Məhkəmə qərarları › İş №2-2(103)-925/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-925/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-925/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2418/2024 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı ASC və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən iddiaçı tərəfindən borcalana 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır.

2. İddiaçı ASC və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 21 faizlə 24 ay müddətinə 20000 manat kredit götürmüşdür.

3. Müqavilənin 1 saylı Əlavəsində Cavabdeh3 tərəfindən ödənilməli əsas, faiz borclarının məbləğləri və ödəniş tarixləri öz əksini tapmışdır.

4. xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh1 Aftandil oğlu və Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır.

5. Müqavilələrin 1.1-ci bəndinə əsasən zaminlər borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürürlər. 18. xx.xx.2022-ci il tarixli kassa məxaric orderinə əsasən bank tərəfindən cavabdehə 15000 manat məbləğində vəsait təqdim edilmişdir.

6. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh3 bank hesabına 4742 manat vəsait köçürülmüşdür.

7. xx.xx.2022-ci il tarixli kassa məxaric orderinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh3 15.000 manat məbləğində pul vəsaiti nağd şəkildə verilmişdir.

8. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu 8031,04 manat, faiz borcu 2002,33 manat, cərimə borcu 1086,73 manat olmaqla, ümumilikdə borcu 11120,1 manat təşkil edir.

9. Birinci instansiya məhkəməsindəki icraat:

10. İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 12842,74 manat əsas borc, 649,76 manat faiz borcu, 20,63 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 13513,13 manat borcun və 210 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 xx.xx.2022 ci il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 21 faizlə 24 ay müddətinə 20000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 Aftandil oğlu və Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır 2023-cü il dekabrın 1 dək Cavabdeh3 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 12842,74 manat əsas borcu, 649,76 manat faiz borcu, 82,52 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 13575,02 manat borcu vardır. Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 82,52 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 20,63 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 Aftandil oğlu və Cavabdeh2arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır.

12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2418/2024 saylı qətnaməsi ilə iddia qismən edilmiş, iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada 8031,04 manat əsas borc, 649,76 manat faiz borcu, 20,63 manat cərimə, 180 manat dövlət rüsumu, ümumilikdə 8881,43 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, . işin hallarından məlum olur ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilə çərçivəsində xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh İddiaçı ASC-dən illik 21 faizlə 24 ay müddətinə 20000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq cavabdehlər Cavabdeh1 Aftandil oğlu və Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka vaxtında qaytarmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən yaranmış kredit borcu məbləği tutularaq iddiaçıya ödənilməlidir. İddia ərizəsində tələb edilən əsas borcun məbləği 12842,74 manat göstərilmişdir. Materiallardan görünür ki, cavabdehlər tərəfindən iddiaçıya məhkəmə icraatı dövründə ümumilikdə 4811,70 manat vəsait ödənilmiş, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən ödənilən vəsaitlər əsas borca silinmiş, hazırda tələb edilən əsas borcun məbləği 8031,04 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərdən tutulacaq əsas borc 8031,04 manat (12842,74 manat– 4811,70 manat), faiz borcu 649,76 manat müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı cavabdehlərin öz öhdəliklərini pozması müəyyən edildiyindən, ödənişlərin gecikdirilməsi faktı cavabdehlər tərəfindən də təkzib edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir.

14. Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2418/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin nəzərinə çatdırır ki, məhkəmə əsas borc üçün hesablanmış faiz borcu həqiqəti əks etdirmir. Lakin nəzərə alınmamışdır ki, onun tərəfindən kifayət qədər pul ödənilmişdir. Hal-hazırda hesablanmış məbləğ isə həqiqəti və real borcu əks etdirmir Lakin maddi vəziyyətin pisləşməsi nəticəsində qeyd edilən pul məbləğini ödəyə bilməmiş və bu barədə banka məlumat vermişdir. Bütün bunları nəzərə alaraq bankdan ona qeyd edilənləri nəzərə alacaqları bildirilmişdir. Qeyd etmək istəyir ki, iddiaçı tərəfin ondan tutulmasını istədiyi məbləğ çox şişirdilmişdir. Belə ki, iddiaçının faiz olaraq ondan tutulmasını istədiyi əsas kredit borcu ilə yanaşı hesablanmış faiz həddindən artıq çoxdur. Məhkəmənin nəzərinə çatdırır ki, onsuz da əsas borc olan məbləğ kifayət qədər çoxdur. Bununla yanaşı bu qədər faizin hesablaması onun ağır olan vəziyyətini daha da çətinləşdirir. Bununla yanaşı bildirir ki, onun tərəfindən ödənişlər vaxtı vaxtında edilmiş və borcun ödənilməsində qərəzlilik nümayiş etdirilməmişdir. Əlavə olaraq bildirir ki, əsas borc nisbətdə hesablanmış faiz borcunun dəqiq müəyyən edilməsi ilə bağlı maliyyə ekspertizası keçirilməlidir. Belə ki, maliyyə ekspertizası keçirildikdən sonra əsas borca nisbətdə hesablanmış faiz məbləği dəqiq müəyyən edilə bilər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. Cavabdeh1 Cavabdeh3 verdiyi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

17. İddiaçı və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

18. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

19. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayətini verməmişdir, Cavabdeh3 isə qətnaməni əsas və faiz borcunun tutulmasına dair iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı əsas və faiz borcunun tutulmasına dair iddianın təmin edildiyi hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 120 ay müddətinə 100.000 manat məbləğində kredit limiti ayrılmışdır. Bundan sonra həmin müqavilə çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli kreditin verilməsinə dair razılaşmaya əsasən iddiaçı tərəfindən Cavabdeh3 illik 21 %-lə 24 ay müddətinə 20.000 manat kredit verilmişdir. xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 kredit limitinin ayrılmasına dair müqavilə üzrə öhdəliklərinə zamin durmuşlar. Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyindən onun banka əsas və faiz borcu yaranmışdır.

25. Hazırda işin mübahisəli halı kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği ilə bağlıdır.

26. Bununla bağlı məhkəmə qeyd edir ki, Cavabdeh3 apellyasiya şikayətində bank tərəfindən əsas və faiz borcu hesablanarkən tərəfindən edilmiş ödənişlərin bir qisminin nəzərə alınmadığını, borc məbləğlərinin şişirdildiyini göstərməklə birinci instansiya məhkəməsi tərəfindən tutulması qət edilmiş əsas və faiz borcunun əsaslılığını mübahisələndirmiş, lakin borc hesablanarkən hansı ödənişlərinin (ödənişlərin vaxtı və məbləği göstərilməklə) nəzərə alınmadığını konkretləşdirməmiş, həmin ödənişləri təsdiq edən sənədləri məhkəməyə təqdim etməmiş, eləcə də hesablanmış əsas və faiz borclarının əsaslılığını şübhə ala biləcək hər hansı faktiki hala istinad etməmişdir.

27. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi məhkəmə icraatı zamanı mübahisəli kredit müqaviləsi üzrə ödənilmiş 4811,70 manat vəsaiti əsas borcdan çıxmaqla mübahisəli kredit müqaviləsi üzrə tutulmalı olan əsas borcu 8031,04 manat, faiz borcunu isə 649,76 manat məbləğində müəyyənləşdirməkdə haqlı olmuşdur.

28. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə söykənməklə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.

29. Beləliklə, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehə özünə aid edilməlidir.

31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2418/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni əsas və faiz borcunun tutulmasına dair iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar