Məhkəmə qərarları › İş №2-2(103)-918/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-918/2024

01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-918/2024 01.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh4 Qüdrət oğlunun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 MMC-nin qanuni təmsilçisi, eyni zamanda Cavabdeh1 iştirakları ilə, İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialının cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 MMC, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğluna qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-78/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh4 Qüdrət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat:

1. İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən, Cavabdeh3 MMCdən, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğlundan müştərək qaydada Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialının xeyrinə 43594,88 manat əsas borc, 43022,73 manat faiz borcu olmaqla, cəmi 86617,61 manat məbləğində borcun, ödənilmiş 400 manat mediasiyaya dair xərcin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh4 Qüdrət oğlunun xüsusi mülkiyyətində olan (çıxarış: Seriya MH, №0175164, xx.xx.2009-cu il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********51 11301 qeydiyyata alınmışdır) Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 157 m yaşayış, 107.2 m köməkçi sahədən ibarət 369/370-1100/1108 nömrəli bağ evinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, borcun göstərilən ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialına ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 MMC-dən, Cavabdeh3 MMCdən, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğlundan müştərək qaydada tutulması və tutma Cavabdeh4 Qüdrət oğluna məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 157 m yaşayış, 107.2 m köməkçi sahədən ibarət 369/370-1100/1108 nömrəli bağ evinə yönəldikdən və həmin əmlak satıldıqdan 1 ay sonra Cavabdeh4 Qüdrət oğlunun və digər şəxslərin həmin bağ evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4 Qüdrət oğlunun və digər şəxslərin həmin bağ evindən çıxarılmaları, həmin bağ evinin boşaldılması və Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialına təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək, Cavabdeh2 MMC-dən, Cavabdeh3 MMC-dən, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğlundan müştərək qaydada Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialının xeyrinə 43594,88 manat əsas borc, 43022,73 manat faiz borcu olmaqla, cəmi 86617,61 manat məbləğində borcun, xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış 18662,19 manat faiz borcunun, xx.xx.2022-ci il tarixdən qətnamənin faktiki icra olunan gününə 43594,88 manata illik 5% hesablanmaqla zərər məbləğinin, ödənilmiş 400 manat mediasiya xərcinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh4 Qüdrət oğlunun xüsusi mülkiyyətində olan (çıxarış: Seriya MH, № 0175164, xx.xx.2009-cu il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********51 11301 qeydiyyata alınmışdır) Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 157 m2 yaşayış, 107.2 m2 köməkçi sahədən ibarət 369/370-1100/1108 nömrəli bağ evinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, borcun göstərilən ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialına ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 MMC-dən, Cavabdeh3 MMC dən, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğlundan müştərək qaydada tutulması, tutma Cavabdeh4 Qüdrət oğluna məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 157 m2yaşayış, 107.2 m2 köməkçi sahədən ibarət 369/370-1100/1108 nömrəli bağ evinə yönəldikdən və həmin əmlak satıldıqdan 1 ay sonra Cavabdeh4 Qüdrət oğlunun və digər şəxslərin həmin bağ evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4 Qüdrət oğlunun və digər şəxslərin həmin bağ evindən çıxarılmaları, həmin bağ evinin boşaldılması və Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialına təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Cavabdeh4 Qüdrət oğlu iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, müqavilə üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin təminatı kimi İpoteka Predmeti ipotekaya qoyulmuş, kredit götürən tərəfindən kredit öhdəliyi lazımi qaydada və vaxtında ödənilməmişdir. İddiaçı tərəfindən kredit müqaviləsi lazımınca icra edilməməsinə əsasən 90 gün ərzində faiz və digər hesablamaları hesablayaraq məhkəməyə müraciət etməli idi. Bu qanunun tələbidir. İddiaçı faiz hesablamalarını 90 gün müddətində 13 il müddətində hesablayaraq qanunun tələblərini pozmuşdur. Qanunsuz müqavilədən kənar 43.000,73 manat faiz borcu yaratmışdır. Bundan əlavə, MM-in 373-cü maddəsinin tələbinə əsasən müqavilə öhdəlikləri üzrə 3 il müddət müəyyən edilir. Lakin buna baxmayaraq, iddiaçı tərəfindən 13 il sonra məhkəməyə müraciət edilərək, 3 illik iddia müddəti də buraxılmışdır. Məhkəmə tərəfindən hazırkı kommersiya işi üzrə iddia müddətinin tətbiq edilməsi əsası ilə iddia ərizəsi rədd edilməlidir.

4. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 yanvar tarixli e-2-2(113)-78/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 43.559,15 manat əsas borc, 19.137,95 manat faiz borcu, 14.609,43 manat gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu, 400 manat mediasiya xərci və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu olmaqla, cəmi 77.751,53 manat məbləğində pul tutularaq ləğv prosesində olan iddiaçıya ödənilməsi, tutmanın İpoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda, həmin məbləğ müvafiq olaraq Cavabdeh4 qaytarılması, ipoteka predmetinin ilkin satış qiyməti 118.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin bağ evindən çıxarılması və əmlakın boşaldılaraq təhvil verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pulun cavabdehlər MMC və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat pulun cavabdehlər MMC və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Həmin qətnamədən Cavabdeh4 Qüdrət oğlu apellyasiya şikayəti verərək, qətnamənin ona aid olan hissədə ləğv edilməsini xahiş etmişdir.

Apelyasiya və kassasiya instansiyası məhkəmələrində icraatlar:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2010-cu il tarixli 145 saylı kredit müqaviləsinin müddəti xx.xx.2013-cü il tarixində bitir və həmin tarixə də iddia müddəti buraxılmış hesab edilir. Birinci instansiya məhkəməsində iddia müddətinin buraxılması barədə vəsatətlə məhkəməyə müraciət olunmuş, məhkəmə isə Mülki Məcəllənin 373.3-cü maddəsinin tələblərinə əsasən iddia müddətinin üç il olmasına münasibət bildirməmiş və düzgün hüquqi qiymət verməmişdir. Bundan əlavə, xəstə olmağı barədə məhkəməyə teleqram vurularaq onun iştirakının təmin edilməsi üçün məhkəmənin başqa vaxta təxirə saslınması xahiş edilmişdir. Lakin məhkəmə bu teleqramı da nəzərə almamış və nəticədə də iş hərtərəfli obyektiv və tam araşdırılmamışdır. Bundan əlavə ipoteka müqaviləsinə xitam veriməsi barədə vəsatət verilmişdir. Lakin məhkəmə bunu da nəzərə almamış və münasibət bildirməmişdir. Həmçinin ipoteka predmetinin qiymətinin 2023-cü il üçün yüksək olduğunu nəzərə alınaraq, əmlakın və torpağın qiymətləndirilməsi məqsədi ilə ekspertiza keçirilmiş, lakin ekspertizanın rəyi əmlakın dəyərlədirilməsi hissəsində qeyri-realdır. Halhazırda torpağın və əmlakın dəyəri dəfələrlə xeyli yüksəkdir. Bundan əlavə məhkəmədə kredit götürən ”Meri-Dian” MMC-nin götürdüyü kreditin hansı hissəsinin ödədiyini, əsas və faiz borcu dəqiq müəyyən edilməmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 08 iyun 2023-ci il tarixli, 2- 2(103)-545/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni tutmanın İpoteka Predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda, həmin məbləğin müvafiq olaraq Cavabdeh4 qaytarılması, ona İpoteka Predmetinin ilkin satış qiymətinin 118.000 manat məbləğində müəyyən edilməsi, İpoteka Predmetinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin bağ evindən çıxarılması və əmlakın boşaldılaraq təhvil verilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia rədd edilmişdir.

8. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsini - iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)556/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qərarı ilə iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 iyun tarixli 2-2(103)- 545/2023 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 fevral tarixli 2- 2(103)-160/2024 nömrəli qətnaməsi ilə Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni tutmanın ipoteka predmeti olan Cavabdeh4 məxsus ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda, həmin məbləğin müvafiq olaraq Cavabdeh4 qaytarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 118.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin bağ evindən çıxarılması və əmlakın boşaldılaraq təhvil verilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddia rədd edilmişdir (sədrlik edən-məruzəçi hakim X.Mərdanova, hakimlər E.Həsənov və S.Bəhrəmzadə).

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 341/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 fevral tarixli 2-2(103)-160/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsində hazırki icraat Proses iştirakçılarının izahatı:

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 Qüdrət oğlu və nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddia müddətinin keçməsinin tətbiq edilməsi barədə ərizənin nəzərə alınmasını xahiş etmişlər.

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin qanuni təmsilçisi, eyni zamanda Cavabdeh1 Cavabdeh4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, təqdim etdiyi iddia müddətinin keçməsinin tətbiq edilməsi barədə ərizənin nəzərə alınmasını xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

15. Məhkəmə iclasının baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh3 MMC-nin nümayəndəsinin məhkəmə kollegiyasının iclasına gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

Tətbiq edilən hüquq:

Mülki Məcəllə:

19. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 20.372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 21.373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 22.375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 23.375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 24.377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 25.377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 26.380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 27.376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 28.379.1 və 379.1.1-ci maddəsinə əsasən iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda iddia müddətinin axımı dayandırılır. 29.383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz.

Mülki Prosessual Məcəllə:

30.14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 31.77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 32.80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 33.88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 34.106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 35.217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 36.217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 37.218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 38.233.1. Bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 35522.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. 39.384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 40.385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 41.405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 42.420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 43.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. 44.“Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. 45.Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Bu da Konstitusiyanın 131-ci maddəsinin İ hissəsinin, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin İ hissəsinin müddəalarından irəli gələn vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarı). 46.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Scordino İtaliyaya qarşı (no. 1) iş üzrə qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə Konvensiyanın 19-cu maddəsi baxımından bu Məhkəmənin məqsədi daxili qanunvericiliyin təfsir və tətbiq edildiyi tərzin presedent hüququnda olduğu kimi Konvensiya prinsiplərinə uyğun olub-olmamasının yoxlanılmasından ibarətdir. Avropa Məhkəməsi bu qərarında göstərmişdir ki, İtaliya Kassasiya Məhkəməsinin düzgün qeyd etdiyi kimi, daxili qanunvericilik Konvensiyanın müddəalarına açıq-aşkar istinad etdiyi hallarda bu daha vacib əhəmiyyət kəsb edir. Bu nəzarət rolunun həyata keçirilməsi Avropa Məhkəməsi üçün o halda daha asan olur ki, məsələ Konvensiyanı öz hüquqi sisteminə daxil etmiş və onu birbaşa tətbiq olunan normalar kimi qiymətləndirən Dövlətlərə aid olsun, ona görə ki, bu Dövlətlərin Ali məhkəmələri, bir qayda olaraq, Avropa Məhkəməsinin müəyyən etdiyi prinsiplərə riayət olunmasına nəzarət etməlidirlər (no. 36813/97, 29 mart 2006-cı il, §§ 190-191). 47.Konstitusiya Məhkəməsinin Plenumu bu mənada qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən daxili qanunvericiliyin təfsiri və tətbiqi eynilə Konstitusiyanın müddəalarına və qanunvericilyə uyğun olmalıdır. Belə ki, istənilən məsələ üzrə formalaşan məhkəmə təcrübəsi, hər bir halda, tətbiq edilən hüquqi normanın məqsəd və mahiyyətinə uyğun olmalı, onun mənası təhrif olunmamalı, xüsusilə də tətbiqetmə təcrübəsi elə tərzdə formalaşdırılmalıdır ki, Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqlarının pozulmasına səbəb olmasın.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

48.Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-78/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbləri rədd edilməlidir. 49.İşin faktiki halları ondan ibarətdir ki, Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı ilə Cavabdeh2 MMC arasında 18 oktyabr 2010-cu il tarixli, 145 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana bank tərəfindən 36 ay müddətinə, illik faiz dərəcəsi 20% olmaqla, 85000 (səksən beş min) manat məbləğində kredit verilmişdir. Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı ilə Cavabdeh4 Qüdrət oğlu və Cavabdeh2 MMC arasında 15 iyul 2009-cu il tarixli, 17 nömrəli ipoteka müqaviləsi bağlanmış və sözügedən ipoteka müqaviləsinə əsasən Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış 15 iyul 2009-cu il tarixli, 55 nömrəli kredit müqaviləsi üzrə və həmin müqaviləyə gələcəkdə ediləcək əlavə və dəyişikliklər nəzərə alınmaqla Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh4 Qüdrət oğlu tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən 369/370 1100/1108 saylı bağ evi Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daha sonra Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı ilə Cavabdeh4 Qüdrət oğlu və "xxxx" MMC arasında bağlanmış 15 iyul 2009-cu il tarixli, 17 nömrəli ipoteka müqaviləsinə 18 oktyabr 2010-cu il tarixli dəyişiklik edilməsinə dair Razılaşma imzalanmışdır. Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı ilə Cavabdeh1 arasında 18 oktyabr 2010-cu il tarixli, 110 nömrəli zaminlik müqaviləsi bağlanılmış və həmin zaminlik müqaviləsinə əsasən Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış 18 oktyabr 2010-cu il tarixli, 145 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin– Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. 50.İşi yeni apellyasiya baxışına qaytaran kassasiya instansiyası qəbul etdiyi qərarında qeyd etmişdir ki, əsas öhdəlik və ona bağlı əlavə öhdəlik üzrə bir neçə cavabdehə qarşı yönəlmiş iddia üzrə iddia müddətinin müəyyən edilməsi bölünməz olsa da, müddətin tətbiqi məsələsi hər cavabdehə münasibətdə fərdi olaraq yoxlanılmalı və həll edilməlidir. Baxılan işdən isə görünür ki, iş üzrə cavabdeh MMC-nin (borcalan) nə birinci, nə də apellyasiya instansiyası məhkəməsində iştirakı təmin edilməmiş, məhkəmələr həmin cavabdehin iştirakının təmin edilməsi üçün məhkəmə sənədlərin çatdırılması ilə bağlı MPM-in 135-ci maddəsində nəzərdə tutulmuş prosessual imkanlardan lazımınca istifadə etməmişlər. 76. Belə ki, məhkəmə sənədinin MMC-yə elektron kabinet və ya poçt göndərişi vasitəsilə çatdırılmasının təmin edilməsi mümkün olmadığı halda, məhkəmələr qeyd olunan maddənin 1-ci hissəsində göstərilmiş prosessual imkandan istifadə edərək, prosesdə iştirakının təmin olunması məqəsədilə məhkəmə bildirişinin ona çatdırılmasını eyni tələbin cavabdehləri olduqları və onun iddiaçı qarşısında öhdəliyinə təminat vermiş prosesdə iştirak edən digər Cavabdeh4 (ipoteka qoyan) həvalə edə bilərdi. Lakin məhkəmələr bu imkandan istifadə etməyərək, işə həmin cavabdehin iştirakı olmadan baxmış, bununla da qeyd olunan prosessual tələblərinə də əməl olunmamışdır. 51.Məhkəmə kollegiyası əsas borclunun məlumatlandırılması barədə məcburi göstərişi yerinə yetirərək əsas borclunun məhkəmə iclasında iştirakını təmin etmişdir. Belə ki, Cavabdeh2 MMC-nin qanuni təmsilçisi, eyni zamanda Cavabdeh1 apellyasiya icraatı zamanı iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. 52.Cavabdeh4 (ipoteka qoyan) iddia müddətinin tətbiq edilməsi barədə ərizəni birinci instansiya məhkəməsinə versə də, məhkəmə əsassız olaraq ərizəni nəzərə almamışdır. Belə ki, məhkəmə hesab etmişdir ki, 2021-ci il tarixdə iki dəfə kredit ödənişi edildiyinə görə iddia müddətinin axımı kəsilmiş və müddət yenidən başlanmışdır. Halbuki etiraf barədə hərəkətlər iddia müddəti bitdikdən sonra edilmişdir. Bu vəziyyətdə iddia müddətinin axımı davam etmədiyindən onun kəsilməsi də mümkün deyil. İddianın etirafı barədə hərəkətlər yalnız iddia müddəti ərzində edildikdə müddətin axımının kəsilməsinə və yenidən başlanmasına səbəb olur. Göründüyü kimi məhkəmə müvafiq maddi hüquq normalarını səhv təfsir etmişdir. 53.İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə kredit 36 ay müddətinə verilib və kreditdən istifadə müddəti 18 oktyabr 2013-cü il tarixdə başa çatmışdır. İddia ərizəsi isə 04 may 2022-ci il tarixdə, yəni 18 oktyabr 2013-cü il tarixdən hesablanmaqla təxminən 8 il 7 ay keçdikdən sonra verilmişdir. İşdən görünür ki, Cavabdeh2 MMC-nin qanuni təmsilçisi, eyni zamanda Cavabdeh1, Cavabdeh4 iddia müddətinin keçməsini əsas götürməklə iddia tələblərinin rədd edilməsini xahiş etmişlər. 54.Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. (L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 8 may 2008-ci il tarixli Qərar). 55.Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərar). 56.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarında isə müəyyən edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. 57.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmuş və Cavabdeh3 MMC istisna olmaqla cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğlu iddiaçının hüququnu pozmuşdur. 58.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. 59.Mülki Məcəllənin 376-cı maddəsinin tələblərinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir 60.Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 61.Məhkəmə kollegiyası hesab edir ki, əsas tələb (kredit borcu, faizlər) üzrə iddia müddəti keçdiyindən aksessor tələb (ipoteka predmetinə tutmanın yönədilməsi) üzrə də iddia müddəti keçmişdir. Odur ki, cavabdehlərin ərizələri nəzərə alınmalı və əsas və əlavə tələblər üzrə iddia müddəti tətbiq edilməlidir. Beləliklə qeyd edilən əsasla iddia tələbləri təmin edilməməlidir. 62.Məhkəmə kollegiyası apelyatorun tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı iddia müddətinin ötürülməsindən əlavə, digər maddi və prosessual hüquq pozuntularına dair dəlillərinə qiymət verilməsinə dair kassasiya instansiyası məhkəməsinin göstərişi ilə bağlı qeyd edir ki, işin yuxarıda qeyd olunan halları və Mülki Məcəllənin 376 və 375.2-cı maddələrinin tələblərini nəzərə alaraq iddia tələbləri rədd olunduğu üçün apellyatorun digər maddi və prosessual hüquq pozuntularına dair dəlillərinə qiymət verilməsinə zərurət yoxdur. 63.Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 64.Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 65.Kollegiya hesab edir ki, ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidi, ekspertə verilməli məbləğlər iddiaçıdan tutulmalı, iddiaçının iddia ərizəsi üçün ödədiyi dövlət rüsumu və mediasiya xərci iddiaçının özünə aid edilməlidir. 66.Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh4 Qüdrət oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-78/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh2 MMC-dən, Cavabdeh3 MMC-dən, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğlundan müştərək qaydada Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialının xeyrinə 43594,88 manat əsas borc, 43022,73 manat faiz borcu olmaqla, cəmi 86617,61 manat məbləğində borcun, xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış 18662,19 manat faiz borcunun, xx.xx.2022-ci il tarixdən qətnamənin faktiki icra olunan gününə 43594,88 manata illik 5% hesablanmaqla zərər məbləğinin, ödənilmiş 400 manat mediasiya xərcinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh4 Qüdrət oğlunun xüsusi mülkiyyətində olan (çıxarış: Seriya MH, № 0175164, xx.xx.2009-cu il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********51 11301 qeydiyyata alınmışdır) Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 157 m2 yaşayış, 107.2 m2 köməkçi sahədən ibarət 369/370-1100/1108 nömrəli bağ evinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, borcun göstərilən ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialına ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 MMC-dən, Cavabdeh3 MMC dən, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğlundan müştərək qaydada tutulması, tutma Cavabdeh4 Qüdrət oğluna məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 157 m2yaşayış, 107.2 m2 köməkçi sahədən ibarət 369/370-1100/1108 nömrəli bağ evinə yönəldikdən və həmin əmlak satıldıqdan 1 ay sonra Cavabdeh4 Qüdrət oğlunun və digər şəxslərin həmin bağ evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4 Qüdrət oğlunun və digər şəxslərin həmin bağ evindən çıxarılmaları, həmin bağ evinin boşaldılması və Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialına təhvil verilməsi barədə iddiaçının tələbləri rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pul iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialından tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ25NABZ********************, kod: 505594, SWİFT: GUNAAZ22) köçürülsün. Apellyatorun ödədiyi dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçının iddia ərizəsi üçün ödədiyi dövlət rüsumu və mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar