Məhkəmə qərarları › İş №2-2(103)-922/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-922/2021

21.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-922/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1271/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 15.09.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 164781,20 manat, Dövlət Sosial Müdafiə Fonduna 1762,95 manat və işsizlikdən sığorta fonduna 70,52 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 408000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh MMC-nin vergilər üzrə 116712,35 manat ödənilməmiş borcu qaldığını bildirmişdir. Bakı Kommersiya Məhkəməsinin 06.05.2021-ci il tarixli e-2-2(113)-1271/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh MMC-nin (VÖEN: **********) vergilər üzrə 116712,35 manat ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 408000 manat məbləğində siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş vəsaitin hesabına 116712,35 manat məbləğində vergi borcunun ödənilməsi, borc ödənildikdən sonra satılmamış əmlaklar və satışdan artıq qalan məbləğin Cavabdeh MMC-yə qaytarılması, Cavabdeh MMC-dən 10 manat məbləğində dövlət rüsumunun dövlət gəlirlərinə alınması qət edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, çoxmərtəbəli yaşayış binalarının tikintisi sahəsində fəaliyyət göstərən, iri vergi ödəyicisi olan Cavabdeh MTK indiyədək dövlət büdcəsinə milyonlarla vergi ödəmiş və daim nümunəvi vergi ödəyicisi olmuşdur. Covid-19 virusunun iqtisadiyyata vurduğu zərərin təsirləri onlardan yan keçməmiş, mənzil satışlarında durğunluq yaranmışdır. Satışlarda durğunluq yaranması təbii olaraq gəlirlərin azalmasına, hətta dayanmasına, beləliklə də şirkətin zərərə düşməsinə gətirib çıxarmışdır. Xərclərin artması müqabilində gəlirlərin olmaması, şirkətin çətin vəziyyətə düşməsi vergi öhdəliklərinin yerinə yetirilməsi baxımından da sıxıntıların meydana gəlməsinə gətirib çıxarmışdır. Lakin, Lokal Gəlirlər Baş İdarəsinin borc və faizləri hesabladığı 15.09.2020-ci il tarixindən sonra şirkət məhkəmə qətnaməsinin çıxdığı 06.05.2021-ci il tarixinədək vergilər üzrə 637.000 manat, muzdla işləyənlərin sığorta haqları üzrə 9992,50 manat, ümumilikdə 646992,50 manat vəsaiti dövlət büdcəsinə ödəmişdir. Məhkəmə proseslər zamanı Cavabdeh MTK-nın nümayəndəsi iş məhkəməyə göndərildikdən sonra yuxarıda qeyd edilən məbləğin ödənildiyinin nəzərə alınmasını xahiş etmişdir. Dövlət Vergi Xidmətinin əməkdaşı 05.05.2021-ci il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh MTK-nın həmin dövrə vergilər üzrə 116712,35 manat ödənilməmiş borcunun qaldığını bildirmişdir. Lakin vergilər üzrə ödənilmiş 637.000 manat vəsait müqabilində 15.09.2021-ci il tarixinə MTK-nın dövlət büdcəsinə 116712,35 manat borcunun qalması şübhə doğurur. İddiaçının nümayəndəsi dövlətin büdcəsinin mənafeyinin nəzərə alınması baxımından iddianı qəbul etmiş, bununla belə heç olmasa 116712,35 manat borcun ödənilməsi üçün həmin dəyərdə olan əmlakların satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Lakin iddiaçının nümayəndəsinin xahişi nəzərə alınmamışdır. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, vergi ödəyicisi olan Cavabdeh MMC Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 15.09.2020-ci il tarixə yaranan borcuna görə 408000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 21.09.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 15.09.2020-ci il tarixə olan borc məbləğindən dövlət büdcəsinə 164781,20 manat, Dövlət Sosial Müdafiə Fonduna 1762,95 manat və işsizlikdən sığorta fonduna 70,52 manat ödənilməmiş borcu qalmışdır. Hazırki iddia qaldırıldıqdan sonra vergilər üzrə borc 116712,35 manat təşkil edir. Cavabdeh MMC-nin nümayəndəsi birinci instansiya məhkəməsində iddianı qismən qəbul etmiş və bildirmişdir ki, Cavabdeh MMC-nin vergilər üzrə 116712,35 manat ödənilməmiş borcu mövcuddur və sözügedən borcun ödənilməsi üçün həmin dəyərdə olan əmlakların satılmasına razıdır. Apellyasiya şikayətində isə cavabdeh iddiaya etiraz etmiş və etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Həmin Məcəllənin 90.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Hazırki işdə də qeyd olunan maddələrin bütün dispozisiya şərtləri mövcuddur. Belə ki, iş materiallarından da göründüyü kimi vergi ödəyicisi olan Cavabdeh MMC Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə ümumilikdə 116712,35 manat borcu yaranmış və həmin borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdeh yaranmış borc məbləğinin büdcəyə ödənilməsini təmin etməmiş və ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı tərəfindən vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarılmışdır. Qərar əsasında Cavabdeh MMC-yə məxsus 408000 manat məbləğində əmlak siyahıya alınmış və bu barədə 16.09.2020-ci il tarixli protokol tərtib edilmişdir. Qeyd olunanları və istinad olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 408000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmasını tələb etməkdə haqlıdır. Ona görə də, iddia təmin edilməlidir. Apellyasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində 116712,35 manat vergi borcunun mövcud olduğunu mübahisələndirmədiyi halda, apellyasiya şikayətində bu halları mübahisələndirmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsində təsbit olunmuşdur ki, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh isə qeyd olunan prosessual normanın tələblərinə riayət etməmişdir. Ona görə də, məhkəmə kollegiyasının gəldiyi nəticə yalnız birinci instansiya məhkəməsində tərəflərin istinad etdiyi faktlara və sübutlara əsaslanmışdır. Bundan başqa, siyahıya alınmış əmlakların ümumi dəyərinin vergi borcu məbləğindən daha yüksək olması cavabdehin hüquqlarına toxunmur. Çünki həmin əmlaklar ixtisaslaşdırılmış açıq hərracda satıldıqdan və vergi borcuna çıxıldıqdan sonra qalan vəsait cavabdehə qaytarılacaqdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1271/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar