Məhkəmə qərarları › İş №2-2(103)-924/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-924/2024

06.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-924/2024 06.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdehnə qarşı “borcun silinməsi və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndələri Nümayəndə3, Nümayəndə4 iştirakları ilə, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2978/2024 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən və Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı MMC və Cavabdeh İB arasında bağlanmış 26 dekabr 2022-ci il tarixli 6721/22 saylı nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

2. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta əsasən iddiaçıya məxsus ünvanda sayğacın əvəzinə müvəqqəti olaraq G 1000 83052014 saylı sayğac quraşdırılmışdır.

3. İş materiallarında olan Qaz sayğaclarının yoxlanılması haqqında 000652 nömrəli Protokola əsasən sayğaca hava vurulduğu, hesablayıcı mexanizminin işlədiyi, impuls ötürücüsünün normal, batareyanının istismar müddətinin sonuna 7 ay qaldığı, xx.xx.2023xx.xx.2024-cü ili əhatə edən arxivə əsasən maksimal mütləq təzyiq P=1.94 bar, korreksiya olunmuş maksimal qaz həcmi 1046 m3 korreksiya olunmamış qaz həcmi 700 m3 qeydə alınmışdır. Elektron göstərici mexaniki göstəricidən 15 m3 çoxdur olması qeyd olunaraq nəticə etibarı ilə sayğacın istismara yararsız olduğu göstərilmişdir.

4. Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş hesab fakturalara əsasən Cavabdeh İB tərəfindən MMC-yə 2023-cü ilin dekabr ayı üzrə 28806,36 manat, 2024-cü ilin yanvar ayı üzrə 59764,32 manat, 2024-cü ilin fevral ayı üzrə 102742,86 manat borc hesablanmışdır.

5. Cavabdeh tərəfindən İddiaçı MMC-yə EBDD 596180 nömrəli, xx.xx.2023-cü il tarixli (34525.26 manat), EBCO 922189 nömrəli, xx.xx.2023-cü il tarixli (36767.61 manat), EBDX 141920 nömrəli, xx.xx.2024-cü il tarixli (28806.36 manat), MT2312 00165043 nömrəli, xx.xx.2023-cü il tarixli (7136.58 manat), EBDH 828084 nömrəli, xx.xx.2023-cü il tarixli (2272.71 manat), EBDL 972148 nömrəli, xx.xx.2023-cü il tarixli (2268.75 manat), EBDQ 654413 nömrəli, xx.xx.2023-cü il tarixli (1965.98 manat), EBDO 228360 nömrəli, xx.xx.2023-cü il tarixli (2837.67 manat), EBDF 995969 nömrəli, xx.xx.2023-cü il tarixli (10695.46 manat), EBDS 988034 nömrəli, xx.xx.2023-cü il tarixli (3253.14 manat) elektron qaimələr göndərilmişdir.

6. İddiaçıya məxsus abonent haqqında məlumata əsasən Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə 2018-ci ilin dekabr ayında 6622,80 manat, 2019-cu ilin fevral ayında 17481,80 manat, 2019-cu ilin mart ayında 7944, 2019-cu ilin aprel ayında 1030, 2019-cu ilin may ayında 169,60 manat, 2019-cu ilin iyun ayında 1538,40 manat, 2019-cu ilin iyul ayında 3048,40 manat, 2019-cu ilin avqust ayında 3316,80 manat, 2019-cu ilin sentyabr ayında 770,40 manat aktlar əsasında borc hesablanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat:

7. İddiaçı MMC Cavabdeh İB-yə qarşı “borcun silinməsi və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 189714 manat məbləğində borc silinməsini, borcun silinməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (Ödəyici kodu: 10/23500) ilə Cavabdeh İB arasında qaz təminatı ilə bağlı AMX6721/22 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında qaz istifadəsinə uyğun olaraq, aylıq ödənişlər həyata keçirilmişdir. Lakin xx.xx.2024-cü il tarixində Cavabdeh İB tərəfindən qaz sərfiyyatı barədə təqdim edilmiş elektron qaimə-fakturada 59764,32 manat borc yazıldığını müəyyən etmişlər. Əlavə olaraq, xx.xx.2024-cü il tarixində Cavabdeh İB tərəfindən qaz sərfiyyatı barədə təqdim edilmiş elektron qaimə-fakturada isə fevral ayı üzrə qaz istifadəsi üzrə 102742.86 manat borc məbləği yaranmışdır. Qaz sərfiyyatı ilə bağlı yanvar və fevral aylarında əvvəlki dövrlərdə olduğu qurğulardan əlavə qurğu istifadə edilməməsinə baxmayaraq, sərfiyyat iki dəfədən çox artmışdır. Bu səbəbdən Azəriqaz İB-yə sayğacın yoxlanılması barədə rəsmi ərizə ilə müraciət olunmuş, xx.xx.2024-cü il tarixində Azəriqaz İB-nin əməkdaşları tərəfindən qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Həmin sayğac 2019-cu il tarixində quraşdırılmış və bu günə qədər texniki baxışı həyata keçirilməmişdir. Sayğacın dəyişdirildiyi xx.xx.2024-cü il tarixindən sayğac üzərində olan göstəriciləri nəzərə alaraq, 189714 manat artıq vəsait hesablanmışdır.

9. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh tərəfindən 2024-cü ilin yanvar ayından mart ayına qədər hesablanmış 189714 manat borcun silinməsi, cavabdeh tərəfindən 2018-ci ilin dekabr ayından 2019-cu ilin oktyabr ayınadək aktlar əsasında hesablanmış ve iddiaçı tərəfindən ödənilmiş 41922,30 manat pulun iddiaçının **********01212 nömrəli qaz hesabına geri qaytarılması, qeyd olunan tələblərin icrası vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2978/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı MMC-yə əsassız olaraq hesablanmış 103294,92 manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdeh İB-yə həvalə edilmiş, Cavabdeh İB-dən 41922,30 manat məbləğində pul, 400 manat dövlət rüsumu, ümumilikdə 42322,30 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilmiş, iddia tələbi qalan hissədə təmin edilməmiş, ödənilmiş 122,78 manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbləri üç hissədən ibarətdir: 1. cavabdeh tərəfindən 2018-ci ilin dekabr ayından 2019-cu ilin oktyabr ayınadək aktlar əsasında hesablanmış ve iddiaçı tərəfindən ödənilmiş 41922,30 manat pulun geri qaytarılması; 2. cavabdeh tərəfindən 2024-cü ilin yanvar ayından mart ayına qədər hesablanmış 189714 manat borcun silinməsi; 3. qeyd olunan tələblərin icrası vəzifəsinin cavabdehin üzərinə qoyulması cavabdehin istinad etdiyi hallar borcun hesablanmasının düzgün hesab edilməsi üçün əsas vermir. Məhkəmə iddia ərizəsini birinci hissədə əsaslı hesab etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 26 dekabr 2022-ci il tarixli “Qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçını təbii qazla təmin etməyi, iddiaçı isə istehlak etdiyi təbii qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdehə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, qaz sayğacının olmadığı və ya işləmədiyi dövr üzrə iddiaçıya 2019-cu ilin sentyabr ayı üzrə 3852 kub metr (770,40 manat) borc hesablanmışdır. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclaslarında verdiyi izahatlarında göstərilən məzmunda aktların eyni zamanda iddiaçı barəsində 2018-ci ilin dekabr, 2019-cu ilin fevral, 2019-cu ilin mart, 2019-cu ilin may, 2019-cu ilin iyun, 2019-cu ilin iyul, 2019-cu ilin avqust ayları üzrə də tərtib edildiyini, lakin həmin aktları məhkəməyə təqdim edə bilmədiklərini bildirmiş, həmin aktlar üzrə iddiaçıya ümumilikdə 41922,30 manat borcun hesablandığını təsdiq etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 2018-ci ilin dekabr, 2019-cu ilin fevral, 2019-cu ilin mart, 2019-cu ilin may, 2019-cu ilin iyun, 2019-cu ilin iyul, 2019-cu ilin avqust və 2019-cu ilin sentyabr ayında cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilmiş, baxış nəticəsində iddiaçıya əlavə borclar hesablanmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin istinad etdiyi hallar borcun hesablanmasının düzgün hesab edilməsi üçün əsas vermir. Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun. Materiallardan isə görünür ki, cavabdeh həmin aktlarla sayğacın yararlı olmaması ilə əlaqədar ona dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, tərəflər arasında bağlanılmış müqavilədə istehlakçının sayğacda mövcud qüsurlara görə təqsirindən asılı olmayaraq məsuliyyət daşımalı olmasını nəzərdə tutan müddəa yer almamış, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi isə materiallarda olan sənədlərlə öz təsdiqini tapmamışdır. Bundan əlavə, məhkəmə tərəfindən cavabdehə istinad edilən aktların məhkəməyə təqdim edilməsi təklif edilsə də, cavabdeh həmin aktları məhkəməyə təqdim edə bilməmiş, bununla da etirazının əsası kimi istinad etdiyi halları (aktlar üzrə hesablanmış borcun əsaslı olması) sübut edə bilməmişdir. Qaz təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə “X2”na riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilərək, təbii qazdan qeyri-qanuni istifadəyə dair akt tərtib edərək borc hesablamışdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borclar cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamaların nəticəsi olaraq hesablandığı halda həmin yoxlamalar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamaların nəticəsi olaraq iddiaçıya ümumilikdə 41922,30 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Belə olan halda, həmin yoxlamaların (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 41922,30 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamaların hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamaların nəticəsi olaraq hesablanmış borclar da əsaslı hesab edilə bilməz. İddiaçının abonent haqqında məlumatından görünür ki, iddiaçıya əsassız olaraq hesablanmış 41922,30 manat borc iddiaçı tərəfindən 2019-cu ildə ödənilmiş, hazırda iddiaçı həmin vəsaitin geri qaytarılmasını tələb edir. Məhkəmə araşdırması zamanı göstərilən borcların əsassız olması müəyyən edildiyindən məhkəmə hesab etmişdir ki, iddiaçının həmin tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbini ikinci hissədə (189714 manat borcun silinməsi) qismən əsaslı hesab etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus əraziyə baxış keçirilmiş, baxış nəticəsində iddiaçıya məxsus sayğac çıxarılmış, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan arxiv məlumatları üzrə sayğacın düzgün işləməməsi, istismara yararsız olması müəyyən edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışda göstərilmişdir ki, abonent saldosuna əsasən qaz sərfiyyatı 2023-cü ilin yanvar, fevral və mart aylarında 698701 kub metr, sayğac çıxarıldığı 2024-cü ilin yanvar, fevral və mart aylarında ******* kub metr hesablanmışdır. 2023-cü ilin eyni dövrü ilə müqayisədə qaz sərfiyyatında artım 580396 kub metr həcmində olmuşdur. Qaz saygaclarının yoxlanıİması haqqında 000652 saylı yoxlama protokoluna əsasən sayğac istismara yararsız hesab edilmiş və texniki qüsurun səbəbi bildirilməmişdir. Həmçinin abonent saldosuna əsasən 2023-cü ilin aprel ayında 64821 kub metr, 2024-cü ilin aprel ayında sayğac çıxarılaraq yeni müvəqqəti sayğac quraşdırıldıqdan sonra aprel ayında 30445 kub metr hesablanmışdır. 2023-cü ilin aprel ayı ilə müqayisədə qaz sərfiyyatında 34376 kub metr azalma olmuşdur. Tərəflərin nümayəndələrin izahatlarından, habelə materiallardan görünür ki, iddiaçı tərəfindən 2024-cü ilin yanvar, fevral, mart aylarında təbii qazdan istifadə edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, həmin aylar üzrə hesablanmış bütün borcun silinməsi barədə iddia tam təmin edilə bilməz. Belə ki, iddiaçıya təqdim edilmiş hesabfakturalarda 2024-cü ilin yanvar, fevral, mart ayları üzrə göstərilmiş borcların əsaslı olmaması digər aylarla müqayisədə borcun həddən çox olması), mübahisəli dövrdə qaz sayğacının düzgün işləməməsi məhkəmə araşdırması zamanı müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə iddiaçı ona satılmış təbii qazın dəyərini ödəməyi öhdəsinə götürdüyündən məhkəmə hesab edir ki, 2024-cü ilin yanvar, fevral, mart ayları üzrə iddiaçının sərf etdiyi təbii qazın dəyəri sayğacın işləmədiyi və sərfiyyatı düzgün qeydə ala bilmədiyi, habelə iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilməyən əvvəlki ay üzrə (2023-cü ilin dekabr ayı) nəzərə alınmaqla müəyyən edilməli, həmin sərfiyyat mübahisələndirilən borcdan çıxılmalıdır. İddiaçıya məxsus abonent saldosundan və hesab fakturadan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2023-cü ilin dekabr ayı üzrə 28806,36 manat borc hesablanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının silinməsini xahiş etdiyi 189714 manatdan iddiaçının 2024-cü ilin yanvar, fevral və mart ayları üzrə orta sərfiyyatı (28806,36 manat * 3 ay = 86419,08 manat) çıxılmalı, iddiaçıya əsassız olaraq hesablanmış 103294,92 manat borc silinməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən hesablanmış 103294,92 manat məbləğində borc əsassız hesab edilməklə silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbini üçüncü hissədə əsassız hesab edir. Belə ki, iddiaçı iddia ərizəsində həmçinin ilk iki iddia tələbinin icrası vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğu üçün təmin edilməməlidir. Beləliklə məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 103294,92 manat məbləğində borc silinməli, cavabdehdən 41922,30 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

12. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin 103294,92 manat borcun silinməsi hissəsində ləğv edilməsi və həmin hissədə tələb olunan 189.714 manat borcun tam olaraq silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin təmin edilmiş hissədə ləğv edilməsini, iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətlərinin dəlilləri:

14. İddiaçı MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış qazın alqı-satqısına dair xx.xx.2022-ci il tarixli müqavilənin 1-ci bəndinə əsasən “ Qaz paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını qazla təmin edir, İstehlakçı isə öz növbəsində aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq paylayıcı tərəfindən müəyyən edilmiş hesaba ödəyir. Qeyd etmək istəyir ki, iddiaçının ərizəsi əsasında xx.xx.2024-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus əraziyə baxış keçirilmiş, baxış nəticəsində iddiaçıya məxsus sayğac çıxarılmış, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan arxiv məlumatları üzrə sayğacın düzgün işləməməsi, istismara yararsız olması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən sayğac üzrə göstəriciləri nəzərə alınaraq ödəniş edilməsi mümkün deyil. Bu səbəbdən də yanvar-mart ayları üzrə hesablanmış borc qalığının dekabr ayı üzrə hesablanmış borca əsasən silinməsini düzgün etmir. Tərəflər arasında bağlanmış qazın alqı-satqısına dair xx.xx.2022-ci il tarixli müqavilənin 2.1.11-ci bəndinə əsasən istehlakçının qaz sayğacını onun texniki pasportunda göstərilmiş müddətdə növbəti dövlət yoxlamasından keçirmək qaz paylayıcının vəzifəsi olaraq qeyd edilmişdir. Qeyd etmək istəyir ki, qaz sayğacı 2019-cu ildə quraşdırılsa da, sayğacın dəyişdirildiyi xx.xx.2024-cü il tarixinədək qaz sayğacına qaz paylayıcı tərəfindən heç bir texniki baxış həyata keçirilməmişdir. Halbuki “X2”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarının 3.1.9-cu bəndinə əsasən qazpaylayıcı şəbəkəyə texniki xidməti həyata keçirilməsi qazpaylayıcının vəzifəsi hesab edilmişdir.Bu səbəbdən qaz sayğacında yaranmış nasazlığın Cavabdeh İB-nin məsuliyyətsizliyi səbəbi ilə yarandığı aşkardır. Tərəflər arasında bağlanmış müqavilənin 2.1.14-cü bəndinə əsasən müqavilə üzrə öhtəlikləri yerinə yetirməməyə görə məsuliyyət qaz paylayıcının üzərinə düşür. Bu səbəbdən qeyd olunan borc məbləğinin yaranmasında səbəbkar qazpaylayıcı olduğu üçün yaranmış borc məbləğinin məsuliyyətini də qazpaylayıcı daşımalıdır. Bu səsbəbdən 189.714 manat borc tam olaraq silinməlidir. Qeyd etmək istəyir ki, Cavabdeh İB tərəfindən tələb edilən 189 714 manat borc məbləği sayğac göstəricilərinə əsasən tələb edilir. Lakin qeyd olunan sayğacın istismara yararsız olması labaratoriya tərəfindən təsdiq edilmişdir. Bu səbəbdən işlək vəziyyətdə olmayan sayğacın göstəriciləri əsasında borcun tələb edilməsi qanuna uyğun deyil.

15. Cavabdeh İB apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Göründüyü kimi silinməsi qət edilmiş 103294,92 manat borc məbləği sırf qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının qaz hesabına işlənmişdir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi qaz sayğacına görə məsuliyyət də bütövlükdə hüquqi şəxsin üzərinə qoyulmuşdur. Lakin birinci instansiya məhkəməsi normanı nəzərə almamışdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək iş materiallarını səthi araşdıraraq işdə sübutlara səhv hüquqi qiymət vermişdir. İş materiallarından da göründüyü kimi cavabdeh tərəf iddia tələbinə dair etirazı ilə bağlı kifayət qədər sübutlar təqdim etmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi iddiaçının istifadəsində olan qaz sayğacı sərf edilən qaz həcmini tam qeyd etmiş və istifadə edilən qazın dəyəri mütəmadi olaraq iddiaçının qaz hesabına işlənmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

17. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

18. Mülki Məcəllənin: -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

19. “Qaz təchizatı haqqında” Qanunun: - 3-cü maddəsinin 5 və 5-1-ci bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir. -3-cü maddəsinin 5-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

20. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun: -2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. -2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

21. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: -1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmalar, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

-1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. AR Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X2”nın 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

23. Mülki Prosessual Məcəllənin: -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, qətnamədən hər iki tərəf apellyasiya şikayətlərini vermiş və həmin şikayətlərin dəlillərinə əsasən qətnamə iddianın təmin edilmiş hissəsində cavabdeh tərəfindən, iddianın rədd edilmiş hissəsində isə iddiaçı tərəfindən mübahisələndirilmişdir. Odur ki, kollegiya Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə silinməsi qət edilmiş borc məbləği hissəsində dəyişdirilməli, silinməli olan borc məbləği 87.720 manat məbləğində müəyyən edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, İddiaçı MMC ilə Cavabdeh İB arasında bağlanmış 26 dekabr 2022-ci il tarixli 6721/22 saylı nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən Cavabdeh İB iddiaçıya məxsus qeyri-yaşayış sahəsini qazla təchiz edir.

29. 2018-ci ilin dekabr ayında -2019-cu ilin sentyabr ayında İddiaçı MMC-yə aktlar əsasında 41.922,30 manat məbləğində borc hesablanmış və həmin borc məbləği iddiaçı tərəfindən ödənilmişdir.

30. 19 mart 2024-cü il tarixdə iddiaçıya məxsus qaz sayğacı çıxarılaraq yoxlamaya göndərilmişdir. “Azərbaycan Metrologiya İnstitutu” PHŞ-nin "xxxx" MMC-nin qaz sayğaclarının yoxlanılması barədə protokoluna əsasən sayğacın yaddaşında saxlanılan xx.xx.2023- xx.xx.2024-cü il arası dövrü əhatə edən arxiv məlumatlar yoxlanılaraq sayğacın yararsız olması müəyyən edilmişdir.

31. Hazırda iddiaçı 2018-ci ilin dekabr -2019-cu ilin sentyabr ayında aktlara əsasən hesablanmış borclara görə cavabdehə ödədiyi 41922,30 manat məbləğində pulun qaytarılması və 2024-cü ilin yanvar-mart aylarında yararsız sayğacın göstəricilərinə əsasən hesablanmış 189714 manat məbləğində borcun silinməsini xahiş edir.

32. İddiaçı tərəfindən 2018-2019-cu illərdə hesablanmış 41922,30 manat məbləğində borca görə ödənilmiş pulun qaytarılması tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir.

33. Əsassız varlanmadan irəli gələn işlərdə başqasının hesabına əmlakın əldə edilməsi üçün qanuni və ya müqavilə əsasının mövcud olmasını, yəni hazırkı halda 2018- 2019-cu illərdə hesablanmış mübahisəli borcun əsaslı olmasını sübut etmək yükü cavabdehin üzərinə düşür. Abonent saldosundan isə görünür ki, mübahisəli borclar sayğac göstəricilərinə əsasən deyil, aktlar əsasında hesablanmış, lakin cavabdeh həmin borcların hesablanması üçün əsas olmuş aktları (təbii X2nın pozulması, sayğacın çıxarılması, quraşdırılması və s. ilə bağlı) və həmin aktların əsasında duran digər sənədləri məhkəməyə təqdim etməmiş, ona görə də həmin borcların cavabdehin tərəfindən sahibkarlıq subyektində keçirilmiş yoxlamaların nəticəsi olaraq keçirilib-keçirilməməsi, həmin yoxlamaların keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilibedilməməsi, borcun hesablanma qaydasını və s. müəyyən etmək mümkün olmamışdır. Odur ki, cavabdeh 2018-2019-cu illərdə hesablanmış 41922,30 manat məbləğində borcun əsaslı olmasını sübuta yetirə bilmədiyindən iddiaçı Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən həmin borca görə ödədiyi pulun qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə, həmin hissədə iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

34. Borcun silinməsi hissəsində iddia tələbinə gəldikdə məhkəmə qeyd edir ki, laboratoriya rəyi ilə yararsızlığı müəyyən edilmiş qaz sayğacının göstəriciləri əsasında iddiaçıya 2024-cü ilin yanvar ayında 59764,32 manat və fevral ayında 102742,86 manat məbləğində borc hesablanmışdır. 2024-cü ilin mart ayında isə iddiaçıya cəmi 48543,83 manat məbləğində borc hesablanmışdır ki, həmin borcun 21.307,60 manat hissəsi 19-31 mart tarixləri arası dövrdə yeni sayğacın göstəricilərinə əsasən (sayğac quraşdırılarkən göstərici 689, ayın sonunda göstərici 129.826, yeni sayğac üzrə sərfiyyat 129137 m3 ((129.826-689)x0,165 manat=21307,60 manat)) hesablanmışdır. Beləliklə, mart ayında 01 mart-19 mart tarixləri arası dövrdə yararsız sayğacın göstəricilərinə əsasən hesablanmış borc 27.236,23 (48543,83-21307,60 manat)manat təşkil etmişdir. Odur ki, iddiaçıya 2024cü ilin yanvar-mart aylarında yararsız sayğacın göstəricilərinə əsasən cəmi 189.743 manat (59764,32+102742,86+27.236,23) məbləğində borc hesablanmışdır.

35. Kollegiya qeyd edir ki, həmin dövrdə iddiaçıya məxsus qaz sayğacının yararsız olmaqla sərfiyyatı düzgün qeydiyyata almaması işin yuxarıda göstərilən halları ilə öz təsdiqi tapdığından sözügedən borcun iddiaçının 2024-cü ilin 01 yanvar-19 mart tarixləri arası dövrdə real qaz sərfiyyatını əks etdirməməsi açıq-aşkardır. Digər tərəfdən mübahisəli aylar ərzində iddiaçının qazdan istifadə etməsi işin mübahisəsiz halı olduğundan iddianın borcun silinməsi hissəsində tam təmin edilərək 2024-cü ilin yanvar-19 mart tarixləri arası dövr üçün hesablanmış qaz borcunun tam silinməsi abonentin həmin müddət ərzində qaz istifadə etdiyi halda qazdan istifadəyə görə haqqı ödəməməsinə, nəticədə abonentin əsassız varlanmasına səbəb olacaqdır. Odur ki, məhkəmə kollegiyası həmin müddət üçün qazdan istifadəyə görə borcun “X2”nın 5.4-cü maddəsinə əsasən əvvəlki dövr üzrə sərfiyyat əsasında hesablanmasını mümkün hesab edir.

36. Lakin kollegiya abonent saldosundan da göründüyü kimi abonentin sərfiyyatının aylar üzrə hava şəraitindən asılı olaraq kəskin dəyişdiyini, eyni zamanda laboratoriya rəyindən də göründüyü kimi qaz sayğacında nasazlığın 2023-cü ilin oktyabrından yarandığını nəzərə alaraq hesab edir ki, mübahisəli dövr üzrə qaz borcu 2023-cü ilin dekabr ayının qaz sərfiyyatına əsasən deyil, 2023-cü ilin müvafiq dövrü (yanvar-mart ayları) üzrə qaz sərfiyyatına uyğun müəyyən edilməlidir.

37. Digər tərəfdən o da qeyd edilməlidir ki, yararsız hesab edilmiş qaz sayğacı 19 mart 2024-cü il tarixdə çıxarılaraq yerinə yeni sayğac quraşdırılmışdır. Odur ki, birinci instansiya məhkəməsi analoji dövr üzrə qaz sərfiyyatına əsasən borc məbləğini 01 mart – 19 mart tarixləri arası dövr üçün hesablanmalı olduğu halda bütövlükdə mart ayı üçün hesablamaqla səhvə yol vermişdir.

38. Abonentə analoji dövr üzrə sərfiyyata əsasən hesablanmalı olan borc məbləğlərinə gəldikdə abonent saldosundan da göründüyü kimi 2023-cü ilin yanvar ayında iddiaçıya 36.767,61 manat, fevral ayında isə 43992,80 manat məbləğində borc hesablanmışdır, odur ki, 2024-cü ilin yanvar və fevral ayları üçün borc məbləğləri müvafiq olaraq həmin məbləğlərdə müəyyən edilməlidir.

39. Digər tərəfdən 2023-cü ilin mart ayında qaz sərfiyyatının dəyəri 34525,26 manat, yəni gündəlik qaz sərfiyyatının dəyəri 1113,8 (34525,26/31 gün) manat olmuşdur. Belə olan halda 01 mart -19 mart tarixləri arası 19 günlük dövr üçün 2023-cü ilin mart ayının orta günlük qaz sərfiyyatına uyğun hesablanmış orta qaz sərfiyyatı 21162,2 (1113,8manatx19 gün) manat təşkil edir.

40. Beləliklə, 2023-cü ilin analoji dövründəki qaz sərfiyyatına uyğun olaraq 2024cü ilin yanvar-19 mart tarixli dövr üçün hesablanmış qaz sərfiyyatı 101,920,60 manat təşkil edir (36.767,61 manat+ 43992,80 manat+21162,2 manat) təşkil edir.

41. Odur ki, həmin dövr üzrə cavabdeh tərəfindən hesablanmış 189.743 manat məbləğində borcun 87.720 manat hissəsi (189.743 manat-101,920,60 manat)əsassız olduğundan silinməlidir.

42. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi silinməsi qət edilmiş borc məbləği hissəsində dəyişdirilməli, cavabdeh tərəfindən silinməli olan borcun məbləği 87.720 manat məbləğində müəyyən edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

43. Birinci instansiya məhkəməsinin qətnamədə edilmiş dəyişikliyə müvafiq olaraq işə birinci instansiya məhkəməsində baxılarkən çəkilmiş məhkəmə xərcləri də tərəflər arasında yenidən bölüşdürülməli, dövlət rüsumunun əvəzi olaraq 290 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

44. Cavabdeh apellyasiya şikayəti qismən təmin edildiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi iddiaçıdan tutularaq cavabdehə ödənilməli, qalan hissəsi isə cavabdehin özünə aid edilməli, iddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

45. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin.

46. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2978/2024 saylı qətnaməsi qismən - silinməsi qət edilmiş borc məbləği və məhkəmə xərclərinin bölüşdürülməsi hissələrində dəyişdirilsin, silinməli olan borcun məbləği 87.720 manat məbləğində müəyyən edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 290 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Cavabdehin apellyasiya şikayəti qismən təmin edildiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi iddiaçıdan tutularaq cavabdehə ödənilsin, qalan hissəsi isə iddiaçıya aid edilsin. İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar