Məhkəmə qərarları › İş №2-2(103)-94/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-94/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-94/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh X3 qarşı əsas borcun, faiz borcunu, cərimənin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsinə dair kommersiya mübahisəsi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 06.08.2020-ci il tarixli 2-2(113)-25/2020 nömrəli qətnaməsindən (hakim Zaur Pirverdiyev) iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdeh X3 qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehdən 27 may 2013-cü il tarixdə imzalanmış 54AV/20-13 nömrəli kredit müqaviləsinə əsasən əsas borc 286.506,96 manat, faiz borcu üzrə 112611,53 manat, cərimə borcu üzrə 9176,54 manat, cəmi 408295,03 manat borcun, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 40 qəpik bank xidmət haqqının iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan cavabdehin mülkiyyətində olan, ** VR ***, ** VR *** , ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR *** dövlət qeydiyyat nişanlı avtobuslara yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə 23.07.2018-ci il tarixdə iddia tələbinin təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilmiş, cavabdehin ərizəsi əsasında qiyabi qətnamə 29.01.2019-cu il tarixdə ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Bakı Kommersiya Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2-2(113)-25/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X1 27 may 2013-cü il tarixdə imzalanmış 54AV/20-13 nömrəli kredit müqaviləsinə əsasən əsas borc 281534,31 manat, faiz borcu üzrə 75270,58 manat, cərimə borcu üzrə 4588,27 manat, cəmi 361393,16 manat borcun ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka predmetinin ilkin satış qiyməti avtobusların hər biri üçün 54000 manat məbləğində müəyyən edilməklə X2 mülkiyyətində olan, ** VR ***, ** VR *** , ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR *** dövlət qeydiyyat nişanlı avtobuslara yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı LPO İddiaçı ASC apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 06.08.2020-ci il tarixli, 2-2(113)-25/2020 saylı qətnaməsinin qismən ləğv edilərək, iddia tələblərinin tam təmin edilməsini, iş üzrə təkrar ekspertiza keçirilərək ipoteka predmeti olan əmlaklara düzgün ilkin satış qiyməti müəyyən edilərək yeni qətnamə qəbul edilməsin xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi,İddiaçı ASC ilə cavabdeh X5 arasında bağlanmış 27 may 2013-cü il tarixli, 54AV/20- 13 №-li kredit müqaviləsinə əsasən X3 7 ədəd “İsuzu Ecobus” markalı sərnişin daşıma avtobuslarının alınması məqsədi ilə İddiaçı ASC tərəfindən 48 (qırx səkkiz) ay müddətinə illik 20% olmaqla 340 200 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, X2mülkiyyətində olan ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***dövlət nömrə nişanlı İSUZU ECOBUS markalı avtobuslar banka girov kimi təqdim edilmiş və bu barədə 27 may 2013-cü il tarixli, 54İP/F20-13 nömrəli girov müqaviləsi bağlanmışdır. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən yalnız Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin12.12.2019-cu il tarixli, 8304 saylı ekspert rəyinə əsaslanmış, bank tərəfindən məhkəməyə təqdim olunan maliyyə arayışlarına və hesabdan çıxarışlara düzgün qiymət verilməmişdir. Belə ki, məhkəmə tərəfindən qətnamənin əsaslandırıcı hissəsində qeyd olunur: - Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən kredit müqaviləsinə əsasən əsas borc üzrə 286 506.96 manat tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12.12.2019-cu il tarixli, 8304 saylı rəyi ilə cavabdehin iddiaçıya ödəməli olduğu əsas borc 281.534,31 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə, Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəməyə təqdim edilmiş təkrar məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatəti nəzərə almamışdır, halbuki həmin vəsatətdə ekspert rəyinə etiraz bildirilmiş və ekspertin kredit müqaviləsinin şərtlərini nəzərə almayaraq, eyni zamanda bir çox gün üzrə faiz məbləği hesablamayaraq və ya müqavilənin şərtlərində göstərilən faiz məbləğindən aşağı faiz hesablaması açıq-aşkar izah edilmişdir. Buna baxmayaraq məhkəmə ekspert rəyində göstərilən məbləğin açıqaşkar iddia tələbindən az olmasına, ekspert rəyinə əsaslı şübhələr olmasına baxmayaraq həmin rəyi mötəbər sübut kimi qəbul etmiş, vəsatətə heç bir qiymət verməyərək qətnamə qəbul etmişdir. Eyni zamanda məhkəmə qətnamə qəbul edərkən girov predmeti olan avtobusların hər biri üçün ilkin satış qiymətini 54 000 manat təyin etmişdir ki, bu da avtobusların bugünkü real bazar dəyərindən qat-qat artıqdır. Belə ki, həmin avtobuslar 2013-cü ildə alınmışdır və artıq 8 ildir ki, həmin avtobuslar istismardadır. Cavabdeh X4Bakı Kommersiya Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2-2(113)- 25/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın qismən təmin edilməsi, faiz və cərimə borcunun az miqdarda müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, külli miqdarda ödənişlər etməyinə baxmayaraq bank tərəfindən əsas və faiz borcu həddən artıq çox hesablanmışdır. Ödənişləri gecikdirdiyi vaxtdan uzun zaman sonra bank məhkəməyə müraciət etmiş və nəticədə süni şəkildə artırılmış faiz və cərimə borcları hesablanmışdır. Bundan əlavə ipoteka ilə yüklü edilmiş avtobusların qiyməti aşağı qiymətləndirilmişdir. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 03.11.2021-ci il tarixə təyin edilmiş, cavabdeh məhkəməyə vəsatətlə müraciət edərək iclasın təxirə salınmasını xahiş etmiş, məhkəmə vəsatəti əsassız hesab edərək təmin etməmiş və işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh, nümayəndəsi Nümayəndə2 03.02.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməməli, iddiaçı "xxxx" ASC-nin apelyasiya şikayəti qismən təmin edilərək Bakı Kommersiya Məhkəməsinin 06.08.2020-ci il tarixli 2-2(113)-25/2020 saylı qətnaməsi cərimə borcu və ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinə dair hissədə dəyişdirilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 5214,72 manat cərimə tutulmalı, tutma yönəldilmiş ipoteka predmeti olan avtobusların hər birinin ilkin satış qiyməti 28.000 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tərəflərin apelyasiya şikayətinin dəlillərindən aydın olur ki, qətnamə əsas borcun tutulması ilə bağlı hissədə mübahisələndirilmir. Məhkəmə iş üzrə qəbul edilmiş qətnaməni tərəflərin irəli sürdüyü dəlillər əsasında yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə cərimə borcu və ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti ilə bağlı hissədə əsaslı olmamışdır. İş materiallarından görünür ki, tərəflər arasında 27 may 2013-cü il tarixli 54AV/20- 13 saylı təminatlı kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə, illik 20 faiz olmaqla, 340.200 manat məbləğində kredit verilmişdir. Müqaviləyə 16.02.2015-ci il tarixdə edilmiş 2 saylı Əlavəyə əsasən kredti kapitallaşdırılaraq öhdəliyin icra müddəti 27.05.2019-cu il tarixədək uzadılmışdır. Kredit müqaviləsinə 2 saylı Əlavə əsasında tərtib edilmiş ödəniş qrafikinə əsasən qalıq kredit borcu 291.000 manat olmuş, öhdəliyin icra müddəti bitdiyi 27.05.2019-cu il tarixədək banka 146276,71 manat faiz ödənilməli olduğu nəzərdə tutulmuşdur. Müqavilənin 4.2-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icrasını 7 (yeddi) bank günündən artıq müddətdə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1 % miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Kredit öhdəliyinin təminatı olaraq 27 may 2013-cü il tarixli 54İP/F20-13 saylı girov (ipoteka) müqaviləsi bağlanmış və cavabdehə məxsus Şassi: NNAMOBLL02017389, Mühərrik: 043042, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017390, Mühərrik: 043018, Buraxılış ili: 2012- ci il, Şassi: NNAMOBLL02017393, Mühərrik: 043034, Buraxılış ili: 2012ci il, Şassi: NNAMOBLL02017395, Mühərrik: 043445, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017411, Mühərrik: 043803, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017412, Mühərrik: 044814, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017415, Mühərrik: 044823, Buraxılış ili: 2012-ci il olan 7 ədəd İSUZİ ECOBUS markalı avtobuslar iddiaçı qarşısında girov ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin və “İpoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə dair” Bildirişin dövlət reyestrində qeydə alınması barədə sübutlar məhkəməyə təqdim edilmişdir. (iş mat. 1-ci cild 16-cı və 37-ci vərəqlər) 21 dekabr 2017-ci il tarixli **********165 saylı maliyyə arayışından görünür ki, cavabdehin 19 dekabr 2017-ci il tarixə 286506,96 manat kredit, 116114,63 manat faiz, 9176,54 manat cərimə borcu olmaqla cəmi 411798,13 manat borcu vardır. Arayışda sonuncu ödənişin 27.04.2016-cı ildə 2000 manat olduğu qeyd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 fevral 2019-cu il tarixli 2-2(81)- 540/2019 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2019-cu il tarixli 8304 saylı rəyinə əsasən iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, 27 may 2013 il tarixli, 54AV/20-13 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, cavabdeh X2 iddiaçı «Bank of Azerbaijan” açıq səhmdar cəmiyyətinə olan borcunun 27 may 2017-ci il tarixə cəmi 356804.89 manat, o cümlədən əsas borc üzrə 281534,31 manat, faiz borcu üzrə 75270,58 manat olduğu müəyyən edilmişdir. İş materiallarında 27 may 2013-cü il tarixli, 107/OM/km- 2 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, cərimə borcu hesablanmamışdır. Ekspert rəyində cavabdeh tərəfindən kredit öhdəliyi üzrə cəmi 216555 manat ödəniş həyata keçirildiyi, ödənişlərin 58665,69 manatının əsas borca, 157889,31 manatının faiz borcuna silindiyi qeyd edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 06 fevral 2020-ci il tarixli 2-2(113)-25/2020 saylı qərardadı ilə ipoteka predmeti olan avtobusların satış (likvid) qiymətinin müəyyənləşdirilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmiş, avtobuslara baxış keçirilməsi üçün şərait yaradılması barədə bildiriş göndərilməsi və dəfələrlə məlumat verilməsinə baxmayaraq zəruri şərait yaratmadığından və ekspertiza dəyəri ödənilmədiyindən iş üzrə ekspertiza keçirilmədən məhkəməyə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi avtobusların ilkin satış qiyməti kimi cavabdehə satış zamanı “Azauto” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən verilmiş Arayış-Hesablarda göstərilən dəyər, 54000 manatı (1 ədədinin qiyməti) əsas götürmüşdür. İşə apelyasiya qaydasında baxılarkən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2-2(103)-94/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2021-ci il tarixli, 9/2642 nömrəli ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş mühərrik tutumu 4570 kub/sm, 2012-ci il buraxılışlı “İsuzu Ecobus” markalı avtobusların texniki qeydiyyat şəhadətnaməsindəki məlumatlara əsasən 1 avtobusun normal vəziyyətdə nəzəri qaydada orta bazar qiyməti təxminən 32000,0 (otuz iki min) manat, likvid qiyməti isə 28000 manat müəyyən olunur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - ipoteka predmetinin satış (likvid) qiymətidir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qəbul edilmiş qətnamədə ilkin satış qiyməti kimi əmlakın likvid dəyərinin deyil, satın alındığı qiymətin qeyd edilməsi qanunun tələbinə uyğun olmadığından mübahisələndirilən qətnamə ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinə dair hissədə dəyişdirilməli, ekspert rəyinə əsasən tutma yönəldilmiş ipoteka predmeti olan avtobusların hər birinin ilkin satış qiyməti 28.000 manat müəyyən edilməlidir. İddiaçı apelyasiya şikayətində məhkəmə tərəfindən faiz borcunun düzgün müəyyən edilmədiyini, az hesablandığını, bu əsasla iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertiza təyin edilməsi barədə vəsatətlərinin birinci instansiya məhkəməsi tərəfindən təmin edilmədiyini göstərmişdir. Eyni zamanda cavabdeh Murad Nümayəndə2 oğlu işə apelyasiya qaydasında baxılarkən 2018-ci və 2019-cu illərdə kredit öhdəliyi üzrə ödənişlərin ekspert rəyində nəzərə alınmadığını bildirmişdir. İşə apelyasiya qaydasında baxılarkən hər iki tərəfin apelyasiya şikayətinin dəlillərinin yoxlanılması üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.03.2021-ci il tarixli 09/986 saylı rəyi ilə müəyyən edilmişdir ki, işdəki sübutlara əsasən cavabdeh tərəfindən həm iddia irəli sürülənədək, həm də iddia qaldırıldıqdan sonra həyata keçirilmiş bütün ödənişlər nəzərə alındıqda banka əsas borc qalığı 284197,25 manat, iddia verilən 10.08.2018-ci il tarixə olan faiz borcu 122820,73 manat, cərimə borcu 5214,72 manat təşkil edir. İddiaçı cavabdehdən 9176,54 manat məbləğində cərimə tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi həmin məbləği əsas borca nisbətdə tənasübsüz şəkildə yüksək hesab edərək azaldaraq 4588,7 manat məbləğində müəyyən etmiş, bu məbləğin məhkəmə tərəfindən hansı qaydada (hansı məbləğin hansı faiz nisbətində) müəyyən edildiyini əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ekspert rəyi ilə müəyyən edilmiş cərimə məbləğinin azaldılması üçün MM-nin 467-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından mübahisələndirilən qətnamə cərimə borcu tutulması hissəsində dəyişdirilməli, cavabdeh Murad Nümayəndə2 oğlundan iddiaçı "xxxx" ASC-nin xeyrinə 5214,72 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.03.2021-ci il tarixli 09/986 saylı rəyi ilə cavabdehin faiz borcunun məbləği məhkəmə qətnaməsi ilə tutulmuş məbləğdən daha yüksək olduğundan məhkəmə hesab edir ki, faiz borcunun azaldılması barədə cavabdeh Murad Nümayəndə2 oğlunun apelyasiya şikayəti əsassızdır. İşdən görünür ki, iddiaçı cavabdehdən 27.11.2017-ci il tarixə hesablanmış 112.611,53 manat faiz borcunun tutulmasını xahiş etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2019-cu il tarixli 8304 saylı rəyi ilə cavabdehin 27.05.2017-ci il tarixə olan faiz borcunun məbləğinin 75.270,58 manat olduğu, Məhkəmə Ekspertizası Mərkəzinin 01.03.2021-ci il tarixli 09/986 saylı rəyi ilə iddia qaldırılan 10.04.2018-ci il tarixə olan faiz borcunun məbləğinin 122.820,73 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspert rəylərinə əsasən cavabdehin 27.11.2017-ci il tarixə olan faiz borcunun məbləğini müəyyən etmək mümkün olmadığından qətnamə faiz borcu tutulması hissəsində də dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, kredit müqaviləsinə 2 saylı Əlavə üzrə tərtib edilmiş sonuncu ödəniş cədvəlinə əsasən öhdəliyin icra müddəti bitdiyi 27.05.2019-cu il tarixədək cavabdehin banka cəmi 146276,71 manat faiz ödəməli olduğu nəzərdə tutulmuş, 01.03.2021-ci il tarixli 09/986 saylı ekspert rəyinə əsasən cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ümumilikdə 161401,25 manat (müqavilə üzrə ödənilməli olan məbləğdən daha artıq) faiz ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməməli, iddiaçı "xxxx" ASC-nin apelyasiya şikayəti qismən təmin edilərək Bakı Kommersiya Məhkəməsinin 06.08.2020-ci il tarixli 2-2(113)-25/2020 saylı qətnaməsi cərimə borcu və ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinə dair hissədə dəyişdirilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 5214,72 manat cərimə tutulmalı, tutma yönəldilmiş ipoteka predmeti olan avtobusların hər birinin ilkin satış qiyməti 28.000 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İddiaçı "xxxx" ASC-nin apelyasiya şikayəti qismən təmin edilərək Bakı Kommersiya Məhkəməsinin 06.08.2020-ci il tarixli 2-2(113)-25/2020 saylı qətnaməsi cərimə borcu və ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinə dair hissədə dəyişdirilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 5214,72 manat cərimə tutulsun. Tutma yönəldilmiş ipoteka predmeti olan avtobusların hər birinin ilkin satış qiyməti 28.000 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlansın. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə (apelyasiya instansiyası mərhələsində həyata keçirilmiş ekspertiza tədqiqatları üçün) 200 manat ekspertiza xərci tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar