə də yaşayış və qeyriyaşayış tikililəri mövcud olmuş, daha sonra yaşayış kompleksinin tikintisi məqsədi ilə icarəyə verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən isə müəyyən olundu ki, üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından, sübutlar araşdırılmadan və iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə qiymət verilmədən rədd olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2287/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 17.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-915/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-915/2021
12.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver