Məhkəmə qərarları › İş №2-2(103)-917/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-917/2023

21.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-917/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh İB-ə qarşı “borcun silinməsi” tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-2094/2023 saylı, 13 iyul 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İlkin iddia üzrə İddiaçı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2021-ci ilin yanvar ayında yazılmış 10785,60 manat pulun, həmçinin Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi qazdan istifadəyə görə hesablanmış ümumilikdə 43722 manat puldan 21079 manat hissənin silinməsi, eləcə də mediasiya xidməti üçün ödənilən 201 manat rüsumun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Salyan rayonu ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2017-ci il tarixdən həmin ərazidə iddiaçının, 0,6 ha ölçüdə pomidor yetişdirilən istixanası var. Həmin istixanada istifadə olunan təbii qaza görə iddiaçı hər ay vaxtında ödənişlər edir. 2022-ci il noyabr ayının 18-də Salyan Qaz İdarəsinin əməkdaşları tərəfindən istixanaya qazın verilməsi təmin edilməli idi. Lakin həmin tarixdə istixananın qaz sayğacı işləmədiyinə görə xx.xx.2022-ci il tarixdə Cavabdeh əməkdaşları qaz sayğacına baxış keçirib, sayğacda yaranan problemi aradan qaldıraraq qazın verilişini təmin etdilər. (sayğaca baxış keçirilən zaman onun içindən, 50 L. çirkli su töküldü). Bu hadisədən sonra yəni xx.xx.2022-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirildi, sağyac işlək vəziyyətdə idi. xx.xx.2022-ci il tarixdə növbəti dəfə Cavabdeh əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman sayğacın işləmədiyi müəyyən olundu. Cavabdeh əməkdaşları iddiaçıya bildirdilər ki, sayğac təmir olunması üçün çıxarılıb aparılmalıdır və sayğac təmir edilənə kimi onun əvəzinə sabah başqa bir sayğac quraşdırılacaq. Lakin Cavabdeh əməkdaşları başqa sayğac quraşdırmadılar və onlar iddiaçının sayğac quraşdırılması barədə təkidlərinə baxmayaraq, istixanayaa qazı sayğacsız verdilər. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi istixanaya qaz sayğacsız verildi. xx.xx.2023-cü il tarixdə Cavabdeh əməkdaşları istixanaya qaz sayğacı quraşdırdılar. Cavabdeh əməkdaşları iddiaçıya bildirdilər ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan müddət ərzindən 21363 kubmert qaz - 4700 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 93000 kubmetr qaz - 20460 manat və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi isə 84782 kubmetr qaz - 18562 manat dəyərində təbii qazdan istifadə olunub və həmin məbləğlər ödənilməlidir. İddiaçı onların yazdığı məbləğlərlə razı olmamışdır. Çünki qaz sarfiyyatı barədə düzgün hesablama aparılmamışdı. Cavabdeh əməkdaşları istixanamda sayğacsız istifadə olunan qazın həcmi barədə düzgün hesablama aparmamış, istifadə olunan qazın həcmi şişirdilərək qeyd edilmişdir. Bu məbləğin şişirdildiyini görmək üçün keçən illərin həmin ayları ərzidə istifadə olunan qaz həcminə baxmaq kifayət edir. Belə ki, 2019-cu ilin noyabr ayı ərzində 15728 kubmetr, 2020-ci ilin noyabr ayı ərzində – 19714 kubmetr, 2021-ci ilin noyabr ayı ərzində 36497 kubmetr qaz sərfiyyatı; 2019-cu ilin dekabr ayı ərzində 55859 kubmetr, 2020-ci ilin dekabr ayı ərzində 57834 kubmetr, 2021- ci ilin dekabr ayı ərzində 66518 kubmetr qaz sərfiyyatı olmuşdur. Sayğacsız qazdan istifadə edilən aylar ərzindəki qaz sərfiyyatı keçən illərin həmin ayının sərfiyyatına uyğun hesablanmalı idi. 2023-cü ilin yanvar ayının 22 günü ərzində yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər – 84782 kubmetr qaz sərfiyyatı yazılsa da, lakin sayğac quraşdırıldıqdan sonra sayğacın göstəricisinə əsasən qaz sərfiyyatı 9 gün ərzində 13921 kubmetr yəni 3063 manat 72 qəpik olmuşdur. 2023-cü ilin fevral ayının 1-dən fevral ayının 16-na qədər qaz sarfiyyatı isə 27225 kubmetr, yəni 5989 manat 50 qəpik olmuşdur. Görüdüyü kimi Cavabdeh əməkdaşları sayğacsız qazdan istifadənin bir günü üçün istifadə edilən qazın həcmini 3854 kubmetr müəyyən etmişlər. Lakin sayğac quraşdırıldıqdan sonra sayğac göstəricisi 2023-cü ilin yanvar ayının bir günü üçün sərf edilən qəzin həcmini 1546 kubmetr olduğunu qeyd etmişdir. Sayğaca uyğun hesablasaq 2023-cü ilin yanvar ayının 22 günü üçün qaz sərfiyyatı 34030 kubmetr olmalı idi. Göründüyü kimi Cavabdeh əməkdaşları qaz sərfiyyatını həddindan çox şişirdərək mənə ümumilikdə 43722 manat qaz borcu yazmışlar. Lakin bu məbləğ faktiki olaraq 22643 manat olmalı idi. Belə olan halda Cavabdeh əməkdaşları mənim hesabıma 21079 manat artıq qaz borcu yazmışlar. Hesab edilir ki, artıq yazılmış pul məbləği silinməlidir. Həmçinin o da məhkəmənin nəzərinə çatdırılır ki, qaz sayğacının yararsız hala düşməsində iddiaçının heç bir təqsiri yoxdur.

3. Eyni zamanda Cavabdeh İB qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 47334,04 manat borc məbləğinin və iddia qaldırmaq üçün ödənilmiş 241 manat məbləğində dövlət rüsumunun alınaraq Cavabdeh İB-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

4. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, “Azəriqaz" İB ilə İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və Cavabdehnə 50334,04 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən istixanada istifadə olunmuş təbii qazın dəyərinin tam ödənilməməsi səbəb olmuşdur. Belə ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən istixanada 2022-ci ilin oktyabr ayından 2023-cü ilin mart ayınadək 64386,52 manat məbləğində təbii qazdan istifadə etmiş, 17050 manat məbləğində ödəniş edilmiş, 47334,04 manat borcu qalmışdır. Cavabdeh tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına, hesab-faktura təqdim olunmasına və pretenziya göndərilməsinə baxmayaraq o, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış "Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə" müqavilənin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində istehlakçı tərəfindən bank və poet şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın, qaz sayğacının göstəricisinə əsasən tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Müqavilənin 2.3.1-ci maddəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəzifəsidir. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədilə tərəfimizdən pretenziya məktubu ilə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən borc ödənilməmiş, borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatının enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqında” 356 saylı 29 iyun 2000-ci il tarixli Fərmanında qeyd edilmişdir ki, işlədilən hər kub metr təbii qazın dəyəri ödənilməlidir.

5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2094/2023 saylı, 13 iyul 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən 29 yanvar 2021-ci il tarixə akt əsasında hesablanmış 10785,60 manat məbləğində borc, bununla yanaşı 2022-ci ilin noyabr və dekabr, həmçinin 2023-cü ilin yanvar ayları üçün (sayğacın olmadığı dövr) hesablanmış 17968,65 manat ümumilikdə 28754,25 manat məbləğində borcun İddiaçı **********00024 nömrəli abonent hesabından silinməsi və 201 manat məbləğində medasiya xərcinin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 18579,79 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 91,68 manat məbləğində pul tutularaq Cavabdeh hesabına ödənilməsi qət edilmişdir.

6. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2094/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia üzrə İddiaçı 2021-ci ilin yanvar ayında yazılmış 10785,60 manat pulun, həmçinin Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi qazdan istifadəyə görə hesablanmış ümumilikdə 43722 manat puldan 21079 manat hissənin silinməsi barədə iddia tələbinin rədd edilməsi, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı 47334,04 manat borcun ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə 10785,60 manat borcun silinməsi barədə iddia tələbinin təmin edilməsini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əsaslandırmışdır. Məhkəmə qətnamədə qeyd etmişdir ki, Cavabdeh İB-yi tərəfindən iddiaçıya məxsus müəssisədə aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Bildirirəm ki, məhkəmə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinin Cavabdeh İB tərəfindən pozulması barədə səhv qənaətə gəlmişdir. Belə ki, İddiaçı məxsus istixanada istismarda olan qaz sayğacı Cavabdeh İB-nin 29 dekabr 2020-ci il tarixli SOCAR**********31791640X02864saylı telefonoqramına əsasən xx.xx.2020-ci il tarixdə istismardan çıxarılaraq dövlət Azərbayçan Respublikası Prezidentyinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat əsasən xx.xx.2020-ci il tarixdə istismardan çıxarılaraq dövlət yoxlamasına aparılmış və xx.xx.2021-ci il tarixində Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və baxış zamanı sayğacın daxilinin çirkli olması, korrektora vurulan nömrəli plombun siminin qırıq olması, göstəricilər arasında fərq olması, mexaniki hissənin işlək olması, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiqin P=3,11 bar, korreksiya olunmuş maksimal qaz həcminin 2136 m3 , korreksiya olunmuş qaz həcminin 924 m3 qeydə alınması, arxivə əsasən son sərfiyyatın xx.xx.2020-ci il tarixində qeydə alınması, sonrakı tarixlərdə xətdə təzyiqin 1,32-3,11 bar civarında dəyişməsi, təzyiq borusunda sızma olmaması, temperatur və təzyiq çeviricilərinin normal olması, elektron göstəricinin (V1) mexaniki göstəricidən 24075 m3 az olması, impuls ötürücüsünün nasaz olması, müəyyən edilmiş və xx.xx.2021-ci il tarixli, SS 29/1640- 02464 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında akt tərtib edilmişdir. Cavabdeh İB-nin SS 29/1640-02693 nömrəli aktına əsasən xx.xx.2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş və itirilmiş qazın bərpa edilməsi məqsədilə 10785,60 manat məbləğində qaz sərfi İddiaçı hesabına qeydə alınmış və qeyd edilən 10785,60 manat pul məbləği İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə əsassız olaraq sayğacın arxiv yaddaşına əsasən aparılmış hesabatları yoxlama kimi qiymətləndirmiş, Cavabdeh İB-nin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin Cavabdeh İB tərəfindən pozulması barədə səhv qənaətə gəlmiş və borcun silinməsi barədə qərar qəbul etmişdir. Məhkəmə nəzərə almamışdır ki, xx.xx.2021-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akta əsasən hesablanmış 10785,60 manat dəyərində qaz sərfi sayğacın elektron arxivinə əsasən hesablanmışdır ki, həmin arxivin oxunması xüsusi cihazla həyata keçirilir. Bu səbəbdən də qeyd olunan qaz sərfləri xüsusi cihazla oxunaraq iddiaçının hesabına əlavə edilmişdir. Məhkəmə xx.xx.2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında hesablanmış 10785,60 manat borcun İddiaçı tərəfindən ödənilməsini etirafedici hərəkət kimi nəzərə almamışdır. Məhkəmə 17968,65 manat borcun silinməsi ilə bağlı səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçıya məxsus istixanada quraşdırılan qaz sayğacı qaz sərfini qeydə almadığı üçün istixananın qaz sərfiyyatı ötürücü vasitəsilə bərpa edilmiş və hesabat normativ əsaslarla, yəni istixanada istismarda olan qaz cihazlarının saatlıq qaz sərfi və işləmə rejimi nəzərə alınmaqla aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-ci bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılması qeyd edilsə də qeyd olunan qaydaların mövsümü xarakterli fəaliyyət göstərən istehlakçılara tətbiq edilməsi çətinlik yaradır. İddiaçı məxsus istixananın qaz sərfi hesabatına (abonent saldosu) baxış keçirdikdə onun 2022-ci ilin oktyabr ayında qazdan istifadə etməməməsi müəyyən olunur. Belə olan halda noyabr ayında aparılan hesabatın əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılması mümkün deyildir. Məhkəmə qeyd olunan halı nəzərə alaraq hesabatı əvvəlki ilin müvafiq dövrünə uyğun aparmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, istixanada təbii qazın istifadəsi əkin növü, hava şəraiti nəzərə alınmaqla tənzimlənir. Bu səbəbdən də iddiaçıya məxsus istixanaya təbii qazın verilməsi cihazların saatlıq qaz sərfi və iş rejimi nəzərə alınmaqla hesablanmışdır. Məhkəməyə təqdim edilmiş aktlar, abonent saldosu və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlara düzgün hüquqi qiymət verilməmişdir. Bununla bərabər ilk iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın tam təmin olunması üçün kifayət qədər əsaslar olduğu halda qismən təmin olunması barədə qətnamə çıxarmışdır. İddiaçı tərəfdən hesabında yaranmış borcların qanunsuz hesablanması halını təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçı olaraq borcun silinnməsinə dair iddia tələbi irəli sürülməsinə əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməsinə dair, onun əsaslı olmasına dair kifayət qədər sübutlar 1-ci instansiya məhkəməsinə təqdim edilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir.

11. 3.5-1-ci maddəsinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

12. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

13. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

14. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

16. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

17. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti yalnız ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verildiyindən qətnamənin əsaslığı ilkin iddianın təmin edilmiş, qarşılıqlı iddianın rədd edilmiş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində qətnamə əsaslıdır.

20. İddiaçı abonent saldosunun surətindən görünür ki, qalıq və aktlar qrafasında 2022-ci ilin noyabr ayı üçün sərf edilən 22316 m3 qaza görə 4720,54 manat, 2022-ci ilin dekabr ayı üçün sərf edilən 93000 m3 qaza görə 20460 manat, 2023-cü ilin yanvar ayı üçün sərf edilən 84375 m3 qaza görə 18562,50 manat məbləğində borc hesablanmışdır. Həmçinin 2021-ci ilin yanvar ayı üçün 10785,60 manat məbləğində akta əsasən cərimə hesablanmışdır.

21. Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli 31-12-22 nömrəli aktın sürətindən görünür ki, abonent kodu **********00024 olan İddiaçı məxsus sayğaca dekabr ayına 31 gün üçün 93000 m3 qaz sərfiyyatı hesablanmışdır. Gündəlik sərfiyyat 3000 m3 -dır.

22. Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2023-cü il tarixli 31-01-23 nömrəli aktın sürətindən görünür ki, abonent kodu **********00024 olan İddiaçı məxsus sayğaca yanvar ayına 25 gün üçün 84375 m3 qaz sərfiyyatı hesablanmışdır. Gündəlik sərfiyyat 3375 m3 -dur.

23. xx.xx.2021-ci il tarixli, SS 29/1640-02464 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktdan görünür ki, Cavabdeh İB-nin SOCAR**********31791640X02864 saylı 29 dekabr 2020-ci il tarixli telefonoqramına əsasən dövlət yoxlamasına aparılmış Salyan rayon xidmət sahəsinin E.Hənifəyevə məxsus istixananın qaz xətti üzərində quraşdırılmış G400 markalı 80115695 nömrəli turbin tipli “Elster” qaz sayğacı xx.xx.2020-ci il tarixdə xətdən çıxarılmış, xx.xx.2021-ci il tarixində Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: 1. İlkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. Korrektora vurulan nömrəli plombun simi qırıqdır. Göstəricilər arasında fərq mövcuddur. Pbaza=1,01325, Tbaza= 293,15 K. CO2-0,22 % DR-0,69 2. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. 3. xx.xx.2020xx.xx.2020-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=3,11 bar, korreksiya olunmuş maksimal qaz həcmi 2136 m3, korreksiya olunmuş qaz həcmi 924 m3 qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat xx.xx.2020-ci il tarixində qeydə alınmışdır. Sonrakı tarixlərdə xətdə təzyiq 1,32-3,11 bar civarında dəyişmişdir. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici V1 mexaniki göstəricidən 24075 m3 azdır. İmpuls ötürücüsü nasazdır. Şteyker yenisi ilə əvəz edildi, yoxlanıldı, işləyir. Pbaza=1,01325 bar, Tbaza=20 C. Audit normaldır.

24. xx.xx.2021-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus sayğacda Cavabdeh İB-nin SS 29/1640-02693 nömrəli aktına əsasən 25328 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır.

25. 29 yanvar 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən abonent kodu **********00024 olan İddiaçı məxsus sayğacda mövcud sağac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələblərinə əsasən uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qərara alınmışdır.

26. xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən 10785,60 manat məbləğində borc yazılsa da, cavabdeh iddiaçının barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır.

27. Belə olan halda isə iddiaçıdan həmin yoxlamalar nəticəsində hesablanan borc tələb oluna bilməz.

28. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

29. Ona görə də, ilkin iddiaçı həmin yoxlamaların nəticəsi olaraq hesablanmış borcun silinməsini tələb etməkdə haqlıdır.

30. Bundan əlavə, iddiaçının 2022-ci ilin noyabr ayının 21-i nasazlığa görə qaz sayğacı çıxarılmış, Cavabdeh istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmaları sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparmalı olduğu halda, bunu etməmiş və sayğac olmayan dövr üçün, yəni həmin ilin noyabr ayın 10 günü üçün 4720 manat, dekabr ayın 31 günü üçün 20460 manat, həmçinin 2023-cü ilin yanvar ayın 31 günü üçün 18562 manat məbləğində borc İddiaçı hesablamışdır.

31. Halbuki, 2022-ci ilin noyabr ayının 10 günü üçün borc 629,93 manat, 2022-ci ilin dekabr ayı üçün 14633,96 manat və 2023-cü ilin yanvar ayı üçün 10510,50 manat cəmi 25774,39 manat müəyyən edilməli idi. Odur ki, iddiaçıya hesablanmış 43743,04 (4720,54+20460+18562,50) manat məbləğində borcdan 25774,39 manat məbləğində olan faktiki borc çıxılmalı, Cavabdeh tərəfindən əsassız yazılan 17968,65 (43743,04-25774,39) manat məbləğində borc silinməlidir.

32. Qarşılıqlı iddianın təmin edilməyən hissəsi ilə bağlı kollegiya qeyd edir ki, Cavabdeh tələb etdiyi pul vəsaitindən akt əsasında hesablanmış 10785,60 manat və sayğacın olmadığı dövr üçün hesablanmış 17968,65 manat, cəmi 28754,25 manat əsassız hesablandığından, həmin hissədə birinci instansiya məhkəməsi qarşılıqlı iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

33. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən ilkin iddia üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, ilkin iddia üzrə cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2094/2023 saylı, 13 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar