Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-932/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-216/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11 sentyabr 2023-cü il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 99KJ306 dövlət qeydiyyat nişanlı, 90ZC307 dövlət qeydiyyat nişanlı, 90UO308 dövlət qeydiyyat nişanlı, 90NT396 dövlət qeydiyyat nişanlı TOYOTA HİLUX PİKAP markalı avtomobillərin icarəyə verilməsi barədə İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış müvafiq olaraq xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli icarə müqavilələrinin ləğv edilməsi, Cavabdehndən icarə haqqı üçün 73496 manat, təmir xərci üçün 25264 manat, mediasiya xərci üçün 400 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12 may 2023-cü il tarixli, e-2-2(113)-216/2023 nömrəli qətnaməsi ilə iddiası qismən təmin edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə verərək, buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh MMC faktiki işgüzar fəaliyyətini dayandırıb və şirkətin rəhbəri Qarabağ İqtisadi rayonunda Qarabağın dirçəlməsi üzrə fəaliyyət göstərir və daimi olaraq Cəbrayıl rayonunda yaşayır. Cəbrayıl rayonunda texniki imkanlar olmadığından (internet, kompyuter və s.) və məhkəmə qətnaməsi kağız daşıyıcıda hüquqi şəxsə çatmadığından Cavabdeh MMC qətnaməni 2023-cü ilin avqust ayında əldə etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli e-2-2(113)-216/2023 nömrəli qərardadı ilə ərizə rədd edilmişdir. Cavabdeh MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Kommersiya Məhkəməsinin 12 may 2023-cü il tarixli, e-2-2(113)- 216/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə1 məxsus elektron kabinetdə yerləşdirilmiş və ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. Cavabdehin şikayəti isə xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi halda, şikayət qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, xx.xx.2023cü il tarixdə verilmişdir. Bununla yanaşı Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə ki, ərizədə prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi MMC-nin faktiki işgüzar fəaliyyətini dayandırıb və şirkətin rəhbərinin Qarabağ İqtisadi rayonunda Qarabağın dirçəlməsi üzrə fəaliyyət göstərməsi və daimi olaraq Cəbrayıl rayonunda yaşaması göstərilmişdir. Kollegiya hesab edir ki, bu hal kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsə münasibətdə heç bir halda apellyasiya şikayətinin üzrlü səbəblərdən ötürülməsi kimi qəbul edilə bilməz. Çünki şikayəti hüquqi şəxsin vəkili və hüquqşünası və ya digər bir əməkdaşı da verə bilərdi. Eyni zamanda onun öz kommersiya fəaliyyətinin hüquqi məsələlərini tənzimləməsi və yarana biləcək məhkəmə mübahisələrində lazımi qaydada təmsil olunması ilə bağlı hüquqşünasının və ya məhkəmədə təmsil etmək üçün hər hansı əməkdaşının və yaxud vəkilinin olmaması riskini özü daşıyır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-216/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-932/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-932/2023
18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver