Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-926/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (Bakı şəhəri 53 saylı Notariat Kontoru müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) icarə müqaviləsinə xitam verilməsi, cavabdehin obyektdən çıxarılması, obyektin geriqaytarılması və icarə haqqı tələbinə dair kommersiya mübahisəsi Açar sözlər: icarə müqaviləsi, icarə haqqı tələbi, icarə müqaviləsinin ləğvi öhdəliyin icra edilməməsi və sübutetmə vəzifəsi Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7, İddiaçının nümayəndələri və vəkilləri Vəkil1 və Vəkil6, Cavabdehin nümayəndələri və vəkilləri Nümayəndə2 və Vəkil5, Cavabdehin qanuni nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Bakı şəhəri 53 saylı Notariat Kontoru müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “icarə müqaviləsinə xitam verilməsi, cavabdehin obyektdən çıxarılması, obyektin geri qaytarılması və icarə haqqı” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)- 2512/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. X6 ilə Cavabdeh MMC arasında 31 avqust 2017-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqavilədə icarəverən özünə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 203.9 kv.metr olan qeyri-yaşayış sahəsini icarəçiyə verməyi, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış müqavilə üzrə aylıq icarə haqqı 2.000 manat müəyyən edilmişdir. Həmin müqavilənin: - 4.2-ci bəndinə əsasən icarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərtilə icarəçi tərəfindən İcarəyə verənə ödənilməlidir. - 7.1.7-ci bəndinə əsasən icarəçi bu müqaviləyə xitam verildikdə və ya onun qüvvədə olma müddəti tam bitdikdə sahəni təbii köhnəlmə nəzərə alınmaqla istifadəyə yararlı vəziyyətdə icarəyə verənə təhvil verməyi öhdəsinə götürmüşdür. - 10.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddətin qurtarmasına 1 ay qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi halda müqavilə gələn bir il müddətinə uzadılmış hesab edilməsi şərtləşdirilmişdir.
2. X2 məxsus "xxxx" ASC-də olan hesabdan çıxarışa görə, Cavabdeh tərəfindən 12 yanvar 2023-cü il tarixində 6.000 manat, 21 fevral 2023-cü il tarixində 12.000 manat, 13 mart 2023-cü il tarixində 5.000,30 manat, 4 iyul 2023-cü il tarixində 7.000,42 manat məbləğində ödənişlər edilmişdir.
3. X6 tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubunda 31 avqust 2017-ci il tarixində bağlanmış icarə müqaviləsinə xitam verdiyini, 6 oktyabr 2023-cü il tarixədək icarədə olan yaşayış sahəsinin təhvil verilməsi xahiş olunmuşdur.
4. Cavabdeh MMC tərəfindən X1 18 sentyabr 2023-cü il tarixli pretenziya məktubuna cavab verilərək qeyd edilmişdir ki, İcarə müqaviləsinin 2.1-ci bəndində müqavilənin qüvvəyə minməsi 1 oktyabr 2017-ci il tarixi hesab olunur və bu müqavilə 31 avqust 2017-ci il tarixində bağlandığı üçün icarəyə verən 31 avqust 2023-cü il tarixinə qədər müraciət etməli idi. İcarəyə verənin müraciəti icarəçiyə gec təqdim olunduğu üçün avtomotik müqavilə müddəti 1 il uzadılmış və yenilənmiş hesab edilir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 avqust 2017-ci il tarixdə onunla cavabdehX8 arasında bağlamış icarə müqaviləsinə müddənin bitdiyinəgörə xitam verilməsi və cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti ev 528-ci məhəllə bina B-də yerləşən 203,9 kv.m sahədən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında baxılarkən xx.xx.2023-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə elektron qaydada ərizə təqdim edərək, iddia tələbində cavabdeh kimi qeyd olunan X4 Cavabdeh Məhdud Məsulyyətli Cəmiyyəti əvəzləşdirilməsi və iddia tələblərinin əsl cavabdehə yönəldilməsini xahiş etmiş və məhkəmə tərəfindən iddiaçının vəsatətinə əsasən, X8 əsl cavabdeh olan Cavabdeh Məhdud Məsulyyətli Cəmiyyəti ilə əvəz edilmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)- 646/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh MəhdudMəsulyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1632/2024 saylı xx.xx.2024cü il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin materialları işin baxılmasının aidiyyət məsələsinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının e-2(103)-2244/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinə xitam verilməsi” iddia tələbi üzrə mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
10. İddiaçı iddia tələbinin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, 31 avqust 2017-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinin müddəti bitdiyinə görə xitam verilməsi, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Hüseyin Cavid prospekti, ev 528-ci məhəllə bina B-də yerləşən 203,9 kv.m sahədən çıxarılmasına və qeyri-yaşayış sahəsini ona təhvil verilməsinə, 31 avqust 2017-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh MMC-dən 108.000 manat icarə haqqı qismində pulun, işin məhkəməyə verilməsinə görə ödənilmiş 199 manat rüsumun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı adından qardaşı X5 tərəfindən cavabdeh X8 ilə 31 avqust 2017-ci il tarixdə 1 il müddətinə icarə müqaviləsi bağlanılmışdır və Bakı şəhəri 53 saylı Notariat kontorunda müqavilə təsdiq olunmuşdur. Müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti ev 528-ci məhəllə bina B-də yerləşənsahəsi 203,9 kv.m sahəni icarəyə verilmişdir. İcarə müqaviləsi 31 avqust 2017-ci il tarixində bağlanmasına baxmayaraq, müqavilənin 2.1-ci maddəsinə əsasən 01 oktyabr 2017-ci il tarixdən qüvvəyə minmişdir. Cavabdeh həmin sahəni obyekt kimi işlədir, demək olar ki, icarə haqqını həmişə gecikməklə ödəyir, bu məsələ üstündə dəfələrlə iddiaçının onunla narazılıqları olub. Yay aylarından iddiaçı ona bildirmişdir ki, icarə yerini təhvil versin, əvvəl bildirmişdir ki, ona imkan verilsin, iddiaçı oktyabr ayına qədər işləyib, özünə başqa yer tapıb çıxar, lakin sonra çıxmaqdan imtina elədi, bununla bağlı iddiaçı ona yazılı surətdə muraciət etmişdir, halbuki, müqavilədə yazılı surətdə müraciət etməyi nəzərdə tutulmayıb. Cavabdeh ona rəsmi olaraq bildirmişdir ki, müqavilə 31 avqust tarixində bağlanıb və iddiaçı ona rəsmi olaraq 18 sentyabr tarixində müraciət etmişdir, bu səbəbdən icarə müqaviləsi 1 (bir) il müddətinə uzadılmış hesab olunur. Müqavilə 31 avqust 2017-ci ildə bağlansa belə, müqavilənin qüvvəyə minməsi 1 oktyabr 2017-ci il hesab olunur. İcarə müqaviləsinin 10.1-ci maddəyə əsasən müqavilənin qüvvədə olduğu müddətin qurtarmasına 1 (bir) ay qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi halda müqavilə gələn 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Göründüyü kimi, müqavilənin bu maddəsində yazılı surətdə müraciət etməyi nəzərdə tutulmamışdır. Hal-hazırda o həmin sahəni boşaldıb, təmir etdikdən sonra özü için iş yeri açmaq niyyətindədir.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024 tarixli, 2-2(113)-2512/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 31 avqust 2017-ci il tarixli icarə müqaviləsinin ləğv edilərək xitam verilmiş hesab edilməsi, Cavabdeh MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti ev 528-ci məhəllə bina B-də yerləşən 203.9 kv.m sahədən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, Cavabdeh MMC-dən 31 avqust 2017-ci il tarixli icarə müqaviləsinə əsasən 108000 (yüz səkkiz min) manat icarə haqqı, həmçinin ödənilmiş 329 (üç yüz iyirmi doqquz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim – K.Hüseynov).
13. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 203.9 kv.metr olan qeyri-yaşayış sahəsini təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək icarə haqqı məbləğini iki ardıcıl müddətdən çox, 52 aylıq icarə haqqını ödəməmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti bir illik müəyyən edilsə də, müqavilənin qüvvədə olduğu müddətin qurtarmasına 1 ay qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi üçün, müqavilə ardıcıl olaraq bir il müddətinə uzadılmış hesab edilmişdir. Cavabdehin iddiaçıya icarə haqqı borcunun olması iş materiallarına əlavə edilmiş hesabdan çıxarış məlumatları ilə öz təsdiqini tapır. Buna görə də iddiaçının cavabdehdən MM-nin 700.1-ci maddəsinə əsasən icarə haqqını tələb etmək hüququ vardır. İddia tələbinin birinci hissəsi icarə müqaviləsinin ləğv edilməsindən ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 447.1ci maddəsinin tətbiqi tərəflər arasında sinallaqmatik öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Belə ki, cavabdeh tərəfindən obyekt icarəyə götürüldükdən sonra icarə haqqı vaxtında və tam ödənilməmiş, həmin vaxtdan uzun müddət keçməsinə və iddiaçı tərəfindən pretenziya göndərilməsinə baxmayaraq öhdəlik cavabdeh tərəfindən icra olunmamışdır. Göründüyü kimi, cavabdeh tərəf müqavilədən irəli gələn öhdəliyini icra etməyərək müqaviləni əhəmiyyətli dərəcə pozduğuna görə iddiaçı müqavilədən imtina edərək ona xitam verilməsini tələb etmişdir. İddiaçı müqaviləyə xitam verilməsi barədə cavabdehə 2023-cü ilin sentyabr ayında pretenziya göndərməklə müqavilədən imtina barədə iradə ifadəsini açıq şəkildə cavabdehə bildirmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd olunan mövqeyə uyğun olaraq tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsi xitam verilmiş sayılır. Bundan başqa İddiaçı icarə müqaviləsi üzrə ödənilməmiş 108000 manat icarə haqqının da ödənilməsini tələb etmişdir. Belə ki, tərəflər arasında icarə müqaviləsi 31 avqust 2017-ci il tarixində bağlanmış, müqavilənin bağlandığı tarixdən iddiaçı tərəfindən cavabdehə preteziya məktubunun təqdim edildiyi tarixə qədər 6 il, 72 aylıq müddət keçmişdir. Hesabdan çıxarış məlumatlarına əsasən cavabdeh tərəfindən iddiaçıya icarə haqqı məbləği kimi 30000 manat ödəniş edilmişdir, həmin ödəniş isə 15 aylıq müddəti əhatə etdiyindən geridə qalan 57 ay üçün cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. Cavabdeh MMC tərəfindən bu halın əksini təsdiq edən, yəni digər aylar üzrə də icarə haqqının ödənilməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 385.1, 421.2, 425.1, 442, 447.1, 684.1, 685.2, 685.2.1, 685.2.2, 697.1, 697.2, 700.1, 700.3 və 705-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “MM-in 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarına, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
15. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin 2.1-ci maddəsindən də göründüyü kimi o, xx.xx.2017-ci il tarixdə qüvvəyə minmişdir. Həmin müqavilənin 10.1-ci maddəsinin tələblərindən də göründüyü kimi müqavilənin qüvvədə olduğu müddətin qurtarmasına 1 (bir) ay qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi halda müqavilə gələn 1 il müddətinə uzadılmış hesab edilir. İş materiallarında olan pretenziya məktubunun məzmunundan da göründüyü kimi Kəmalə Həbibli tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu göndərilərkən yalnız müqavilənin müddətinin bitməsinə istinad etmiş və cavabdehdən qeyri-yaşayış sahəsini xx.xx.2023-cü il tarixdək təhvil verməsini xahiş etmişdir. Həmin məktub cavabdehə xx.xx.2023-cü il tarixdə çatmışdır. Yəni müqavilənin 10.1-ci maddəsinin tələblərinə riayət edilmədiyi üçün cavabdeh qeyri-yaşayış sahəsindən çıxmaqdan imtina etmişdir. Lakin İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən pretenziya məktubunun məzmunundan kənar qeyd etmişdir ki, cavabdeh icarə haqlarını gecikmə ilə ödədiyi üçün müqaviləyə xitam verilməlidir. Daha sonra isə İddiaçı iş materialları Bakı Kommersiya Məhkəməsində olarkən iddia tələbinin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, 31 avqust 2017-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinin müddəti bitdiyinə görə xitam verilməsi, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Hüseyin Cavid prospekti, ev 528-ci məhəllə bina B-də yerləşən 203,9 kv.m sahədən çıxarılmasına və qeyri-yaşayış sahəsini ona təhvil verilməsinə, 31 avqust 2017-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh MMC-dən 108.000 manat icarə haqqı qismində pulun, işin məhkəməyə verilməsinə görə ödənilmiş 199 manat rüsumun tutularaq ona ödənilməsi barədə qətnam qəbul edilməsini xahiş etmişdir Lakin İddiaçı Azərbaycan Respublikası MM-nin 423.2-ci maddəsinin, Azərbaycan Respublikası MPM-nin 150-ci maddəsinin tələblərinə zidd şəkildə cavabdehdən 108.000 manat icarə haqqı qismində pulun tutulmasına dair pretenziya məktubunu e-taxes.gov.az saytından Cavabdeh MMC-yə məxsus kabinetə əlavə etməmiş, həmçinin poçt vasitəsi ilə göndərməmişdir. Bununla da cavabdeh həm Azərbaycan Respublikası MM-nin 423.2-ci maddəsinin tələblərini pozmuş, həm də Azərbaycan Respublikası MPM-nin 150-ci maddəsinin tələblərinə zidd şəkildə məhkəməyə müraciət etmişdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, iş materiallarında olan ilkin iddia ərizəsindən də göründüyü kimi İddiaçı qeyd etmişdir ki, cavabdeh pulu gecikməklə ödədiyi üçün müqavilənin xitam verilməsini tələb edir. Yəni İddiaçı etiraf edərək əslində cavabdehin ödənişləri həyata keçirdiyini təsdiqləmişdir. Sadəcə ödənişlərin gecikmə ilə həyata keçirilməsindən şikayətlənmişdir. Yəni cavabdeh daim icarə haqlarını ödəmiş, lakin müqavilədə nəzərdə tutulan cari ayın “5”ci günündə bu reallaşdırılmadığı üçün iddiaçı narazı olmuşdur. İddiaçının da icarə haqlarının ödənilməsini iddia ərizəsində yazaraq etiraf etməsi cavabdehi bu faktı sübut etmək vəzifəsindən azad edir. Lakin məhkəmə qeyd edilənləri nəzərə almayaraq Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinin tələblərini pozub iddia tələbini tam təmin etmişdir.
Bakı Apellyasiya Məhkəməsində birinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(103)-948/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini işin hallarına uyğun və əsaslı, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassız hesab edərək qeyd etmişdir ki, MPM-nin 372.2-ci maddəsinin tələbinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Birinci instansiya məhkəməsində iştirak edən cavabdehin digər vəkili apellyasiya şikayətinə əlavə edilən sübutları birinci instansiya məhkəməsində təqdim etməmiş, həmin hallarla bağlı araşdırılma aparılmamışdır. Qanunvericiliyin imperativ normasını rəhbər tutaraq məhkəmə kollegiyası cavabdeh tərəfindən yeni təqdim edilən sübutları qəbul etməmiş, qəbul edilməmiş sübutlara istinad edilməsi isə qeyri-mümkündür. Digər tərəfdən qəbul edilməyən sübutlar arasında icarə haqqının ödənilməsi ilə bağlı sübutlar təqdim edilməmiş, iş materiallarına həmçinin icarə haqqının ödənilməsi ilə bağlı sübutlar birinci instansiya məhkəməsində əlavə edilməmişdir.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddia tələbinin artırılması iddiaçıya MPM-nin 53-cü maddəsi ilə verilmiş hüquqdur, bu hüquqdan istifadə edilməsi, icarə haqqı borcunu əvvəldən tələb etməməsi cavabdehin icarə borcunun olmadığı anlamına gəlmir. İddiaçı tərəfindən pretenziya qaydasında riayət edilmiş, icarə sahəsini tərk etmək xahiş olunmuşdur. Məhz icarə haqqının pretenziyada tələb edilməməsi icraata xitam verilməsi üçün əsas deyil. Belə ki, MPM-nin 261.0.9-cu maddəsi bu şərti tələb etmir. Həmin normanın məzmununa əsasən mübahisə ilə bağlı müəyyən qaydaya əməl edilməsi kifayət edir. Mübahisə icarə münasibətləri ilə bağlı olduğu üçün icarə sahəsindən çıxarılma ilə bağlı pretenziya məktubu cavabdehə təqdim edilmişdir.
20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 385.1, 425.1, 425.2, 684.1, 685.2, 685.2.1, 685.2.2, 697.1, 697.2, 700.1, 700.3 və 705-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “MM-in 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarına, Azərbaycan Respublikası MPM-in 53, 107, 119.1 və 372.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
21. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsində birinci icraat
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(102)-379/2025 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(103)-948/2024 nömrəli qətnaməsi qismən, Cavabdeh MMC-dən 31 avqust 2017-ci il tarixli İcarə müqaviləsinə əsasən 108000 (yüz səkkiz min) manat icarə haqqının tutulması hissəsində ləğv edilmiş, bu hissədə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmiş, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – B.Qəribov, hakimlər – A.Abbasov və E.Şamayev)
23. Kassasiya instansiyasının mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında 31 avqust 2017-ci il tarixdə icarə müqaviləsi bağlanmış, müqavilə müddəti bitdikdən sonra tərəflər müqaviləni faktiki olaraq davam etdirmiş, lakin 2023-cü ilin sentyabr ayında iddiaçı müqaviləyə xitam verilməsi barədə yazılı bildiriş göndərmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin icarə müqaviləsinin xitam verilməsi ilə bağlı dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətlə razılaşır, əlavə qiymətləndirmə aparılmasına zərurət görmür və hesab edir ki, apellyasiya instansiyası bu hissədə hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Lakin məhkəmə kollegiyası 108.000 manat məbləğində icarə haqqının tutulması hissəsində apellyasiya instansiyası məhkəməsinin qənaətini aşağıdakı səbəblərdən qanuna uyğun hesab etmir. Belə ki, tərəflər arasında 31 avqust 2017-ci il tarixində bağlanmış icarə müqaviləsinin 4.1-ci bəndinə görə icarə haqqı 2.000 manat təşkil edir. Eləcə də həmin müqavilənin 4.2-ci bəndinə əsasən icarə haqqı hər aya görə cari ayın 5-dən gec olmayaraq ödənilməlidir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə ilə icarə haqqının məbləği və nə zaman ödənilməsi ilə bağlı qaydalar tənzimlənmişdir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı qeyd olunan icarə müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə 2023-cü ilin oktyabrında müraciət etmiş və iddia ərizəsində göstərmişdir ki, cavabdeh icarə haqqını demək olar hər dəfə gecikməklə ödəmişdir. Belə ki, yalnız iddia ərizəsinə dəqiqləşdirməsində cavabdehin 108.000 manat icarə haqqı borcunun qaldığını bildirmişdir. Bundan başqa iddiaçının cavabdehə göndərdiyi pretenziya məktubunda da 108.000 manat yaranmış icarə haqqının ödənilməsi ilə bağlı hər hansı fikir irəli sürməmişdir. Həmçinin qeyd olunmalıdır ki, icarə münasibətlərinin mövcud olduğu 6 ilə yaxın müddət ərzində iddiaçının cavabdehə uzun müddət ödənilməməsi ilə əlaqədar yaranmış borcun tələb edilməsi ilə bağlı iş materiallarında hər hansı bir sübut da mövcud deyildir. Belə olan təqdirdə cavabdehin 6 ilə yaxın müddət ərzində icarə haqqını ödəməməsinə baxmayaraq icarə münasibətlərinin qarşılıqlı razılıq əsasında davam etdirilməsi inandırıcı görünmür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin 108.000 manat məbləğində icarə haqqını ödəmədiyinə dair əvvəlki instansiya məhkəmələri tərəfindən formalaşdırılmış qənaətləri ağlabatanlıq meyarlarına cavab verməməklə yanaşı, onların şübhə altına alınmasına əsas verir.
25. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfiundən işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, icarə haqqı borcunun hansı tarixdən etibarən yaranmağa başlanması və onun ümumi məbləğinin müəyyənləşdirilməsi məsələləri MPM-in 14.1-ci və digər yuxarıda sadalanan normaların tələblərinə uyğun həll edilməlidir.
26. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 385.1, 425.1, 425.2, 442, 443.1, 684.1, 685.2, 685.2.1, 685.2.2, 697.1, 697.2, 700.1, 700.3 və 705-ci maddələrinə, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 416.1 və 416.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Cavabdehin nümayəndələri və vəkilləri Nümayəndə2 və Vəkil5, cavabdehin qanuni nümayəndəsi X8 hər biri məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
28. İddiaçının nümayəndələri və vəkilləri Vəkil1 və Vəkil6 hər biri apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. İşə yenidən apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçının nümayəndəsi və vəkili Vəkil6 apellyasiya şikayətinə etiraz vermişdir.
30. Etiraz onunla əsaslandırılmışdır ki, Ali Məhkəmənin qərarından da göründüyü kimi, kassasiya instansiyası məhkəməsi işin 108.000 manat məbləğində icarə haqqı borcunun tutulması hissəsində apellyasiya instansiyasının qətnaməsini ləğv edərək işi yeni araşdırma üçün geri qaytararaq açıq şəkildə göstərmişdir ki, apellyasiya məhkəməsi iş üzrə qərar qəbul edərkən Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 80, 81, 88, 217.1 və 218.1-ci maddələrinin tələblərinə əməl etməmiş, sübutların aidiyyəti, mötəbərliyi və yetərliliyi tam araşdırılmamış, icarə haqqı borcunun hansı tarixdən etibarən yaranması və dəqiq məbləğinin müəyyən edilməsi üzrə zəruri tədbirlər görülməmişdir. Bu baxımdan, aşağıdakı mülahizələrin apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınması zəruridir: 1. İcarə haqqı borcunun faktiki ödənilməsi yalnız 2023-cü ildə həyata keçirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş bank hesabı çıxarışları sübut edir ki, icarə haqqı üzrə ödənişlər yalnız 2023-cü il ərzində edilmişdir. Bu isə o deməkdir ki, cavabdeh 2017-2022-ci illər ərzində, yəni 6 illik dövrdə, icarə haqqını sistemli və müqavilə şərtlərinə uyğun şəkildə ödəməmiş, öhdəliyin icrasından yayınmışdır. MPM-in 77.1-ci maddəsinə görə, tərəf iddiasının və etirazının əsasını təşkil edən halları sübut etməlidir. Deməli, icarə haqqının ödənildiyini iddia edən cavabdeh bu faktı təsdiqləmək üçün sübut təqdim etməli idi. Lakin 6 illik dövr üzrə, təqdim olunan ödənişlərdən başqa heç bir ödəniş sənədi təqdim edilməmişdir. Bu hal özü-özlüyündə cavabdehin borcun mövcud olmadığını sübut edə bilmədiyini göstərir. 2. Ödəniş məbləğləri göstərir ki, cavabdeh cari icarə haqqını deyil, əvvəlki borcları ödəyib. xx.xx.2017-ci il tarixli müqavilənin 4.1-ci bəndinə əsasən aylıq icarə haqqı 2.000 manat təşkil edir. Lakin cavabdeh tərəfindən edilən ödənişlərin məbləği aşağıdakı kimidir: xx.xx.2023 — 6.000 manat xx.xx.2023 — 12.000 manat xx.xx.2023 — 5.000,30 manat xx.xx.2023 — 7.000,42 manat. Göründüyü kimi, hər bir ödəniş cari ayın 2.000 manatlıq icarə haqqından dəfələrlə artıqdır. Bu isə MPM-in 88-ci maddəsinin tələb etdiyi mühakimənin məntiqi, obyektiv və tam olmasına uyğun olaraq yalnız aşağıdakı nəticəyə gəlməyə imkan verir: - Cavabdeh bu ödənişlərlə cari icarə haqqını deyil, əvvəlki illər üzrə yığılmış borcu qapadıb. - Əgər ödənişlər cari ay üçün edilsəydi, ödəniş məbləği 2.000 manat (və ya cüzi fərqlərlə) olardı. Bu isə cavabdehin uzun illər ərzində icarə haqqını ödəmədiyini və yalnız 2023-cü ildə yığılıb qalmış borcu bağlamağa cəhd etdiyini sübut edir. 3. Kassasiya məhkəməsi də qeyd etmişdir ki, iddiaçının cavabdehdən borcun ödənilməsini tələb etməməsi barədə heç bir sübut yoxdur. İddiaçı cavabdehlə qarşılıqlı əməkdaşlıq münasibətlərini nəzərə alaraq icarə haqqının ödənilməsi üçün ona mütəmadi qaydada güzəştlər etmişdir. Cavabdeh isə bu münasibətlərdən sui-istifadə edərək ödənişləri ləngitmiş və çox zaman tam ödəməmişdir. Bu hal tərəflər arasında faktiki münasibətlərin davam etməsi ilə bağlı olmuşdur, borcun olmaması ilə bağlı deyil. 4. Tərəflər arasında icarə münasibətlərinin davam etdirilməsi borcun mövcud olmamasına dəlalət etmir. Cavabdehin obyektə faktiki sahib olması və fəaliyyəti, icarənin davam etməsi borcun mövcudluğunu istisna etmir. Əksinə, borcun yaranmasını təsdiq edir, çünki fəaliyyəti davam etdirən icarəçi həmin obyektə görə aylıq ödəniş etməli idi. 5. Sübutetmə yükü tam şəkildə cavabdehin üzərindədir. Burada iddiaçı borcun mövcudluğunu göstərmişdir (2017–2023 dövrü üzrə ödəniş yoxdur). Cavabdeh isə borcun olmadığını sübut etməli idi, lakin bunu edə bilməmişdir. Təqdim etdiyi sübutlar (bank ödənişləri) yalnız 2023-cü ili əhatə edir. Deməli, cavabdehin “borcum yoxdur” dəlilləri sübut olunmamışdır. 6. Kassasiya instansiyasının göstərişlərinə uyğun olaraq, borcun məbləği və yaranma tarixi yenidən dəqiq müəyyən edilməlidir. Ali Məhkəmə apellyasiya instansiyasına konkret göstəriş vermişdir ki, icarə haqqı borcunun hansı tarixdən yaranmağa başladığını, həmin dövrdə faktiki ödənilən və ödənilməyən məbləğləri, borcun ümumi yekun məbləğini tam, obyektiv və hərtərəfli araşdırmaqla müəyyən etsin. Cavabdeh 6 il, yəni 72 ay müddətində qeyri-yaşayış sahəsində fəaliyyət göstərmişdir. Həmin müddət ərzində cavabdehin icarə haqqı üzrə ödənişləri yalnız təqdim olunmuş bank hesabından çıxarışlarla təsdiq olunur. Ödənilmiş 30.000 manat icarə haqqının hansı dövrü əhatə etdiyi məlum olmasa da, cavabdehin ümumi icarə borcunun hesablanması üçün mane deyil. Belə ki, 6 illik – 72 aylıq dövr üzrə cavabdehin iddiaçıya ödəməli olduğu məbləğ – 144.000 manat təşkil edir. Cavabdeh tərəfindən icarə haqqı üzrə 30.000 manat ödəniş nəzərə alınarsa, bu halda onun borcu 114.000 manat təşkil edəcək. Lakin iddia irəli sürülərkən texniki səhv nəticəsində həmin məbləğ 108.000 manat kimi göstərilmişdir. Bu səbəbdən cavabdehin hazırda icarə müqaviləsi üzrə ödənilmməmiş 108.000 manat məbləğində icarə borcu əsaslı hesab edilməlidir. Hazırkı mübahisə üzrə cavabdehin 72 ay müddətində qeyri-yaşayış sahəsində icarə əsasında fəaliyyət göstərdiyi işin mübahisəsiz halıdır və bu hal iddiaçı tərəfindən təqdim olunmuş sənədlərlə, habelə cavabdehin öz etirafı ilə tam təsdiq olunur. İcarə obyektində fəaliyyətdə olduğu dövr ərzində icarə haqqının ödənilməsi ilə bağlı sübutetmə yükü isə birbaşa cavabdehin üzərinə düşür. Belə ki, iddiaçı icarə haqqının 57 ay üzrə cavabdeh tərəfindən ödənilməməsini iddia etdiyinə görə, MPM-in 77.1-ci maddəsinə əsasən həmin halın əksini — yəni icarə haqqının vaxtında və tam həcmdə ödənildiyini — sübut etmək öhdəliyi cavabdeh tərəfindən daşınmalıdır. Çünki ödənişi həyata keçirdiyini iddia edən tərəf, bu ödəniş faktını müvafiq sənədlərlə təsdiq etməlidir. Qeyd edilən müddəadan irəli gələrək, cavabdeh yalnız 2023cü ildə təqdim etdiyi ödəniş qəbzləri və bank çıxarışları ilə məhdud sübutlar təqdim etmiş, əvvəlki 57 ay üzrə ödənişləri təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Bu isə MPM-in 14.2 və 80-ci maddələrinin tələblərinə görə məhkəmənin yalnız iş üzrə əhəmiyyətli və əlaqəli sübutları nəzərə almalı olduğunu nəzərə alsaq, cavabdehin sübutetmə yükünü yerinə yetirmədiyini açıq şəkildə göstərir. Məhkəmə yalnız real ödəniş faktlarını təsdiq edən sənədlər əsasında nəticəyə gələ bilər. Cavabdeh tərəfindən uzun illər üzrə ödənişləri təsdiq edən heç bir belə sənəd təqdim edilmədiyindən, onun icarə haqqını mütəmadi ödəmiş olması barədə dəlilləri hüquqi və faktiki əsasdan məhrumdur. Nəticə etibarilə, cavabdehin ayrı-ayrı tarixlərdə iri məbləğdə etdiyi ödənişlərin məhz əvvəlki dövrlərin yığılıb qalmış icarə borcunun ödənilməsi kimi qəbul olunması həm ödənişlərin məbləği və dövriyyəsi ilə, həm də ödənişlərin heç birinin aylıq icarə haqqına uyğun olmaması ilə tam şərtlənir. Bu məqamlar Ali Məhkəmənin işin yeni araşdırmaya qaytarılmasına dair qərarında vurğulanan tələblərlə də uyğunluq təşkil edir və cavabdehin icarə borcunun mövcudluğu barədə nəticəni birbaşa dəstəkləyir. Digər tərəfdən qeyd olunmalıdır ki, cavabdeh hazırda da icarə obyektindən istifadə etməsinə baxmayaraq, icarə haqqını ödəməkdən yayınmaqda davam edir. Bu hal cavabdehin uzun illər ərzində eyni davranış modeli sərgilədiyini, yəni icarə münasibətləri çərçivəsində üzərinə düşən öhdəliklərin icrasından qəsdən boyun qaçırdığını təsdiq edir. Beləliklə, cavabdehin cari dövrdəki ödənişsiz fəaliyyəti onun əvvəlki illərdə də analoji qaydada davranması ehtimalını gücləndirir və iddiaçının tələblərini faktiki olaraq dəstəkləyir. Cavabdeh icarə haqqını guya “əl-bəəl” ödəmiş olduğunu iddia etsə də, bu iddianı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən, belə bir ödənişin həyata keçirildiyini sübut etmək vəzifəsi birbaşa cavabdehin üzərinə düşdüyü halda, onun tərəfindən nə qəbz, nə imza təsdiqli sənəd, nə də digər sübutetmə vasitələri təqdim olunmamışdır. Bu isə cavabdehin dəlillərini sübut olunmamış və əsassız olduğunu göstərir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş audio səs yazısına gəldikdə isə qeyd edilməlidir ki, həmin audio material hüquqi baxımdan ödəniş faktını təsdiq etmək üçün yararlı sübut hesab edilə bilməz. Belə ki: - Səs yazısından danışılan borcun hansı dövrə aid olduğu aydın deyil; - Danışığın ümumiyyətlə hansı borcla əlaqədar olduğu müəyyən edilmir; - Audio yazıda danışan şəxslərdən heç biri iddiaçı deyil və iddiaçı ilə borc münasibətlərinin mövcudluğunu təsdiq edə biləcək şəxs də deyildir. Bu cür qeyri-müəyyən və mənbəyi məlum olmayan səs yazısı MPM-in 80 və 81-ci maddələrinin tələblərinə uyğun sübutetmə vasitəsi hesab oluna bilməz. Beləliklə, cavabdehin təqdim etdiyi audio material nə ödəniş faktını, nə də hər hansı borcun mövcud olmamasını təsdiq edə biləcək sübut kimi qəbul edilə bilməz və sübutetmə yükünün cavabdeh tərəfindən yerinə yetirilmədiyini bir daha göstərir. İddiaçının cavabdehə qarşı icarə münasibətləri üzrə yaranmış borcu 6 illik müddət ərzində ayrıca iddia qaydasında tələb etməməsi, iddia ərizəsi verilərkən 108.000 manat borc məbləğinin tələb edilməməsi və həmin borcun tutulması ilə bağlı tələbi dəqiqləşdirmə barədə ərizədə irəli sürməsi, tələb olunan həmin borcun mövcud olmaması və ya iddiaçının bu borcu bağışlaması kimi qiymətləndirilə bilməz. Mülki dövriyyədə uzunmüddətli icarə münasibətlərində öhdəliklərin mərhələli, qarşılıqlı etimada əsaslanan şəkildə həyata keçirilməsi praktikada geniş yayılmışdır. Bu baxımdan iddiaçının borcun yığılmasına baxmayaraq icarə münasibətlərini davam etdirməsi borcun mövcudluğuna dair iddiaçının mövqeyi ilə ziddiyyət təşkil etmir. Bundan əlavə, iddia məbləğinin ilkin iddia ərizəsində göstərilməməsi də hüquqi cəhətdən borcun olmaması kimi qiymətləndirilə bilməz. MPM-in 53-cü maddəsi iddiaçının iddianı dəqiqləşdirmək hüququnu tanıyır və sonradan borcun dəqiqləşdirilmiş məbləğinin təqdim olunması prosessual baxımdan tam legitimdir. Məhz buna görə də iddiaçı borcun dəqiq məbləğini cavabdehin təqdim etdiyi bank çıxarışlarını və ödəniş dinamikasını araşdırdıqdan sonra 108.000 manat kimi müəyyən etmiş və bunu prosessual tələblərə uyğun olaraq məhkəməyə təqdim etmişdir. Eyni zamanda, 6 ilə yaxın dövrdə iddiaçının cavabdehdən borcu rəsmi qaydada tələb etməməsi borcun mövcud olmaması deyil, tərəflər arasında kommersiya münasibətlərində yaranmış etimad çərçivəsində güzəştli yanaşmanın nəticəsi olmuşdur. İddiaçı cavabdehin fəaliyyətinə fasilə verilməməsi üçün ona ödənişlərin mərhələli qaydada edilməsi imkanı yaratmış, lakin cavabdeh bu imkandan sui-istifadə edərək uzun müddət borcun ödənilməsini yubadıb və yalnız 2023-cü ilin əvvəlindən müəyyən ödənişlər həyata keçirmişdir. Həmin ödənişlərin də məbləğ və dinamikası onun cari icarə haqqını deyil, məhz yığılıb qalmış borcu ödədiyini açıq şəkildə göstərir. Bundan başqa, iddiaçının cavabdehə borcun ödənilməməsi ilə bağlı bildiriş göndərməməsi də, borcun mövcudluğunu istisna etmir. Təbii ki, iddiaçı dəfələrlə şifahi qaydada borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və mübahisəni məhkəmə müstəvisinə gəlməsinə razı deyildi. Lakin cavabdehin davranışları sonda iddiaçını məhkəməyə müraciət etməyə vadar etmişdir. Ali Məhkəmənin qeyd etdiyi “6 il ərzində borcun tələb edilməməsinin inandırıcı görünməməsi” yanaşması da tərəflərin faktiki olaraq münasibətləri uzun müddət əməkdaşlıq və qarşılıqlı etimad prinsipləri əsasında davam etdirməsi ilə izah edilir və bu hal borcun mövcudluğuna dair iddiaçının mövqeyi ilə ziddiyyət yaratmır. Əksinə, cavabdehin 2023-cü ildə birdən-birə yüksək 7-8 ay içində 30.000 manat məbləğində ödəniş etməsi və bu ödənişlərin aylıq icarə haqqından dəfələrlə çox olması onun məhz yığılmış borcu qismən ödəməyə məcbur qaldığını təsdiq edir. Yuxarıda təqdim olunan dəlillər və hüquqi əsaslara, eləcə də kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmiş göstərişlərə uyğun olaraq nəticə etibarilə belə qənaətə gəlinməlidir ki, cavabdeh tərəfindən icarə haqqının uzun müddət ödənilməməsi iş materialları ilə təsdiq olunur və cavabdeh həmin dövrlər üzrə icarə haqqının ödənildiyini təsdiq edən hər hansı sübut təqdim etmədiyi üçün, ona aid olan sübutetmə yükünü icra etməmişdir. Cavabdehin 2023-cü ildə etdiyi iri məbləğli ödənişlər də faktiki olaraq əvvəlki dövrlər üzrə icarə borcunun ödənilməsinə xidmət etmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin cavabdehdən 108.000 manat məbləğində icarə borcunun tutulması barədə gəldiyi nəticə işin faktiki hallarına, tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə və sübutların məhkəmədə qiymətləndirilməsi qaydalarına tam uyğun olduğundan əsaslı hesab edilməli və həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 697.2-ci maddəsinə əsasən əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
Apellyasiya baxışının hədləri
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(102)-379/2025 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 2(103)-948/2024 nömrəli qətnaməsi qismən, Cavabdeh MMC-dən 31 avqust 2017-ci il tarixli İcarə müqaviləsinə əsasən 108.000 manat icarə haqqının tutulması hissəsində ləğv edildiyindən, apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)- 2512/2024 nömrəli qətnaməsi qismən - Cavabdeh MMC-dən 31 avqust 2017-ci il tarixli icarə müqaviləsinə əsasən 108.000 manat icarə haqqının tutulması hissəsində ləğv edilməli, iddia mübahisələndirilən hissədə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Belə ki, tərəflər arasında 31 avqust 2017-ci il tarixli icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqavilə ilə icarə haqqının məbləği və ödəniş qaydaları müəyyən edilmişdir. Belə ki, müqavilənin 4.1-ci bəndinə əsasən icarə haqqı 2.000 manat təşkil edir, eləcə də müqavilənin 4.2-ci bəndinə əsasən icarə haqqı hər aya görə cari ayın 5-dən gec olmayaraq ödənilməlidir.
38. İş materiallarından müəyyən olunur ki, iddiaçı X6 Cavabdeh MMC-yə pretenziya məktubu göndərərək yalnız müqavilənin müddətinin bitməsinə istinad etmiş və cavabdehdən qeyri-yaşayış sahəsini 06 oktyabr 2023-cü il tarixədək təhvil verməsini xahiş etmişdir. Göründüyü kimi, pretenziya məktubunda cavabdehin 108.000 manat icarə haqqı borcunun olması ilə bağlı hər hansı qeyd öz əksini tapmamışdır. Lakin iddiaçı qeyd olunan icarə müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, cavabdeh icarə haqqını demək olar hər dəfə gecikdirməklə ödəmişdir. Buradan da aydın olur ki, iddiaçı cavabdehin icarə haqqını ödəməməsini deyil, ödənişlərin gecikdirilməklə həyata keçirildiyini mübahisələndirmişdir. İddiaçı yalnız iddia ərizəsinə dəqiqləşdirməsində cavabdehin 108.000 manat icarə haqqı borcunun qaldığını bildirmişdir. Ümumiyyətlə dəqiqləşdirmə ərizəsində bu icarə haqqının necə hesablanması və hansı dövrü əhatə etməsi qeyd edilməmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin 108.000 manat icarə haqqı borcunun qalması, eləcə də həmin borcun hansı tarixdən etibarən yaranması ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, cavabdehin 6 ilə yaxın müddət ərzində icarə haqqını ödəmədiyi iddia edildiyi halda, iddiaçının heç bir hüquqi müdafiə vasitəsinə müraciət etmədən, yalnız qarşılıqlı razılıq əsasında icarə münasibətlərini davam etdirməsi ağlabatan deyildir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında icarə müqaviləsi 31 avqust 2017-ci il tarixində bağlansa da, müqavilənin 2.1-ci maddəsinə əsasən 01 oktyabr 2017-ci il tarixdən qüvvəyə minmişdir. Həmin müqavilə ilə icarə haqqının məbləği və ödəniş qaydaları müəyyən edilmişdir. Belə ki, müqavilənin 4.1-ci bəndinə əsasən icarə haqqı 2.000 manat təşkil edir, eləcə də müqavilənin 4.2-ci bəndinə əsasən icarə haqqı hər aya görə cari ayın 5-dən gec olmayaraq ödənilməlidir.
41. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icarə haqqı yalnız 2023-cü ilin yanvar ayından başlayaraq bank hesabı vasitəsilə ödənilmişdir.
42. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları (iddia ərizəsində icarə ödənişin gecikmələrlə ödənildiyini bildirilməsi, icarə haqqının ödənilməsi ilə bağlı bu illər ərzində hər hansı pretenziyanın təqdim edilməməsi, bu məbləğin hansı dövrü əhatə etməsinin əsaslandırılmaması) nəzərə alaraq hesab edir ki, tərəflər arasında formalaşmış işgüzar münasibətlərə görə icarə haqqı narazılıq baş vermədən əvvəl etimada əsaslanmış və nəğd şəkildə həyata keçirilmişdir. Sonradan cavabdeh yalnız bank köçürməsi yolu ilə ödəniş edəcəyini bildirmiş və iddiaçı 2022-ci ilin sonlarında bank hesabı rekvizitlərini təqdim etmişdir.
43. Yuxarıda göstərilən əsaslara görə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-2512/2024 nömrəli qətnaməsi qismən - Cavabdeh MMC-dən 31 avqust 2017-ci il tarixli icarə müqaviləsinə əsasən 108.000 manat icarə haqqının tutulması hissəsində ləğv edilməli, iddia mübahisələndirilən hissədə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə xərclərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi mübahisələndirilən hissədə rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 329 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməli, həmçinin apellyasiya şikayəti qismən təmin edildiyindən həmin şikayət verilərkən ödənilmiş 199 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-2512/2024 nömrəli qətnaməsi qismən - Cavabdeh MMC-dən 31 avqust 2017-ci il tarixli icarə müqaviləsinə əsasən 108.000 (yüz səkkiz min) manat icarə haqqının tutulması hissəsində ləğv edilsin. İddia mübahisələndirilən hissədə rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 329 (üç yüz iyirmi doqquz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 199 (yüz doxsan doqquz) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçıdan tutularaq cavabdehə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.