Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-922/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikasının X6 X7 Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının X6 X7 Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2- 2(113)-2346/2022 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, “Azərsu" ASC ilə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası arasında “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ASC Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi 299 ünvanını içməli və istehsalat məqsədli su ilə təmin etməyi, tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası isə su təchizatı və kanalizasiya xidmətlərinin haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası həmin ünvanda xx.xx.2016-cı il tarixədək fəaliyyət göstərmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının X6 X11 yaradılmış, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilmiş və onun istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının X3 balansına verilmişdir. Ləğv edilmiş Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyət göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi 299 ünvanında yerləşən inzibati binanın istismarına xx.xx.2021-ci il tarixdən iddiaçıya icazə verilmişdir. Həmin inzibati binada ləğv edilmiş Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sudan və kanalizasiya xidmətlərindən istifadəyə görə xx.xx.2021-ci il tarixə qalıq borcu 7287,06 manat təşkil etmişdir. Cavabdeh ASC həmin borcu X6 X11ndən tələb edir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Azərbaycan Respublikasının X6 X11 Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının inzibati binasının yerləşdiyi Bakı şəhəri Nəsimi rayonu X10 299 ünvanının abonent hesabında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə göstərilən 7287,06 manat məbləğində borcun X3 abonent kodundan silinməsi və ilkin mediasiya sessiyası üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində haqqın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi 299 ünvanındakı inzibati binası üzrə istifadə edilən su və çirkab suyuna görə təqdim edilən üzləşmə aktında 7287,06 manat məbləğində borc göstərilmişdir. İddiaçı cavabdehə ünvanladığı 22 sentyabr 2021ci il tarixli 01/xx-xx/2501 nömrəli məktubunda cavabdeh tərəfindən iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi 299 ünvanındakı inzibati binası üzrə istifadə edilən su və çirkab suyuna görə təqdim edilən üzləşmə aktında göstərilən borcun iddiaçıdan əvvəlki istehlakçıların borcu olduğunu, yarandığı tarixdən 2021-ci ilin oktyabrınadək iddiaçının qeyd edilən ünvanda yerləşən inzibati binadan faktiki olaraq istifadə etmədiyini, binanın iddiaçının istismarına yeni verildiyini və ümumiyyətlə iddiaçının ləğv edilmiş Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının hüquqi varisi olmadığını nəzərə alaraq həmin borcun iddiaçının abonent kodundan silinməsini xahiş etmişdir. İddiaçı müraciətini onunla əsaslandırmışdır ki, "Azərbaycan Respublikasının X6 X11n yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının X6 publik hüquqi şəxs yaradılmış, Azərbaycan Respublikasının X6 dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında X4 üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilmişdir. Mülki Məcəllənin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Eyni zamanda mülki qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilmiş hər iki dövlət orqanının debitor və kreditorlarının bütün öhdəlikləri üzrə ləğvetmə prosesinin təmin edilməsi məqsədilə yaradılmış ləğvetmə komissiyasına müraciət etməsi ilə əlaqədar “Azərbaycan” qəzetinin 17 noyabr 2016-cı il tarixli 254(7398) nömrəsində və 3 dekabr 2016-cı il 268(7412) nömrəsində məlumatlar dərc edilmiş, bununla bağlı həmin dövlət orqanlarının saytlarında elan verilmişdir. Həmin müddət ərzində hər hansı bir qurum, o cümlədən cavabdeh tərəfindən qeyd edilən borcla bağlı ləğvetmə komissiyasına hər hansı bir müraciət daxil olmamışdır. Eyni zamanda, X6 yaradılanda yuxarıda qeyd edilən ünvanda yerləşən inzibati bina tikilməkdə olduğundan həmin binada fəaliyyət göstərməmişdir, qeyd edilən binanın tikintisi 2021-ci ildə yekunlaşmış və həmin ilin oktyabr ayında istismara verilmişdir. Bu da öz növbəsində bu müddət ərzində istifadə edilən su və çirkab suyuna görə qeyd edilən məbləğdə borcun yaranmasının qeyri-mümkün olduğunu göstərir. Cavabdeh tərəfindən iddiaçının məktubuna verilmiş 27 oktyabr 2021-ci il tarixli 03/01-7/6/17364 nömrəli cavab məktubunda qeyd olunan ünvanın abonent hesabında su təchizatı və tullantı sulantılarının axıdılması xidmətlərinə görə 7287,06 manat məbləğində ödənilməmiş debitor borcun yarandığı bildirilmiş və yanlış olaraq Mülki Məcəllənin 56.1-ci maddəsinə istinad olunaraq hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələrinin təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçdiyi qeyd olunmuşdur. Halbuki, Azərbaycan Respublikasının Prezidenti yanında X4 üzrə Komissiyası və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası birləşməmiş və onların hüquq və vəzifələri X5 keçməmişdir. Qeyd edildiyi kimi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilmişdir, bu isə o deməkdir ki, X6 ləğv edilmiş Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının hüquqi varisi deyil və onun öhdəlikləri üçün məsuliyyət daşımır.
4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı tərəfindən mübahisələndirilən qanuni olaraq su təchizatı, tullantı sularına görə yaranmış borcdur və həmin borcun bir hissəsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına hesablanmışdır. Cavabdehə hüquqi şəxsin ləğvi ilə bağlı heç bir məlumat daxil olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsi xx.xx.2022-ci il tarixli e-2-2(113)-2346/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Cavabdeh ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, yaranmış cəmi 7287.06 manat borcun 4841.82 manat hissəsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına hesablanmış əsaslı borc məbləği, borcun digər 2445.24 manat hissəsi isə X5 hesablanmışdır. Borc məbləğinin 2445.24 manat hissəsi 2016-cı ilin sentyabr ayından bugünədək hesablanan borc məbləğidir. Məhkəmə isə sözügedən obyektin xx.xx.2021-ci il tarixində X3 istismarına verilməsini əsas gətirərək iddia məbləğini tam təmin etmişdir. Halbuki, abonent məlumat vərəqindən də məlum olduğu kimi iddiaçı tərəfindən 2016-cı ilin sentyabr ayından bugünədək su təchizatından istifadə olunmuş və qismən ödənişlər edilmişdir. Həmin etirafedici hərəkətlər borcun məhz iddiaçı X5 aid olduğunu təsdiq edir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisələri istehlakçıların bütün kateqoriyaları üçün göstərdiyi xidmətlərə görə ödəmələrin aşağıdakı növlərini, müddətlərini və məbləğini müqavilədə təklif edə bilərlər: a) mövcud qaydalara uyğun suölçən cihazların göstəricilərinə və ya hesabat göstəricilərinə əsasən götürülmüş suyun və axıdılmış tullantı sularının miqdarına görə ödəmə; b) su təchizatı və kanalizasiya sistemlərinə qoşulmağa görə ödəmə; c) su təchizatı və kanalizasiya sistemlərinə qoşulmağa görə birdəfəlik ödəmə; ç) su təchizatı və kanalizasiya müəssisələri tərəfindən texniki vasitələrin, o cümlədən suölçən cihazların quraşdırılmasına görə əvvəlcədən (avans) ödəmə (fiziki şəxs olan istehlakçılar istisna olmaqla).
12. Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1 və 4.1.3-cü maddələrinə əsasən bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələrinə aiddir.
14. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır.
15. Mülki Məcəllənin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.
16. Həmin Məcəllənin 559-cu maddəsində isə təsbit olunmuşdur ki, hüquqi şəxsin (borclunun və ya kreditorun) ləğvinin qeydə alındığı andan onun öhdəliklərinə xitam verilir.
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, iddianın tam təmin olunduğunu və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
19. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 1-ci bəndi, 61-ci maddəsinin 1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1 və 4.1.3-cü maddələrindən müəyyən olunur ki, su istehlakçıları istifadə etdikləri suyun və çirkab suyun axıdılması xidmətinin dəyərini ödəmək öhdəliyini daşıyır.
20. Lakin hazırki işdə müəyyən olunur ki, cavabdehin iddiaçıdan 7287,06 manat borc tələb etməsi əsassız olmuşdur.
21. Belə ki, işin mübahisəsiz halıdır ki, cavabdehin iddiaçıdan tələb etdiyi 7287,06 manat borc X6 X7 öz borcu deyil, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının borcu olmuşdur.
22. Cavabdeh iddiaçıya ünvanladığı məktubda Mülki Məcəllənin 56.1-ci maddəsinə (hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir) istinad edərək, həmin borcu iddiaçıdan tələb etmişdir.
23. Kollegiya hesab edir ki, cavabdehin həmin dəlilləri əsassızdır. Belə ki, "Azərbaycan Respublikasının X6 X11n yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yenidən təşkil edilməmiş, ləğv edilmişdir.
24. Bu halda onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilmişdir.
25. Bununla da Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bütün öhdəliklərinə, o cümlədən cavabdehə olan borc öhdəliklərinə xitam verilmişdir.
26. Bu baxımdan kollegiya hesab edir ki, sudan və kanalizasiya xidmətlərindən istifadəyə görə xx.xx.2021-ci il tarixədək yaranmış 7287,06 manat borc iddiaçıdan tələb oluna bilməz və həmin borc məbləği üzrə öhdəliyə yuxarıda göstərilənlərə əsasən xitam verildiyindən iddiaçının abonent kodundan silinməlidir.
27. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, 2016-cı ilin sentyabr ayından bugünədək hesablanan 2445.24 manat borc X6 X11nə aid edilə bilməz. Çünki işin mübahisəsiz halıdır ki, mübahisəli sayğacın yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi 299 ünvanı xx.xx.2021-ci il tarixində X3 istismarına verilmişdir.
28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2346/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vidadi Məmmədov
Vüsalə Baxışova