Məhkəmə qərarları › İş №2-2(103)-939/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-939/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-939/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin (onun adından ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun) nümayəndəsi Qanuni nümayəndə, cavabdehlər "xxxx" QSCnin nümayəndəsi Nümayəndə, Cavabdeh1 MMC-nin nümayəndəsi X1 iştirakı ilə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-58/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" QSC-nin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 24.02.2015-ci il tarixli 11-15 USD nömrəli kredit müqaviləsinə əsasən 1.500.000 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 111.294,92 ABŞ dolları faiz, 553.500 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 16.07.2019-cu il tarixə kmi gecikdirilmiş vaxt üçün illik 5% 115.003,04 ABŞ dolları borc olmaqla, ümumilikdə 2.279.797,96 ABŞ dolları məbləğdə borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27.04.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 24.02.2015-ci il tarixli 11-15 nömrəli kredit müqaviləsi (30 iyun 2016-cı il tarixli 01 nömrəli əlavə saziş) üzrə 1.500.000 ABŞ dolları məbləğdə əsas borcun, müqavilə müddəti üçün hesablanmış 111.294,92 ABŞ dolları faiz borcunun, 23.702,04 ABŞ dolları məbləğdə cərimənin, gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 115.003,04 ABŞ dolları faiz borcunun, cəmi 1.750.000 ABŞ dolları pul vəsaitinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və dövlət rüsumu kimi ödənilmiş 23,02 manat məbləğdə pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh "xxxx" QSC ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-yə 16.06.2017-ci il tarixli 27/m nömrəli məktub ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliyin vaxtından əvvəl icrası üçün 1.500.000 ABŞ dolları borcun MMC-nin həmin bankda olan hesabından əvəzləşmə yolu ilə ödənilməsi xahiş edilmişdir. Sözügedən məktub elə həmin tarixdə də bankın məsul əməkdaşı tərəfindən imzalanaraq qəbul edilmişdir. Lakin İddiaçı ASC tərəfindən nə məktuba cavab verilmiş, nə də hesabdan pulun silinməsi təmin olunmuşdur. Göründüyü kimi, hesabdan pulun silinməməsi borcluya əlavə faiz və dəbbə pulu hesablamaq məqsədi daşımışdır. Daha sonra, Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-yə təkrar olaraq 15.12.2017ci il tarixli 94/m və 27.02.2018-ci il tarixli 19/m nömrəli eyniməzmunlu məktublar ünvanlanmış, pulun Cavabdeh1 MMC-nin hesabından silinməsi ilə yanaşı, bank tərəfindən həmin hesabın bloklaşdırıldığı gündən faizlərin hesablanmasının dayandırılması tələb edilmişdir. Çünki 2017-ci ilin iyun ayından etibarən bank tərəfindən hesab bloklaşdırılmış və Cavabdeh1 MMC hesabdakı pul vəsaitindən bu günə kimi istifadə edə bilməmişdir. Buna baxmayaraq müraciətlər yenə də cavabsız qalmışdır. 31.07.2018-ci il tarixdə Cavabdeh1 MMC tərəfindən Əmanətlərin Sığortalanması Fonduna eyniməzmunlu məktub ünvanlanmış və əvvəlki müraciətlərə də cavab verilməməsi qeyd edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 28.08.2018-ci il tarixli cavab məktubu ünvanlanmış, “Banklar haqqında” AR Qanununun 76 və 78-ci maddələrinə istinad olunmaqla, tələbə növbəlilik çərçivəsində baxılacağı qeyd olunmuşdur. Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 MMC-nin müraciətini təmin etməməsi və “Banklar haqqında” Qanunun 76 və 78-ci maddələrinə istinad etməsi özüözlüyündə yanlış mövqedir. Belə ki, həmin maddələrdə müflis bankın kreditorları tərəfindən irəli sürülmüş tələblərin qeydə alınması və əvəzləşdirmə proseduru tənzimlənir. Sözügedən Qanunda müflis banka münasibətdə iki növ subyekt müəyyən edilmişdir: kreditorlar və borclular. Cavabdeh1 MMC müflis elan olunmuş İddiaçı ASC-nin kreditoru deyil, borclusu hesab olunur. Ona görə də kreditorların tələbləri ilə bağlı müddəaların borcluların tələblərinə tətbiq edilməsi yolverilməzdir. Buna baxmayaraq kredit borcu yenə də hesabdan silinməmiş, əksinə təxminən 11 ay sonra Əmanətlərin Sığortalanması Fondu tərəfindən ünvanlanmış 16.07.2019-cu il və 19.07.2019-cu il tarixli bildirişlərlə kredit borcu (faiz və cərimələr) tələb edilmişdir. Cavabdeh1 MMC tərəfindən sonuncu dəfə 07.08.2019-cu il tarixdə Əmanətlərin Sığortalanması Fonduna məktub ünvanlanmışdır. Həmin məktubla bildirişlərə cavab verilmiş, kredit öhdəliyinin icrası üçün dəfələrlə edilmiş müraciətlər, onların cavabsız qalması və nəhayət bir daha kredit borcunun hesabdan əvəzləşmə yolu ilə bağlanılması xahiş edilmişdir. Bu dəfə də Əmanətlərin Sığortalanması Fondu tərəfindən məktub icrasız qalmış və həmin təşkilat tərəfindən məhkəmədə iddia qaldırılmışdır. Göründüyü kimi, 24.02.2015-ci il tarixli kredit müqaviləsinin son müddəti 31.12.2017-ci il tarixdə bitsə də, Cavabdeh1 MMC tərəfindən öhdəliyin vaxtından əvvəl icrası üçün 6 ay əvvəl - 16.06.2017-ci il tarixdə kreditora müraciət olunmuşdur. Lakin kreditor İddiaçı ASC tərəfindən tələb icra olunmamışdır. İddiaçı ASC-yə ünvanlanmış bütün məktublar elə həmin tarixdə bankın məsul işçiləri tərəfindən qəbul edilmiş və həmin andan etibarən kreditin bank hesabından əvəzləşdirilməsi təmin olunmalı idi. Həm kredit müqaviləsində, həm də Mülki Məcəllədə borcluya öhdəliyi vaxtından əvvəl icra etmək hüququ verilmişdir. 24.02.2015-ci il tarixli kredit müqaviləsinin 5.3.2-ci bəndinə əsasən Borc alan Kreditoru 30 (otuz) gün qabaqcadan məlumatlandırmaqla aldığı krediti tam və ya qismən (kredit üzrə həmin dövrədək hesablanmış faizləri və müvafiq komissiyaları ödəmək şərti ilə) vaxtından əvvəl qaytarmaq hüququna malikdir (30.06.2016-cı il tarixli əlavə sazişin 6.3.2-ci bəndində də bu hüquq nəzərdə tutulmuşdur). Mülki Məcəllənin 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər kreditor icranı almaqdan üzrlü səbəbə görə imtina etməzsə, borclu öhdəliyi vaxtından əvvəl icra edə bilər (428.1-ci maddə). Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir (527.1-ci maddə). Tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduqu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir (540.2-ci maddə). Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir (964.1-ci maddə). Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir (964.2-ci maddə). Öhdəliyin vaxtından əvvəl icrası üçün dəfələrlə verilmiş yazılı təkliflər İddiaçı ASC və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qəbul edilməmiş, nəticədə öhdəlik Cavabdeh1 MMC-nin təqsiri olmadan icra edilməmişdir. Belə olan halda faiz və gecikməyə görə dəbbə pulu tələb olunması tamamilə əsassızdır və Mülki Məcəllənin tələbləri ilə tam ziddiyyət təşkil edir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehlərin nümayəndələri şikayəti müdafiə edərək, ona uyğun izahat vermiş, iddiaçının nümayəndəsi şikayəti qəbul etməyib, rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən edilir ki, 24.02.2015-ci il tarixli 11-15 nömrəli kredit müqaviləsinə əsasən, kreditor İddiaçı ASC tərəfindən borc alan Cavabdeh1 MMC-yə 12 ay müddətə illik 14% dərəcəsi ilə 7.500.000 ABŞ dolları məbləğdə kredit verilməsi barədə razılığa gəlinmişdir. Kredit müqaviləsinin 2.5-ci bəndinə görə, gecikdirilən borc məbləğinə cərimə kimi illik 28%, aylıq 2,33% dərəcəsi ilə faiz hesablanır və borc alan tərəfindən kreditora ödənilir. Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən, Cavabdeh1 MMC İddiaçı ASC-yə olan 7.500.000 ABŞ dolları əsas borcu 12 ay ərzində illik 14 faiz dərəcəsi ilə 832.674 ABŞ dolları faiz borcu ilə birlikdə (ümumilikdə 8.332.674 ABŞ dolları olmaqla) ödəməli idi. 24.02.2015-ci il tarixli ZM-1-11-15-USD nömrəli zaminlik müqaviləsi ilə "xxxx" QSC 24.02.2015-ci il tarixli 11-15 nömrəli kredit müqaviləsi üzrə kreditin təminatı kimi borc alan Cavabdeh1 MMC-nin öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 24.02.2015-ci il tarixli 11-15 nömrəli kredit müqaviləsi üzrə 30.06.2016-cı il tarixli 01 saylı əlavə sazişlə kredit müqaviləsinə dəyişiklik edilmiş, dəyişikliyə əsasən kreditorun borc alana ayırdığı 7.500.000 ABŞ dolları məbləğdə kredit 4.880.043 ABŞ dolları məbləğdə yeniləşdirilən kredit xəttinə çevrilmiş, kredit xəttinin müddəti 31.12.2017-ci il tarixədək təyin edilmişdir, kredit xəttinin istifadəsinə görə borc alan kreditora illik 12% dərəcəsi ilə faiz, gecikdirilən borc məbləğinə cərimə kimi illik 24% dərəcəsi ilə faiz ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 741-ci maddəsinə görə, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsinə əsasən aldığı pulların qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan Cavabdeh1 MMC müqavilə üzrə iddiaçıya olan borcunu ödəməli, zamin "xxxx" QSC isə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədiyi üçün kreditor qarşısında eyni məsuliyyəti daşımalıdır. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə əlaqədar gəldiyi nəticəni maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edir və bu mənada apellyasiya şikayəti ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apellyasiya şikayətindən görünür ki, şikayətin yeganə dəlili 1.500.000 ABŞ dolları əsas borc məbləğinin Cavabdeh1 MMC-nin İddiaçı ASC-də olan hesabındakı vəsaitindən əvəzləşdirmə yolu ilə silinməməsinin qanunsuzluğu ilə bağlıdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız mübahisələndirilən hissədə, yəni qeyd olunan dəlil həddində yoxlanılmalı, qətnamənin mübahisələndirilməyən, yəni qalan hissəsinə toxunmamalıdır. Apellyasiya şikayətinin dəlil isə əsassızdır. Belə ki, birincisi, eyni tələbə dair "xxxx" QSC-nin cavabdeh LPO İddiaçı ASC-yə qarşı iddiasına Bakı Kommersiya Məhkəməsinin hazırkı e-2-2(113)-58/2021 nömrəli iş üzrə 27.04.2021-ci il tarixli qərardadı ilə xitam verilmiş, iddiaçıya iflas proseduru çərçivəsində iflas proseduruna nəzarət edən məhkəməyə müraciət etməsi izah olunmuş, Bakı Apellyasiya Məhkəməsi KK-nın 2-2(103)- 829/2021 nömrəli iş üzrə 12.07.2021-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, sonuncu həmin qərardaddan kassasiya verməmişdir. İkincisi, Bakı Apellyasiya Məhkəməsinin 27.12.2017-ci il tarixli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş və barəsində iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. “Banklar haqqında” Qanunun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13.06.2017-ci il tarixli ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, iflas prosesində olan zaman banka qarşı irəli sürülmüş kreditor tələblər ləğvediciyə təqdim edilməli, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə ləğvedici tərəfindən pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. "xxxx" QSC-nin qarşılıqlı iddia ərizəsində irəli sürdüyü tələbi ilə eyni olan apellyasiya şikayətinin yeganə dəlilinin hüquqi əsasını təşkil edən “Banklar haqqında” Qanunun 78.1-ci maddəsinə görə, bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 82.1.1. çıxarılmışdır; 82.1.2. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 82.1.6. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 82.1.7. bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər və məcburi dövlət sosial sığortası üzrə ödənilməli məbləğlər; 82.1.8. təminatsız kreditorların tələbləri. 82.2. Qalan aktivlər bankın səhmdarlarına onların paylarına mütənasib surətdə qanunvericiliyə uyğun qaydada ödənilir. Həmin Qanunun 87-ci maddəsinə əsasən, bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. Ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Göründüyü kimi, qanunvericiliklə müflis elan olunmuş bankın aktivlərinin onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülməsi və hər kateqoriya üzrə tələblərin əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilməsi imperativ qaydada tənzimlənmişdir. Bu o deməkdir ki, qanunla müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsinə yol verilsə də, əvəzləşmənin Qanunun 82-ci maddəsində nəzərdə tutulan növbəliliyə əməl edilməklə həyata keçirilməli olduğu müəyyən edildiyindən, müflis elan olunmuş bankın kreditorlarına növbəlikdən kənar hər hansı qaydada ödəniş aparıla, habelə, müflis bankla onun kreditorları arasında növbəlikdən kənar öhdəliklərin əvəzləşdirilməsi həyata keçirilə bilməz. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı (MPM-in 384.0.1-ci maddəsi), apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-58/2021 nömrəli iş üzrə 27 aprel 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh "xxxx" QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar