Məhkəmə qərarları › İş №2-2(103)-93/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-93/2024

17.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-93/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ 17 yanvar 2024-cü il Bakı şəhəri İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı kommersiya işi Açar söz: alqı-satqı, icarə müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Hacıyev Nizami Babaşah oğlu, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “alqı-satqı və icarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommmersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli e-2- 2(113)-2903/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz hallarından görünür ki, "xxxx" MMC ilə Azərbaycan Respublikası Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzi arasında Cavabdeh tərkibinə verilmiş 2300 çarpayı fondu olan modul tipli xəstəxanaya maye oksigen qazının satılması və oksigen çənlərinin icarəsi ilə bağlı 20 dekabr 2021-ci il tarixli TM-043 nömrəli, 29 dekabr 2021-ci il tarixli TM-052 nömrəli və 18 mart 2022-ci il tarixli TM-002 nömrəli müqavilələr bağlanmışdır.

2. 29 dekabr 2021-ci il tarixli TM-052 nömrəli müqavilənin 2.2-ci bəndindən görünür ki, tərəflər maye oksigen qazının hər tonu üçün ƏDV-siz 300 manat, çənlərin icarəsi barəsində isə aylıq 20.000 manat ödəniş nəzərdə tutulmuşdur.

3. Hər iki tərəf 2022- ci ilin fevral ayının 1-dək “təhvil-təslim” sənədlərində göstərilmiş həcmdə maye oksigen qazının verildiyini və verilmiş olan maye oksigen qazına görə pulun ödənildiyini qəbul etmişlər.

4. "xxxx" MMC-yə məxsus olan çənlər işdə olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından da, göründüyü kimi, xx.xx.2023-cü il tarixdə iddiaçıya təhvil verilmişdir.

5. 2022-ci ilin 01-19 fevral tarixlərində cəmi 580 ton maye oksigen qazının verilməsi barədə tərtib edilmiş “təhvil-təslim” sənədlərindən görünür ki, qeyd edilmiş həcmdə maye oksigen qazı “Səfərov” soyadında olan şəxs tərəfindən qəbul edilmişdir.

6. "xxxx" MMC ilə "xxxx" ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli, "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli, “Çinar-Servis” İKF ilə bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən Azərbaycan Respublikası Cavabdeh modul tipli xəstəxanasına verilmiş olan maye oksigen qazının qeyd edilmiş hüquqi şəxslərdən almışdır.

7. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış məktubu ilə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə xitam verilməsi təklif edilmişdir. xx.xx.2023-cü il təhviltəslim aktından görünür ki, icarəyə götürülmüş çənlər həmin tarixdə cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. (elektron işdə 22-ci sənəd)

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Cavabdeh Tibb Xidmətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Cavabdeh Tibb Xidməti ilə bağlanmış müqaviləyə əsasən təhvil verilmiş maye oksigen qazına görə 200.000 manat pulun, çənlərin icarə haqqına görə (16x20.000) 320.000 manat pulun, 400 manat mediasiya xərci və 413 manat dövlət rüsumunun, ümumilikdə 523.813 manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Azərbaycan Respublikası Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzi arasında 18 mart 2022-ci il tarixli, TM-002 nömrəli “Mallar (işlər, xidmətlər) üzrə satınalma” müqaviləsi bağlanmışdır. Eyni zamanda "xxxx" MMC ilə Azərbaycan Respublikası Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzi arasında 20 dekabr 2021-ci il tarixli, TM-043 nömrəli “Mallar (işlər, xidmətlər) üzrə satınalma” müqaviləsi, 29 dekabr 2021-ci il tarixli TM-052 nömrəli “Mallar (işlər, xidmətlər) üzrə satınalma” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən tərəfimizdən müəyyən işlərin və xidmətlərin görülməsi nəzərdə tutulmuş və görülmüş. lakin bunun qarşılığında görülmüş işlərin və xidmətlərin dəyəri olan pul vəsaiti cavabdeh tərəfindən hesabımıza ödənilməmişdir. Belə ki, cavabdeh müəssisə hazırda öz öhdəliyini icra etmir. Cavabdeh tərəfə verilmiş çənlər xx.xx.2023-cü il tarixdə qaytarılmışdır. Lakin, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan aylar üçün hesablanmış olan aylıq 20.000 manat icarə haqqı ödənilməmişdir.

10. xx.xx.2023-cü il tarixdə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Cavabdeh ilə əvəz edilmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2903/2023 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia tələbi qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixli TM-002 saylı müqavilə üzrə maye oksigenin qazının verilməsinə görə 200.000 manat, çənlərin icarəsinə görə 204.000 manat, ümumilikdə 404.000 manat məbləğində pulun Azərbaycan Respublikası Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

12. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, "xxxx" MMC ilə Azərbaycan Respublikası Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzi arasında bağlanmış müqavilələrin məzmunundan görünür ki, qeyd edilmiş müqavilələr həm alqı-satqı müqaviləsinin, həm də icarə müqaviləsinin elementlərini özündə əks etdirən qarışıq müqavilədir və buna görə də, hazıkı iddianı şərti olaraq iki hissəyə bölmək olar: birinci hissə maye oksigen qazının dəyərini təşkil edən 200.000 manat pulun tələb edilməsi; ikinci hissə çənlərin icarə haqqı olaraq 320.000 manat pulun tələb edilməsi.

13. Məhkəmə iddianın birinci hissəsinə münasibətdə qeyd etmişdir ki, mübahisəli olan xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində və ondan öncəki mübahisəli olmayan tarixlərdə verilmiş olan maye oksigen qazı Şahid tərəfindən qəbul edilmişdir. Cavab tərəf isə mübahisəli olan dövrdə, Şahid qeyd edilən səlahiyyətinin olmadığını qeyd etsə də və məhkəmə tərəfindən bu halı təsdiq edəcək hər hansı bir sübutun təqdim edilməsi təklif edilsə də, bu barədə hər hansı bir sübut təqdim edə bilməmiş və beləliklə, iddiaçı tərəfindən, Azərbaycan Respublikası Cavabdeh modul tipli xəstəxanasına xx.xx.2022xx.xx.2022-ci il tarixlərində cəmi 580 ton həcmində maye oksigen qazı verilmişdir. Maye oksigen qazının da hər tonunun dəyəri 350 manat müəyyən olunduğundan cavabdehin ödənilməmiş 203.000 manat məbləğində borcu qalmışdır.

14. Məhkəmə iddianın ikinci hissəsinə münasibətdə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış məktubla artıq tərəflər arasında bağlanmış olan müqavilə birtərəfli qaydada xitam verildiyindən məhz həmin dövrədək, çənlər cavabdehin istifadəsində olduğundan icarə haqqı hesablanmalıdır. (10 ay 6 gün 20.000x10=200.000, 20.000/30=666,66 (1 gün üçün) 666,66x6=4000 (6 gün üçün))

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2903/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maye oksigen qazının 01-19 fevral 2022-ci il tarixində modul tipli xəstəxanaya verilməsi ilə bağlı iddaçı tərəfindən sübütlar qismində təqdim edilmiş qaimələr heç bir halda Cavabdeh səlahiyyətli nümayəndələri tərəfindən imzalanmamış və iddiaçı tərəfindən qeyd olunan tarixlərdə Modul tipli xəstəxanaya maye oksigen qazı təhvil verilməmişdir. Belə ki, maye oksigen qazının satışı ilə məşğul olan "xxxx" MMC adlı digər bir şirkət ilə Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzi arasında “Cavabdeh tərkibinə verilmiş 2300 çarpayı fondu olan modul tipli xəstəxanada maye oksigen qazının satınalması üçün” 20 dekabr 2021-ci il tarixdə müqavilə bağlanılmışdır. Bu müqavilədən irəli gələrək Kriogen MMC Modul tipli xəstəxananı maye oksigen qazı ilə təmin etmişdir. Kriogen MMC tərəfindən maye oksigen qazının 01-21 fevral tarixlərində təhvil verilməsinə dair qaimələr tərəfimizdən 20 sentyabr 2023-cü il tarixində Elektron Məhkəmə Sistemi vasitəsilə e-2-2(113)-2903/2023 saylı işə əlavə edilmişdir. Lakin, Bakı Kommersiya Məhkəməsi təqdim edilmiş sübutları tədqiq etməmiş və qeyd olunan qaimələrlə bağlı obyektiv qiymət verməmişdir. Eyni zamanda, Cavabdeh tərəfindən nəzarət tədbirləri çərçivəsində Şahid tərəfindən əvvəlcədən imzalanmış, lakin sütunlar üzrə hansı miqdarda maye oksigenin təhvil alındığına dair heç bir qeydlərin olmadığı və Kriogen-N MMC-nin möhürü ilə əvvəlcədən möhürlənmiş qaimə sübut olaraq 20 sentyabr 2023-cü il tarixdə Elektron Məhkəmə Sistemi vasitəsilə e-2- 2(113)- 2903/2023 saylı işə əlavə edilmişdir. Buna baxmayaraq, qeyd olunan sübuta dair Bakı Kommersiya Məhkəməsi tərəfindən təkrar olaraq heç bir münasibət bildirilməmişdir. Pandemiyanın sönük vəziyyətdə keçməsi 31 mart 2022-ci ildə modul tipli xəstəxananın fəaliyyətini dayandırması ilə nəticələnmişdir. Qeyd olunan tarixdən etibarən maye oksigen qazı heç bir halda istifadə edilməmiş və maye oksigen qazının depolanması üçün çənlərə ehtiyac olmamışdır. Nazirlik tərəfindən çənlərin quraşdırılmasını həyata keçirmiş olan iddiaçı Kriogen-N MMC-yə dəfələrlə çənlərin söküntüsünün zəruriliyi və artıq ehtiyacın olmadığı, müqaviləyə xitam verildiyi bildirilsə də iddiaçı tərəf çənlərin ərazidən götürülməsindən müxtəlif bəhanələrlə yayınmışdır. Həmçinin, Birinci İnstansiya Məhkəməsinin Qətnamənin 37-ci hissəsində qeyd etmiş olduğu iddaçının 22 may 2022-ci il tarixli Ərizəsinin poçt qəbzindən aydın olur ki, qeyd olunan Ərizə Cavabdeh Tibb Mərkəzinə çatdırılmamış və bu halda iddiaçının həmin Ərizəsi “çənlərin tələb edilməsinin sübutu” kimi qiymətləndirilə bilməz.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

18. İddiaçının nümayəndəsi Hacıyev Nizami Babaşah oğlu məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

19. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.4-cü maddə-tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 448.1-ci maddə-əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 385.1-ci maddə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddə- alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.4-cü maddə- əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddə-göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 637.2-ci maddə-göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. 675-ci maddə- əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1-ci maddə- icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddə- icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddə-əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

20. Qətnamə cavabdeh tərəfindən qismən - iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

21. Məhkəmə izahatları dinləyib, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2903/2023 nömrəli qətnaməsi qismən ləğv edilməli, iddiaçı "xxxx" MMC-nin iddiası alğı-satqı müqaviləsi üzrə 26.000 manat pulun tutulması hissəsində rədd edilməlidir.

22. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında müqavilə münasibətləri xx.xx.2021-ci il tarixdən başlamış, aralarında müxtəlif vaxtlarda maye oksigenin alqı-satqısı oksigen çənlərinin icarəsi ilə bağlı müqavilə şərtlərini özündə ehtiva edən qarışıq müqavilələr bağlanmış, sonuncu müqavilə xx.xx.2022-ci ildə imzalanmışdır. İddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində təhvil-təslim aktları ilə təhvil verilmiş 580 ton maye oksigenin dəyərinin və 2022-ci ilin fevral ayından oksigen çənlərinin icarəsinə görə ödənilməmiş icarə haqqının cavabdehdən tutulmasını xahiş etmişdir.

23. Cavabdeh iddiaya etirazında və apellyasiya şikayətində 2022-ci ilin fevral ayında iddiaçıdan 508 ton maye oksigen alınmadığını qeyd edərək iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş edir. Cavabdeh bildirmişdir ki, 2022-ci ilin fevral ayında maye oksigen iddiaçıdan deyil, "xxxx" MMC-dən alınmış, bu barədə müqavilə və elektron qaimələr məhkəməyə təqdim edilmişdir.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, cavabdehin bu dəlilləri əsassızdır. Belə ki, pamdemiya dövründə xəstələrin müalicəsi ilə əlaqədar maye oksigenə böyük tələbat olduğundan 2022-ci ilin fevral ayında cavabdehin eyni zamanda "xxxx" MMC adlı hüquqi şəxsdən maye oksigen alması onun iddiaçıdan maye oksigen alındığını təkzib edən sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, cavabdeh 2022-ci ilin fevral ayından yalnız "xxxx" MMC adlı hüquqi şəxslə əməkdaşlıq etmək niyyətində olsaydı və cavabdehin nümayəndəsinin bildirdiyi ki, maye oksigenin əldə edilməsinə zərurət azalsaydı bir ay sonra xx.xx.2022-ci ildə iddiaçı ilə yeni müqavilə bağlanmazdı.

25. Məhkəmə eyni zamanda hesab edir ki, modul tipli xəstəxananın xx.xx.2022-ci il tarixdən fəaliyyətini dayandırması barədə apellyasiya şikayətində qeyd edilənlər dəiddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hazırda mübahisə 2022-ci ilin fevral ayında təhvil verilmiş maye oksigenin dəyərinin ödənilməməsi ilə bağlıdır. 2022-ci ilin fevral və mart aylarında isə xəstəxananın fəaliyyət göstərdiyi işin mübahisəsiz halıdır.

26. Məhkəmə tərəfindən alqı-satqı müqaviləsi üzrə tərəflər arasında formalaşmış işgüzar münasibətlərə əsasən maye oksigenin hansı qaydada təhvil alındığı araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçı tərəfindən maye oksigen hər dəfə şifahi tapşırığa əsasən “MedyStyle” xəstəxanasında oksigen stansiyasının rəhbəri işləmiş Şahid adlı şəxs tərəfindən qəbul edilmişdir. Həmin şəxs işə birinci instansiya qaydasında baxılarkən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş və xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə digər aylarda olduğu kimi cavabdehin adından maye oksigeni iddiaçıdan təhvil almaq alınmasının ona həvalə olunduğunu, oksigeni təhvil alarkən qaiməyə qol çəkdiyini, həmin dövrdə xəstə sayı çox olduğu üçün oksigenə çox tələbat olduğunu, maye oksigenin əsas hissəsinin iddiaçı "xxxx" MMC-dən alındığını, lakin kömək üçün eyni zamanda "xxxx" MMC-dən də mal alındığını göstərmişdir.

27. Eyni zamanda iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş sənədlərdən (xx.xx.2021-ci il tarixli müqavilə, təhvil-təslim aktlarından) görünür ki, 2022-ci ilin fevral ayında iddiaçı cavabdehə satdığı maye oksigenin 508 tonunu “Çinar Servis” İKFdən əldə etmişdir.

28. Məhkəmə kollegiyası qeyd edilən sübutları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehin 2022-ci ilin fevral ayında iddiaçıdan 580 ton maye oksigeni əvvəlki aylarda olduğu qaydada təhvil aldığı işdəki təhvil-təslim aktları, şahid ifadəsi ilə təsdiq edilir. Cavabdeh tərəf əvvəllər şifahi tapşırıq əsasında iddiaçıdan maye oksigeni qəbul etmiş Şahid 2022-ci ilin fevral ayından artıq onun adından mal təhvil almaq səlahiyyəti olmaması və artıq maye oksigenə zərurət olmaması barədə müqavilə tərəfinə məlumat vermədiyindən təhvil alınmış malın dəyərinin ödənilməsindən imtinası əsassızdır. Lakin məhkəmə apellyasiya şikayəti ilə bu hissədə razılaşır ki, birinci instansiya məhkəməsi 2022-ci ilin fevral ayında təhvil verilmiş maye oksigenin dəyərini 1 ton üçün 350 manatdan (xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilədəki qiymətlə) hesablamaqla səhvə yol vermişdir. 2022-ci ilin fevral ayında tərəflər arasında bağlanmış 29 dekabr 2021-ci il tarixli TM-052 nömrəli müqavilə qüvvədə olmuş və həmin müqavilənin 2.2-ci bəndində maye oksigenin hər tonu üçün ƏDV-siz 300 manat ödəniş nəzərdə tutulmuşdur. Belə olan halda müəyyən olunur ki, təhvil verilmiş 580 ton maye oksigen üçün cavabdeh tərəfindən ödənilməli məbləğ ƏDV-siz 174.000 manat təşkil edir. Buna görə də, mübahisələndirilən qətnamə qismən ləğv edilərək, iddia alqı-satqı müqaviləsi üzrə 26.000 manat pul tutulması hissəsində rədd edilməlidir.

29. İcarə əsasında cavabdehə təhvil verilmiş oksigen çənlərinin icarə haqqı məhkəmə tərəfindən 2022-ci ilin fevral ayından müqavilənin ləğv edildiyi 2022-ci ilin dekabr ayınadək tutulmuşdur. Cavabdeh tərəflər arasında bağlanmış sonuncu müqavilənin dekabr ayında ləğv edilməsinə baxmayaraq artıq 2022-ci ilin mart ayından modul tipli xəstəxana fəaliyyətini dayandırdığı üçün oksigen çənlərindən istifadə edilməyindən icarə haqqı borcu ilə bağlı hissədə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətini bu hissədə də əsassız hesab edir. Mülki qanunvericiliyə əsasən icarəçinin icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində sahibliyində və istifadəsində olan icarə obyektindən faktiki istifadə etməməsi onu aylıq icarə haqqını ödəmək vəzifəsindən azad etmədiyindən icarə haqqı borcunun tutulması ilə bağlı hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar müəyyən edilmir.

30. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 2903/2023 nömrəli qətnaməsi qismən ləğv edilməli, iddiaçı "xxxx" MMC-nin iddiası alqısatqı müqaviləsi üzrə 26.000 manat pulun tutulması hissəsində rədd edilməli, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2903/2023 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin iddiası alğı-satqı müqaviləsi üzrə cavabdeh Azərbaycan Respublikası Cavabdehndən 26.000 manat pulun tutulması hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar