Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-935/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1755/2021 nömrəli iş üzrə 09 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 22.12.2020 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 30.376,59 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 17.086,73 manat, İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 612,17 manat məbləğdə borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 32.506,9 manat məbləğdə siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.06.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehin 22.12.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 30.376,59 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 17.086,73 manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 612,17 manat məbləğdə borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 32.506,9 manat məbləğdə siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən borc və 10 manat məbləğdə dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, satışdan artıq qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Bundan sonra qərar qəbul olunur. Lakin həmin qərarda siyahıya alınmış bütün əmlakın siyahışı öz əksini tapmamışdır, məhkəmə yalnız işə əlavə edilmiş protokolla kifayətlənmişdir. Məhkəmə bütün bu halları nəzərə almadan sadəcə siyahıya alınmış əmlakın protokolu ilə kifayətlənərək, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. Belə ki, işdə olan, Vergi borcunun ödənilməsinə dair 22.12.2020-ci il tarixli **********334500 nömrəli bildirişdən müəyyən edilir ki, cavabdehin həmin tarixə dövlət büdcəsinə ümumilikdə 520.293,51 manat borcunun olması bildirilərək, göstərilən borcların 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. İddiaçının Əmlakın siyahıya alınması haqqında 22.12.2020-ci il tarixli **********7 nömrəli qərarı ilə cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. Əmlakın siyahıya alınması haqqında 06.01.2021-ci il tarixli **********7 nömrəli protokola görə, iddiaçının Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında qərarına əsasən cavabdehin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 32.506,90 manat dəyərində əmlakı siyahıya alınmışdır. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında 06.01.2021-ci il tarixli aktla cavabdehə məxsus siyahıya alınmış əmlak məsul saxlanma üçün onun nümayəndəsinə təhvil verilmişdir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə 12.01.2021-ci il tarixli **********463300 nömrəli xəbərdarlığa əsasən, cavabdeh əmlakının siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Cavabdehin 03.03.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməli olan cəmi borcu 528.195,69 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir; 23.1.8-ci maddəsinə görə, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək, 23.1.15-1-ci maddəsinə əsasən isə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanlarının hüququdur; 65.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir; 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir; 89.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər; 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12.01.2011-ci il tarixli Qərarında göstərmişdir ki, vergi hüquq münasibətləri bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər dövlətin adından fəaliyyət göstərən bir tərəfin-vergi orqanının hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin-vergi ödəyicisinin isə tabeçiliyinə əsaslanan tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, vergi orqanının tələbləri və vergi ödəyicisinin öhdəlikləri müqavilədən deyil, qanundan irəli gəlir. Konstitusiya Məhkəməsi həmin Qərarında, həmçinin, qeyd etmişdir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə də dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifələrinə malikdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, birincisi, işin 44-47-ci və 49-50-ci vərəqlərində olan, cavabdehin qanuni nümayəndəsi S.Nəcəfova tərəfindən imzalanan və möhürü ilə təsdiq olunan siyahılarda əmlaklar dəqiq siyahıda sadalanmışdır. İkincisi, hazırkı apellyasiya araşdırmasının predmeti mövcudluğu qəbul edilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılmasından ibarətdir. Yalnız borcun olmadığı tərəflər arasında mübahisəsiz olduqda yaxud bu fakt cavabdeh tərəfindən təqdim olunan mötəbər, təkzibolunmaz sübutlarla təsdiqini taparsa, iş üzrə qəbul və müzakirə edilə bilər. Əgər belə bir dəlillər yoxdursa və borc da mübahisəlidirsə, o halda vergi borcunun mövcud olub-olmaması və ya düzgün hesablanıbhesablanmaması indiki məhkəmə tədqiqatının hüdudlarından kənarda qalır. Belə ki, əgər cavabdeh ona hesablanmış borclarla razı deyilsə, pozulduğu güman olunan hüquqlarının bərpası məqsədilə inzibati məhkəmədə iddia qaldırmağa haqlıdır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qanunla müəyyən edilmiş ödəmələri tam həcmdə və vaxtında həyata keçirməyən cavabdehin dövlət büdcəsinə olan borcunun onun əmlakına yönəldilərək, ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddianı təmin etməklə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1755/2021 nömrəli iş üzrə 09 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-935/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-935/2021
04.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver