Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-920/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: icarə müqaviləsi, icarə obyektinin təmirinə çəkilmiş xərcin əvəzinin ödənilməsi, hüquqdan sui-istifadə, sübutetmə) hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə İddiaçı1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “icarə obyektinin yaxşılaşdırılmasına (təmirinə) çəkilmiş xərcin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 23 iyun 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Cavabdeh ASC (icarəyə verən) ilə Alekberov Kamil (icarəçi) arasında 01 noyabr 2022-ci il tarixdə 05 nömrəli icarə müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən müqavilənin 1.2-ci bəndində göstərilən əmlakı icarəçinin müvəqqəti istifadəsinə verməyi, icarəçi isə müqavilənin 5-ci bəndində nəzərdə tutulan qaydada və məbləğdə icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər.
2. Müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuşdur ki, icarəyə verən xüsusi mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən xidmət binasının 437 m2 qeyri-yaşayış sahəsini icarəçinin müddətli istifadəsinə verir.
3. Müqavilənin 1.5.1-ci bəndinə görə, əmlak icarəçiyə təmirsiz vəziyyətdə verilir; 2.2.4-cü bəndinə görə isə, icarə obyektinin şəkilləri müqaviləyə əlavə olunur.
4. Müqavilənin 1.8-ci bəndinə əsasən, icarəyə verən əmlakın ona mülkiyyət hüququ əsasında məxsus olduğuna zəmanət verir, müqavilənin qüvvədə olduğu müddət ərzində üçüncü tərəflərin iddiası əsasında icarəyə verənin əmlak üzərində mülkiyyət hüququna xitam verilərsə və bunun nəticəsində müqaviləyə vaxtından əvvəl xitam verilərsə, icarəçi ona dəymiş ziyanı (icarəyə götürdüyü zaman təmirə çəkilən xərci) icarəyə verəndən tələb etmək hüququ əldə edəcək. İcarəçi çəkdiyi xərci təmirdən sonra icarədara bildirib müqaviləyə əlavə etməlidir ki, gələcəkdə dəymiş ziyan məsələsi yaranarsa, məbləğ müəyyən olunmuş olsun.
5. Müqavilənin 1.9-cu bəndinə əsasən, icarə müddəti ərzində hər hansı dövlət orqanının inzibati göstərişi əsasında əmlak müvəqqəti və ya daimi bağlanarsa, onun istifadəsi məhdudlaşdırılarsa, onun üzərində mülkiyyət hüququ ləğv olunarsa və ya sökülərsə və bunun nəticəsində bu müqaviləyə vaxtından əvvəl xitam verilərsə və ya icarəçi əmlakın təyinatı üzrə və tam istifadə edə bilməzsə, icarəçi ona dəymiş ziyanı (icarəyə götürdüyü zaman təmirə çəkilən xərci) icarəyə verəndən tələb etmək hüququ əldə edəcək.
6. Müqavilənin 3.1-ci bəndinə əsasən, icarəçi öz fəaliyyəti ilə əlaqədar olaraq əmlakı təyinatı üzrə istifadə etmək üçün öz mülahizəsinə uyğun olaraq zəruri avadanlıqlar, elektrik cihazları, qurğular və digər daşınar əşyalarla təmin və təchiz etmək hüququna malikdir. Əşyaları quraşdırdığı zaman icarəçi icarəyə verəndən icazə almamalıdır. Əşyalar üzərində icarəçinin mülkiyyət hüququ qalır; 3.2-ci bəndinə əsasən, müqavilə ləğv olunarkən bütün əşyalar əmlaka zərər vurmadan ayrıla bilərsə, icarəçi tərəfindən geri götürülə və ya tərəflərin qarşılıqlı razılığı ilə icarəyə verənə satıla bilər; 3.3-cü bəndinə əsasən, əmlaka zərər vurmadan ayrıla bilməyən əşyalar tərəflərin qarşılıqlı razılığı ilə icarəyə verənə satıla bilər (giriş qapı konstruksiyası).
7. Müqavilənin 9.2-ci bəndinə əsasən, əmlak təyinatı üzrə istifadə zərurəti ilə əlaqədar icarə predmetində əlavə qurğular və avadanlıqlar quraşdırmaq, kiçik konstruktiv yenidənqurma (ana konstruksiyaya ziyan vurmadan) və xırda təmir işləri aparmaq; 9.6-cı bəndinə əsasən müqavilə ləğv olunarkən quraşdırdığı bütün avadanlıq və qurğuları özü ilə aparmaq icarəçinin hüquqlarına aid edilmişdir.
8. Müqavilənin 11-ci bəndində nəzərdə tutulmuşdur ki, müqavilə iizrə öhdəliklərini icra etməməsi fors-major hallarının (yanğın, subasma, zəlzələ, tətil, qiyam, vətəndaş müharibəsi, hökümət qərarları və hərəkətləri və s.) yaranması ilə bağlı olduğu halda, öhdəliklərin Müqavilə ilə müəyyən edilmiş icra müddətləri, bu halların və onların tərəflərə təsiri aradan qalxacağı dövrə kimi uzadılır. Fors-major hallarının təsirinə məruz qaldıqda tərəflər Müqavilənin lazımi qaydada icra edilməsi və ya icra edilməməsi üçün məsuliyyət daşımır.
9. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 24 may 2024-cü il tarixli, 3-23/3-1-314/2024 nömrəli Əmri ilə ayrılmış vəsaitlə Bakı şəhərinin Xətai rayonu ərazisində köçürülmə işlərinin təşkil edilməsi haqqında” xx.xx.2024-cü il tarixli 85 nömrəli Sərəncamında aşağıdakılar göstərilmişdir: “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov, Yusif Səfərov və Həmid Abbasbəyli küçələrinin əhatəsində yerləşən 3.6 ha ərazidəki 12 500 kv.m yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsinin maliyyələşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 18 may 2024-cü il tarixli 1-1-2/2- 331/2024 nömrəli məktubunu nəzərə alaraq “Büdcə ssudasının ayrılmasına dair” 24 may 2024-cü il tarixli 3-23/3-1-314/2024 nömrəli Əmri ilə Bakı şəhər İcra Hakimiyyətinə faizsiz büdcə ssudası ayırmışdır və bununla əlaqədar olaraq Bakı şəhər İcra Hakimiyyəti ilə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə öhdəliklərinin X5 arasında 24 may 2024-cü il tarixli 2024-18- BS nömrəli Ssuda müqaviləsi imzalanmışdır. Ayrılmış vəsaitlə qeyd olunan ünvanda köçürülmə işlərinin təşkil edilməsi məqsədilə qərara alınır: 1. Xətai Rayon İcra Hakimiyyəti Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov, Yusif Səfərov və Həmid Abbasbəyli küçələrinin əhatəsində yerləşən 3.6 ha ərazidə abadlıq işlərinin aparılması məqsədilə sözügedən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 24 may 2024-cü il tarixli, 3-23/3-1- 314/2024 nömrəli Əmri ilə Bakı Şəhər İcra Hakimiyyətinə ayrılmış vəsait dairəsində nəzərdə tutlan tədbirlərin həyata keçirilməsi üçün vahid sifarişçi təşkilat təyin olunsun. 2. "xxxx" MMC (Abit Əliyev) ayrılmış vəsaitin Xətai Rayon İcra Hakimiyyətinin təqdim etdiyi müvafiq hesaba köçürülməsini təmin etsin. 3. Xətai Rayon İcra Hakimiyyəti bu Sərəncamla ayrılmış vəsaitlə qanunvericiliyə uyğun şəkildə Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov, Yusif Səfərov və Həmid Abbasbəyli küçələrinin əhatəsində yerləşən 3.6 ha ərazidəki yaşayış və qeyriyaşayış obyektlərinin köçürülməsini və köçürülən ərazidə söküntü işlərinin aparılmasını, həmçinin sözügedən ərazinin tullantılardan daşınmasını zəruri tədbirlər görməklə təmin etsin”.
10. Cavabdeh ASC tərəfindən tərtib edilmiş ƏEX seriyalı, 252539 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı1 tərəfindən Cavabdeh ASC-yə 10 488 manat (01.xx.xx-3500; 07.xx.xx-4366; 01.xx.xx-2622) məbləğində pul vəsaiti köçürülmüşdür.
11. “X2” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 97 saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, aparılmış tədqiqatlar nəticəsində ünvan 1 ünvanında yerləşən “Monza” avtoyuma məntəqəsində və gözləmə otağında aparılmış təmir-tikinti işlərinə sərf olunan vəsaitin 98 071,02 manat təşkil etdiyi müəyyən olunmuşdur.
12. İddiaçı1 Cavabdeh ASC-yə göndərdiyi pretenziya məktubunda, borc məbləğinin 10 gün müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
13. İddiaçı1 (iddiaçı) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin təmirinə çəkdiyi xərcin əvəzi qismində 120 000 (yüz iyirimi min) manatın, vəkilə hüquqi yardım üçün ödədiyi 1500 manatın və 410 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Rusiya Federasiyasının vətəndaşıdır və fərdi sahibkar kimi vergi orqanlarında qeydiyyatdan keçərək, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2022-ci ilin noyabr ayında Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) ilə razılığa gələrək, ASC-nin mülkiyyətindəki, həmin dövrdə istifadə üçün yararsız halda olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 437 kv.m hissəsini icarəyə götürmüş, həmin sahənin istifadəyə yararlı hala gətirilməsi üçün 120 000 (yüz iyirimi min) manatdan artıq pul vəsaiti xərcləyərək qeyriyaşayış sahəsini istifadəyə yararlı vəziyyətə gətirmişdir. İcarə müqaviləsində icarə müddəti iki il göstərilsə də, əslində icarə müddətini beş illik razılaşmışlar. 01 noyabr 2022-ci il tarixli icarə müqaviləsinin şərtlərinə əsasən icarə müddəti ərzində hər hansı dövlət orqanının inzibati göstərişi əsasında əmlak müvəqqəti və ya daimi olaraq bağlanarsa, onun istifadəsi məhdudlaşdırılarsa, üzərində müliyyət hüququ ləğv olunarsa və ya sökülərsə və bunun nəticəsində müqaviləyə vaxtından əvvəl xitam verilərsə və ya icarəçi əmlakı təyinatı üzrə tam istifadə edə bilməzsə, icarəçi ona dəymiş zərəri, icarəyə götürdüyü zaman təmirə çəkilən xərci icarəyə verəndən tələb etmək hüququna malikdir. Bir müddət öncə polis əməkdaşları ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə gələrək, həmin ərazinin yenidənqurma işləri ilə bağlı söküləcəyini və 24 iyundan etibarən qeyri-yaşayış sahəsindən istifadə olunmasının qeyri-mümkün olacağını bildirmişlər. Hazırda qeyri-yaşayış sahəsi sökülmüşdür və mövcud deyil. Təmir üçün çəkdiyi xərci tələb etsə də, cavabdeh bundan imtina edir, pretenziyaya ümumiyyətlə cavab vermir.
15. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 425.1, 442, 443.1, 443.2-ci maddələrinə istinad olunmuşdur.
16. Cavabdehin nümayəndəsi tərəfindən iddiaya qarşı yazılı etiraz verilmiş, etirazda aşağıdakılar göstərilmişdir: “İddiaçının tələbi qanunsuz və əsassızdır, mövcud qanunvericiliyin və iddiaçının istinad etdiyi tərəflər arasında bağlanmış 01 noyabr 2022-ci il tarixli 05 saylı icarə müqaviləsinin müddəalarına tamamilə zidd olduğundan təmin oluna bilməz. Belə ki, qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (MM-nin 389.1-ci maddəsi). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər (MMnin 390.1-ci mad). AR MM-nin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı, bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir, icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. MMnin 422.1-ci maddəsinin tələbinə görə də tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Qanunun 422.1-ci maddəsi baxımından, Bakı ŞİHB-nin 85 saylı, xx.xx.2024-cü il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov, Yusif Səfərov və Həmid Abbasbəyli küçələrinin əhatəsində yerləşən 3.6 ha ərazidə abadlıq işlərinin aparılması məqsədilə sözügedən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürlüməsinə qərar vermiş və bu məqsədlə də Xətai rayon İcra Hakimiyyəti vahid sifarişçi təşkilat təyin olunmuşdur. Bakı ŞİHB-nın qeyd edilən sərəncamından sonra qeyd edilən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələri sökülmüş və ərazi təmizlənmişdir. Bu baxımdan hazırkı iş üzrə tərəflər arasında bağlanmış 01 noyabr 2022-ci il tarixli 05 saylı icarə müqaviləsinin “Qarşısıalınmaz hallar (ForsMajor) adlanan 11.1-ci bəndində nəzərdə tutulmuşdur ki, tərəflərin müqavilə üzrə öhdəliklərini icra etməməsi fors-major hallarının (yanğın, subasma, zəlzələ, tətil, qiyam, vətəndaş müharibəsi, hökumət qərarları və hərəkətləri və s.) yaranması ilə bağlı olduğu halda öhdəliklərin müqavilə ilə müəyyən edilmiş icra müddətləri, bu halların və onların tərəflərə təsiri aradan qalxdığı dövrə kimi uzadılır. Fors-major hallarının təsirinə məruz qaldıqda tərəflər müqavilənin lazımı qaydada icra edilməsi və ya edilməməsi üçün məsuliyyət daşımır”. Göründüyü kimi, hazırkı halda “Fors-major” halı cavabdehdən (eləcə də iddiaçıdan) asılı olmayaraq hakimiyyət orqanının qərarı ilə yaranmış və bu halın baş verəcəyi onlardan asılı olmamışdır. Beləliklə, hazırkı halda qaldırılmış iddianın faktik və hüquqi əsası yoxdur və ona görə də iddia tələbi təmin oluna bilməz, rədd olunmalıdır”.
17. İddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etmiş, cavabdehin nümayəndəsi (vəkili) isə iddiaya qarşı etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın əsassız olduğunu bildirmişdir.
18. Cavabdehin nümayəndəsi (vəkili) izahatında həmçinin qeyd etmişdir ki, iddiaçı özü işlətdiyi yeri təmir etmişdir, o, qeyri-yaşayış sahəsinin təmirinə çəkdiyi xərci həddindən artıq şişirdir, həmin xərcin məbləği maksimum 15 000 manat təşkil edə bilərdi (cild İ, səh. 22).
19. Məhkəmə tərəfindən təyin olunan ekspertiza tədqiqatı üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məlumatında qeyd edilmişdir ki, “hər hansı tikilinin təmir olunması üçün sərf edilmiş materialların və çəkilmiş xərclərin, eləcə də tikilinin sökülməsi nəticəsində vurulmuş ziyanın dəyəri, həmin tikiliyə baxış keçirilərək, ölçü işləri aparılmaqla, tikilinin təmirinə dair tərtib edilmiş layihə-smeta, həmçinin materialların alınmasına dair qaimə sənədləri əsasında müəyyən edilir. Mülki iş materialları araşdırılarkən, tədqiq olunan təmir işləri ilə əlaqədar layihə-smeta və materialların alınmasına dair qaimə sənədlərinin iş materiallarına əlavə edilmədiyi müəyyən edilmişdir. Buna görə də qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır”.
20. Məhkəmənin sifarişi əsasında qiymətləndirmə tədqiqatı aparan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli QCM/M 02-019/25 saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmirdən öncəki vəziyyəti ilə bağlı təqdim edilmiş fotoşəkillərlə qeyri-yaşayış sahəsinin təmirdən sonrakı vəziyyəti ilə bağlı təqdim edilmiş fotoşəkillər müqayisəli şəkildə təhlil edilməklə, təmirə çəkilmiş xərcin məbləğinin 102 242,80 manat təşkil etdiyi müəyyən olunmuşdur.
21. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin ediməməsi qət olunmuşdur.
22. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
22.1. İddiaçı tələbini təsdiq edən sübut qismində “X2” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 97 saylı mütəxəssis rəyini və fotoşəkillər təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 99.1-ci maddəsinə əsasən ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə qeyd olunan rəyin çəkişmə prinsipinə əməl edilmədən birtərəfli qaydada əldə olunmasını, cavabdehin həmin rəyin verilməsində iştirak etməməsini və həmin rəylə razılaşmamasını nəzərə alaraq, həmin rəyi mötəbər sübut kimi qəbul etmir. 22.2. Həmçinin qeyd olunmalıdır ki, təqdim olunan fotoçəkillər də özlüyündə mötəbər sübut sayıla bilməz. Həmin fotoşəkillər sübut kimi qəbul olunsa belə, oradakı əşyaların əmlakdan çıxarılması istisna olunmur, çünki əmlak iddiaçının istifadəsində olmuşdu. Çəkilməsi iddia olunan təmir xərclərinin müəyyən edilməsi ilə əlaqədar məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizanın aparılmasından imtina edilmiş və xx.xx.2024-cü il tarixli məlumatında qeyd edilmişdir ki, hər hansı tikilinin təmir olunması üçün sərf edilmiş materialların və çəkilmiş xərclərin, eləcə də tikilinin sökülməsi nəticəsində vurulmuş ziyanın dəyəri, həmin tikiliyə baxış keçirilərək, ölçü işləri aparılmaqla, tikilinin təmirinə dair tərtib edilmiş layihə-smeta, həmçinin materialların alınmasına dair qaimə sənədləri əsasında müəyyən edilir. Mülki iş materialları araşdırılarkən, tədqiq olunan təmir işləri ilə əlaqədar layihəsmeta və materialların alınmasına dair qaimə sənədlərinin iş materiallarına əlavə edilmədiyi müəyyən edilmişdir. Buna görə də qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. 22.3. Daha sonra yenidən məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, QCM/M 02-019/25 saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmirdən öncəki vəziyyəti ilə bağlı təqdim edilmiş fotoşəkillər ilə qeyri-yaşayış sahəsinin təmirdən sonrakı vəziyyəti ilə bağlı təqdim edilmiş fotoşəkillər müqayisəli şəkildə təhlil edilməklə, təmirə çəkilmiş xərcin məbləği 102 242,80 manat təşkil edir. Təkcə fotoşəkillər əsasında aparıldığından, fotoçəkillər hazırkı mübahisə ilə bağlı mötəbər sübut sayılmadığından, həmin rəy də mötəbər sübut qismində qəbul oluna bilməz. 22.4. Eyni zamanda qeyd olunur ki, hazırkı mübahisəyə münasibətdə müqavilənin bir sıra bəndləri birlikdə götürülərək sistemli şəkildə şərh olunmalıdır. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 1.8-ci bəndində qeyd edilmişdir ki, bu müqavilənin qüvvədə olduğu müddət ərzində üçüncü tərəflərin iddiası əsasında icarəyə verənin əmlak üzərində mülkiyyət hüququna xitam verilərsə və bunun nəticəsində bu müqaviləyə vaxtından əvvəl xitam verilərsə, icarəçi ona dəymiş ziyanı (icarəyə götürdüyü zaman təmirə çəkilən xərci) icarəyə verəndən tələb etmək hüququ əldə edəcək; icarəçi çəkdiyi xərci təmirdən sonra icarədara bildirib müqaviləyə əlavə etməlidir ki, gələcəkdə dəymiş ziyan məsələsi yaranarsa, məbləğ müəyyən olunmuş olsun. Göründüyü kimi, tərəflər həmin bənddə icarə predmeti icarəyə götürülən zaman təmirə çəkilən xərcləri ziyan kimi nəzərdə tutmuşlar. Bundan əlavə, tərəflər müəyyən etmişlər ki, icarəçi çəkdiyi xərci təmirdən sonra icarədara bildirərək, müqaviləyə əlavə etməlidir ki, gələcəkdə dəymiş ziyan məsələsi (yəni təmir xərcləri) yaranarsa, məbləğ müəyyən olunmuş olsun, yəni çəkilən xərci təmirdən sonra icarədara bildirərək, müqaviləyə əlavə etmək icarəçinin, yəni iddiaçının vəzifəsi kimi müəyyən edilmişdir. Lakin icarəçi həmin qaydaya əməl etməmiş, çəkilən xərclə bağlı müqaviləyə hər hansı əlavələr edilməmiş, məhkəməyə də hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. 22.5. Müqavilənin qeyd olunan bəndi ilə əlaqəli olan 1.9-cu bəndə əsasən icarə müddəti ərzində hər hansı dövlət orqanının inzibati göstərişi əsasında əmlak müvəqqəti və ya daimi bağlanarsa, onun istifadəsi məhdudlaşdırılarsa, onun üzərində mülkiyyət hüququ ləğv olunarsa və ya sökülərsə və bunun nəticəsində bu müqaviləyə vaxtından əvvəl xitam verilərsə və ya icarəçi əmlakın təyinatı üzrə və tam istifadə edə bilməzsə, icarəçi ona dəymiş ziyanı (icarəyə götürdüyü zaman təmirə çəkilən xərci) icarəyə verəndən tələb etmək hüququ əldə edəcək. Məhkəmənin qənaətinə əsasən icarəçi 1.8-ci bənddə qeyd olunan imperativ qaydada müəyyən olunan qaydaya riayət etmədiyindən, çəkilən xərclə bağlı müqaviləyə hər hansı əlavələr edilmədiyindən iddiaçı belə bir hüququ, yəni təmirə hər hansı xərc çəkibsə belə, həmin xərci icarəyə verəndən tələb etmək hüququ əldə etmir. 22.6. Eyni zamanda məhkəmə nəzərə alır ki, müqavilənin 9.2-ci bəndinə əsasən əmlak təyinatı üzrə istifadə zərurəti ilə əlaqədar icarə predmetində əlavə qurğular və avadanlıqlar quraşdırmaq, kiçik konstruktiv yenidənqurma (ana konstruksiyaya ziyan vurmadan) və xırda təmir işləri aparmaq; 9.6-cı bəndinə əsasən müqavilə ləğv olunarkən quraşdırdığı bütün avadanlıq və qurğuları özü ilə aparmaq icarəçinin hüquqlarına aid edilmiş, yəni müqavilədə iddiaçının kiçik konstruktiv yenidənqurma (ana konstruksiyaya ziyan vurmadan) və xırda təmir işləri aparmaq hüquqlarından bəhs edilir. Halbuki, iddiaçı iddia tələbində qeyd olunan məbləğdə xərc çəkdiyini iddia edir və buna dair heç bir sübutu məhkəməyə təqdim etmir. O cümlədən 3.1-ci bəndə əsasən icarəçi öz fəaliyyəti ilə əlaqədar olaraq əmlakı təyinatı üzrə istifadə etmək üçün öz mülahizəsinə uyğun olaraq zəruri avadanlıqlar, elektrik cihazları, qurğular və digər daşınar əşyalarla təmin və təchiz etmək hüququna malik olmuş və əşyalar üzərində icarəçinin mülkiyyət hüququnun olduğu qeyd olunmuşdur. Müqavilənin 3.2-ci bəndində qeyd olunur ki, müqavilə ləğv olunarkən bütün əşyalar əmlaka zərər vurmadan ayrıla bilərsə, icarəçi tərəfindən geri götürülə və ya tərəflərin qarşılıqlı razılığı ilə icarəyə verənə satıla bilər; 3.3-cü bəndinə əsasən əmlaka zərər vurmadan ayrıla bilməyən əşyalar tərəflərin qarşılıqlı razılığı ilə icarəyə verənə satıla bilər (giriş qapı konstruksiyası). Əmlak söküldüyündən iddiaçının özünə aid bütün daşınar əşyaları geri götürmək hüququ olmuşdur. Həmçinin əmlak söküləndən təxminən 4 ay sonra müqavilənin müddəti bitəcəkdi və iddiaçının müqavilədə qeyd olunan hüququ da müqavilə müddəti üçün nəzərdə tutulmuşdu. 22.7. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
23. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 386.1, 442, 443.1, 448.1, 700.1, 700.2-ci maddələrinə istinad etmişdir.
24. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür
Apellyasiya baxışı, izahatlar
25. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi (vəkili) isə apellyasiya şikayətinin əsassız olduğunu bildirmişdir.
26. İddiaçının təqdim etdiyi fotoşəkillərin artıq mövcud olmayan (sökülən) əmlaka aidiyyatını dəqiqləşdirmək üçün apellyasiya baxışı zamanı yerində müayinə həyata keçirilmiş, fotoşəkillərin məhz icarə obyektinə aid olduğu müəyyən edilmişdir (fotoşəkillərdə əksini tapan və hazırda da mövcud olan hündürmərtəbəli binalarla müqayisəli təhlil aparılmaqla).
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
28. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.
29. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
30. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
33. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
34. Maddə 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.
35. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
36. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
37. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
38. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
39. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
40. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
41. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
42. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; 560.3.5. bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə.
43. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
44. Maddə 680.1. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: 680.1.1. binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri; 680.1.2. heyvanın kirayəyə verildiyi halda - qulluq və bəsləmə xərcləri.
45. Maddə 680.2. Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir.
46. Maddə 681. Kirayəçinin əşyaya əlavə etdiyi qurğunu götürmək hüququ vardır.
47. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.
48. Maddə 699.1. Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur.
49. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
50. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
58. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış, tərəflər arasında yaranmış münasibətin mahiyyətini düzgün qiymətləndirməmiş, beləliklə də nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır.
59. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
60. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
61. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, o, cavabdehdən icarəyə götürdüyü qeyri-yaşayış sahəsində təmir işləri həyata keçirmiş və təmirə 120 000 manat məbləğində pul xərcləmiş, lakin əmlak dövlət orqanının qərarı ilə cavabdehdən alındığından (söküldüyündən), əmlakdan istifadə edə bilməmişdir; cavabdeh isə iddiaya etiraz edərək, icarəyə verilən qeyri-yaşayış sahəsində aparılan təmir işləri barədə əvvəlcədən ondan yazılı razılıq alınmadığını və iddiaçının əmlaka 120 000 manat həcmində xərc çəkdiyini təsdiq edən sübutları təqdim etmədiyini irəli sürür.
62. İddiaçının 01 noyabr 2022-ci il tarixli 05 nömrəli icarə müqaviləsi üzrə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini cavabdehdən icarəyə götürdüyü, obyektdə avtoservis, mühərrik təmiri və avtonəqliyyat üçün xidmətlər göstərdiyi, lakin sonradan əmlakın dövlət orqanının qərarı əsasında söküldüyü işin mübahisələndirilməyən hallarıdır.
63. Belə olan halda kollegiyanın qənaətinə görə, hazırkı mübahisə üzrə sübutetmənin predmetini iddiaçı tərəfindən icarə obyektinin təmiri üçün xərc çəkilib-çəkilmədiyi, əgər çəkilmişdirsə bu xərcin məbləği, habelə cavabdehin həmin xərci iddiaçıya qaytarmalı olubolmadığı təşkil edir.
64. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
65. Həmçinin qeyd olunmalıdır ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir sıra hallarda “...sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər” (“Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarı).
66. Tərəflər arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulmuşdur ki, əmlak icarəçiyə təmirsiz vəziyyətdə verilir, habelə icarə obyektinin şəkilləri müqaviləyə əlavə olunur (§ 3).
67. Əmlakın icarəçiyə təmirsiz vəziyyətdə verildiyi müqavilədə açıq-aşkar göstərilsə də, cavabdehin nümayəndəsi (vəkili) ziddiyyətli izahatlar verərək gah icarə obyektinin əvvəldən etibarən avtoyuma fəaliyyətinin həyata keçirilməsi üçün yararlı vəziyyətdə olduğunu irəli sürmüş, gah da bildirmişdir ki, icarəyə verilməmişdən əvvəl icarə obyektində avtoyuma fəaliyyəti göstərilməmiş və obyekt təmirsiz vəziyyətdə icarəçiyə təhvil verilmişdir.
68. Halbuki, məhkəməyə təqdim edilmiş fotoşəkillərlə müəyyən olunur ki, icarə obyekti icarəçiyə təmirsiz, müqavilədə nəzərdə tutulmuş təyinatına uyğun istifadə edilməsi üçün yararsız vəziyyətdə təqdim edilmişdir (iş materialları İ cild, 30-40-cı vərəqələr).
69. Qeyd olunan bu hal cavabdehin yaranmış vəziyyətdən sui-istifadə etdiyi qənaətinə gəlməyə əsas yaradır – hansı ki, qanunvericilik hüquqdan sui-istifadəni qorumur.
70. Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olubolmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
71. Tərəflər arasında bağlanmış icarə müqaviləsində təmir xərcləri ilə bağlı 2 ayrı müddəa mövcud olsa da, nəzərə alınmalıdır ki, müqavilədə bir-birinə zidd olan ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir (§ 34).
72. Müqavilə tərəflərinin statusu, onların müqavilə münasibətinə girərkən niyyətlərinin, əldə etmək istədikləri hüquqlar və vəzifələrlə əlaqədar gözləntilərinin müəyyən edilməsi baxımından əhəmiyyətlidir.
73. Kollegiya hesab edir ki, işin halları icarə obyektinin iddiaçıya təmirsiz vəziyyətdə təhvil verildiyi qənaətinə gəlinməsinə imkan verir və tərəflərin razılığı ilə icarə obyektinin təyinatının avtoservis, mühərrik təmiri və avtonəqliyyat üçün xidmətlər göstərmək olduğu müəyyən edildiyindən, obyektin təyinatı üzrə istifadə edilməsi üçün müvafiq təmir işlərinin həyata keçirilməsinə cavabdehin yazılı razılığına zərurət olmamışdır.
74. İddiaçının özünün təqdim etdiyi, “X2” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən “Monza” avtoyuma məntəqəsində və gözləmə otağında aparılmış təmir-tikinti işlərinə sərf olunan vəsait 98 071,02 manat təşkil edir.
75. Bununla yanaşı nəzərə alınmalıdır ki, iddiaçının nümayəndəsinin (vəkilinin) birinci instansiya məhkəməsində verdiyi izahata əsasən, iddiaçının qeyri-yaşayış sahəsinin söküləcəyindən söküntüdən 3 gün əvvəl məlumatı olmuşdur (iş materialları İ cild, 52-ci vərəqə).
76. Belə olan halda, “X2” MMC tərəfindən tərtib edilmiş rəydə dəyəri 1500 manat müəyyən edilmiş 1 ədəd yanğın dedektorunun paneli, ümumi dəyəri 600 manat müəyyən edilmiş 6 ədəd kamera, dəyəri 450 manat müəyyən edilmiş 1 ədəd DVR, ümumi dəyəri 4000 manat müəyyən edilmiş 2 ədəd elektrik şiti, dəyəri 1000 manat müəyyən edilmiş moyka üçün xırda ləvazimatlar, dəyəri 3000 manat müəyyən edilmiş jalüz, ümumi dəyəri 400 manat müəyyən edilmiş dəmir qapı, dəyəri 1500 manat müəyyən edilmiş fasad reklamı təyinatlarına zərər vurulmadan ayrıla bilən əşyalar qismində iddiaçı tərəfindən 3 gün ərzində geri götürülə bilərdi.
77. Rəydə dəyəri 3000 manat göstərilən kombi və ona aid materiallar isə fotoşəkillərdə ümumiyyətlə əks olunmamışdır.
78. Bu baxımdan kollegiya qeyd edir ki, iddiaçıya dəymiş zərərin məbləği 82 621,02 manat (98 071,02 – 15 450) müəyyən edilməlidir.
79. Mövcud məhkəmə təcrübəsinə əsasən vəkilin göstərdiyi yardıma görə ödənilən məbləğin ağlabatan olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 1500 manat vəkil xərci də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
80. Apellyasiya şikayətinin qismən təmin edildiyini nəzərə alaraq kollegiya qeyd edir ki, iddia ərzizəsinin və apellyasiya şikayətinin təmin olunmuş hissəsinə mütənasib olaraq iddia ərizəsinin verilməsinə görə ödənilmiş 410 manat dövlət rüsumunun 282,30 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 205 manat dövlət rüsumunun 141,10 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
81. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-324/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbi qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən icarə obyektinin yaxşılaşdırılmasına (təmirinə) çəkilmiş xərcin əvəzi qismində 82 621,02 (səksən iki min altı yüz iyirmi bir manat iki qəpik) manat, vəkil xərcinin əvəzi qismində 1500 (bir min beş yüz) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 282,30 (iki yüz səksən iki manat otuz qəpik) manat pul vəsaiti tutularaq İddiaçı1 ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 205 manat dövlət rüsumunun 141,10 (bir yüz qırx bir manat on qəpik) manatı cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilər.