Məhkəmə qərarları › İş №2-2(103)-921/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-921/2023

25.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-921/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi üzrə Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, ilk iddia üzrə cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair ilkin iddiaçı Cavabdeh İddiaçınə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2815/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "Azəriqaz" İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşdən görünür ki, tərəflər arasında qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır.

2. xx.xx.2022-ci il tarixli KY221878175 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin” çıxarışından görünür ki, İddiaçı MMC-nin sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi; sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halın müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə yoxlamanın keçirilməsi nəzərdə tutulmuşdur.

3. Qaz sayğacının çıxarılması barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həmin tarixdə iddiaçının qaz sayğacı çıxarılmışdır.

4. xx.xx.2021-ci il tarixli, SS 29/1640-03528 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktdan görünür ki, Cavabdeh İB-nin SOCAR**********31791640X03528 saylı 23 dekabr 2020-ci il tarixli telefonoqramına əsasən dövlət yoxlamasına aparılmış Kürdəmir rayon xidmət sahəsinin Aqro Teknoser MMC-yə məxsus qaz xətti üzərində quraşdırılmış G400 markalı 80127185 nömrəli turbin tipli “İtron” qaz sayğacı xx.xx.2020-ci il tarixdə xətdən çıxarılmış, xx.xx.2022-ci il tarixində Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. İmpuls ötürücüsünün qulaqcığı cüzi qırıqdır. Göstəricilər arasında fərq var. Pər səslə işləyir. Korrektor tərəfimizdən açıldı, yapışqan plomb (********) və daxili impuls xətlərinin normaldır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexniki hissənin işləkdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P =2.52 bar, korreksiya olunmuş qaz maksimal qaz həcmi 880 m3, korreksiya olunmamış qaz həcmi 383m3 bar qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat xx.xx.2022-ci il tarixinə qeydə alınmışdır. Batareyanın istismar müddətinin sonuna 59 ay (2021) qalıb,təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici Vt mexaniki göstəricidən 172 m2 çoxdur, impuls ötürücü yoxlanıldı, yoxlama zamanı verilən impulslar qeydə alındı, impuls ötürücü işləyir.Pbaza=1.01325 bar, T baza=20 C Audit normaldır. Yoxlamanın nəticəsi: minimal sərfiyyatda sayğac hesabat aparmır.

5. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, 29/1640-03520 nömrəli akta əsasən yoxlamanın nəticəsi olaraq minimal sərfiyyatda sayğacın hesabat aparmadığı müəyyən edilmişdir.

6. İddiaçı MMC-nin abonent saldosunun sürətindən görünür ki, qalıq və aktlar qrafasında 2022-ci ilin dekabr ayı üçün sərf edilən 383616 m3 qaza görə 16205,64 manat məbləğində borc hesablanmışdır.. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Aqro Teknoser MMC Azəriqaz İB-nin hesabına 2777 manat köçürmüşdür.

Birinci instansiya məhkəməsində icraat

7. İlk iddia üzrə İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunaraq Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 dekabr 2022-ci il tarixli ******* nömrəli aktı əsasında hesablanmış 16205,64 manat cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İlk İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin dekabr ayının 23-də Ağsu RQİİ-nin əməkdaşları İddiaçı MMC-yə məxsus olan istixananın qaz sayğacını yoxlamaq üçün xətdən çıxartmışlar. Sayğaca Cavabdeh İB-nin Metrologiya Departementinin sayğacların müayinəsi labaratoriyasında baxış keçirərkən guya minimal sərfiyyatda sayğac hesabat aparmadığı üçün bu barədə 28 dekabr 2022-ci il tarixli ******* saylı akt tərtib etmişlər və həmin akta əsasən 16250 manat cərimə yazmışlar. Cavabdeh İB-nin X6 İstismar İdarəsinin nümayəndələri tərəfindən istixanaya yazılmış 28 dekabr 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt və həmin akta əsasən hesablanmış 16250 manat cərimə qanunsuzdur. Aparılmış yoxlamanın nəticəsinə əsasən minimal sərfiyyatda sayğacın hesabat aparmamasının günahkarı istehlakçı deyildir və həmin nöqsan istehlakçı tərəfindən törədilən nöqsan deyildir. Həmin nöqsan sayğacın özündə mexaniki olaraq yaranmış bir nöqsandır. Əlavə olaraq bildirmək istəyirəm ki, İddiaçı MMC-yə məxsus olan istixana tərəfindən istehlak edilmiş qazın dəyəri həmişə vaxtlı-vaxtında ödənilmişdir.

9. Eyni zamanda Cavabdeh İB qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Aqro Teknoser“ Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı xx.xx.2022ci il tarixli, ******* nömrəli aktının əsasında hesablanmış 16250 manat cərimənin silinməsi tələbinə dair ilkin iddia tələbinin rədd edilməsinə, Cavabdeh “Aqro-Teknoser “ Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 18980,92 manat məbləğində borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməsinə, həmin məbləğin və ödənilmiş 146,94 manat dövlət rüsumunun tutularaq Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" MMC Cavabdeh Ağsu X4 İdarəsinin Kürdəmir Xidmət Sahəsinin abonenti olmaqla **********087 nömrəli hesabla qeydiyyatdadır. İddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC **********00087 saylı qaz hesabında 18980,92 borcu vardır ki, həmin borcdan 16205,64 manat hissəsi xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı tərtib edilmiş akta əsasən hesablanmış məbləğdir. Belə ki, Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən Kürdəmir rayonu, Sor-Sor kəndində yerləşən "xxxx" MMC-yə məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış G-400 markalı 80127185 nömrəli qaz sayğacı xx.xx.2022-ci il tarixdə qaz xətti üzərindən çıxarılmışdır. Sözügedən qaz sayğacına xx.xx.2022-ci il tarixdə Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasında yoxlamadan keçirilmişdir. Qeyri-əhali qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixdə müvafiq qaydada təqdiq edilmiş SS 29/1640-03528 nömrəli akta əsasən sayğacın minimal sərfiyyatda hesabat aparmadığı müəyyən edilmişdir. Beləliklə son 22 gün ərzində 73662 m3 qazın dəyəri 16205,64 manat müəyyən edilmişdir. Tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3.5-ci bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh onunla bağlanılmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bu kimi hallar Cavabdeh əhalinin təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərə mənfi təsir göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2815/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Əliyev) ilk iddia təmin, qarşılıqlı iddia rədd edilmişdir.

12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə aparılan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınsa da, xx.xx.2022-ci il tarixdə aparılan yoxlamanın nəticələri sonrakı 15 iş günü ərzində sözügedən reyestrdə göstərilməmişdir.

13. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, yoxlama İddiaçı MMC-nin sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi və kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi məqsədi ilə aparılsa da, sözügedən nöqsanlar aşkar edilməmiş, laborator yoxlamanın nəticəsində isə sayğacda hər hansı qüsur aşkar edilməmiş, sadəcə olaraq “minimal sərfiyyatda sayğac hesabat aparmır” kimi qeyd aparılmış və İddiaçı MMC-yə 16205,64 manat məbləğində cərimə yazılmış, halbuki həmin cərimənin hansı qaydalara uyğun olaraq hesablanması ilə bağlı Cavabdeh İB heç bir sübut məhkəməyə təqdim etməmişdir.

14. Həmçinin məhkəmə bildirmişdir ki, İddiaçı MMC-nin istifadəsində 1 ədəd 92 m2 həcmində qazan mövcuddur və onun qızdırılması üçün qazın minimal sərfiyyatla istifadə edilməsi inandırıcı deyil. Reyestrdə qeydə alınmış “sayğaca müdaxilənin müəyyən edilməsi və kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi” aşkar edilməmiş, yoxlamanın nəticələri reyestrdə qeydiyyata alınmamış, yazılan cərimənin hansı qaydada hesablanması ilə bağlı sübut məhkəməyə təqdim edilməmişdir.

15. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd etmişdir ki, Cavabdeh tərəfindən tələb olunan 18980,92 manat məbləğində vəsaitin 16205,64 manat hissəsi silinmiş, 2777 manatı isə xx.xx.2023-cü il tarixdə İddiaçı MMC tərəfindən borc əvəzi kimi ödənilmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən ilk iddia üzrə cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2815/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd edilərək qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC Cavabdeh İB-nin X6 İstismarı İdarəsinin Kürdəmir Xidmət Sahəsinin abonenti olmaqla **********087 nömrəli hesabla qeydiyyatdadır. Qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” (Qaydalar) ilə tənzimlənir və Qaydaların 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı Müqaviləsinə əsasən həyata keçirilir. Təqdim edilmiş saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Bununla bərabər ilkin iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda ilkin iddianın təmin edilməsi barədə qətnamə çıxarmışdır., qarşılıqlı iddianın isə rədd edilməsi tamailə əsassızdır. Qarşılıqlı iddia tələbi tam təmin edilməlidir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İlk iddia üzrə cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

19. İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

20. Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu 3-cü maddənin 7-ci hissəsi-istehlakçılar qaz qurğularının bu Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 1.3-cü bənd- qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 5.4-ci bənd- qaz sayğacları qaz paylayıcısı tərəfindən 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmalıdır. 5.5-ci bənd- qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu 3.2-ci maddə- bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə 1.4-cü bənd-Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 3.4.18-ci bənd- yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan, həmçinin bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş yoxlamalar istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunubolunmaması). 3.1.19-cu bənd- aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri. 4.7-ci bənd- yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Bu Əsasnamənin 3.4.20-ci və 3.4.21-ci yarımbəndlərində göstərilən məlumatların müəyyən edilməsi üçün qanunvericiliklə daha uzun müddət tələb olunduqda, həmin müddət reyestrdə göstərilir və məlumat ona uyğun təqdim edilir. Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

21. Qətnamə ilk iddia üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

22. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2815/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, 28 dekabr 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasən tələb edilən 16250 manat borcun əsaslı olduğu təsdiq edilməmişdir.

24. İşin mübahisəsiz halıdır ki, abonent tərəfindən qaz sayğacına hər hansı müdaxilə edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 5.4-ci bəndində nəzərdə tutulur ki, qaz sayğacları qaz paylayıcısı tərəfindən 4.9-cu bənddə nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmalıdır. Hazırkı halda abonent tərəfindən qaz sayğacına müdaxilə edilmədiyindən sayğac yoxlanılması üçün laboratoriyaya göndərildiyi dövrdə abonentin qaz sərfiyyatı “Qazdan istifadə Qaydaları” 5.4-ci bəndinə uyğun hesablanmalı idi. Hazırkı halda Cavabdeh abonentə 16205,64 manat borcun Qaydaların hansı bəndinə əsasən hesablandığını göstərə bilməmişdir. Apellyasiya şikayətində qeyd edilənlərə əsasən yoxlamanın nəticəsi olaraq 22 gün üçün 73662m3 əlavə sərfiyyat hesablandığı gösərilsə də, bu sərfiyyatın hansı qaydada hesablandığı qeyd edilməmişdir.

25. Bundan əlavə yoxlanılan obyektin istixana olduğu və ən çox qış aylarında qazdan istifadə edildiyi nəzərə alınarsa məhkəmə hesab edir ki, qış aylarında sərfiyyatın aşağı olması mümkün olmadığı üçün yoxlanılan dövr üçün abonentə əlavə sərfiyyat hesabanması əsassız olmuşdur. Məhkəmə bu qənatə gələrkən eyni zamanda nəzərə alır ki, sayğac yenisi ilə əvəz edildikdən sonra sərfiyyatda hər hansı artım olmamışdır. Belə ki, 2022-ci ilin noyabr ayında 73426,32 manat, dekabr ayında 68189,88 manat sərfiyyat olduğu halda, 2023-cü ilin yanvar ayında 67862,96 manat, fevral ayında 65422,72 manat sərfiyyat olmuşdur.

26. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2815/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İlk iddia üzrə cavabdeh "Azəriqaz" İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2815/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar