Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-923/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı icarə müqaviləsi üzrə borcun tutulması barədə kiçik iddia üzrə Açar söz: icarə haqqının tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin direktoru Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı icarə müqaviləsi üzrə ümumilikdə 3.419,66 manat məbləğində ödənilməmiş icarə haqqının tutularaq iddiaçıya ödənilməsi” barədə kiçik iddiaya dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(103)-1170/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. xx.xx.2019-cu il tarixli ofis icarəsinə dair müqavilədən görünür ki, İddiaçı MMC Bakı şəhəri AZ 1065, Cəfər Cabbarlı 44 ünvanında yerləşən “Caspian Plaza”-da Əlavə 1də göstərilmiş ofis sahəsini, icarə haqqı qarşılığında Cavabdeh MMC-yə verməyi, icarəçi 220,34 AZN+18% ƏDV olan (260 manat) aylıq icarə haqqını ödəməyi öz öhdələrinə götürmüşlər.
2. Elektron qaimələrin siyahısından görünür ki, cavabdehlə iddiaçı arasında icarə müqavilə münasibətləri olmuş və müqavilə üzrə cavabdehə xx.xx.2019-cu il tarixdən elektron qaimələr göndərilmişdir.
3. Hesab kartından görünür ki, Cavabdeh MMC-nin 2020-ci ilin aprel ayından 2021ci ilin may ayları üzrə iddiaçıya ödənilməmiş cəmi 3.419,66 manat borcu vardır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı xx.xx.2019-cu il tarixli bağlanmış Ofis icarəsinə dair müqaviləyə əsasən, cavabdehdən ümumilikdə 3.419,66 manat məbləğində ödənilməmiş icarə haqqının tutularaq iddiaçıya ödənilməsi barədə ərizəylə məhkəməyə müraciət etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixində ofis icarəsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC Bakı şəhəri, AZ 1065, Cəfər Cabbarlı 44 ünvanında yerləşən “Caspian Plaza”-da Əlavə 1-də göstərilmiş ofis sahəsini, icarə haqqı qarşılığında Cavabdeh MMCyə vermişdir. İcarə müqaviləsinin 4.2-ci maddəsinin (a) bəndinə əsasən icarəçi Əlavə 1-də göstərilən qaydada və vaxtda icarə haqqını ödəməlidir. Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-in 1.1-ci maddəsinə əsasən icarəyə verən Sahənin 9-cu mərtəbəsində yerləşən 10 kv.m. sahəni İcarəçiyə icarəyə verir. Əlavə 1-in 2.1-ci maddəsinə əsasən icarəçi 220,34 AZN+18% ƏDV olan aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Elektron qaimələrin siyahısından görünür ki, cavabdehlə iddiaçı arasında icarə müqavilə münasibətləri olmuş və müqavilə üzrə cavabdehə xx.xx.2019-cu il tarixdən elektron qaimələr göndərilmişdir. Hal-hazırda cavabdehin 2020-ci ilin aprel ayından 2021-ci ilin may ayınədək icarə haqqı borcu vardır. Hesab kartından göründüyü kimi Cavabdeh MMC-nin 2020-ci ilin aprel ayından 2021-ci ilin may ayınadək 14 ay üçün 14*39,66= 555, 24 manat ƏDV borcu, 2020-ci ilin may ayından 2021-ci ilin may ayınadək isə 13 ay üçün 13*220.34=2864,42 manat əsas borcu olmaqla ödənilməmiş cəmi 555,24+2864,42=3.419,66 (üç min dörd yüz on doqquz manat, altmış altı qəpik) manat icarə haqqı borcu mövcuddur. Bununla bağlı cavabdehlə dəfələrlə, şifahi və telefon danışıqları olsa da heç bir nəticəsi olmamışdır.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1170/2022 saylı qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia təmin edilmişdir.
7. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ofis icarəsinə dair müqaviləyə əsasən, İddiaçı MMC Bakı şəhəri AZ 1065, Cəfər Cabbarlı 44 ünvanında yerləşən “Caspian Plaza”-da Əlavə 1-də göstərilmiş ofis sahəsini, icarə haqqı qarşılığında Cavabdeh MMC-yə verməyi, icarəçi 220,34 AZN+18% ƏDV olan aylıq icarə haqqını ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı müqavilə üzrə öhdəliyini icra etmiş, lakin cavabdeh icarə haqqını vaxtında ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 3.419,66 manat məbləğində borcu yaranmışdır.
8. Məhkəmə hesab etmişdir ki, xx.xx.2019-cu il tarixli ofis icarəsinə dair müqaviləyə əsasən yaranmış borc iş materiallarına əlavə olunmuş sübutlarla təsdiq olunduğundan 3.419,66 manat icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməklə iddia təmin edilməlidir. Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1170/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ofis icarəsinə dair müqaviləyə əsasən cavabdehin hazırda iddiaçıya müqavilə öhdəlikləri üzrə 1700 manat borcu qalmışıdr. Ödəniş qəbzlərinin bəziləri məhkəməyə təqdim olunub, qalan qəbzlər isə ofisdə müsadirə edildiyinə görə məhkəməyə təqdim edilə bilməmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(103)-923/2022 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1170/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə iddia icraatı qaydasında məhkəmə iclasında baxılması qərara alınmışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdehin qanuni nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir.
13. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında səalhiyyətli nümayəndəsi iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
14. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 700.1-ci maddə- icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 372.2-ci maddə-yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri 15.Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
16. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1170/2022 saylı qətnaməsi qismən ləğv edilərək iddia 320 manat pulun Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması hissəsində rədd edilməlidir.
17. Apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli ofis icarəsinə dair müqaviləyə əsasən iddiaçıya borcu olduğunu qəbul edir. Lakin göstərir ki, borc məbləği cəmi 1700 manat təşkil edir.
18. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tələb olunan icarə haqqı borcunu 2020-ci ilin may ayından 2021-ci ilin may ayınadək, yəni 12 ay üçün tələb etdiyi halda, hesablamanı 13 ay üçün aparmışdır. 12 ay üçün cavabdehin icarə haqqı borcu ƏDV daxil 3120 manat (260x12) təşkil etdiyi halda 3419,66 manat pulun tutulması tələb edilmişdir. İddiaçı hesab səhvinə yol verdiyi halda birinci instansiya məhkəməsi iddianı tam təmin etmişdir.
19. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin qanuni nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş, əslinə baxış keçirilmiş ödəniş qəbzlərinə əsasən müəyyən edilmişdir ki, 2020-ci ilin may və iyun ayları üçün icarə haqqı borcu üzrə cavabdeh tərəfindən 2021-ci ildə müxtəlif vaxtlarda ümumilikdə 320 manat ödəniş edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin ünvanına göndərilmiş məhkəmə bildirişləri çatmadığından cavabdehin həmin sənədləri məhkəməyə təqdim etmək imkanı olmadığı üçün MPM-nin 372.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən sübut kimi qəbul edilir.
20. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia cavabdehdən 320 manat borcun tutulması hissəsində əsassız olduğundan apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 1170/2022 saylı qətnaməsi qismən ləğv edilərək iddia 320 manat pulun Cavabdeh MMCdən İddiaçı MMC-nin xeyrinə tutulması hissəsində rədd edilməlidir.
21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392 və 393-cü maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1170/2022 saylı qətnaməsi qismən ləğv edilsin. İddia 320 manat pulun Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması hissəsində rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.