Məhkəmə qərarları › İş №2-2(103)-923/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-923/2024

10.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-923/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdehlər LPO Cavabdeh2 ASC-nə, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: müqavilənin etibarsızlığı, restitusiya) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə5, müstəqil tələb irəli sürməyən üçüncü şəxs - Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndəsi X2 iştirakları ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin LPO Cavabdeh2 ASC-nə, Cavabdeh1 və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab olunması və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 29 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən, həmçinin həmin məhkəmənin 25 iyun 2024-cü il tarixli əlavə qətnaməsindən LPO Cavabdeh2 ASC-nin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (Agentlik) və Cavabdeh2 ASC (hazırda ləğvetmə prosesindədir) arasında agentliyin vəsaitindən istifadəyə dair 10 fevral 2021-ci il tarixli 01 saylı müqavilə bağlanmış, müqavilədə aşağıdakılar müəyyənləşdirilmişdir:

- Bənd 1.1.1. Agentlik – kənd təsərrüfatına dəstək layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar subsidiyaların verilməsi, kənd təsərrüfatı istehsal vasitələrinə güzəştlər verilməsi, regionların aqrar inkişafına investisiyaların cəlb edilməsi, güzəştli kreditlərin, təminatların verilməsi və innovasiyaların tətbiqi sahəsində fəaliyyət göstərən icra hakimiyyəti orqanıdır. - Bənd 1.1.2. Müvəkkil kredit təşkilatı – Azərbaycan Respublikasının Prezidentinin 19 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na (bundan sonra – Qayda) müvafiq olaraq, Agentliyin vəsaitindən istifadə üzrə Qayda ilə nəzərdə tutulan Müsabiqə Komissiyasının qərarı ilə seçilmiş müvəkkil kredit təşkilatıdır. - Bənd 1.2. Tərəflər agentliyin vəsaitindən istifadə üzrə Qayda və bu Müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında onların hər birinin üzərinə düşən vəzifə və öhdəliklərə uyğun olaraq, aqrar bölmənin inkişafı məqsədi ilə təminatların güzəştli kreditlərin verilməsi, agentliyin vəsaitindən məqsədyönlü və səmərəli istifadə edilməsi istiqamətində qarşılıqlı əməkdaşlıq edirlər. - Bənd 1.4. Agentliyin vəsaiti müvəkkil kredit təşkilatının öz adından və öz riski hesabına borcalanlara güzəştli kreditlər şəklində təqdim edilir. Borcalanların öz öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı qayda və bu müqavilə ilə müəyyən edilmiş qaydada agentlik qarşısında məsuliyyət daşıyır. - Bənd 3.1. Agentliyin müraciəti əsasında müsabiqə komissiyası tərəfindən müvəkkil kredit təşkilatı üçün 40 000 manat məbləği həddində ilkin kredit xətti (limit üzrə vəsait) müəyyən edilir. - Bənd 3.3. Borcalanlar kreditlərin və güzəştlərin verilməsi üçün müvəkkil kredit təşkilatına rəsmi qaydada müraciət edirlər. Müvəkkil kredit təşkilatı borcalanların ilkin müraciətləri qeydiyyata alır və onlara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatı müraciətlər üzrə təqdim edilmiş sənədlərin, kredit üzrə layihələrin ekspertizasını həyata keçirir, borcalanların öhdəliklərinin icra qabiliyyətini araşdırır. - Bənd 3.4. Müvəkkil kredit təşkilatı müraciətləri müvafiq qaydada araşdırdıqdan sonra, müraciətin edildiyi tarixdən 15 (on beş) iş günündən gec olmayaraq kreditin və ya güzəştin verilə biləcəyi barədə qərar qəbul edir, yaxud borcalanlara əsaslandırmış imtina məktubu göndərir (təqdim edir). - Bənd 3.6. Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri Agentliyə təqdim edir. Agentlik 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədlər tələb edir. Agentlik ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və imtina edilməsinə dair qərarı barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir. - Bənd 4.2.3. Müvəkkil kredit təşkilatı borcalanların mütəmadi olaraq monitorinqini aparır və agentliyə bu barədə müvafiq rüblük hesabat təqdim edir.

2. Cavabdeh1 (icraçı) və Cavabdeh3 (sifarişçi) arasında 10 avqust 2021-ci il tarixdə 36 saylı alqı-satqı müqaviləsi bağlanmışdır.

3. Həmin müqaviləyə əsasən:

- Bənd 1.1. İcraçı sifarişçiyə məxsus sahədə (Azərbaycan Respublikası Qusar rayonunun Qaratoba kəndində yerləşən bağ sahəsinə) 1 set damla suvarma sistemi ilə təmin etməyi, sifarişçi isə malın dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. - Bənd 1.2. ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh3 məxsus Qusar rayonunun Qaratoba kəndində yerləşən 5 ha torpaq sahəsinin 5 hektar 1 dəst damlama sulama sistemi quraşdırılacaqdır. - Bənd 2.1. Malların çatdırılması, quraşdırılması, gömrük rüsumları və o cümlədən yol xərci daxil olmaqla ümumi dəyəri 15 000 manat təşkil edir. - Bənd 3.1. Bu müqavilə üzrə 2.1-ci bənddə qeyd edilən malların dəyərinin yəni 9380 manat müqavilə imzalandıqdan sonra təqdim olunan hesab-faktura əsasında 20 iş günü ərzində sifarişçi tərəfindən avans olaraq icraçının qeyd etdiyi bank hesabına nağdsız qaydada köçürülür. - Bənd 3.2. Müqavilə dəyərinin qalan, yəni 5620 manatı mallar Türkiyə Respublikasından çıxdıqda ödənilməlidir.

4. Müqaviləni hər iki tərəf imzalamış, müqavilə Agentliyin möhürü ilə təsdiq edilmişdir.

5. “Kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəst və avadanlığının güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” iltizama əsasən Cavabdeh3 ona verilən Türkiyə istehsalı 1 dəst “KEB Muhendislik LTD ŞTİ” damlama suvarma sistemini təyinatı üzrə istifadə edəcəyini, suvarma sisteminin verilməsinə dair onunla bağlanmış müqavilələrdə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcəyini, habelə suvarma sistemini 60 ay ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarmayacağına və əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməyəcəyinə 12 avqust 2021-ci il tarixdə iltizam vermiş, bu iltizam Agentliyin möhürü ilə təsdiq edilmişdir.

6. 17 avqust 2021-ci il tarixli XAC/05 saylı ödəniş tapşırığına əsasən, Cavabdeh3 tərəfindən Cavabdeh1 hesabına 10 avqust 2021-ci il tarixli 36 saylı alqı-satqı müqaviləsi üzrə damla suvarma sistemi alınması üçün 9380 manat köçürülmüşdür.

7. Cavabdeh2 ASC tərəfindən verilmiş hesabdan çıxarışa əsasən 10 dekabr 2021-ci il tarixdə 5624 manat məbləğində vəsait Cavabdeh3nın hesabına köçürülmüşdür.

8. Azərbaycan Respublikası Hesablama Palatasının 01 fevral 2023-cü il tarixli “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi”nə dair auditinin nəticələrinə dair auditor hesabatında göstərilmişdir ki, “Cavabdeh3 Qusar rayonu Nəcəfkənd kəndində və Qaratova kəndində olan təsərrüfatlarına baxış zamanı Agentliyin vəsaiti hesabına maliyyələşdirilən damcılı suvarma sistemləri ilə əlaqədar müvafiq torpaq sahələrində intensiv bağların 2017-2018-ci illərdə salındığı EKRİS-də bəyan olunduğu halda, auditlə əhatə olunan dövrdə həmin torpaq sahələri üzrə 2 təsərrüfat üçün 2021-ci ildə maliyyələşdirilmiş güzəşt məbləği 47 784 manata bərabər olan damcılı suvarma sistemi avadanlıqlarının adlarının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2020-2021-ci illərdəki alışlarla uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuş, damcılı tipli suvarma sistemlərinin alqı-satqı müqaviləsi üzrə təchizatçıdan alışını təsdiqləyən elektron qaimə-fakturanın mövcudluğu müəyyən edilməmişdir”.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

9. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (iddiaçı) LPO Cavabdeh2 ASC-nə, Cavabdeh1 və Cavabdeh3 (cavabdeh və ya cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 10 avqust 2021-ci il tarixli 36 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, 5624 manat məbləğində pul vəsaitinin, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 100 manat mediasiyaya xərcinin, yəni cəmi 6224 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

10. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh3 damcılı suvarma sistemi avadanlığının güzəştli şərtlərlə alışının maliyyələşdirilməsi məqsədilə 5624 manat məbləğində vəsait ayrılmış, vəsait müvəkkil kredit təşkilatı olmuş LPO Cavabdeh2 ASC vasitəsilə təchizatçıya ödənilmişdir. 2022-ci ildə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən iddiaçının fəaliyyəti ilə bağlı səmərəlilik auditi həyata keçirilmiş, auditin gedişatında seçmə üsulla Cavabdeh3 təsərrüfatına baxış keçirilmişdır. Baxış zamanı damcılı suvarma sistemi avadanlığının adının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2020-2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Həmçinin, hesabata əsasən damcılı suvarma sisteminin alqı-satqı müqaviləsi üzrə təchizatçıdan alışını təsdiqləyən elektron qaimə-fakturaların mövcudluğu müəyyən edilməmiş, auditor hesabatında maliyyələşmənin daxil olmuş müraciət zamanı təqdim olunan sənədlərdə göstərilən predmetin alışına sərf olunmalı olduğu halda, qeyd olunan hal üzrə ayrılmış maliyyələşmənin təyinatı üzrə istifadə olunmasının öz təsdiqini tapmaması göstərilmişdir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, güzəştin ayrılması zamanı edilmiş müraciətə əlavə edilmiş Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 10 avqust 2021-ci il tarixli 36 nömrəli alqı-satqı müqaviləsi əslində Agentliyi aldatmaq məqsədilə formal olaraq bağlanmış, əqdin tərəflərinin həmin əqd üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyəti olmamışdır. Əqdin tərəfləri bununla formal hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdmüşlər. Nəticədə iddiaçıya 5624 manat ziyan vurulmuşdur. Müvəkkil kredit təşkilatı olmuş cavabdeh LPO Cavabdeh2 ASC tərəfindən isə “Qaydalar”ın 4.1-ci bəndinin tələblərinə riayət edilməmiş, Cavabdeh3 tərəfindən edilmiş müraciət Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında düzgün təhlil edilməmiş, güzəştin verilə biləcəyi barədə düzgün olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən, iddiaçıya vurulmuş 5624 manat məbləğində zərər müştərək qaydada digər cavabdehlərlə bərabər müvəkkil kredit təşkilatı olmuş ləğv prosesində olan LPO Cavabdeh2 ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan da tutulmalıdır.

11. Birinci instansiya məhkəməsinin 29 mart 2024-cü il tarixli qərardadı ilə iddia tələbi üzrə icraata LPO Cavabdeh2 ASC-yə qarşı hissədə xitam verilməsi qərara alınmışdır.

12. Məhkəmə müvafiq qənaətini “Banklar haqqında” Qanunun 72-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli Qərarına istinadla belə əsaslandırmışdır ki, bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamına gəlmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır. Buna görə də, iddiaçının LPO "xxxx" ASC-yə qarşı irəli sürdüyü tələbə kommersiya mübahisəsi kimi mülki iddia icraatı qaydasında baxıla bilməz.

13. Birinci instansiya məhkəməsinin 29 mart 2024-cü il tarixli qətnaməsi ilə isə iddia qismən təmin olunaraq, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 10 avqust 2021-ci il tarixli 36 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, hüquqi yardımla bağlı ödənilmiş 500 manatın, 100 manat mediasiyaya dair xərcin, ümumilikdə 600 manatın Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutulub iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur.

14. Qəbul etdiyi qətnamə üzrə məhkəmə, gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

14.1. Materiallardan görünür ki, Cavabdeh1 (satıcı) və Cavabdeh3 (alıcı) arasında 10 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsi imzalansa da, cavabdehlər tərəfindən məhkəməyə həmin müqavilənin predmetinin faktiki mövcud olmasını, satıcı tərəfindən həqiqətən Türkiyə Respublikasından alınmasını təsdiq edən alış sənədləri, habelə texniki pasportu və sairə məhkəməyə təqdim edilməmişdir. 14.2. Materiallarda olan cavabdeh LPO Cavabdeh2 ASC tərəfindən məhkəməyə təqdim edilmiş 14 may 2021-ci il tarixli gömrük bəyannaməsinə əsasən KEB Muhendislik LTD ŞTİ tərəfindən Cavabdeh1 8 dəst damlama suvarma sistemi (ümumi dəyəri 56 568,45 ABŞ dolları) göndərilmişdir. 14.3. Göründüyü kimi, gömrük bəyannaməsi 14 may 2021-ci il tarixlidir. Halbuki, müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə dəyərinin qalan, yəni 5620 manatı Türkiyə Respublikasından çıxdıqda ödənilməlidir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin dəyərinə gömrük rüsumları və sairə də daxildir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı gömrük bəyannaməsi 10 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə malların ölkəyə idxal edilərək alıcıya təhvil verilməsini təsdiq edən mötəbər sübut qismində qəbul edilə bilməz. 14.4. Bundan əlavə, Cavabdeh1 və Cavabdeh3 arasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 2021-ci ilin avqust ayında fərdi sahibkar Cavabdeh1 tərəfindən Cavabdeh3 məxsus Qusar rayonu Qaratoba kəndində yerləşən 5 hektar torpaq sahəsinin 5 hektar 15 000 manat dəyərində 1 dəst damlama suvarma sistemi quraşdırılaraq təhvil verilmişdir. Məhkəmə həmin aktı da mötəbər sübut qismində qəbul etmir. Belə ki, 10 avqust 2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə malların (Türkiyə Respublikasından idxal edilməsi nəzərdə tutulmuş) cəmi 2 gün sonra satıcı tərəfindən alıcıya quraşdırılaraq təhvil verildiyini məhkəmə inandırıcı və ağlabatan hesab etmir. 14.5. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 10 avqust 2021-ci il tarixli 36 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. 14.6. Məhkəmə iddia tələbini ikinci, 5624 manat məbləğində vəsaitin cavabdehlərdən tutulması hissəsində əsassız hesab edir. 14.7. Belə ki, materiallardan görünür ki, həmin vəsait iddiaçı tərəfindən müvəkkil kredit təşkilatı olan Cavabdeh2 ASC-yə tərəflər arasında olan agentliyin vəsaitindən istifadəyə dair 10 fevral 2021-ci il tarixli 01 saylı müqavilə əsasında köçürülmüşdür. 14.8. İddiaçı tərəfindən həmin vəsait müvəkkil kredit təşkilatına ödənildiyindən, habelə həmin vəsaitlə bağlı iddiaçı qarşısında müvəkkil kredit təşkilatı məsuliyyət daşıdığından 5624 manat vəsaitin cavabdehlərdən (satıcı Cavabdeh1 və alıcı Cavabdeh3) müştərək qaydada tutulması hissəsində iddia təmin edilə bilməz.

15. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 324-cü, 337.1-ci, 337.3-cü, 337.4-cü və 340.1-ci maddələrinə istinad etmişdir.

16. İddiaçının nümayəndəsinin müvafiq qərardaddan verdiyi şikayət birinci instansiya məhkəməsinin 17 aprel 2024-cü il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin 15 may 2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 29 mart 2024-cü il tarixli qərardadı ləğv olunaraq iş, müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.

c) Birinci instansiya məhkəməsindəki ikinci icraat

18. Bakı Kommersiya Məhkəməsinin 25 iyun 2024-cü il tarixli əlavə qətnaməsi ilə iddia təmin edilmiş, LPO Cavabdeh2 ASC-dən 5624 manatın tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur.

19. Məhkəmə gəldiyi nəticəni tərəflər arasında bağlanmış müqavilənin 1.4-cü və 4.2.3-cü, habelə Mülki Prosesual Məcəllənin 229.1-ci və 229.2-ci maddələrinə istinadla belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən həmin vəsait müvəkkil kredit təşkilatına ödənildiyindən, habelə həmin vəsaitlə bağlı iddiaçı qarşısında müvəkkil kredit təşkilatı məsuliyyət daşıdığından 5624 manat LPO Cavabdeh2 ASC-dən tutulub iddiaçıya ödənilməlidir.

20. Birinci instansiya məhkəməsinin 29 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyi, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığı, məhkəmənin müqaviləni etibarsız saymasına baxmayaraq, cavabdehlərə qarşı pulu tələbini təmin etməməklə əsassız nəticəyə gəldiyi arqumentləri ilə əsaslandırmışdır.

21. Məhkəmənin 25 iyun 2024-cü il əlavə qətnaməsindən cavabdeh bankın nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmayıb, ayırılmış vəsaitin kredit yox, subsidiya olduğu üçün həmin vəsaitin qaytarılması ilə bağlı müvəkkil kredit təşkilatlarının hər hansı öhdəliyinin olmadığı nəzərə alınmayıb.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

22. İddiaçının nümayəndəsi cavabdeh bankın apellyasiya şikayətinə qarşı yazılı etiraz vermiş, etirazını belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh bank arasında agentliyin vəsaitindən istifadəyə dair 10 fevral 2021-ci il tarixli 01 saylı müqavilə məhz kredit və güzəştlərin ayırılmasını tənzimləyir, ayırılan vəsait daha sonra müvvəkil kredit təşkilatına müraciət edən sahibkarlara subsidiya formasında çatdırılır. Həmin subsidiyanı alan sahibkar da müvəkkil kredit təşkilatı ilə bağlanmış müqavilə üzrə razılaşdırılmış müddətdə məbləği geri qaytarır. Sahibkarın həmin məbləği qaytarıb-qaytarmamasından aslı olmayaraq, cavabdeh bank müvəkkil kredit təşkilatı kimi iddiaçı qarşısında öz riski hesabına tam məsuliyyət daşıyır.

Apelyasiya baxışı, izahatlar

23. İddiaçının əvvəlki məhkəmə iclasında iştirak edən nümayəndəsi işlə tanış olmaq üçün vaxt istədiyindən məhkəmə iclası təxirə salınmış, lakin o, növbəti iclasa gəlməyərək məhkəməyə ünvanladığı ərizədə iclasın yenidən təxirə salınmasını xahiş etmişdir.

24. İşin halları, iddiaçının nümayəndəsinin ərizədə qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətlərə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.

25. Məhkəmə iclasında iştirak edən LPO Cavabdeh2 ASC-nin nümayəndəsi təmsil etdiyi bankın apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxs - Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndəsi X4 iddiaçının apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş, digər cavabdehlər isə məhkəməyə gəlməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

27. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

28. Maddə 324.1 və 324.2. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

30. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında” Əsasnamə

31. Bənd 1.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – Agentlik) bu Əsasnaməyə uyğun olaraq kənd təsərrüfatına dəstək layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar subsidiyaların verilməsi, kənd təsərrüfatı istehsal vasitələrinə güzəştlər verilməsi, regionların aqrar inkişafına investisiyaların cəlb edilməsi, güzəştli kreditlərin, təminatların verilməsi və innovasiyaların tətbiqi sahəsində fəaliyyət göstərən icra hakimiyyəti orqanıdır.

32. Bənd 3.0.1. aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, ailə-kəndli təsərrüfatlarına müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin ayrılmasını təmin etmək və həmin vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə” Qaydası

33. Bənd 1.3. Güzəştli maliyyələşmələrin, o cümlədən kreditlərin, lizinq vəsaitinin, təminatların və güzəştlərin aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və ailə kəndli təsərrüfatlarına (bundan sonra – sahibkarlıq subyektləri) çatdırılması müvəkkil banklar, bank olmayan kredit və lizinq təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adından və tam və ya qismən öz riskləri hesabına həyata keçirilir.

34. Bənd 4.1. Sahibkarlıq subyektləri kreditlərin, lizinq vəsaitinin ayrılması və güzəştlərin verilməsi üçün müvəkkil kredit təşkilatına rəsmi qaydada müraciət edirlər. Müvəkkil kredit təşkilatı müraciətləri qeydiyyata alır və sahibkarlıq subyektinə müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatlarında bu müraciətə baxılır, həmin müraciət Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında təhlil edilir, müraciətin qeydiyyata alındığı tarixdən 15 iş günündən gec olmayaraq kreditin, lizinq vəsaitlərinin və ya güzəştin verilə biləcəyi barədə qərar qəbul olunur, yaxud sahibkarlara əsaslandırılmış imtina məktubu göndərilir (təqdim edilir).

35. Bənd 4.2. Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri Agentliyə təqdim edir. Agentlik 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədlər tələb edir.

36. Bənd 4.3. Agentlik ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və ya imtina edilməsinə dair qərarı barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir.

37. Bənd 7.1. Müvəkkil kredit təşkilatları mütəmadi olaraq sahibkarlıq subyektlərinin monitorinqini aparır və Agentliyin müəyyən etdiyi formada ona rüblük hesabat verirlər. Müvəkkil kredit təşkilatının apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı güzəştli kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsinin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Belə sahibkarlıq subyektlərinə növbəti 3 (üç) il müddətində Agentliyin vəsaiti hesabına kreditlərin verilməsi qadağan edilir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetiribyetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində məhz bu layihə ilə bağlı kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsini və ona hesablanmış faiz borcunu Agentliyin hesabına köçürməlidir.

38. Bənd 7.2. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Agentlik maliyyələşdirdiyi sahibkarlıq subyektlərində seçmə üsulu ilə müstəqil monitorinqlər apara bilər. Agentliyin apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsi və ona hesablanmış faiz borcu Agentliyin hesabına köçürülür. Agentliyin yazılı tələbindən sonra müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində vəsaitin köçürülməsini təmin etməzsə, bu Qaydanın 3.5-ci bəndinə uyğun olaraq cərimə hesablanır. Tələb edilən vəsaitin köçürülməsi 30 (otuz) iş gününü keçdiyi təqdirdə, Agentlik gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

46. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

47. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

48. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onların rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin əsas qətnaməsinin qanuniliyinin və əsaslılığının yalnız iddianın təmin olunmayan hissəsində, əlavə qətnaməsinin isə tam yoxlanılması təşkil edir. Əsas qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 şikayət vermədiklərindən, həmin qətnamənin iddianın təmin olunması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

49. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının müəyyənləşdirilən həddi baxımından əsas qətnamənin “Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 10 avqust 2021-ci il tarixli 36 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, hüquqi yardımla bağlı ödənilmiş 500 manatın, 100 manat mediasiyaya dair xərcin, ümumilikdə 600 manatın Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutulub iddiaçıya ödənilməsi” hissəsinə qiymət verilə bilməz; bu baxımdan məhkəmənin dəyərləndirməsi yalnız əqdin etibarsızlığının hüquqi nəticələri ilə bağlı olacaqdır.

50. Bu kontekstdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əqdin etibarsızlığının hüquqi nəticələrini tətbiq edib tərəflərin əvvəlki vəziyyətə qaytarılmasını təmin etməməklə maddi hüquq normasının (§ 30) tələbini pozmuşdur.

51. Belə ki, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış əqd etibarsız hesab edildiyindən, belə bir tələbin mövcud olub-olmamasından asılı olmayaraq həmin əqdlər üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll olunmalı idi.

52. İddiaçının irəli sürdüyü faktiki hallar ondan ibarətdir ki, o, Cavabdeh1 ilə bağlanmış müqavilə üzrə kənd təsərrüfatı ləvəzimatlarının alınması üçün müvəkkil kredit təşkilatı vasitəsilə Cavabdeh3 5624 manat məbləğində kredit vermişdir və həmin müqavilə uydurma əqd olduğundan ayırılan kredit vəsaitinin geri qaytarılmasını tələb edir.

53. Göründüyü kimi, müvafiq iddia tələbinin əsasını əqdin etibarsızlığının hüquqi nəticəsinin tətbiq olunması, yəni restitusiya hüququnun həyata keçirilməsi təşkil edir.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 05 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “...Lakin işə təkrar baxan apellyasiya instansiya məhkəməsi alqı-satqı müqaviləsini etibarsız hesab etdikdən sonra ondan irəli gələn məsələləri həll etməmiş və Mülki Məcəllənin 337.5-ci maddəsinin müddəalarının tələblərinə zidd olaraq alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamışdır. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-sı tərəfindən mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi etibarsız hesab edərkən, ondan irəli gələn məsələləri həll etməmiş, alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamış və T.Mənsurovun həmin mənzilə dair ödədiyi pulun ona qaytarılmasını həll etməmişdir. Bununla belə məhkəmə tətbiq edilməli olan Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməmişdir. Buna əsasən Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, etibarsız hesab edilən alqı-satqı müqaviləsinə müvafiq ödənilən pulun qaytarılmaması T.Mənsurovun Konstitusiyanın 29cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur”.

55. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı təcrübəyə görə də, əqdi etibarsız hesab edən məhkəmə, bu etibarsızlığın nəticələrini həmin iddia çərçivəsində həll etməli, bu zaman yaranan hər hansı qeyri-müəyyənliyə müvafiq sübutlar araşdırılmaqla qiymət verilməlidir.

56. İşin hallarından görünür ki, iddiaçının Cavabdeh3 ödədiyi 5624 manat, sonuncu tərəfindən 10 avqust 2021-ci il tarixli 36 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 hesabına köçürülmüşür (§ 6) – hansı ki, həmin müqavilə etibarsız sayılmışdır.

57. Bu kontekstdə kollegiya hesab edir ki, 10 avqust 2021-ci il tarixli 36 saylı alqı-satqı müqaviləsi üzrə iddiaçının Cavabdeh3 ödədiyi 5624 manat Cavabdeh1 alınıb iddiaçıya qaytarılmalıdır.

58. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin əsas qətnaməsində ləğv edilməli hissə olmadığından, yol verilmiş sözügedən səhv qətnamənin ləğvinə səbəb olmamalı, restitusiya ilə bağlı müddəa qətnaməyə əlavə edilərək qətnamə müvafiq qaydada dəyişdirilməlidir.

59. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, cavabdeh bankın apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin əlavə qətnaməsi ləğv olunmalıdır.

60. Belə ki, bu qəbildən olan mübahisələr zamanı müvəkkil kredit təşkilatlarının rolunun və onların müvafiq fondlarla olan münasibətinin müəyyən edilməsi kifayət qədər önəmlidir. Məhkəmə təcrübəsində müvafiq fondlar və müvəkkil kredit təşkilatları arasında mübahislərdə həlledici meyar kimi ayırılan vəsaitin kimə aid olması əsas götürülürdü. İlkin olaraq Ali Məhkəmənin də mövqeyi ondan ibarət olmuşdur ki, fond tərəfindən müvəkkil kredit təşkilatlarına verilən vəsaitlər həmin fondlara aiddir.1

61. Lakin sonradan Ali Məhkəmə bu münasibətlər çərçivəsində təşkilatların əldə etdiyi vəsaiti fondların deyil, məhz həmin müvəkkil kredit təşkilatlarının vəsaiti kimi dəyərləndirmiş,2 vurğulamışdır ki, həmin vəsaitin bankın aktivi hesab edilib-edilməməsi ilə bağlı məsələyə qiymət verilərkən hüquqi iyerarxiyada daha üstün hüquqi qüvvəyə malik olan normativ-hüquqi akt kimi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları rəhbər tutulmalıdır. Bank Fond tərəfindən ayrılmış vəsait hesabına verilmiş kreditlərdən gəlir əldə etdiyi üçün “Banklar haqqında” Qanuna görə həmin vəsait bankın aktivi kimi qəbul edilməlidir.

62. Kollegiya bununla bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə (§ 1, bənd 1.4) və həmin müqavilə üçün əsas olan Qaydalara görə (§ 33) iddiaçının vəsaiti cavabdehin bankın öz adından və öz riski hesabına borcalanlara güzəştli kreditlər şəklində təqdim edilir. Bununla belə, hazırkı mübahisənin həll edilməsi baxımından vəsaitin kimə aid olmasının müəyyən edilməsi yekun nəticəyə gəlməyə imkan vermir.

63. İstinad edilən Qaydaların məzmunundan da göründüyü kimi iddiaçı müvafiq sahədə kredit vəsaitlərin ayırılması sahəsində ekspertiza keçirmək öhdəliyi olan və həmin vəsaitlərin ayırılması ilə bağlı yekun qərar verən dövlət agentiliyidir (§ 34-37). İşin faktiki hallarından da görünür ki, kredit vəsaitinin ayırılmasına əsas olan sənədlər birinci cavabdeh banka təqdim edilmiş, daha sonra isə iddiaçının özü tərəfindən də təsdiq edilmişdir. Belə olduğu təqdirdə isə iddiaçının cavabdeh banka qarşı tələbi ilə onun ilkin hərəkətləri arasında faktiki olaraq ziddiyyət yaranır.

64. Cavabdeh bankın həmin kreditlərin verilməsini öz adından həyata keçirməsinə və ilkin ekspertiza keçirməsinə baxmayaraq, bununla bağlı yekun qərarı iddiaçının özü verir. Odur ki, kifayət qədər geniş resursu olan və bu sahədə məsul olan agentliyin həmin sənədlərin mötəbərliyini yoxlamaq və düzgün ekspertiza keçirə bilmək öhdəliyi var.

65. Digər tərəfdən iddiaçının Əsasnaməsinə (§ 31,32) və onunla cavabdeh bank arasında bağlanmış müqaviləyə (§ 2, bənd 1.2) əsasən iddiaçı ayırdığı vəsaitin təyinatı üzrə istifadəyə nəzarət və bu istiqamətdə müvəkkil kredit təşkilatları ilə əməkdaşlıq etməlidir. Bu əməkdaşlıq çərçivəsində müvvəkil kredit təşkilatı rüblük hesabat təqdim etməli və monitorinqləri keçirməlidir (§ 38). Bu baxımdan, iddiaçı

1 Ali Məhkəmə, İş № 2-2(102)-21/2019 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2019/3_21+29.01.2019.pdf) İş № 2-1(102)-1663/2019 (https://sc.supremecourt.gov.az/storage/Inzibat/2019/9_1663+27.06.2019.pdf) 2 İş № 2-3(102)-1/2020 (https://sc.supremecourt.gov.az/storage/Inzibat/2020/6_1+03.03.2020.pdf ) İş № 2-1(102)-271/2020 (https://sc.supremecourt.gov.az/storage/Inzibat/2020/9_271+25.02.2020.pdf) İş № 2-3(102)-4/2020 (https://sc.supremecourt.gov.az/storage/Inzibat/2020/6_4+11.02.2020.pdf) cavabdeh bankın bu öhdəlikləri hansı formada pozması ilə bağlı konkret sübutlar təqdim etməli idi.

66. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 39-41).

67. Mülki-prosessual qanunvericiliyin sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair müəyyənləşdirdiyi prinsip (§ 40) baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, cavabdeh bankın ona 5624 manat ödəməli olduğunu sübut edə bilməmişdir.

68. Həmçinin iddiaçı nəinki cavabdeh bankın məsuliyyətini sübut etməmişdir, hətta özü cavabdeh bank tərəfindən təqdim edilmiş və kredit vəsaitinin ayırılmasına əsas olmuş sənədləri təsdiq etmişdir.

69. Bununla bağlı kollegiya qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Şükürovun şikayəti üzrə 26 aprel 2023-cü il Qərarında vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə dair qeyd etmişdir ki, “...bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir”.

70. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinadən kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorlara aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

71. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-856/2024 saylı iş üzrə 29 mart 2024cü il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 10 avqust 2021-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən, həmin müqavilə üzrə ödənilmiş 5624 (beş min altı yüz iyirmi dörd) manat Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qaytarılsın. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-856/2024 saylı iş üzrə 29 mart 2024cü il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ləğv prosesində olan Cavabdeh2 ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-856/2024 saylı iş üzrə 25 iyun 2024cü il tarixli əlavə qətnaməsi ləğv olunsun və müvafiq iddia tələbi ləğv prosesində olan Cavabdeh2 ASC-nə aid hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Təranə Mahmudova Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar